525.Az

"Rauf əsgərini neytral zonadan təxliyə edən zaman şəhid olub..."


 

"Rauf əsgərini neytral zonadan təxliyə edən zaman şəhid olub..."<b style="color:red"></b>

Bu gün haqqında söz açacağım qəhrəmanımız Vətən müharibəsi şəhidi Rauf  Vaqif oğlu Əsgərovdur.

Əsgərov Rauf  2 noyabr 1978-ci ildə Gəncə şəhərində doğulub. 1995-ci ildə 44 nömrəli məktəb-liseydə tam orta təhsilini başa vurub. 1995-1999-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında (indiki ADAU) “Kənd təsərrüfatının elektrikləşdirilməsi və avtomatlaşdırılması” ixtisası üzrə təhsil alıb.

ADAU-nun Hərbi kafedrasında leytenant rütbəsi alıb. 2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılıb, Naxçıvan Muxtar Respublikasındakı “N” saylı hərbi hissədə zabit kimi xidməti borcunu yerinə yetirib.

Şəhidin anası Əsgərova Brilliant xanım deyir ki, ailədə şəhid Raufla birgə 3 oğlumuz var: 

" Böyük oğlum Ramil, şəhid balam Rauf və kiçik övladım Emin.  Rauf  ali təhsilli idi. Ailəlidir, 3 övladı var: 2 qız, 1 oğul. Balamın böyük qızı Rüqəyya 2010-cu ildə Gəncədə doğulub. Haazırda 7-ci sinifdə oxuyur, inglis dilin bilir, koreya dilinə hazırlaşır. ortancıl nəvəm Ramilə 2011-ci ildə Şəmkirdə  anadan olub. Haazırda 39 saylı məktəbdə oxuyur, ingilis dilini yaxşı bilir, arzusu həkim olmaqdır. Oğlu Tağı isə 2014-cü ildə Şəmkir şəhərində anadan olub. Hazırda 3-cü sinifdə oxuyur. Cüdo ilə məşğul olur. Mingəçevirdə öz yaşıdları arasında 1ci yerə layiq görülüb. Futbolu da çox sevir. Deyir mən atamın davamçısı olacağam.

Rauf uşaqlıqdan həm çox sakit idi, həm də inadkar idi. Səbrli uşaq idi, dalaşqan deyildi. Həmişə istəyirdi öndə getsin. Ən yadda qalan bir xatirə danışım. Ən çox ev işlərində mənə kömək edirdi. Böyük qardaşı ilə birgə evdə yemək bişirərdilər, o dərəcədə ağıllı idi balam. Raufu hər kəs çox sevirdi, çox yaxın dostları İlham, Ramil, Səbuhi idi. Oğlum əvvəl bp-də çalışırdı, Daşkəsəndə "Azər Gold"da bir müddət rəis işlədi. Müharibə başlayan vaxtı heç birimizin xəbəri olmadan könüllü yazılaraq döyüşlərə qatılıb.

Oğlum Füzuli, Xocavənd, Cəbrayıl istiqmətində döyüşüb. Rütbəcə baş leytenant idi. Döyüşdə tağım komandiri olub. Füzuliyə gedərkən Xüsusi təyinatlılarda döyüşüb. Həmişə deyirdi, bircə dua edin, hər şey yaxşı olacaq. Dedi ki, 45 əsgərim şəhid olub. Mən onda ağladım. Dedi ki, ana,  ağlama, qürurlu ol, çoxlu dua et. 

Birinci Gəncədən yığılıb getmişdilər. Rauf deyib ki, mən döyüş bölgəsinə gedirəm. Deyiblər sənin 3 övladın var. Ancaq israr edib. Deyirdi döyüşdəyik, avtobusun işıqların yandırsaq, bizi vurarlar. Səhər açılıb Füzuliyə giriblər. Birinci Alxanlıda Zəhra balamız şəhid olduğu kənddən Qaraxanbəyli, Seyidəhmədli daha sonra Mərdinli istiqmətində döyüşüb. Deyirdi ki, neytralda 3 əsgərimiz qalıb, yaralıdırlar, gedib onları götürəcəyik. Xocavəndin Mərdinli kəndinə yol açılanda postda snayperlə vurublar oğlumu. 
Füzulidən bacım oğluna deyiblər ki, Rauf şəhid olub, inamayıb. Böyük qardaşı Vüqar gedib Füzulidəki hərbi hissəyə. Oğlum 26 oktyabrda şəhid olub, 27 oktyabr axşam saatlarında nəşini gətirdilər. 

 Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin! Şəhid ailələrinə Allah səbr versin. 30 illik işğal altinda olan torpaqlarımızı 44 günə aldılar. İstər siyasi cəhətdən, istərsə mənəvi cəhətdən millət öz lideri Prezident İlham Əliyevin yanında oldu Var olsun müstəqil Azərbaycan!

Ailəmizin şəxsi vəsaiti hesabına və İnsan hüquqları müdafiə komitəsinin dəstəyi ilə kiçik bağ memorial kompleksi inşa etmişik. Ailəmizin ən böyük arzsudur ki, balamın adına orta məktəblərdən biri verilsin. Onun uşaqlıq arzusu idi ki, Daşkəsənin Xaçbulaq kəndindəki fərdi evində məscid tikdirsin".

Azərbaycan Ordusunun baş leytenantı olan Rauf Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rauf Əsgərov oktyabrın 26-da Füzuli döyüşləri zamanı əsgərini neytral zonadan təxliyə edən zaman şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Rauf Əsgərov ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", “Füzulinin azad olunmasına görə” medalları və “3-cü dərəcəli Orden” ilə ilə təltif edilib. 

Ruhun şad olsun, şəhid qardaşım!

 





13.04.2023    çap et  çap et