525.Az

Dünya bu sevgini qaldıra bilməyib - Maya İmran yazır


 

Dünya bu sevgini qaldıra bilməyib - <b style="color:red">Maya İmran yazır</b>

Pəncərəsi qonşunun pəncərəsinə dirənən, evlərinin qarşısından şəhərin marşrutu şütüyən, bütün evləri bir damın altına sıxışan küçədən keçirəm. Maşın dar, əyri yollarda irəliləməyə can çəkir. Səma da kiçikdir burda. İnsanlar aciz, xəyallar kəsad. Elə bil, günəş də gec-gec gəlir bu tərəflərə, o tərəfdəkilər bulud istəyəndə. Burda arzu yetişməz, xəyal qurulmaz, gələcək gəlməz. Burda ancaq yaşanıb bitmiş keçmiş gələr insanın ağlına.

İçimi bir darıxmaq bürüyür. Bura küncə çəkilib, küsüb, sanki. “Burdan tez qaçmaq” kimi sıxıntı dolanıb boğazıma, nəfəsim daralır. Rəngi günəşdənmi, qara günlərindənmi solmuş, bozarmış bir evin qapısı açılır küçəyə. Qara yaylıqlı bir xanım ehtiyatla bayıra çıxır, ardınca da balaca bir qızcığaz. Həyat sevinci küçənin darlığında, sıxlığında əzilib çoxdan yoxa çıxıb bu qadının.

Qızcığaz isə, hələki, bu rəngsizliyin yeganə rəngidir. Anası qapının üstünə böyük bir qıfıl asır, açarla bərk-bərk bağlayır, sonra bağlandığına əmin olmaq üçün əli ilə yoxlayır. Maşının ağır gedişi burda işimə yarayır- uşağa baxıb gülümsəyirəm. Səsimi eşitsə “bu küçənin təbəssümü sənsən, həmişə gül” deyəcəkdim ona. Amma o, mənə gülüb irəli qaçır. Anasından çox mən narahat oluram- bilmədən maşın yoluna qaçar, deyə. Anası bu hərəkətinə öyrəşmiş kimi yerində dayanıb onu gözləyir. Qızcığaz qaçaraq evin çöl divarına asılmış şəhid şəklinin önündə dayanır. Diqqətlə atasına baxır, gülərək nəsə deyir, öpüş göndərir, əl yelləyir, anasının yanına qayıdır. Əl-ələ tutub dayanacağa gedirlər.

Dünya bu sevgini qaldıra bilməyib...

 





14.04.2023    çap et  çap et