525.Az

Olanlardan, keçənlərdən... - Əlisəfdər Hüseynov yazır


 

Olanlardan, keçənlərdən... - <b style="color:red"> Əlisəfdər Hüseynov yazır</b>

MƏŞƏDİ İBADIN İKİ HAMBAL və İKİ ABBASI SƏRGÜZƏŞTLƏRİ

 

İli dəqiq yadımda deyil...

Televiziyada o vaxtlar hələ cavan olan və yaradıcılığının yüksəliş dövrünü yaşayan Səyavuş Aslanov (onda hələ Aslan deyildi) haqqında veriliş gedirdi və o  verilişin bir yerində aktyorun "O olmasın, bu olsun" komediyası mövzusunda etdiyi improvizasiya, necə deyərlər, yaddaşıma necə "mıxlandısa", indinin özündə də bütün təfərrüatı ilə xatırlayıram.

Deməli, verilişin şirin yerində Səyavuş müəllim studiyaya daxil olur və üzünü bizə - yəni tamaşaçılara tutub deyir:

- Bilirsiniz mən kiməm? Mən Məşədi İbad rolunu oynamağa həsrət qalan Səyavuş Aslanovam.

Elə bu məqamda  o biri tərəfdən Arif Quliyev  hay-həşirlə gəlir ki, bəs mən də hambal roluna tamarzı Arif Quliyevəm. Qərara gəlirlər ki, əllərinə fürsət düşüb, həmin əsərdən bir səhnəni oynasalar, pis olmaz.

Kiçik montaj keçidindən sonra S. Aslanov Məşədi İbad qiyafəsində  studiyaya qayıdır və "Məşədinin adaxlıbazlığa  gəlməsi" səhnəsində, çox güman ki, əvvəlcədən yazılmış ssenari üzrə belə bir improvizasiya başlayır: deməli, Məşədi elə əsərdəki kimi hasarın uca olduğunu görüb hambal tarmaq qərarına gəlir  və elə bu məqamda küçədən keçən kök, lopabığ  bir erməni hambalını saxlayıb soruşur (qeyd edim ki, həmin rolu da elə Səyavuş müəllimin özü oynayırdı. Sadəcə kadrlar   elə montaj olunurdu ki,  onlar ekranda ayrı-ayrılıqda  görünürdülər):

- Sən kimsən, alə?

Hambal deyir:

- Mən erməni hambalı Aşotam.

Məşədi şəstlə cibindən bir abbası çıxarıb ona uzadır:

- Al bu abbasını, yat ayağımın altında.

Erməni hambalı əvvəlcə  bir abbasıya, sonra da Məşədiyə baxıb qayıdır ki, bəs bu, riskli işdir, belimi sındırıb məni şikəst edə  bilərsən, gərək bir abbası da sığorta pulu verəsən. O deyir- bu deyir, bu deyir - o deyir, əlqərəz, xeyli çənə-boğazdan sonra hambal Məşədidən iki abbası qoparıb könülsüz halda hasarın dibində onun ayaqları altına yatır. Məşədi hambalın belinə çıxıb  Sərvərlə bizə tanış olan "razborkaya" başlayır. Nəhayət, duetin "Qurban olasan ayağımın altındakı hambala..." məqamı yetişir.  Məşədi hirslə  hambalın kürəyini təpiklələyəndə aşağıdan  tanış olmayan hənir eşidir və  çevrilib baxanda görür ki, ayağının altındakı Aşot yox, Arif Quliyevin oynadığı yazıq görkəmli milli hambaldır. Təəccüblə soruşur:

- Sən kimsən, ayə? Sən hardan çıxdın?

Arif Quliyevin hambalı yazıq-yazıq deyir;

- Məşədi, burdan keçirdim, qəfildən Aşot hambal məni səslədi. Yaxınlaşanda dedi ki, gəl məni əvəz elə, belim yaman ağrıyır. Sən bir abbası verəcəm.

Məşədi cəld soruşur;

- Verdi abbasını?

Arif Quliyevin hambalı:

- Hə, verdi...

Məşədi İbad eləmir tənbəllik, əyilib milli hambalın başına yağlı bir qapaz endirir və deyir:

- Kül sənin hambal başua! Səni hərifləyib. Məndən iki abbası almışdı o əclaf.

(Bu yerdə Arif Quliyevin hambalı  deməliydi ki, Məşədi, nə təhər olur ki, mənə - öz milli hambalına halal bir abbasını vermir, onu dağa-daşa salır, erməni hambalına möhtac qoyursan, amma ona - erməni Aşota  ikisini birdən verirsən?

Amma demədi...

Hər halda, məqam idi, gərək deyəydi.)

Nə isə...

Allah hər iki sənətkara rəhmət eləsin.

 

TÜLKÜNÜN "TÜLKÜLÜYÜ"

 

Sən demə, tülkü doğrudan da dünyada ən hiyləgər, porsuq isə ən təmizkar heyvan imiş.

Deyəcəksiniz ki, nə olsun? Elə insanlar da belədir - hiyləgəri var, yaltağı var, pintisi, təmizkarı var...

