İyulun 16-da Rusiya Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarə Ukrayna Hava Qüvvələrinə məxsus hərbi təyyarəni Ukrayna səmasında vurub.
APA-nın xəbərinə görə, bu sensasiyalı informasiyanı Ukraynanın “Censor.net” xəbər saytının baş redaktoru Yuri Butusov özünün “Facebook” səhifəsində açıqlayıb.
Y. Butusov bildirib ki, Ukraynaya məxsus “Su-25” təyyarəsi Donetsk vilayətində terrorçuların artilleriya qurğularına zərbə endirmək istəyərkən Donetsk vilayətinin Snejnoye şəhəri yaxınlığında Rusiyaya məxsus “Su-27” tərəfindən vurulub. Rusiya təyyarəsi qonşu Rostovda yerləşən aerodromdan havaya qalxıb və “hava-hava” tipli raketlə Ukrayna təyyarəsinə zərbə endirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Luqansk vilayəti üzərində Ukrayna Hava Qüvvələrinə məxsus “An-26” nəqliyyat təyyarəsi 6500 metr yüksəklikdə vurulub. Ukrayna tərəfi təyyarənin Rusiya ordusu tərəfindən vurulduğunu bəyan edib.
çap et