525.Az

"Müharibə başlayana kimi İbrahim bizə  heç nə deməmişdi" 


 

"Müharibə başlayana kimi İbrahim bizə  heç nə deməmişdi" <b style="color:red"></b>


Bu dəfə haqqında söz açacağım Vətən müharibəsi qəhrəmanı İbrahim Azər oğlu Məmmədovdur. 

İbrahim Məmmədov 25 fevral 2000-ci ildə Gəncə şəhərində doğulub. 2018-ci ildə İ.Qayıbov  adına 1 nömrəli tam orta məktəbin 11-ci sinfini bitirib. 2018-ci ilin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılıb, Müdafiə Nazirliyinin SQ Təlim Tədris Mərkəzində xidmət edib. Subay idi. 

Şəhid anası Adgözəlova Kəmalə xanım deyir ki, onların ailədə üç övladı var: 

"Bir qız, iki oğlan. Böyük övladım şəhid balam İbrahimdir. Ortancıl övladım Yusif və kiçik övladım Azərin. Balamın arzusu idi ki, işləsin. Telefon təmir etməyi öyrənmişdi. İstədiyi qız da vardı. Müharibə başlayan kimi getdi müharibəyə getdi, balamın arzusu ürəyində qaldı.

Uşaqlıdan çox qaynar uşaq idi. Həmişə dostları Nəcəf və Rəsulla oynayardılar. Əsgərlikdə olanda Nəcəfin ailəsi ona həmişə yaxından dəstək olub. Əsgərlikdə Samir və Murad ən çox istədiyi dostları idi. İbrahim müharibədə yaralananda Əli adında dostu varmış son nəfəsinə kimi onun yanında olub. Hazırda Əli qazidir, Gəncədə yaşayır.

Müharibə başlayana kimi o heç kimə heç nə deməmişdi, bizə də heç nə demirdi. Çox mərd oğul idi. Güləşə gedirdi, ağır atletika ilə məşğul idi. Kiçik vaxtdan güləş üzrə medalları vardı. Əsgərliyə getməmişdən əvvəl ağırlıq qaldırma ilə məşğul idi.

Şəhid xəbərini bizə anam verdi. Anama 2-3 dəfə zəng ediblər. 2020-ci il noyabrın 12-də balamın şəhid xəbərini aldıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah ailələrinə, əzizlərinə yaxınlarına torpağı sanı ömür versin! 

Şəhid balamın adına küçənin başında qonşularımızın maliyyə dəstəyi ilə abidə bulaq kompleksi tikilib, sağ olsunlar. Ailəmizin arzusudur ki, İbrahimin adına küçə verilsin və yaşadığımız qəsəbə onun adını daşısın".

Azərbaycan Ordusunun əsgəri olan İbrahim Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İbrahim Məmmədov noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən İbrahim Məmmədov ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Ruhun şad olsun, igid qardaşım!

 





11.04.2023    çap et  çap et