525.Az

Daşnak-bolşevik zülmünün Lənkərandakı izləri


 

Daşnak-bolşevik zülmünün Lənkərandakı izləri<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

 

Tədqiqatçı-alim Mirhaşım Talışlı yazır ki, 1918-ci ilin mart-aprel günlərində erməni quldur dəstələri Sütəmurdov kəndində 13 ağsaqqalı qətlə yetirib, rayonun Şıxəkəran, Xolmili və Mamusta kəndlərində də qanlı cinayətlər törədiblər.

Müəllim Şükür Şükürovun məlumatına görə, xalqımızın qanına susamış quldurlar Mamusta kəndində Bəhram Cəfər oğlunun gözünü çıxarmış, qulağını kəsmiş və onu diri-diri yandırmışdılar. Erməni quldur dəstələri kənddə axtarış apararkən gənc qız Cavahirin köməyinə gələn cavanları qətlə yetirmişdilər.

Şükür müəllim deyir ki, bir dəfə o illərin canlı şahidi Cavahir Abdullayevanı (Məmmədova) sorğu-suala tutdum, hadisəni onun dilindən eşitmək istəyirdim. Cavahiri ağlamaq tutdu. Anam mənə acıqlandı. Sən demə, silahlı əsgərlər kənddə axtarış apararkən Qurbanovların evinin yanında Cavahiri yaxalayırlar. Nəhmətin oğlanları Məmmədhəsən, Məmmədhüseyn, həmçinin Bəhram Cəfərov, Mənsim Əliyev, İsaq Cəfərov, Hacıəli Əliyev və daha bir neçə nəfər qızın köməyinə atılır və onu qaçırdırlar. Cavahir xəndək içi ilə kəndin şərq tərəfinə - Qoçasələ meşəliyinə tərəf qaçır. Denikinçi rus və erməni əsgərləri tutduqları cavanları Paşa Mikayıl oğlunun dərz-çəltik komasına salaraq yandırırlar. İtaətsizliyə görə Əbülhəsən Əkbər oğlu Hümmətovu qılıncla doğrayırlar. Davud müəllimin atası meşə yolu ilə evinə qayıdarkən onu da qanına qəltan etmişdilər. Ağagül Əlihəsən oğlu və daha bir neçə mamustalı da bu faciənin qurbanı olmuşdular. Bundan sonra kəndə od vurulmuşdu. Yanğın nəticəsində babam Şükürün öz oğlu Yunusa bağışladığı səkkiz otaqlı ikimərtəbəli evi də yandırmışdılar.

 

Ağabacı nənəmin hekayəti

 

Ağabacı nənəmin yaddaşında 1918-ci il mart ayı "qaçhaqaç" dövrü kimi qalmışdı, ömrünün axırınadək üzü gülmədi nənəmin - nə çəkdisə, ürəyində çəkdi. Hüzr məclislərində isə elə bayatı çəkərdi ki... Deyərdin, axı, Ağabacı nənəmdə bu sözlər hardandı. Sən demə, dərd güc gələndə lal dilləri də açarmış. Ağabacı nənəmə dərd gələndə otağa çəkilər, başını taxta sandıqdan çıxartdığı paltarların üzərində əyərək səssizcə ağlayardı. Biz nəvələr isə pəncərədən nənəmizin seyrini vurar, heç nəyi anlamazdıq. İllər keçəndən, yaşa dolandan sonra hiss elədik ki, Ağabacı nənəm qəlbində dağ boyda kədər gəzdirirmiş. Ürək gərəkdi ki, bu boyda ağrını gəzdirə bilsin.

1918-ci il mart soyqırımı gözlərinin qabağında olmuşdu. Gözlənilmədən ətraf kəndləri dəniz tərəfdən top atəşinə tutmuşdular. Əri Ağacan Əzimov kəndin cavanları ilə kənddən kənara çəkilərək erməni - denikinçi dəstələri ilə vuruşurdu. Atışma qızışanda qadınlar uşaqlarını yanına alıb Osakücə meşəliyinə tərəf üz tutmuşdular. Ağabacı nənəm uşaqlardan yalnız ikisini - Babacan və Zülfünü çiyninə alıb qaça bilmişdi. Hələ bir yaşına çatmamış körpəsi Əliağanı isə Allahın ümidinə buraxaraq həyətdəki yekə nil ağacının oyuğunda gizlədə bilmişdi. Ağabacı nənəm ətraf sakitləşəndə evə - oğluna tərəf qaçır. Görür ki, körpə hələ də sakitcə uyuyur. İllər keçdi, övladları yaşa doldu. Dörd oğul övladından təkcə Əliağa Əhədov müharibədən qayıtdı. Babacan, Zülfü və Əjdər 1941-1945-ci illərdə faşistlərlə vuruşmada həlak olmuşdular. Nənəmin sandıqdan çıxartdığı geyimlər isə 1942-ci ildə müharibənin qurbanı olmuş sonbeşik oğlu Əjdərin nişan paltarları imiş...

