"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Elariz Nəhmədlidir. Onunla məşhur rəssam Ejen Delakruanın "Sardanapalın ölümü" əsərindən danışmışıq.
Ejen Delakrua 1798-ci il aprel ayının 26-da Fransada anadan olub. Uşaqlıq yaşlarında incəsənətə böyük marağı onun gələcəkdə sənət adamı olacağından xəbər verirdi. O, hələ erkən yaşlarda Aleksandr Düma ilə dost olmuş və hətta Düma öz yazılarında Ejen Delakrua yaradıcılığını yüksək qiymətləndirmişdi.
Delakrua əsərlərini daha çox klassik ədəbiyyatdan götürdüyü mövzular əsasında çəkirdi. Bu üslub ona anası Viktoriyadan keçmişdi.
"Sardanapalın ölümü", "Xios qətliamı", "Azadlıq barrikadaları", "Azadlığa aparan xalq" kimi tabloları rəssamın məşhur əsərlərindəndir. "Sardanapalın ölümü" "Azadlıq barrikadaları"dan sonra Ejen Delakruanın ikinci ən möhtəşəm əsəri hesab olunur.
- Elariz bəy, əsərin yaranma tarixçəsi haqqında nə bilirik?
- Əsər 1827-ci ildə yağlı boya ilə kətan üzərində çəkilib. Ölçüləri 392?496 sm-dır. Bu rəsmə görə Delakrua erotomaniya və qəddarlıqda günahlandırılaraq şiddətlə tənqid olunurdu. Delakrua burada müharibənin necə faciələr doğurduğunu, kütləvi insan tələfatını, haqsızlığı, müharibənin ağır nəticələr verdiyini, tarixi ictimai memarlıq abidələrinin dağıldığını təsvir edib.
- Bəs rəssam əsərin mövzusunu hardan götürüb?
- Ejen Delakrua əsərin mövzusunu Bayron Corc Qardonun "Sardanapal" dramından götürüb. Əsərdə Sardanapalın ölümü və onun özünə qəsd etdiyi yerdə dəbdəbəli loja təsvir olunub. Bu, Assuriya hökmdarı haqqında əfsanədir. Əfsanəyə əsaslanaraq əsərdə öz idarəçiliyi ilə ölkədə özbaşınalıq yaradan, əxlaqsızlığı ilə məhşur olan rəhbər təsvir edilib. Zülmə qarşı baş qaldırmış xalq üsyanını yatırda bilməyəcəyini anlayan hökmdar qalanın tutulduğunu eşidib əsir düşməmək üçün özünə qəsd edir. Əsərdə onun öz atını, itini və qadınlarını öldürməsi və var-dövlətini məhv etməsi təsvir olunub.
Əsərdə səltənətinin dağıdılmasına, yanıb külə dönməsinə baxmayaraq, Sardanapalın siması rahat, həzz almış kimi təsvir edilir. Tənqidçilərə görə, Delakrua burada hakim təbəqəni hədələyir və Allahın adından danışır.
- Əsərin rəng koloriti necədir?
- Əsərdə tünd rənglər isti rənglərlə vəhdətdə verilib. İnsanların kütləvi qətliamı, hökmdar, ailəsi, var-dövlətinin məhv olunması daha tünd boyalarla təsvir edilib. Əsərdə tünd rənglərlə yanaşı, açıq rənglərdə özünü parlaq göstərir. Əsərdə bəzi təsvirlər nüde janrındadır.
- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?
- Əsərin kompozisiya quruluşu fərqlidir. Tablonun bir hissəsində rahatlıq ifadə edən hökmdar digər tərəfdə qətliamda qurban edilmiş insanlar, qarşı tərəfdə isə hökmdarın arvadları, sol tərəfdə heyvanları - at, it, arxa planda bulanıq vəziyyətdə Sardanapalın var-dövləti təsvir edilir.
- Əsər hazırda harda saxlanılır?
- Əsər Luvr muzeyində saxlanılır?
- Sizcə, bu rəsm bizə nə deyir?
- Əsərdə müharibənin faciələrini, insanların ağır aqibətini, xüsusən də özbaşınalıq edən ədalətsiz hökmdarın və məmurların sonda xalqın inqilabı nəticəsində cəzalanmasını görürük. Sardanapal öləndə belə, öz yaxınlarına qəsd etdirir. Əsərin iki variantı mövcuddur. Ölçüləri və rəngkarlıq koloritin çıxmaqla demək olar ki, eynidir. Əsərin koloriti "Danaya" əsərindəki işığı xatırladır.
Delakrua bu əsəri Napoleonun Misirdə qazandığı zəfərdən sonra təsvir edib. Tabloda oryentalizm hiss olunur. Rəssam əsəri Şərqə səyahətdən əvvəl yaratmasına baxmayaraq, Şərqlə bağlı bir çox detalları da təsvir edib. Əsərdəkı Misir motivləri, hind fil fiqurları və geyimlər uzaq Şərq və Avropa mentalitetini təcəssüm etdirir.
Aytac SAHƏD