525.Az

20 ildə qazanılan misilsiz uğurlar


 

20 ildə qazanılan misilsiz uğurlar<b style="color:red"></b>

Türkiyənin son 20 ildə keçdiyi yola nəzər salarkən bütün müstəvilərdə əldə etdiyi uğurlar göz önünə gəlir. Bir neçə məqamı vurğulamaq kifayət edir ki, bu uğurların miqyasını, qardaş ölkənin necə deyərlər, hardan-hara gəldiyini görmək mümkün olsun. Türkiyə bu gün qlobal meydanda əsas oyunçulardan, söz sahiblərindən biridir. Qardaş ölkə dünyada sülhün, barışın, sabitliyin, ən əsası isə ədalətin bərqərar olması üçün səylə çalışır. Türkiyə üçün bütün dövlətlərin ərazi bütövlüyü, suverenliyi qırmızı xətdir. Türkiyə artıq qlobal siyasətə təsir edən, münaqişələrin həllində mövqe ortaya qoyan, öz regionunda, eyni zamanda, dünyada söz sahibi olan ölkələrdəndir. Ankara qlobal hərbi-siyasi güclər arasında vasitəçilik missiyasını həyata keçirir, Rusiya-Ukrayna müharibəsində sülhə nail olmaq üçün çalışır. Məhz Türkiyənin vasitəçiliyi ilə  təhlükəsiz taxıl dəhlizinin yaradılması kimi mühüm bir nəticəyə nail olundu. Bununla da dünyada qlobal ərzaq qıtlığı təhlükəsi aradan qalxdı.

Bu gün Türkiyə öz güclü ordusu, hərbi potensialına görə NATO-da ABŞ-dan sonra ikinci, iqtisadi gücü ilə "Böyük iyirmilik"də əsas üzvlərdən biridir. Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə ölkənin müdafiə sənayesinin inkişafı, hərbi qüdrətinin artırılması istiqamətində mühüm proqramlar həyata keçirməkdədir. Hazırda qardaş ölkə müdafiə imkanlarını 80 faiz öz məhsulları ilə təmin edir. Türkiyə öz SİHA-ları (silahlı pilotsuz uçuş aparatlar) ilə dünyada ilk üç dövlətdən biridir. Bu gün qardaş ölkə "Bayraktar TB2" SİHA-larını daha da müasirləşdirirərək "Bayraqdar TB 3" modeli üzərində işləyir. "Baykar" texnologiya şirkətinin rəhbəri Səlcuq Bayraktar bununla bağlı deyib ki, "Bayraktar TB3" silahlı pilotsuz uçuş aparatları və MİUS pilotsuz döyüş uçan aparatları sistemi müharibə tarixində inqilab edəcək. Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi 2023-cü ildə səmalarda olacaq."Baykar" hazırda dünyanın çox ölkəsinə pilotsuz uçan aparat ixrac edən şirkətdir. 19 ölkə ilə ixrac müqavilələri imzalanıb. SİHA-ların çoxu artıq ixrac olunub.

 Son 20 ilin sürətli inkişafının nəticəsidir ki, "Kızılelma" adlı insansız qırıcı istehsalı prosesi uğurla davam etdirilir və bu, yaxın vaxtlarda Türk Silahlı Qüvvələrinin balansına veriləcək. Ölkənin quru qoşunları da hər cür müasir müdafiə sistemləri ilə təchiz edilib və bu proses davam etdirilir. Belə ki, yaxın zamanlarda Quru Qoşunlarının bazasına milli imkanlarla istehsal ediləcək "Altay" tankları daxil olacaq.

