525.Az

75 yaşlı ADU - doğma elm və təhsil ocağımız - Kamal Abdulla yazır


 

75 yaşlı ADU - doğma elm və təhsil ocağımız - <b style="color:red"> Kamal Abdulla yazır</b>

Bu il Azərbaycan Dillər Universitetinin (ADU) yaranmasının 75, müstəqil ali məktəb kimi yenidən fəaliyyətə başlamasının 50 ili tamam olur. 

Təməli 1937-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun (APİ) nəzdindəki Xarici dillər fakültəsində qoyulan bu təhsil ocağı Azərbaycan SSR Nazirlər Sovetinin 1947-ci il 10 dekabr tarixli qərarı və Respublika Maarif Nazirinin "Bakı şəhərində Pedaqoji Xarici Dillər İnstitutunun açılması haqqında" 1948-ci il 28 iyun tarixli əmri əsasında 1948-ci ilin sentyabr ayından müstəqil institut kimi fəaliyyətə başladı.

İkinci Dünya müharibəsi bitəndən sonra ölkədə həyatın normal axara düşməsi ilə ingilis, alman, fransız dillərinin öyrənilməsinin aktuallığını nəzərə alaraq bu təhsil müəssisəsində eyni adlı fakültələr yaradıldı. Sonradan 1959-cu ildə Pedaqoji Xarici Dillər İnstitutu ilə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu birləşdirilərək onların bazasında M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu yaradıldı.

Maarifə, elmə, təhsilə xüsusi qayğı ilə yanaşan Ümummilli lider Heydər Əliyev Azərbaycan SSR-yə rəhbərliyə gələndən sonra, onun təşəbbüsü ilə 1972-1973-cü tədris ilində Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu (APXDİ) yenidən müstəqil institut kimi fəaliyyətə başladı. Ulu öndərin rəhbərliyi ilə respublikamız müstəqillik əldə etdikdən sonra Azərbaycan Dövlət Dillər İnstitutunun təsir dairəsinin genişlənməsinə yeni imkanlar yarandı. Xarici ölkələrlə birbaşa, ikitərəfli əlaqələrin qurulmasına görə ölkəmizdə xarici dil mütəxəssislərinə olan ehtiyacı qarşılamaq üçün Azərbaycan Dövlət Dillər İnstitutunun bazasının genişləndirilməsi istiqamətində mühüm addımlar atıldı. 2000-ci il 13 iyun tarixində Ulu öndər Heydər Əliyevin Sərəncamına əsasən Azərbaycan Dövlət Dillər İnstitutuna "Universitet" statusu verildi. Bundan sonra yeni həyata qədəm qoyan universitetin maddi-texniki bazası daha da genişləndirildi, yeni fakültələr, kafedralar, ixtisaslar, laboratoriyalar və elmi mərkəzlər yaradıldı. 

Bu gün Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyev, Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyeva ADU-ya böyük qayğı və diqqətlə yanaşırlar. 2005-ci ildə Azərbaycan Prezidentinin göstərişi ilə Bakının Təbriz küçəsində beş mərtəbəli yeni tədris binası tikilib istifadəyə verilib, bu illər ərzində əməkdaşların sosial rifahı yaxşılaşdırılıb, ADU-nun məzun və əməkdaşlarına etimad göstərilərək onlar dövlətin mühüm vəzifələrinə irəli çəkilirlər. 

