525.Az

Şəhid anası: "Deyirdi, ev tikdirim, ailə quracağam..."


 

Şəhid anası: "Deyirdi, ev tikdirim, ailə quracağam..."<b style="color:red"></b>

Bu gün haqqında söz açacağım qəhrəmanımız Vətən müharibəsi şəhidi Ramid Yaqub oğlu Tağıyevdir. 

Ramid Tağıyev 1994-cü il fevralın 25-də Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Ramid subay idi.

Şəhidin anası Tağıyeva Zərnigar xanım deyir ki, ailədə 6 övladımız var, 3 qız, 3 oğlan: 

"Balamın çox arzuları vardı, ancaq arzularına heç çatmadı. Ən böyük arzusu evlənmək idi. Deyirdi, evimi tikdirim, ailə quracağam. Həmişə deyirdi, səni elə saxlayacağam ki, ana, neyləyim, necə edim deməyəcəksən...
Şəhid balam qardaşı Rahidlə əkiz idi. Qardaşı oğlunu övladı Bünyamini öz balası kimi sevirdi. Telefonla danışanda deyirdi, anam, narahat olma, bir iş var alınsın, hər şey əla olacaq. Bir gün mənə dedilər müharibə olacaq, ağladım ki, necə olacaqsan,  ay balam?  Deyirdi, ana, sən narahat olma.

Ömrünün 7 ilini hərbidə olub, 2 il əsgərlik, 5 il də hərbçi kimi xidmətdə.  Bu illər ərzində ev çörəyi yeməyib, ev rahatlığı görməyib balam.

Kəndimzidə toy olanda deyirdim sən də get, oğul. Deyirdi, ana, dincəlmək istəyirəm, çox yorğunam, həm başım səs götürmür. Bir dəfə israr etdim getdi, gələndə boynumu qucaqlayıb dedi ki, ana, toy nə yaxşı şeydir! Sevdiyi qız vardı. Dedim, gəl,elçi gedək. Dedi, ana, qoy bir iş var görüm ondan sonra qismət olsa, gedərsən. O qız 40 gün mənimlə birgə ağladı, məni tək qoymadı, sonra heç gəlmədi. Allah onu xoşbəxt eləsin, çox gözəl tərbiyəli övlad idi.

Gəlib dedilər oğlun yüngül yaralıdır. 45-ci gün getdim Şahbulağa komandirin yanına. Dedi ki, ana, müharibə dayanıb, balan da şəhiddir... Allah şəhidlərimizə rəhmət eləsin! Bütün şəhid analarının dərdi eynidir, eyni dərdi çəkirik. Allah Prezidentimizi qorusun, ölkəmizi, millətimizi qorusun! Amin!
Balamın adına iki bulaq var. Daşkəsən rayonu yuxarı Daşkəsən qəsəbəsində adına orta məktəbdə sinif otağı da var".

Azərbaycan Ordusunun kiçik çavuşu olan Ramid Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ramid Tağıyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Daşkəsən rayonu şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Ramid Tağıyev ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhun şad olsun, şəhid qardaşım!

 





15.04.2023    çap et  çap et