Əlbəttə ki, hazırda bütün dünyada iqtisadi böhran, qiymət artımı hökm sürür. Böhranın pandemiya, inflasiya, münaqişlər və s. səbəbləri var. Bu, təbii ki, bütün ölkələr kimi Türkiyəyə də təsirsiz ötüşməyib. Məhz buna görə də bəzi qüvvələrin xüsusilə prezident və parlament seçkisi ərəfəsində qeyd edilən məqamdan sui-istifadə etməsi, buna siyasi çalar qatmaq cəhdlərin qərəzin nümayişidir. Türkiyə hökuməti bahalaşmanın təsirini azaltmaq üçün tutarlı addımlar atır. Təkcə son bir ildə qardaş ölkədə minimum əməkhaqqı iki dəfə artıb. Hazırda bu məbləğ 8 500 lirəyə yüksəlib. Yaxın zamanda yenidən artım gözlənilir. Qardaş ölkədə aztəminatlı ailələr üçün digər dəstəkləyici proqramlar da var. Şübhəsiz ki, bu il qardaş ölkədə baş vermiş və 50 mindən çox insanın həyatını itirməsinə səbəb olan zəlzələ də bütün sahələrə öz mənfi təsirini göstərdi. Neçə-neçə şəhər, yaşayış məntəqələri tamamilə dağıldı. Ümumiyyətlə, təbii fəlakətin zərərini aradan qaldırmaq üçün qardaş ölkəyə 100 milyard dollar vəsait lazımdır. Zəlzələnin ağır fəsadlarını aradan qaldırmaq üçün ölkə lideri Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə qısa müddətdə lazımi qərarlar qəbul edildi, artıq surətli şəkildə işlərə başlanılıb. Bir il ərzində bütün fəsadların aradan qaldırılacağı bildirilir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı "525"ə deyib: "Hesab edirəm ki, Türkiyə bir çox sahələrdə yüksək uğurlara nail olub. Türkiyənin iqtisadiyyatı daha da inkişaf edib, müdafiə sənayesində qardaş ölkənin son illər əldə etdiyi uğurlar həddindən artıq çoxdur. Texnologiyalar sahəsində də bu uğurlar özünü göstərməkdədir. Bu gün Türkiyə həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində öz hərbi imkanlarını daha da yüksəldib. Artıq Türkiyə öz avtomobilini istehsal edir, bütün dünya onun istehsal etdiyi yeni silahlardan danışır. Hazırda "Bayraktar2" bütün dünyada ən çox arzuolunan, ən çox tələb olunan, tələbat olan silahlardan birinə çevrilib. Eyni zamanda Türkiyənin istehsal etdiyi raketlər, digər müdafiə məhsulları, texnikalar da bura daxildir. Bu yaxınlarda yerli marka olan "Togg" avtomobilinin istehsalını gördük. Bu avtomobil də artıq bütün dünyanın diqqətini özünə cəlb edir və onunla bağlı geniş müzakirələr aparılır. Türkiyə öz qırıcılarını istehsal etməyə çalışır. Davamlı olaraq yeni texnikalar, silahlar üzərində iş aparır".

Deputat əlavə edib ki, Türkiyənin güclənməsi Azərbaycanın güclənməsi deməkdir: "Tarixən Azərbaycan və Türkiyə bütün taleyüklü məsələlərdə bir-birinin yanında olub, dəstək verib. Vətən müharibəsi dövründə Türkiyə Azərbaycanın yanında oldu, Azərbaycana öz qardaş dəstəyini göstərdi. Ötən əsrin əvvəllərində də əlaqələrimiz bu şəkildə olub. Bu gün Türkiyə Türk Dövlətləri Təşkilatının (TDT) aparıcı dövlətlərindən biridir. Türkiyə nə qədər güclü olsa, inkişaf etsə, böyük uğurlara nail olsa, bu, Türk dövlətləri üçün daha önəmlidir. Bu öz nəticəsini, təsirini Türk Dövlətləri Təşkilatına üzv ölkələrə də göstərəcək. Həmin dövlətlərin uğurlarını daha da artıracaq və bütövlükdə türk dünyası bir yerdə TDT daxilində öz imkanlarını, potensiallarını daha da gücləndirəcəklər. Hesab edirəm ki, bu gün Azərbaycan da bu istiqamətdə öz addımlarını atır və hər birimiz bu məqsədə nail olmaq üçün çalışmalıyıq. Hər birimiz Türkiyəmizin daha da güclənməsini, uğurlarının daha çox olmasını istəyirik".

 

 





13.04.2023    çap et  çap et