Özünün birinci tədris ilində 360 tələbə ilə fəaliyyətə başlayan Azərbaycan Dillər Universitetində bu gün 7000-dən artıq tələbə (bakalavar pilləsində 34, magistr pilləsində isə 22 ixtisas üzrə) təhsil alır. Yarananda cəmi 3 elmlər namizədi olan bu ali məktəbdə indi 2 akademik, 35 elmlər doktoru, professor, 6 elmlər doktoru, dosent, 3 fəlsəfə doktoru, professor, 128 fəlsəfə doktoru, dosent, 84 fəlsəfə doktoru, baş müəllim, 20 fəlsəfə doktoru, müəllim çalışır. Üç fakültə, 9 kafedra ilə işə başlayan institutda hazırda 5 fakültə, 8 şöbə,30 kafedra, 20-dən çox dil və mədəniyyət mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərin bəzisi dillərini təmsil etdikləri ölkələrin universitetlərində Azərbaycan dilini təbliğ edir və analoji olaraq o universitetlərdə Azərbaycan dili mərkəzlərinin açılması istiqamətində real iş aparırlar. Bu gün Universitetimizin köməyi ilə Çində, Rusiyada, Pakistanda, Serbiyada, Rumıniyada Azərbaycan multikulturalizmi, dil və mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Xorvatiya, Macarıstan, Litva universitetləri ilə bu istiqamətdə danışıqlar aparılır. Bu danışıqların nəticəsidir ki, Macarıstanın paytaxtı Budapeşt şəhərində yerləşən ELTE universitetində və Litvanın Vilnüs Universitetində artıq Azərbaycan dilinin tədrisinə başlanmışdır.

Universitetimiz 75 il ərzində öz dəsti-xətti ilə seçilən, roman-german dillərinin, habelə Qərb xalqları ədəbiyyatının nəzəri və təcrübi problemlərinin fundamental tədqiqi sahəsində misilsiz xidmətləri olan görkəmli alimlər, ölkənin inkişafı üçün böyük əmək sərf etmiş ziyalılar, ictimai-siyasi xadimlər, diplomatlar yetişdirmişdir. Hazırda onun məzunları vətənimizin bütün regionlarında və onun hüdudlarından kənarda fəaliyyət göstərməklə yanaşı, respublikanın ictimai-siyasi həyatında yaxından iştirak edir, dövlətçiliyimizin möhkəmlənməsi, dünyanın aparıcı dövlətləri arasında nüfuzunun artması, ölkə Prezidentinin daxili və xarici siyasətinin yüksək səviyyədə icra edilməsi sahəsində real işlər həyata keçirirlər. 

ADU-da Avropa, Amerika ölkələrinin dilləri ilə yanaşı, Çin, yapon, hind, İndoneziya, ərəb dilləri də öyrənilir. Ölkəmizin Boloniya prosesinə qoşulmasından sonra universitetin dünyanın aparıcı təhsil müəssisələri ilə əlaqələri daha da genişlənmişdir və o, müxtəlif proqram və layihələrdə uğurla təmsil olunmaqdadır. Burada 2010-cu ildən başlayaraq TEMPUS, ERASMUS Mundus, ERASMUS+, Mövlana proqramları üzrə Avropa universitetləri ilə əməkdaşlıq və tələbə mübadiləsi aparılmış, dünyanın aparıcı dövlətlərinin universitetlərinə mobillik proqramları üzrə 500-dən çox tələbə göndərilmişdir.

Azərbaycan Dillər Universiteti son 5 ildə yeni uğurları ilə diqqəti cəlb edir. Prezident İlham Əliyevin 16 iyun 2017-ci ilin iyun tarixli Sərəncamı ilə "publik hüquqi şəxs" statusu alan universitet öz tarixinin yeni mərhələsinə qədəm qoymuşdur. 2017-ci ildən bəri yeni mərkəzlərin, elmi-tədqiqat laboratoriyalarının (bu gün onlar "mərkəz" adlanır) açılması istiqamətində önəmli addımlar atılmışdır. Fəaliyyət göstərən bütün mərkəz və elmi-tədqiqat qurumlarında tədrisin keyfiyyətini yaxşılaşdırmaq istiqamətində görülən işlərlə bərabər, dövlət ideologiyası olan azərbaycançılığın, multikulturalizmin və dövlət siyasətinin təbliği önəmli yer tutur. Universitetdə olan Amerika, İsrail, Norveç, İndoneziya, Almaniya, Yaponiya, Çin, Koreya, Hindistan, Avstriya, İspaniya, Fransa, İtaliya kimi dil və mədəniyyət mərkəzlərinin sırasına yeniləri əlavə edilib. Son 5 ildə Türkiyə Araşdırmaları Mərkəzi, Serb dili və Mədəniyyəti Mərkəzi, Pakistan (urdu) dili mərkəzi, Rumın dili və Mədəniyyəti Mərkəzi, Macar dili və Mədəniyyəti Mərkəzi, Qədim Dillər Mərkəzi, ayrı-ayrılıqda Azərbaycanşünaslıq, Multikulturalizm və Rusiyaşünaslıq elmi-tədqiqat mərkəzləri açılıb. 2022-ci ilin oktyabr ayında universitetimizdə Yunan Araşdırma və Mədəniyyət Mərkəzi fəaliyyətə başlayıb, AYÖS və OEAD (Alman dili) kimi dil testlərini həyata keçirən kabinetlər təşkil edilib. Erməni dilinin öyrənilməsinə start verilib.