Soyqırımı günlərində kənddə təkcə Əhməd Əkbərovun beşatılanı varmış. O, köməksiz insanları müdafiə edə-edə onları Osakücə meşəliyinə tərəf apara bilmişdi. Ağabacı nənəm danışardı ki, Əhməd Əkbərov qohumumuz Hacı Hacıhüseyn Gəncəli oğlunun öldürüldüyünü eşidib qeyri-ixtiyari hadisə yerinə qaçır. Hacı Hacıhüseyn kəndin hörmətli, nüfuzlu ağsaqqallarından idi. Aclıq illərində o, qonşu Astraxanbazara (indiki Cəlilabad rayonu) gedərək, oradan gətirdiyi taxılı savabına imkansız ailələrə paylayardı. Gecə qaranlığında atəşin parıltısına erməni quldurları Əhmədin gizləndiyi yeri gülləyə tuturlar. Əhməd gülləsi tükənədək vuruşmuşdu. Onun ölümünə bütün kənd ağlayırdı.

Ağabacı nənəmin dediyinə görə, dənizdən top mərmilərindən biri Molla Davudun evinə düşmüşdü. Xoşbəxtlikdən mərmi partlamamış, tüstülənə-tüstülənə sönmüşdü. Amma təsirindən Molla Davud "Yasin" oxuyan yerdə keçinmişdi. Bir yaşında olan qızı Balabəyim beşikdə yatmışdı. Köməyə gələn qonum-qonşu tüstüdən boğulmaqda olan körpəni tələm-tələsik beşik qarışıq evdən çıxarmağa nail olmuşdular. Balabəyim 1968-ci ildə 50 yaşında vəfat edib.

 

Girdəni bir kənd idi...

 

Veravul məktəbinin direktoru Şahrza Abdullayev mart soyqırımı hadisələrindən ürək ağrısı ilə danışardı:

- Girdəni kəndində, Ləkər körpüsünə tərəf uzanan yerdə, Əli meydanı adlanan ərazidə bazar yerləşirdi, - dedi. - Qəzanın Ucarud tərəfindən və digər yerlərdən gələnlər bazara öz mallarını çıxarırdılar. Vilvandan olan Boylu qızı Gülbanu ilə Girdəniyə gedirmiş. Yolda arabanı gülləyə tuturlar, ata və qızı vəhşicəsinə qətlə yetirilir.

Tarixi faktlar göstərir ki, Ləkər körpüsü ətrafında 10 nəfər öldürülmüş, Girdəni kəndində 5 ev yandırılmışdı. Təsadüfi deyildir, buradakı qanlı döyüşlər barəsində söz də qoşulmuşdu.

Girdəni bir kənd idi,

Dörd yanı gülbənd oldu.

Xaraba qalsın Ləkər,

O da bir səngər oldu.

 

Veravul da çətin günlər yaşayıb

 

Ermənipərəst Şıvkunov el arasında hörməti, nüfuzu olanları aradan götürməkdən çəkinmirdi. Qonşu Veravul kəndində yaşayan istefada olan qvardiya polkovniki Mirməhəmmədrza xan (Miri bəy) Mirfərəculla bəy oğlu Talışxanovu (şair Ağamir Cavadın babası) ətraf yaşayış məntəqələrində də yaxşı tanıyırdılar. Müəllim Vaqif Cavadov nənəsi Miri bəyin qızı Mirşərəf xanımın dediklərinə əsaslanaraq danışardı:

- Nənəm deyərdi ki, yay günü həyətimizə bir əsgər girdi. Həyəcanlı idi, ağamı - Miri bəyi soruşdu. Ağama dedi ki, Şıvkunov səni öldürəcək, aradan çıxmaq lazımdır. Ağam qulluqçunu göndərib Mirmusa xanı çağırtdırdı. Mirmusa gələn kimi ağam üzünü ona tutaraq dedi:

- Uşaqları da götür amburə meşəsində (dəmirağac meşəsi - müəl.) gizlən, Şıvkunovun əsgərləri meşəyə girməyə ehtiyat edərlər.

Mirmusa xan etiraz etdi, ağama buyurdu ki, onsuz getməyəcək. Ağam ciddi görkəminə mülayim ifadə verdi, qarşısındakı kitabı vərəqlədi, dedi:

- Şıvkunov harada olsa, məni tapacaq. Siz aradan çıxın, mənə görə başqaları əziyyət çəkməsin. Həyatımın çoxunu yaşamışam...

İki gün sonra yaraqlı-yasaqlı bir dəstə atlı həyət qapısında görünəndə Miri bəy "Quran" oxuyurmuş. Alov bir andaca kəndin üstünü alır, sonra qəfil güllə əks-səda yaradır. Güllə səsindən, alov tüstüsündən bilirlər ki, Şıvkunovun quldur dəstəsi kəndə girib.