Burada məsələ başqa cürdür. İş orasındadır ki,  porsuqların təmizkarlığı onlara öz yuvalarını tülkülərə "peşkəş" edib digər tülkülər üçün də yeni yuvalar qurmağa həsr olunmuş əziyyətli bir ömür yaşamaqdan başqa heç nə vəd etmirmiş (?)

Belə ki,  tülkü heç vaxt özünə yuva qurmur, amma hiyləgərliyi sayəsində hazır yuvanı dədəsinin malı kimi "özəlləşdirib" nağıl dili ilə desək, orada şad-xürrəm ömür sürür.

Bütünlüklə real müşahidələrə əsaslanan bu tragikomik əhvalatı dünyanın ən kiçik və sözsüz tamaşası formatında sizə təqdim edirəm.

Tülkü porsuğun yuvasının ərazisində pusqu quraraq vuzual müşahidəyə başlayır. Porsuq yuvanın içində və qarşısında təmizlik işlərini başa çatdırıb ov dalınca ərazini tərk edən kimi tülkü ora soxulub yuvanın qarşısını və içini murdarlayır və qaçıb öz pusqu yerinə qayıdır. Müəyyən vaxt keçdikdən sonra porsuq kefi kök damağı çağ şenlənə- şenlənə "evə" qayıdanda yuvasını belə vəziyyətdə görüb elə fəryad qoparır ki, hətta tülkü də bir balaca səksənir. Sonra baiskarı "söyə- söyə" yuvanı təmizləyib əvvəlki vəziiyyətə gətirir...

Ertəsi gün əhvalat eyni ssenari üzrə təkrar olunur...

3-cü gün isə porsuğun əsəbləri dözmür, hər gün yuvanı təmizləməkdənsə təzə yuva tikməyə üstünlük verir və baiskara qarğış edə-edə şələ küləsini də götürüb ərazini birdəfəlik tərk edir. Tülkü isə qalib görkəmdə, təntənə ilə "öz" yuvasına daxil olur

Nevə deyərlər,  "Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım"!  

Amma Allah kəssin belə kökə qazanmağı!

 

ƏSRİN "KƏŞFİ", YAXUD ÇOX MÜRƏKKƏB "MÜRƏKKƏB MƏSƏLƏSİ"

 

Təvəllüdü ötən əsrin 70-ci illərinin əvvəllərinə qədər olanlar yaxşı xatırlayar - biz ibtidai siniflərdə oxuyanda satışda diyircəkli və avtomat qələmlər hələ yox idi, ona görə də "perolu qələm" deyilən yazı ləvazimatı ilə yazırdıq. İndiki qara karandaşlar uzunluğunda dairəvi səthə malik taxta çubuqlar idi -  bir ucunda peronu taxmaq üçün yer düzəltmişdilər və biz mağazadan aldığımız dəmir peroları ora keçirib qələmə çevirir, sonra peronu mürəkkəbə batırıb yazırdıq.

Təbii ki, qələmsiz heç nə yazmaq mümkün deyildi. Amma bu perolu qələmləri batırdığımız içi mürəkkəblə dolu mürəkkəbqabılar 1-ci sinifdən 5-ci sinifə qədər nəinki bütün şagirdlərə, hətta onların valideynlərinə, müəllimlərə qədər hamıya başağrısına çevrilmişdi.

Mağazalarda müxtəlif formalı, çeşid- çeşid belə qablar satılırdı. O qablar hər axşam evdə mürəkkəblə doldurulur, səhər  isə biz o qabları ya əlimizdə, ya da çantamıza qoyub məktəbə aparır,  evə qayıdanda da eyni qayda ilə yenidən özümüzlə götürürdük (evdə tapşırıqları həll etməli idik axı). Problem də elə bu aparıb-gətirmə "əməliyyatı" ilə bağlı idi - qablar qapaqsız hazırlandığından azca tərpəniş olan kimi mürəkkəb çölə sıçryaraq qab çantamızdadırsa - dəftər- kitabımızı, əlimizdədirsə -  üst başımızı, əllərimizi, paltarlarımızı qara günə qoyurdu. Evdə analar qızlarının ağ döşlüklərini, oğlanlarının köynəklərini yumaqdan, biz uşaqlar danlanmaqdan bezirdik, mürəkkəb isə öz kefindəydi, ləkələmə missiyasını uğurla davam etdirirdi. Hərçənd mən, 8 - 9 yaşlı uşaq öz uşaq ağlımla bilirdim ki, bu problemi asanca həll etmək olar. Amma mənim ağlım kimə lazım idi ki? Sovet cəmiyyətində bir dəfə qəbul olunmuş qaydanı heç də asanlıqla dəyişmirdilər.

Lakin nəhayət, kimsə vurub şeytanın qılçını sındırdı və o an da tilisim sındı, hər şey öz yerini aldı.

Sən demə, illər boyu neçə uşağın döyülməsinə, neçə valideynin əsəblərinin korlanmasına səbəb olan bu həngaməni - mürəkkəb problemi 2-3 saniyə ərzində həll etmək üçün heç o qədər də ağıllı olmaq da lazım deyilmiş -  yetər imiş ki, daha 1 mürəkkəbqabı alıb birini məktəbdə, birini də evdə saxlayasan!

