525.Az

Deməyə söz olanda... - Sevda Sultanova yazır


 

Deməyə söz olanda... - <b style="color:red">Sevda Sultanova yazır</b>

İnternetin həyatımıza daxil olmasıyla televiziya öz tamaşaçılarının müəyyən qismini itirdi. Hazırda internet resurslarında tamaşaçının zövqünə, dünyagörüşünə, hətta əhvalına uyğun və bilik bazasını artıracaq kontentlər çoxdur.

Bu yazım Tural Yusifov (o, həm də məşhur "AvtoStop" verilişinin aparıcısıdır) və Əli Xəyyamın müəllifi olduqları "Söhbətgah" podkastı haqqındadır. 

Əvvəlcə "podkast" anlayışının nə olduğundan başlayaq. Çox istifadə elədiyim "Azleks" lüğətində yazılır ki, podkast internet şəbəkəsində geniş yayılmış audiofayldır, bir qayda olaraq, şəbəkədə bloqla radio arasında yer tutur və populyar səs formatlarından birində (mp3 və ya wav) hazırlanır.  Podkast müxtəlif (monoloq, dokumental hekayə, müsahibə və s.) formalarda hazırlanır.  Müəlliflər hər mövzudan, yaxud yalnız ardıcıl bir sahədən (siyasət, iqtisadiyyat, mədəniyyət və s.) danışır, əlyəncəli, maarifləndirici və digər istiqamətlər üzərində qurulur. Daha çox audioproqram kimi xarakterizə olunsa da, video formatında çəkilən podkastlar da var və onlar əsasən marketinq sahəsində, məhsulun tanıdılması məqsədilə istifadə olunur.

Ümumi götürəndə isə podkastla televeriliş arasında ciddi fərq yoxdur. Çünki təqdim edilən format televiziya, radio verilişləri ilə eynidir. Sadəcə, indi müasir dünyada, zərurət oldu-olmadı, hər şeyi terminləşdirmək tendensiyası geniş yayılıb. Yəqin ki, televerilişdən əsas fərqi istənilən adamın podkast hazırlamaq, internetdə yayımlamaq imkanının olmasıdır.

"Söhbətgah" video formatda təqdim edilən podkastdır. İki aparıcı aktual problemlərdən danışır, bəzən isə müzakirə studiyaya dəvət edilən qonaqla birlikdə aparılır. Həm bu, həm də yuxarıda deyilən səbəblərdən "Söhbətgah"ı internet verilişi adlandırmağı məqsədəuyğun sayıram. Müşahidə etdiyim qədərilə, "Söhbətgah"ın konkret konsepti yoxdur. O mənada ki, bəzən bu tip müzakirə platformalarında aparıcılar əks qütblərdə dayanır, hərə öz arqumentindən çıxış edir və bu zaman söhbət fikir toqquşmasına, mövqelərin konfliktinə əsaslanır. "Söhbətgah"da isə tərəflər arasında mövzu ilə bağlı gah fikir ayrılığı yaranır, gah da baxış bucaqları üst-üstə düşür. Burada əsas məqsəd aktual məsələlərə dair mümkün olan ən optimal yanaşmanı tapmaq, tamaşaçını-dinləyicini maarifləndirmək, ona çətin məsələlərlə bağlı çıxış yolu göstərməkdir.  Müəlliflər mənəvi, mental dəyərlərdən tutmuş universal, qlobal məsələlərə qədər ən müxtəlif mövzuları müzakirə edirlər.

Veriliş bir rakursdan statik planla çəkilsə də, bu, ümumilikdə dinamikanı ləngitmir. "Söhbətgah"ın müəllifləri  səmimiyyəti, sərbəstliyi, bilgiləri, analiz etmək, fikirlərini konkret nümunələrlə əsaslandırmaq bacarığı, şəxsi təcrübələri sayəsində tamaşaçıyla aralarında uğurlu emosional əlaqə qurmağı bacarırlar.

Hərçənd, "Söhbətgah" verilişi bir neçə dəfə saytlarda tənqid olunub, aparıcılar Əli Xəyyam və Tural Yusifov  təkəbbürlü davranışda, qeyri-peşəkarlıqda qınanılıb. Doğrusu, həmin tənqidi yazılara qədər belə bir verilişin mövcudluğundan xəbərsiz idim. Sonra "Söhbətgah"ın bir neçə buraxılışına baxdım. Teleməkanda ciddi mövzuların, problemlərin şoulaşdırmaq tendensiyasının yayılması, üstəlik, sosial mediada, Tik-Tok kimi beyin üçün saqqız rolu oynayan platformaların fonunda "Söhbətgah"ın mövcudluğunu  faydalı və vacib hesab edirəm.

