525.Az

Daşnak-bolşevik zülmünün Lənkərandakı izləri - Etibar Əhədov yazır


 

Daşnak-bolşevik zülmünün Lənkərandakı izləri - <b style="color:red"> Etibar Əhədov yazır</b>

...1974-cü ilin yaz günlərindən biri idi. Bənövşələr bahar həsrətilə torpaqdan baş qaldırmışdı. Həmin günlərdən birində Lənkəranda gözlənilməz partlayış səsindən yer-göy lərzəyə gəldi. Onun sədası ətraf yaşayış məntəqələrində də eşidilmişdi. Yaxınlıqdakı binaların pəncərə şüşələri qırılıb tökülmüşdü. Dedilər ki, əsgərlər təlim keçirlər. Əslində belə deyildi. Adamlar hadisəni hələ tam təsəvvürə gətirə bilmirdilər. Az sonra həmin istiqamətdə rayonun məsul işçilərinin görünməsi hadisənin ciddiliyindən xəbər verirdi. Rayonun Aşağı Nüvədi qəsəbəsində top mərmisi partlamışdı. Bu, elə bir dövr idi ki, SSRİ bütün dünyaya meydan oxuyurdu. Bəs mərmi buraya haradan gəlib çıxmışdı, partlamasına səbəb nə idi? Əsl həqiqət sonralar, ölkədə Qarabağ hadisələri yaşananda üzə çıxdı. Sən demə, bu, erməni daşnaklarının 1918-ci il mart-aprel aylarında Lənkəranda törətdikləri soyqırımının daha bir sübutu imiş. Amma o vaxtkı sovet rejimi hadisəni qabartmadı, əsl həqiqəti xalqdan gizlətdi.

Azərbaycan Respublikası Prezidentinin 26 mart 1998-ci il tarixli fərmanı ilə martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində anılması çox qaranlıq məsələləri üzə çıxartdı.

Araşdırmalar göstərdi ki, 1918-ci il mart soyqırımı Lənkərandan yan keçməmişdi. Həmin dövrdə Lənkərana gələn rus-erməni daşnakları quldur Şıvkunovun dəstəsi ilə əlaqəyə girərək şəhəri dənizdən və sahildən top atəşinə tutmuşdular. Top mərmilərindən biri rayonun Aşağı Nüvədi kəndindəki bicarlığa - yumşaq torpaq üstünə düşərək partlamayıb, illərlə orada qalıbmış. Sonralar həmin yerdə kəndin sakini Şöhüb Məmmədov yaşayış evi tikdirmiş, ailəsi ilə orada sakin olmuşdu. Evin xanımı top mərmisini dəmir parçası bilərək, yanında ocaq qalamışdı. 1918-ci ildən naməlum şəraitdə qalmış mərmi düz 56 il sonra - 1974-cü ildə partlamış və faciə ilə nəticələnmişdi. Ailənin əkiz qız uşaqlarından biri həlak olmuşdu.

 

Tarix heç nəyi unutmur

 

Bu gün 1918-ci ilin mart qırğınından söhbət düşəndə Lənkəran hadisələrindən söz açmamaq mümkün deyil. Tədqiqatçı-alim Hacı Mirhaşım Talışlı ilə araşdırmalarımızdan məlum olur ki, həmin dövrdə Lənkəranda və ətraf rayonlarda 40-dək kənd yandırılmış, günahsız insanlar qılıncdan keçirilmiş və ya güllələnmişlər. Faktlar isə belədir: həmin dövrdə Gərmətük və Kərgəlan kəndlərinin hər birində 70-dək, Mamusta kəndində 30-dək, Sütəmurdovda 25-dən çox günahsız insan hadisənin qurbanı olmuşdu. Şıxəkəran, Xolmili kəndlərində, Ləkər körpüsü ətrafında görünməmiş talanlar və qırğınlar törədilmişdi. Vilvan, Veravul, Girdəni, Cil, Osakücə kəndlərinin sakinləri qırğından qurtulmaq üçün yaxınlıqdakı meşələrə çəkilmişdilər.