İlahi, görəsən, "əsrin kəşfi" nədən bu qədər gecikmişdi?

 

BİR OĞURLUĞUN TARİXÇƏSİ

 

2010-cu ilin erkən yazında Bakının mobil telefonlar satışı şəbəkəsinə o vaxtlar dəbdə olan "Nokia" markalı telefonun yeni modeli daxil olmuşdu. Müxtəlif rəngli korpusları olan bu yastı, bir qədər də enli telefonların qiyməti də sən deyən baha deyildi. Ona görə də yaxşı alınırdı. Həmin telefonların güzəştli şərtlərlə kredit  satışı başlayanda birini də mən aldım ki, dost-tanış yanında, avtobusla yol gedəndə çıxarıb bir az lovğalanım, çünki ondan əvvəlki telefonum həm fiziki, həm də mənəvi cəhətdən o qədər köhnəlmişdi ki, ortaya çıxarılası deyildi.

Əlqərəz, nə başınızı ağrıdım, bir axşam işdən çıxıb avtobusla evə gedirdim. Salon həmişəki kimi basırıq idi. Mən ikinəfərlik oturacağın salona tərəf olan hissəsində əyləşmişdim. Metronun "20 Yanvar" stansiyasına çatanda şeytan məni yoldan çıxartdı - təzə telefonumu şəstlə cibimdən çıxarıb başladım onunla "oynamağa" - ora-burasını sığallayıb, gah mesaj pəncərəsini açıb baxdım, gah yaddaşındakı şəkilləri, musiqi fayllarını nəzərdən keçirdim və salon avtobusa minən təzə sərnişinlərin hesabına artıq "boğulmağa" başlayanda fikirləşdim ki, "prezentasiyanı" yekunlaşdırmaq olar. Bu dəfə lənətə gəlmiş şeytan məni ikinci dəfə yoldan çıxartdı - nəyə görəsə telefonu pencəyimin sağ yox, sol - yəni salona tərəf olan cibinə qoyub, gözlərimi zillədim pəncərədən çölə ki, yolun qalan hissəsini dağı arana, aranı dağa qata-qata başa vurum.

Əlqərəz, az getdik, düz getdik, dərə-təpə düz getdik, gəlib çatdıq  mənim düşəcəyim dayanacaqdan əvvəlki dayanacağa. Fikirləşdim ki, axşam bazarlığının təfərrüatlarını dəqiqləşdirmək üçün evə zəng vursam, pis olmaz. Əlimi pencəyimin sağ cibinə atdım - telefon-filan yox idi. Yadıma düşdü ki, telefonu sol cibimə qoymuşam, ona görə də arxayın-arxayın  onu çıxarmaq üçün sol cibimə girdim, amma telefon orada da yox idi. Həyəcanlandım, lakin özümü inandırdım ki, yəqin yaddaşım məni aldadır, telefonu pencəyimin qoltuq cibində, orda olmasa, şalvarımın dörd cibindən birində, orda da olmasa çantamda tapacam və intensiv şəkildə başladım ciblərimi eşələməyə. Telefon yağlı əppək olub çəkilmişdi göyə. Əməlli-başlı dilxor oldum, hələ desən bir az tərlədim də. Son ümid yerim çantam idi. Onu açıb başımı az qala bütünlüklə  içinə soxdum - orda telefondan başqa hər şey vardı. "Bəlkə mən xəyalən dağdan arana, ordan da təzədən dağa tullananda əlimdən yerə düşüb?" - deyə özümə son təskinliyi verib başladım qan-tər içində ayaqlarımın altını, yan-yörəmi yoxlamağa və elə bu məqamda sol tərəfdən qadın səsi gəldi:

- Ay qardaş, telefonunu axtarırsansa, axtarma. Bayaq sən pəncərədən çölə baxanda cavan bir oğlan pencəyinin sol cibini eninə-uzununa boşaltdı.

- Hə, hə, mən də görürdüm - bunu deyən isə kişi səsi idi, amma hansı tərəfdən gəldiyini  müəyyən etməyə macal tapmadım, çünki artıq çevrilib qadın səsi gələn tərəfə baxırdım: orta yaşlı bir qadın idi, özündən çox razı halda, fəxrlə mənə elə baxırdı ki, sanki məni bu mənasız, əzablı  axtarışlardan xilas elədiyinə görə ona ürəkdən təşəkkür etməli, hələ desən, bir dəstə çiçək də boyun olmalı idim.

Hansı hisslər keçirdiyimi, ümumiyyətlə, halətimi rəhmətlik nənəmin məşhur bir frazası ilə ifadə etmək lap yerinə düşərdi. Amma mən bunu etməyəcəm. Ona görə də davam edirəm: qəfildən məni dəli bir gülmək tutdu və başa düşdüm ki, indi bu qadının cavabını verməsəm, gülməkdən bayıla bilərəm. Və gülə-gülə dedim:

Yox, yaxşısı budur nə dediyimi özünüz tapın.

 





14.04.2023    çap et  çap et