Ermənistan hökumətinin 17 iyul iclasında Azərbaycan vətəndaşlarının Kəlbəcərə keçməsi müzakirə olunub.
“Media forum” saytının məlumatına görə, müdafiə naziri Seyran Ohanyan hesabat verərək deyib ki, Dağlıq Qarabağın müdafiə qüvvələrinə Azərbaycan vətəndaşlarının Kəlbəcərə mümkün keçidi barədə müntəzəm məlumatlar daxil olub: “Son vaxtlar isə belə izlər aşkarlandı. Komandanlıq tədbirlər görmək qərarına gəldi, Daxili Qoşunların, Milli Təhlükəsizlik Xidmətinin və ordunun bölmələri axtarışlara başladı. Nəticədə azərbaycanlılardan ibarət qrupun bir üzvü tutuldu, daha sonra digərləri üzə çıxarıldı”.
Seyran Ohanyan deyib ki, qrupun üzvlərindən biri 17 yaşlı ermənini öldürməkdə şübhəli bilinir.
Müdafiə naziri əlavə edib ki, Kəlbəcər istiqamətində təmas xətti möhkəmləndirilir və bu rayona gələn bütün yollar müəyyənləşdirilərək minalanacaq.
İşğalçı Ermənistan Respublikasının və separatçı Dağlıq Qarabağ rejiminin hərbi dairələri cəbhə bölgəsində, Kəlbəcər istiqamətində Azərbaycan Silahlı Qüvvələrinə aid kəşfiyyat-diversiya qrupunun üzvlərini tutduğunu iddia edir. Ermənilərin əlinə keçən Şahbaz Quliyev və Dilqəm Əsgərovun tutularkən silahlı olduqları bildirilir. Daha bir iddiaya görə, iyulun 11-də Kəlbəcər ərazisində azərbaycanlı diversant öldürülüb. Qeyd olunur ki, azərbaycanlı diversantla atışma zamanı ordunun 42 yaşlı mayoru Sərkis Abramyan həlak olub, 37 yaşlı qadın Karine Davtyan yaralanıb.
Şahbaz Quliyev və Dilqəm Əsgərov qətldə günahlandırıla bilər. Erməni mənbələri Kəlbəcərdə itkin düşmüş 17 yaşlı Smbat Sakanyanın meyitinin tapıldığını iddia edir. İyulun 4-də itkin düşmüş gəncin meyitinin 10 gün sonra yaşadığı kənddən xeyli aralıda, dağlarda tapıldığı, meyitdə zorakılıq əlamətlərinin olduğu bildirilir.
çap et