Həmin hadisələrin şahidləri yaxın illərədək yaşayırdılar. Nə yaxşı ki, "Lənkəran" qəzetində işlədiyim dövrdə çoxları ilə görüşüb söhbət etmişdim. İndi onlar aramızda olmasalar da, xatirələri yaşayır. Əlibala Nurullayevin məlumatına görə, keçən əsrin 80-ci illərində Gərmətük qəsəbə sakini Məmmədəli Məmmədov Bakı Dəmiryol vağzalında 1918-ci ildə onların kəndindəki qırğında iştirak etmiş yükdaşıyan bir erməni ilə rastlaşır. Erməni kənddəki məscidin yanında Kərbəlayı Nurullanın ikimərtəbəli evini necə yandırdığından danışır. Kərbəlayı Nurullanın nəvəsi Əlibala müəllim Bakıya gələrək erməninin sorağına düşür. Qarabağ hadisələrinin təzə-təzə vaxtları imiş. Dəmiryol vağzalında ona deyirlər ki, Rostom Xaçaturyan adında həmin şəxs Montində yaşayırdı, hadisələrdən bir qədər əvvəl ölüb. Məlum olur ki, Rostom Xaçaturyan Kərbəlayı Nurullanın evini qarət edib, aparmağa gücü çatmadığına görə bədənnüma güzgünü sındırıb və binaya od vurub. Ermənilər gedəndən sonra qonşular evi yanğından xilas etmişdilər. Sonralar həmin ev türk zabiti Camal Paşanın qərargahına çevrilmişdi. 1920-ci il aprel inqilabından sonra bina "Qadınlar klubu" üçün ayrılmışdı. Klubun sədri Qızıpaşa (Qızı Qasıməli qızı Novruzova) idi. Camal Paşanın iqamətgahında əyləşdiyinə görə, ona Qızıpaşa adı verilmişdi. Qızıpaşa 1922-ci ildə Azərbaycan qadınları nümayəndələri ilə birlikdə Moskvada V.İ.Leninlə görüşmüşdü.

 

Yaddaşlar dilə gəlir

 

Tarixçi-alim Anar İsgəndərovun yazdığına görə, bu dövrdə Rusiyanın sənaye mərkəzlərini taxılla təchiz etmək üçün Lənkəran və Muğan zonası böyük əhəmiyyət kəsb edirdi. 1917-ci ilin axırları, 1918-ci ilin əvvəllərində Xəzər dənizindəki donanma milliləşdirildikdən sonra Qızılağac, Astara və Lənkəran istiqamətində "Aleksandr Jander" gəmisi və "Avetisov" teploxodu vasitəsilə ərazi bombardman olundu. Xəzər donanmasının tərkibində olan erməni matrosları da bu işə cəlb edilmişdi. Buna səbəb əhalinin təslim olmaması, onlara qarşı müqavimət göstərməsi idi. Xüsusilə yerli hakimiyyətin zülmündən qaçaraq dağlara sığınmış qaçaqlar Lənkərana tərəf irəliləyən rus-erməni daşnaklarına hər cür müqavimət göstərir, onlara tələfat verərək silahlarını ələ keçirirdilər.

Lənkəran şəhərinin mərkəzində qanlı qırğınlar olmuşdu. Ermənilər rastlarına çıxanları, xüsusilə nüfuzlu şəxsləri aradan götürməklə kifayətlənməmiş, var-dövlətlərini apararaq evlərə od vurmuş, müqavimət göstərənləri yerindəcə güllələmişdilər. Həmin illərin şahidi, Lənkəran Ağsaqqallar Şurasının sədri İman Əliyev danışardı ki, Mayakın ətrafında xeyli adam öldürülmüşdü. İtlər onların cəsədlərini torpaqdan çıxarmışdı. Qırğından sonra müsəlman qaydası ilə şəhidlərin dəfni keçirildi.

Yazıçı-publisist Nurəddin Ədiloğlu yazır: "Lənkəranda polkovnik Makarovun başçılıq etdiyi soyğunçu-qarətçilərinin hamısı ermənilərdən ibarət idi. Ermənipərəst Şıvkunovun quldur dəstəsi də həmin illərdə Lənkəranda və ətraf yaşayış məntəqələrində dinc sakinlərə meydan oxuyurdu. Silahlı dəstələrə başçılıq edən Avetisov quldurluqla və soyğunçuluqla məşğul idi".

Tarixçi-müəllim Ə.Nurullayevin məlumatına görə, Gərmətük kəndinin çayqırağı qəbiristanlığında denikinçi əsgərlərdən birinin güllə ilə vurulması qırğın üçün bir bəhanə oldu.

Velədili Mirsalam Gərmətükə gələrək xəbər verir ki, ermənilər gəlirlər, ehtiyatlı olsunlar. Vahiməyə düşən silahsız adamlar rayonun dağ kəndlərinə - o cümlədən, Yuxarı Nüvədi, Sefidor, Lüvəsər, Rvo və digər yerlərə üz tuturlar.

Cavanlardan bir hissəsi kənddən çıxmır. Kəndin adlı-sanlı adamlarından biri, ikimərtəbəli evi olan Kərbəlayı Səfərəli deyir ki, bizdən taxıl istəsələr taxıl, pul istəsələr pul verərik, təki bizə dəyməsinlər.

Buna baxmayaraq, kəndə soxulan əsgərlər tabe olmayanları sorğu-sualsız gülləyə tutmuş, evləri yandırmışdılar. Yusif Fərzulla oğlunun çayxanasına və onunla üzbəüz olan İbrahim Səfər oğlunun evinə od vurulmuşdu.