Azərbaycan Dillər Universitetində 2017-2023-cü illərdə Avropa, Amerika və Asiya, Uzaq Şərq ölkələrinin təhsil müəssisələri ilə yanaşı, qonşu ölkələr olan Türkiyə, Gürcüstan, Rusiyanın nüfuzlu ali məktəbləri ilə əlaqələrin genişləndirilməsi istiqamətində də səmərəli işlər görülmüşdür. ADU əvvəllər Türkiyə universitetləri ilə yalnız "Mövlana mübadilə proqramı" çərçivəsində əməkdaşlıq edirdi. 2018-ci ildən başlayaraq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası nəzdində fəaliyyət göstərən Türk Universitetlər Birliyinə üzv olandan sonra Universitetimizlə türk dövlətlərinin universitetləri arasında əlaqələr genişləndi. Bundan əlavə, ADU ilə Rusiyanın Moskva Dövlət Linqvistik Universiteti, Ukraynanın Kiyev Milli Linqvistik Universiteti və Belarusiyanın Minsk Dövlət Linqvistik Universiteti arasında təhsil və elm sahələrində əməkdaşlıq müqavilələri imzalandı. Universitetimiz Moskva Dövlət Universitetinin xüsusi dəvəti ilə Avrasiya universitetlər birliyinin üzvlüyünə də daxil olub.

Bütün bunlarla yanaşı, respublika daxilində olan ali təhsil ocaqları ilə də işgüzar əlaqələr yaradılıb - Bakı Mühəndislik Universiteti, Azərbaycan İlahiyyat Universiteti, Polis Akademiyası, həmçinin Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi ilə elm və təhsil sahəsində əməkdaşlığa dair imzalanmış protokollar buna misal ola bilər.

Bu gün Universitetimizin tələbə həyatı öz rəngarəngliyi ilə diqqəti cəlb edir. Burada müxtəlif gənclər təşkilatları ilə bərabər, "Kitab Klubu", "Gənc Diplomatlar Klubu", "Səfir Saatı klubu", "Yeni klub" kimi maarifləndirici klublar fəaliyyət göstərir. Tələbələrdə idarəetmə qabiliyyətinin, seçki mədəniyyətinin formalaşdırılması məqsədi ilə 2017-ci ildən "Bir günlük xəlifə" adlı xüsusi proyekt həyata keçirilir. Bu proyektə əsasən Universitetdəki rəhbər vəzifələrə tələbələr tərəfindən həyata keçirilən səsvermə yolu ilə bir günlük "xəlifə" (rəhbər) seçilən tələbələr təyin olunan gün vəzifələrini rektor kimi, prorektor kimi, dekan kimi, qurum rəhbəri kimi icra edir və həmin vəzifələrin bir günlük maaşını alırlar. Təcrübə göstərir ki, bu proyekt universitetin bütövlükdə ab-havasını dəyişən bir tədbir kimi son dərəcə vacib və faydalıdır.

Daha bir diqqətəlayiq hadisə odur ki, 2017-2018-ci tədris ilində Universitet Elmi Şurasının qərarı ilə tələbələr ilk dəfə olaraq pedaqoji təcrübələrini Bakıdakı məcburi köçkün məktəbləri ilə yanaşı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Bərdə, Gəncə, Sabirabad, Mingəçevir şəhərlərində yerləşən məcburi köçkün məktəblərində keçməyə başladılar.