Tural Yusifov və Əli Xəyyam söhbəti şoulaşdırmırlar, reytinqə işləmirlər, müzakirəyə çıxardıqları problemlərin onları gerçəkdən narahat elədiyi aşkardır. Mümkün qədər sadə, rahat dildə danışırlar, bəzən kobud, qaba sözlərdən istifadə eləsələr də, bu, bir tamaşaçı kimi məndə qıcıq doğurmadı. Çünki həmin anın emosional ovqatı və məsələnin analizi kontekstində qaba sözlər bayağı yox, təbii, orqanik göründü.  Müəlliflərin mövzulara ciddi hazırlaşmaları, məlumat toplamaları hiss olunur, formalaşmış müəyyən intellektual bazaları var və mənimsədikləri bilgiləri individual baxşı bucaqlarından emal etməyi bacarırlar. Üstəlik, bir çox teleproqramların kütlənin diqqətini çəkməkdən ötrü hər cür rəzilliyə, bayağılığa əl atdığı, ədəb-ərkan çərçivəsindən kənara çıxdığı halda, daha az publikya üz tutan "Söhbətgah"ın məsuliyyət duyğusunu, cəmiyyətə faydalı olmaq cəhdini təqdir edirəm.

Maraqla dinləyib-baxdığım buraxılışlardan biri  "Niyə kitab oxumalıyıq?" mövzusundakı polemika oldu. Hətta aparıcıların qeyd elədiyi bəzi kitablar diqqətimi çəkdiyindən tapıb oxumaq üçün onların adını qeyd elədim.

Verilişdə Əli Xəyyam "gənclərin bədii ədəbiyyat oxumasına qarşıyam" kimi mübahisəli fikir səsləndirdi. Boynuma alım ki, uzun müddətdir, mən də bədii ədəbiyyat oxumuram. Daha dəqiq desəm, bədii ədəbiyyata marağım itib. Yalnız iş gərəyi, tutalım, hansısa film ədəbi əsərin motivləri əsasında ekranlaşdırılıbsa,  onda həmin romanı, ya hekayəni oxuyuram. Son vaxtlar elmi ədəbiyyata, incəsənət tarixinə, kinematoqrafiya və jurnalistikaya dair araşdımaları mütaliəyə üstünlük verirəm. Bədii ədəbiyyat əlbəttə ki, bir ölkəni, mədəniyyəti tanımaq, bədii-estetik zövqün formalaşması, fərqli insan həyatları haqda məlumat toplamaq, emosional təcrübəni zənginləşdirmək baxımından faydalıdır. Lakin intellektual formada qalmaq, arqumentasiyanın, tənqidi düşüncənin inkişafı baxımından, estetik bədii zövqümü filmlər vasitəsilə zənginləşdirməkdənsə, elmi-analitik mətnləri, araşdırmaları daha vacib hesab edirəm.

Əslində, Əli Xəyyamın "bədii ədəbiyyata qarşıyam" mövqeyində cəmiyyətin müəyyən kəsimində formalaşmış zərərli bir fikrə etiraz vardı. Çünki bir qrup insan bədii ədəbiyyatın oxunmamasını həddən artıq dramatikləşdirir, bədii ədəbiyyatı mənəvi dəyər, mənəvi meyar kimi qiymətləndirirlər. Əli Xəyyamla o mənada razılaşıram ki,  bir həkimin Floberi oxumasından çox, öz ixtisası üzrə ədəbiyyatı mənimsəməsi və peşəkarlığı vacibdir. Ona görə ki,  pasiyentinə yanlış diaqnoz qoymasın, əməliyyyat aparanda, səhvən başqa orqanını kəsib tullamasın. Yaxud marketoloqun öz ixtisasını əla öyrənməsi iqtisadiyyatımıza fayda verməsi baxmından vacbdir, nəinki onun tutaq ki, Nabokovun "Lolita"sı haqda mülahizələri. Yəni mən bədii ədəbiyyatın az qala bütün biliklərin bazası qismində təbliğatının və təqdimatının əleyhinəyəm. Təbii ki, hər bir ziyalının sözün geniş mənasında mədəniyyətimizin mərkəzi fiqurları sayılan şəxsiyyətlərin yaradıcılığını, milli özünüdərkin formalaşmasındakı əhəmiyyətini bilməsinin vacibliyi öz yerində.

"Söhbətgah"ın başqa bir buraxılışında cəmiyyətdəki şiddətin, aqressiyanın, insanların sevgi dilini tapa bilməməsinin səbəbləri araşdırılırdı. Bu kontekstdə müəlliflər özümüzə, virtual dünyaya həddən ziyadə aludəçilik, kommunikasiyanın qırılması, həyatımızı imitasiya edərək yaşamağımız, əşyalara çox önəm verməyimiz kimi vacib problemləri qabardırdılar. Doğrudan da, müasir dünyada bizim səhərimiz "zorlamaq, qətlə yetirmək" kimi neqativ, toksik xəbərlərlə açılır, həmin mətnlərlə bir növ yaşamaq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu problemlərə tarixi, sosioloji, elmi və s. aspektlərdən baxan aparıcılar belə bir mühüm sual səsləndirdilər: "Niyə telekanallar sosial proqramlarında çox rahatlıqla iki nəfərin öz intim hadisəsini danışmasına icazə verirlər, neqativ tendensiyaları yayırlar və bunun cəmiyyətə faydası nədədir?"