Qonşuluqda Abuzər Ağababa oğlu Babayevi və onun meyitinin üstünə sərilən arvadını da güllələyirlər. Bundan ürəyi soyumayan ermənilər Kərbəlayı Səfərəli Cabbar oğlunun taxıl anbarına girərək onu güllələyib, sonra qapını bağlayaraq ikimərtəbəli evini yandırırlar. Əsgərlər gənc Mirəbdülvahabı həyətlərində güllələyərkən atası Mirtağı özünü oğlunun üstünə atır, Mirtağını da güllələyirlər. Bu vəziyyətdə seyidin başından düşən əmmaməni təpikləyərək meyitdən uzaqlaşırlar. Bunlara qonşu olan Məşədi Həsəni (Qurbanəlinin atası), Əhməd Əkbər oğlunu (mərhum Eyvazın ana babası), Mirmusa Mirmustafa oğlu Həsənovu, Sadıq Nəzərəli oğlunu, Musa Qasım oğlunu da güllələyirlər.

"Balasən Lələyevin darısqal evinə yeddi cavan sığınacaq tapmışdı. Əsgərlər evin qabağından keçərkən qapının səsinə geri dönürlər. Cavanları evin qabağına düzüb güllələyirlər. Onlardan İzzət bəy Lənkəran konsulxanasında işləyirdi, fars dilini yaxşı bilirdi. İzzət babası Nəsirin (kəndin yuxarı başında yaşayan Əşrəf Axundovun atası) evinə qonaq gəlmişdi. O vaxtlar Lənkərana İrandan gələnlər çox olurdu. İnqilabdan sonra onların əksəriyyəti öz yerlərinə qayıtdı. Öldürülən ikinci şəxs Məşədi Museyib Kərbəlayı Nurulla oğludur. Qəbiristanlıqda onun başdaşı üzərində belə yazılıb: "Məşədi Museyib Kərbəlayı Nurulla oğlu, 1336, rəcəb ayının 20-si, cümə günü, miladi 26 aprel 1918-ci il". Öldürülənlər arasında Yunus Nəsir oğlu, Fətəli Şükür oğlu (Şükürün ikinci oğlu evdə, xəstə yatağında ikən boynu kəsilir), Əli Qasımlələ oğlu və başqaları da vardır. Məşədi Zülfüqar Məmməd oğlu Məmmədov (1880-1968) yaralı halda canını qurtara bilmişdi. Qaçanda güllə ayağının arxa hissəsinə dəymişdi. Qəbri, öldürülən qardaşının qəbri ilə yan-yanadır. Mikayıl Qasımov da canını qurtara bilmişdi. O, öldürülmüş qardaşı Əliyə kömək edə bilməyəcəyini görüb ağaclıqlar arasından qaçmışdı.

Şahüseyn Məmmədovun ana babası Əhməd Hacı Məhəmməd oğlu da bu faciənin qurbanıdır. Axund Hacı Asif Əsgərov onun başdaşının üzərində nəstəli xətlə ərəb əlifbası ilə yazılmış "Məşədi Əhməd Hacı Məhəmməd oğlu (hicri 1336, rəcəb ayı 20)" sözlərini oxudu. Bu, miladi tarixlə 26 aprel 1918-ci ilə təsadüf edir.

Tutulmuş adamların bəzilərindən silah tələb edirmişlər. Bayram Cavadov tüfəngin yerini deməyib, onu şikəst olanadək döymüşdülər.

Əsgərlər həmin gün kənddə 70-dək adamı güllələmişdilər (Bax: S.Məmmədov, Ə.Nurullayev, E.Əhədov. Gərmətük salnaməsi, B. 2014, səh.70)".

Jurnalist Hacı Mehman Fərzullayev babası Ayazın dediklərinə istinadən danışır ki, o günlərdə Kərgəlan kəndində 70 kişini çay qırağında al-qana boyamışdılar. İsmayıl Əliyev, Əli Ağayev, Mahmud Əzizov, Mirqulamhüseyn Miriyev, İsa Qurbanov, Fərzəli Quliyev, Mikayıl Əliyev və başqaları bu faciənin qurbanıdırlar. "Həmin günlərdə Əliyevlərin məhəlləsində bir gəlinin paltar yuduğunu görən erməni daşnakları həyətə hücum çəkirlər. Qayınata gəlini tez xalçaya büküb evin küncünə söykəyir. Əsgərlər gəlinin yerini demədiyinə görə, qayınatanı tüfəngin qundağı ilə vurub öldürürlər. Bu kişi hazırda kənddə yaşayan Əliyevlərin babası olub, gəlin isə 1970-ci ilə kimi ömür sürmüş Səriyyə nənə idi". Şaban Şəfiyevin "Tarixlə üz-üzə" kitabında bu barədə qeydlər öz əksini tapıb.

(Ardı var)

 

 





18.04.2023    çap et  çap et