2020-ci il Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış qəhrəmanlıq salnaməsidir. Tariximizə Vətən müharibəsi kimi daxil olan bu döyüşdə Silahlı Qüvvələrimiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində işğalçı Ermənistan ordusunu  darmadağın edərək əsarət altında olan torpaqlarımızı azad etdi. Bu müharibədə universitetimizin məzunları da iştirak etdilər. Onlardan qəhrəmancasına vuruşaraq şəhid olan Əzim Həsənov, Teymur Osmanlı, Elvin Bayramov Prezident İlham Əliyevin sərəncamı ilə medallarla təltif edildi. Bu gün Universitetimizdə onların adı əbədiləşdirilmiş, oxuduqları fakültələrdə məzun şəhidlərimizin adını daşıyan, onların həyat yolunu əks etdirən şəkillər və şəxsi əşyalar ilə zənginləşmiş auditoriyalar təmir edilib tələbələrin istifadəsinə verilmişdir.

Vətən müharibəsi zamanı ADU ailəsi Yardım fonduna könüllü ianələr köçürüb, ön cəbhədə vuruşan əsgərlərimizə ərzaq, dərman, isti geyimlər göndərib, əsgərlərimizə ruhlandırıcı məktublar yazıb. Qeyd etmək lazımdır ki, ADU ailəsi tək bununla kifayətlənmədi. Vətən müharibəsi başlayanda Rektoryanı Şuranın qərarı ilə universitetdə Ermənistanın işğalçılıq siyasətini, terrorçuluq fəaliyyətini dünyadakı yeni ünvanlara çatdırmaq üçün xüsusi "Qərargah" yaradıldı. Bu qərargah vasitəsilə universitetin professor-müəllim heyəti, mərkəz əməkdaşları 20-ə yaxın xarici dildə (ingilis, alman, fransız, ispan, italyan, rus, macar, serb, ivrit, ərəb, yapon, Norveç, İsveç, Danimarka, İndoneziya, urdu, Koreya və s.) dörd mindən çox məktub yazaraq dünyanın müxtəlif dövlətlərinin başçılarına, beynəlxalq təşkilatlara, parlamentlərə, beyin mərkəzlərinə, elm və mədəniyyət xadimlərinə, media orqanlarına ünvanlandırdı. Alınan cavablar göstərdi ki, universitetmizi tanıyır və onun sözünə hörmətlə yanaşırlar.

Azərbaycan Dillər Universitetinin beynəlxalq nüfuzu gündən-günə artan xətlə inkişaf edir. Mart ayında QS - 2023 müxtəlif sahələr üzrə dünya universitetlərinin reytinqini açıqlamışdır. Reytinqdə 161 ölkədən 1594 ali təhsil müəssisəsi iştirak edirdi. QS reytinqi sahələr üzrə dünya universitetlərinin kateqoriyalar üzrə qruplaşdırılmış 54 sahəsini əhatə edir. Reytinqin qiymətləndirmə metodologiyasında 5 əsas indikator nəzərə alınır: akademik nüfuz, işəgötürənlər arasında nüfuz, istinadlar, H-indeks və beynəlxalq elmi əməkdaşlıq.

Azərbaycandan ilk dəfə iki ali təhsil müəssisəsi (ADU və UNEC) QS dünya universitetlərinin reytinqinə düşmüşdür. Azərbaycan Dillər Universiteti (ADU) "Müasir dillər" üzrə dünyada ən yaxşı 301-340 universitetlər qrupuna daxil edilmişdir. Bu, universitetimizin, bütövlükdə təhsilimizin böyük uğurudur. 

Azərbaycan Dillər Universitetinin 75 illik yubileyi ölkəmizdə böyük ruh yüksəkliyi ilə qeyd edilən "Heydər Əliyev İli"nə təsadüf edir. İnanırıq ki, "Heydər Əliyev İli" çərçivəsində Universitetin yaranmasının 75 illik, müstəqil şəkildə fəaliyyətinin 50 illik yubileyi layiqli şəkildə qeyd ediləcək və kollektiv üçün bu, əvəzsiz bir hədiyyə olacaqdır.

 

 





18.04.2023    çap et  çap et