Məhbus jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimlinin işi üzrə Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesin hazırlıq iclasının qərarından Ali Məhkəməyə verilmiş şikayətə baxılması təxirə salınıb.
Bakı Apellyasiya Məhkəməsindəki hazırlıq iclası zamanı Pərviz Həşimlinin müdafiəçiləri işə məhkəmə istintaqı ilə baxılmasını istəyiblər. Jurnalistin müdafiəçiləri hesab edirlər ki, onların vəsatətləri araşdırılmalı, əlavə şahidlər dindirilməlidir. Apellyasiya məhkəməsi bundan imtina edib. Pərviz Həşimlinin müdafiəçiləri də Bakı Apellyasiya Məhkəməsinin hazırlıq iclasında çıxarılan bu qərardan Ali Məhkəməyə şikayət ediblər.
Ali Məhkəmə şikayətə iyulun 17-də baxmalı idi.
Pərviz Həşimlinin vəkili Elçin Sadıqov “Media forum” saytına bildirib ki, proses qeyri-müəyyən vaxtadək təxirə salınıb: “Prosesin nə vaxt olacağı bilinmir”.
Pərviz Həşimlini ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyi tutub. Bakı Ağır Cinayətlər Məhkəməsi onu qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satmada və qaçaqmalçılıqda təqsirli bilərək 8 il müddətinə azadlıqdan məhrum edib. Apellyasiya şikayətində hökmün ləğv edilməsi və Pərviz Həşimliyə bəraət verilməsi istənilib.
çap et