525.Az

"Onlar elə düşünürdülər ki, Azərbaycan təxribatlara yumşaq cavab verəcək"


 

"Onlar elə düşünürdülər ki, Azərbaycan təxribatlara yumşaq cavab verəcək"<b style="color:red"></b>

Ermənistan tərəfi aprelin 11-də Laçın istiqamətində növbəti hərbi təxribata əl atdı. Bu ölkənin silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutdu. Ermənistanın təxribatının qarşısını alarkən Ordumuzun üç hərbi qulluqçusu şəhid oldu. Qarşı tərəf də itki verib. Bu təxribat bir daha onu göstərdi ki, Ermənistan regionda bəzi qüvvələrin də təsiri ilə gərginliyin qalmasında, normallaşma prosesinin, sülh sazişi üzrə danışıqların uzadılmasında maraqlıdır. Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatında da bu məqama diqqət çəkilib: "Ermənistanın bu kimi təxribatlarının beynəlxalq ictimaiyyət tərəfindən sülh sazişi üzrə danışıqlara ciddi çağırışlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir. Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq Azərbaycana qarşı apardığı təxribatlar nəinki Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozur, eyni zamanda, regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir".

Ermənistanın təxribatı gözlənilən idi? Niyə İrəvan Azərbaycan Ordusunun Laçın istiqamətində sonuncu əməliyyatından təxminən iki həftə sonra hərbi təxribata əl atdı? Bu məqamlara toxunmazdan öncə xatırladaq ki, cari ilin mart ayının sonunda Ordumuz Laçın yolunun şimalındakı torpaq yollardan qanunsuz fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistandan Qarabağa silah-sursat, canlı qüvvə, digər hərbi təyinatlı yüklər daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə lokal zəruri nəzarət tədbirləri həyata keçirib. Nəticədə bütün alternativ torpaq yollarını nəzarətə götürüb. Müdafiə Nazirliyinin məlumatında vurğulanıb ki, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.

Əməliyyatlar yüksək peşəkarlıqla həyata keçirilib, itki olmayıb.

Ermənistanın bir müddət sonra qeyd edilən ərazidə təxribata əl atması əlbəttə ki, öncədən planlaşdırılıb. Çünki təxribat baş verən zaman Ermənistan xüsusi təyinatlı korpusunun komandiri və onun müavini də ərazidə olub. Bundan əlavə, may ayında Vaşinqtonda Azərbaycan və Ermənistan rəsmilərinin görüşünün keçiriləcəyi barədə məlumat yayılmışdı. Görünən budur ki, İrəvan hər zaman olduğu kimi bu dəfə də sülh dinamikasını pozmaq üçün görüşdən əvvəl bu cür təxribatçı addım atıb.

Milli Məclisin deputatı Rasim Musabəyov hesab edir ki, Ermənistan tərəfinin bu cür təxribatçı addımları Azərbaycanı öz mövqeyindən çəkindirməyəcək: "Onlar düşünürdülər ki, Azərbaycan may ayında nəzərdə tutulan Vaşinqton görüşünə hansısa xələl gəlməsin, gərginlik artmasın deyə təxribatlarına yumşaq cavab verəcək. Amma yanıldılar. Ordumuz lazımi cavabı verdi. Biz geri çəkilməmişik və çəkilməyəcəyik, Azərbaycan tutuduğu mövqedən heç vaxt geri çəkiləsi deyil. Ermənistan həmin istiqamətdə alternativ yolu vaxtında çəkmədi, bizdən xahiş etdilər ki, 5 km-lik köhnə yoldan onlara istifadə imkanı verək. Bu imkan verildi, amma aprelin 1-dək. Həmin vaxt çatanda Rusiya sülhməramlıları ordan çəkildi. Azərbaycan hərbçiləri isə mövqe tutmağa başladıalar. Ermənilərdən fərqli olaraq biz hazırlıq işlərini görmüşdük. Ermənilər yatanda, postlarımızı qurmuşduq. Ora gələndə heç bir mövqe, müqavimət olmayıb. 30 il ərzində ərazilərimizi dağıdıblar, insanlarımızın əmlakını oğurlayıblar, torpaqlarımızdan istədikləri kimi istifadə ediblər, sərhəd görməyiblər, düşünürlər ki, indi də həmin qayda ilə davam edə biləcəklər. Deyirlər ki, əkinləri var və s. Bu, məgər sənin torpağındır? Ermənistan rəhbərliyi hər zaman prosesi pozmaqla məşğul olub. Məqsədi budur ki, sülh danışıqları ərəfəsində hansısa kiçik bir uğur qazansın və desin ki, geri çəkilmirik, görürsünüz cavab verdik və uğur qazandıq. Paşinyanın istəyi odur ki, BMT Təhlükəsizlik Şurasına məsələni çıxarsın və Rusiya veto qoymasın, BMT TŞ-dan hansısa qüvvənin bizdən soruşmadan Qarabağa daxil olmasına mandat alsın. Buna Rusiya da razlıq versin. Rusiya isə deyir ki, mən orda varam, mandatı da TŞ mənə versin. Təbii ki, nə ABŞ, nə Fransa, nə Britaniya bunu etmək niyyətindədr. Belə olan hada Qərbin, Fransanın təşəbbüsünə Rusiya, Rusiyanın istəklərinə isə onlar yox deyir". R.Musabəyov hesab edir ki, Ermənistan hökumətinin diletant siyasəti onları uçuruma aparır: "Hər dəfə təxribatlarda ağır itkilər verirlər, geri çəkilirlər. Eyni zamanda, bu cür addımlarla sülhə yaxınlaşmağın qarşısını alırlar. Bir sözlə, itirən yenə də özləri olacaq.

 

 





13.04.2023    çap et  çap et