525.Az

Sabah «525»də: Britaniya generalının Bakı gündəlikləri


 

Sabah «525»də: Britaniya  generalının Bakı gündəlikləri

Vilayət QULİYEV

Britaniya  generalının Bakı gündəlikləri

ÖZÜNÜ CƏNUBİ QAFQAZDA BRİTANİYANIN KOLUMBU SAYAN GENERAL-MAYOR LİONEL ÇARLZ DENSTERVİLİN BAKI GÜNDƏLİKDƏRİ «525»İN ŞƏNBƏ SAYINDA

Rusiya imperiyasının süqutundan sonra, xüsusən də 1918-ci ildə Bakı uğrunda mübarizə özünün son həddinə çatmışdı. “Qırmızı” və “ağ” ruslar, ingilislər, almanlar Bakıya, daha doğrusu, Bakı neftinə sahiblik uğrunda ölüm-dirim savaşına qalxmışdılar. Öz maraqlarını güdərək bu qüvvələrin hər birinin işinə yaramağa və pay bölgüsündən kənarda qalmamağa can atan ermənilər də hər vasitə ilə Azərbaycan paytaxtında mövqelərini möhkəmləndirməyə çalışırdılar. Başlıca  məqsəd strateji sərvətlərə sahiblənmək üçün Bakını onun həqiqi sahiblərinin – Azərbaycan türklərinin əlindən birdəfəlik almaq idi. 1918-ci ilin martında erməni-bolşevik alyansının törətdiyi dəhşətli soyqırımı da bu məqsədə xidmət edirdi.

… İyulun 25-də “Azərbaycanın müstəqilliyini istəyənlərə xarabazarlıq” vəd edən Şaumyan və əlaltıları siyasi səhnədən çəkilmək məcburiyyətində qaldı. Bakı Sovetindəki eser, menşevik və daşnak bloku kiçik səs çoxluğu ilə “İngilislərin Bakıya çağırılması və bütün sosialist partiyalarının təmsilçilərindən ibarət hakimiyyət formalaşdırılması” adlı qətnamənin qəbuluna nail oldu.
 
…Sovet Rusiya tərəfdarları mübarizə meydanından çəkilmək məcburiyyətində qaldılar. Lakin bu hələ milli hökumətin qələbəsi deyildi. Çünki Bakıya nəzarət bolşeviklər kimi Azərbaycan türklərinin maraqlarını təmsil etməyən, şəhəri eser Rusiyasının tərkibində saxlamağı qarşısına məqsəd qoyan növbəti qısa ömürlü hərbi-siyasi qüvvənin – elmi ədəbiyyatda Sentrokaspi diktaturası adı ilə tanınan Xəzər hərbi donanması mərkəzi komitəsinin və onun erməni müttəfiqləriin əlinə keçdi. Yeni hakimiyyətin ilk addımı general Denstervilin başçılığı altında bir neçə aydan bəri İranda marığa yataraq  “öz saatını” gözləyən ingilis hərbi qüvvələrini Azərbaycana çağırmaq oldu. Bakı nefti uğrunda mübarizəyə Britaniya  imperiyası da qoşuldu.

…Özünü Cənubi Qafqazda Britaniyanın Kolumbu sayan general-mayor Lionel Çarlz Denstervil (1865-1946)  Londonda doğulmuş, ilk təhsilini Britaniya ordusu üçün hərbi qulluqçular hazırlayan Devon məktəbində almışdı. Məktəb illərindəki yaxın dostlarından biri gələcəyin görkəmli yazıçısı, Nobel mükafatı laureatı Rediard Kiplinq idi. Gənc Kiplinq özünün, eləcə də sinif yoldaşlarının bu dövrdəki həyatından söz açan avtobioqrafik “Stalki və dəstəsi” romanında əsas qəhrəmanının – diribaş Stalkinin prototipi kimi Denstervilli təsvir etmişdi…

…1918-ci il yanvarın ilk günlərində ona general-mayor rütbəsi və tarixə “Densterfors” (“Denstervil ordusu” –V.Q.) adi ilə düşən elitar hərbi birləşməni formalaşdırmaq tapşırığı verildi…


…“Densterfors” İran ərazisindən keçərək Xəzər dənizi, Azərbaycan, xüsusən də regionda alman təsirinin daha nəzərəçarpacaq şəkildə duyulduğu Tiflisdə Britaniyanın maraq və mənafelərini qorumalı idi. Bu məqsədə çatmaq üçün hərbi kəşfiyyat məlumatının toplanması, yerli hakimiyyətlərlə əlaqə qurulması, İran və Qafqazda alman təsirinin zəiflədilməsi tələb olunurdu.


… “Densterfors”un ilk tarixçisi ingilis generalının özü olmuşdu. O, 1911-ci ildən başlayaraq əhatəli gündəlik aparmışdı…

 





07.09.2012    çap et  çap et