Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tərəfdaşlığı ilə aprelin 11-də başlanan "Azərbaycan teatrı-150: inkişaf perspektivləri" mövzusunda Teatr Forumu dünən yekunlaşıb.
Forumun 2-ci günündə əvvəlcə milli teatrın 150 illiyi ilə bağlı videoçarx nümayiş etdirilib, sonra isə "Konsepsiya və strateji hədəflər" adlı panel açılıb.
Moderatoru Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktor müavini Vəfa Mühacirova olan paneldə "Milli teatrın inkişaf strategiyası", "Auditoriya tələbinin formalaşdırılması və tamaşaçı axınının stimullaşdırılması", "Marketinq və reklam strategiyası" və digər mövzular müzakirə olunub.
Müzakirələrdə Pantomima Teatrının rəhbəri Bəxtiyar Xanızadə, Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə, "M teatr"ın rəhbəri Vidadi Həsənov, "dOM" teatrının rəhbəri Tərlan Rəsulov, YUĞ Teatrının baş rejissoru Gümrah Ömər və "ƏSA" teatrının rəhbəri Nihad Qulamzadə iştirak ediblər.
"Teatr sahəsində insan kapitalının inkişafı" adlanan növbəti panel müzakirəsinin moderatoru Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev olub. Panel Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Teatrları İdarəsinin baş direktoru Mustafa Kurt, Rus Dram Teatrının baş rejissoru, Xalq artisti Aleksandr Şarovski, Mədəniyyət və İncəsənət Universitetinin "Teatr sənəti" fakültəsinin dekanı Böyükxanım Talıbova, Şəki Dövlət Dram Teatrının baş rejissoru Mirbala Səlimli, Gənc Tamaşaçılar Teatrının rejissoru Nicat Kazımov, Akademik Musiqili Teatrın quruluşçu rejissoru İradə Gözəlova və teatrşünas Dağlar Yusifin iştirakı ilə gerçəkləşib.
İştirakçılar ikinci günün ikinci panelində "Teatr təhsilində tələblə təklifin uzlaşma mexanizmi, "Teatr aktual məsələlərin effektiv təbliğat platforması kimi" və başqa mövzuları müzakirə ediblər.
Panel iclasından sonra iştirakçıların sualları cavablandırılıb, təkliflər dinlənilib.
Teatrlarla bağlı bir çox qanunlarda və onların icrasında boşluqların olduğunu deyən Mingəçevir Dövlət Dram Teatrının direktoru, Əməkdar artist İntiqam Soltan forumda bildirib ki, mədəniyyət sahəsindəki islahatlara teatrdan başlanılmalıdır.
Xalq artisti Nurəddin Mehdixanlı forumdakı çıxışında bu Forumu Azərbaycan teatr sənətinin son döngədə sonuncu şansı adlandırıb. O bildirib ki, Azərbaycan teatr sənəti ya bu döngədə xilas olacaq, ya da hər şey olduğu kimi davam edəcək.
İkinci günün sonunda Forumun bağlanış mərasimi baş tutub. Azərbaycanda ilk dəfə keçirilən Teatr Forumunun səmərəliliyi qeyd olunub və bildirilib ki, Forum müddətində aparılan fikir mübadiləsi və müzakirələr əsasında toplanan təkliflər "Azərbaycan mədəniyyəti 2020-2040 dövlət strategiyası" ilə bağlı tərtib edilən tədbirlər planında nəzərə alınacaq.
Şahanə MÜŞFİQ
çap et