Onu deyim ki, mən, cəmiyyətdəki aqressiyanın əsas səbəbini, müəlliflərin vurğuladığı kimi, daha çox medianın zorakılıq və şiddət təbliğ edən materiallar tirajlamasında axtarmağı doğru saymıram. Bir çox sahələrdə problemlərin həlli yollarını tapmaq, kökünü bilməkdən ötrü sosioloji araşdırmalara ehtiyac var; o cümlədən, emosional, fiziki təzyiqə dayanan ailə hekayələrini yayan teleproqramların cəmiyyətə nə kimi təsir göstərdiyinin və insanların belə neqativ, pessimist hekayələrə tələbatının səbəblərinin araşdırılmasına da. Lakin təəssüf ki, bizdə sosioloji araşdırmaların yoxluğu, yaxud da onların ictimailəşdirilməməsi kimi ciddi problemlər var. Ona görə Tural Yusifov problemlərdən danışarkən, daha çox xarici ölkələrdə keçirilən sosioloji araşdırmalara istinad etməli olur. Bizdə də analoji araşdırmaların aparılması problemlərin səbəbinin dərkində və məsələyə konseptual yanaşmaqda yardımçı ola bilər.

"Şiddət nədir" mövzusunun davamı olan "Azərbaycanlılar bir-birini niyə qırır" motivli söhbətində müəlliflər yenə də çox dəqiq bir məsələni aktuallaşdıraraq bu suala cavab tapmağa çalışırlar: "TikTok platformasında  homoseksualı, açıq-saçıq fotolar yerləşdirən qadını qəbul etməyən, onları təhqirə məruz qoyan şəxs nədən, hansı səbəbdən o adamları davamlı izləyir?" Və davamlı izləməklə, şərh yazmaqla onların dünyagörüşünün dəyişməsinə nəinki təsir göstərmir, əksinə, baxış sayının artmasına səbəb olaraq statuslarını trendə çevrir. Yeri gəlmişkən, sosial mediada həmin adamlara nifrət püskürən, amma bununla belə onları izləməyə ehtiyac duyan istifadəçilərin davranışının özü də araşdırma predmetidir. 

Hərçənd, müəlliflər bir çox mövzularda çox rahat danışıb detallı bilgilər versələr də, dramaturji, məntiqi ardıcıllığı qorusalar da, bəzi verilişlərdə söhbətin əsas xəttindən yayınırlar. "Niyə kitab oxumalıyıq" polemikası nə qədər ardıcıl qurulmuşdusa və məzmunca zəngin idisə, "Şiddət nədir" mövzusunda müəyyən yayınmalar, birdən-birə tamam fərqli temalara keçid söhbətə yorucu, dağınıq ovqat qatırdı. Məsələn, cəmiyyətdəki aqressiyadan danşarkən, aparıcıların vətəndaşların su israfı məsələsinə toxunmasının mövuzyla əlaqəsini aydınlşadıra bilmədim. Amma deyək ki, suyun kəsilməsi və bu kimi məişət qayğılarının vətəndaşlarda aqressiya yaratması ilə əlaqələndirilsəydi, bu, başqa məsələ. Yaxud yenə bu buraxılışda danışılan problemlə elə də əlaqəsi olmayan uzun-uzadı pəhriz təcrübələrinin bölüşülməsi də həmçinin...

"Söhbətgah"ın maraqlı buraxılışlarından biri d' "Linç etmək. İnsanların düşüncəsinə görə təklənməsi" mövzusunda polemika idi. Aparıcılar müasir dünyada, o cümlədən, bizim cəmiyyətimizdə, xüsusən, liberal kəsimin fərdin səhv etmək şansını tanımaması, alternativ fikirlərə görə sosial mediada linçlənməsi, lağa qoyulması, demokratiya anlayışının böhranı kimi son dərəcə aktual məsələdən danışdılar. Müəlliflərin toxunduğu, Qərbdə geniş yayılmış  ləğv və ya boykot mədəniyyəti fərqli düşüncəyə dözümsüzlüyü, cəmiyyətdə dominant fikrə əks fikirlər səsləndirənlərin ictimai ittihama məruz qalmasını ifadə edir. Ləğv mədəniyyəti mövzusunu ardıcıl izləyirəm. Və "Söhbətgah"da bir vaxtlar izlədiyim bu hadisənin maraqlı tərəfini öyrəndim ki, transfobiyada ittiham olunan və bir ara kitabları yandırılan yazıçı Coan Roulinq linçləməyə məğlub olmadığından, ittiham edənlər geri addım atıb və hətta bundan sonra onun kitabları daha çox satılıb.  Roulinqin təcrübəsi sosial mediada linçləmələrə boyun əyməməyi və inandığın dəyərlərin arxasınca getməyi diktə edir.

Elə bu nümunədən çıxış edib bu yazımı "Söhbətgah"ın müəlliflərinə tənqidlərə rəğmən belə bir faydalı proqramı bundan sonra da şövq və həvəslə davam etdirmələrini arzulamaqla bitirirəm.

 





17.04.2023    çap et  çap et