Miri bəy son nəfəsinədək Şıvkunovu sülhə, ədalətə, Allahın qəzəbindən qorxmağa çağırıbmış. Şıvkunov isə Miri bəyin sözlərini qulaq ardına vuraraq, onu amansızcasına qətlə yetirib.

Başından dəyən güllədən Miri bəy otağın ortasında "Quran" üstünə yıxılmışdı. Alnında qılınc yarası vardı. Onu sürüyə-sürüyə həyətin ortasına çəkmişdilər. Kitablarını isə ortaya çəkib süngü ilə deşik-deşik edərək yandırmışdılar.

İbi İbayevin partizan dəstəsinin gəlişindən sonra Şıvkunovçular aradan çıxmışdılar. Buna baxmayaraq, hər iki tərəfdən ölən və yaralananlar olmuşdu.

Veravul ağsaqqalı Rəsul Məşədi Rza oğlu Xəlilov o illəri xatırlayaraq dedi:

- Kəndimizin və ətraf yaşayış məntəqələrinin sakinləri Osakücə meşələrinə çəkilmişdilər. Mən onda on bir yaşında idim. Yadımdadır, iki gecə Osakücə meşəsində qaldıq. Sonra xəbər gəldi ki, düşmən bizə tərəf gəlir. Oradan Moloja meşəliyinə tərəf qaçdıq. Buradakı meşə sahəsində üç gün gecələdik. Möhkəm qar yağmışdı. Soyuq iliyimizə işləyirdi. Sonra eşitdik ki, kənd fəalı Abbas Hüseynov Cil kəndi yolunda bir qrup naməlum şəxslə üz-üzə gəlib. Quldurlar Abbasın müqavimət göstərdiyini görüb onu güllə ilə vurmuşdular. Tahir Qulamoğlu da bu faciənin qurbanı olmuşdu.

 

Qadınlar kişilərdən geri qalmayıblar

 

Maraqlıdır ki, lənkəranlı qadınlar da erməni daşnakları ilə mübarizə aparmış, hünərdə heç də kişilərdən geri qalmayıblar. Rayonun Tükəvilə kəndindən Vəsmican Məmmədova, Veravul kəndindən Səkinə xanım at çapmış, tüfəng oynatmış, yaşadıqları kəndi qaçaq-quldurlardan, erməni daşnaklarından qorumuşlar. Tükəvilə kəndindəki özünümüdafiə dəstələrindən birinə Vəsmican Məmmədova rəhbərlik edirmiş (Bax: M. Talışlı, E.Əhədov. Lənkəran: ensiklopedik məlumat, B.2017, səh. 475).

Vəsmican Əmirqulu qızı Məmmədova 1896-cı ildə Lerik rayonunun Mondigah kəndində anadan olmuş, əri, Lənkəranın Tükəvilə kəndindən olan Novruz Əbdül oğlu Məmmədovla kəndin qaçaq-quldurlardan, erməni daşnaklarından qorunmasında iştirak etmiş, 1918-1920-ci illərdə ayrı-ayrı vaxtlarda camaat tərəfindən təşkil olunmuş dəstəyə rəhbərlik etmişdi. 1977-ci ildə dünyasını dəyib. Məzarı Lənkəranın Tükəvilə kənd qəbiristanındadır.

 

Qanlı səhifələr unudulmur

 

Lənkəranda 1918-ci il mart soyqırımı qurbanlarının xatirəsi hər zaman hüzn və hörmətlə yad edilir. 2002-ci il martın 31-də Lənkəranın vağzalyanı meydanının yaxınlığında soyqırımı qurbanlarına həsr edilmiş Xatirə-park kompleksi salınıb. 2007-ci ildə park yeni tərtibatda qurulub.

2017-ci ilin mayında Lənkərandakı Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, AMEA-nın Tarix İnstitutu, Türkiyə Cümhuriyyətinin Atatürk Araşdırma Mərkəzi və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları" mövzusunda IV Beynəlxalq elmi konfrans keçirildi.

Konfrans iştirakçıları həmin gün rayonun Sütəmurdov, Şıxəkəran kəndlərində, Gərmətük qəsəbəsində olub, erməni daşnaklarının 1918-ci ildə qırğın törətdikləri yerlərə baş çəkərək, soyqırımı qurbanlarının xatirəsini yad etdilər.

Son vaxtlar erməni millətçiləri bütün dünyaya səs salaraq, törətdikləri vəhşilikləri ört-basdır etməyə çalışırlar. Tarix sübut edir ki, qanlı faciələr erməni daşnakları tərəfindən törədilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, biz yalnız tarixi ədalətin bərpa edilməsini, işğal və soyqırımı siyasəti yürüdənlərin beynəlxalq ictimaiyyət qarşısında ittiham olunmasını istəyirik.

 

 





19.04.2023    çap et  çap et