525.Az

Milli Kitabxanada Anarın 85 illiyi qeyd edilib


 

TƏDBİRDƏ XALQ YAZIÇISININ "SÖZ DÜNYASI" KİTABININ TƏQDİMATI OLUB

Milli Kitabxanada Anarın 85 illiyi qeyd edilib<b style="color:red"></b>

Aprelin 17-də Milli Kitabxanada Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr olunmuş tədbir və Mədəniyyət Nazirliyinin nəşr etdiyi yazıçının çoxcildlik "Söz dünyası" kitabının təqdimatı keçirilib.

525.az xəbər verir ki, tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq Xalq yazıçısı Anarı Özbəkistan Respublikasının "Dostluq" ordeni ilə təltif olunması münasibətilə ürəkdən təbrik edib, ona möhkəm cansağlığı arzulayıb.

Xalq yazıçısı Elçin bildirib ki, Anarın 85 yaşı tamam olur və bu 85 rəqəminin fəlsəfi mənası var: "Bir tərəfdən insanın surətindən xəbər verirsə, digər tərəfdən yaşanmış həyatı ifadə edir. Anar bu illəri şərəflə yaşayıb. Bu yaşda olsa da, daima gənclik enerjisini özündə saxlayıb. Dostum Anara sağlıqlı uzun ömür arzulayıram".

AMEA-nın prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli qeyd edib ki, Xalq yazıçıları Anarın, Elçinin ədəbiyyatımızın inkişafında danılmaz rolu var. Onlar ədəbiyyatda ictimai fikirləri sadə dillə ifadə etməklə yeni dövr, yeni mərhələ yaradıblar. Akademikin fikrincə, Anarın "Nəsrin fəzası" əsərini 60-cı illər ədəbiyyatının manifesti hesab etmək olar.

Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifliyə görə, Anar hər yaşın yazıçısıdır: "Mədəniyyət Nazirliyi daima Anarın yaradıcılığını diqqətdə saxlayır. Onun çoxcildlik "Söz dünyası" kitabının Mədəniyyət Nazirliyinin dəstəyi ilə nəşr edilməsini də bu münasibətin parlaq ifadəsi hesab etmək olar".

Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, Anar haqqında yazdığı məqalələrdə onun ədəbiyyatda olan mövqeyini açmağa çalışıb: "Söz dünyası" kitabında Anar öz yaradıcılıq dostları haqqında sözünü ədalətlə ifadə edib. Bu kitab əslində Azərbaycan ədəbiyyatının söz dünyasıdır". Sonra S.Rüstəmxanlı Anar haqqında yazdığı şeiri səsləndirib.

Milli Məclisin deputatı akademik Nizami Cəfərov bildirib ki, Anar ziyalı, intellektual yazıçıdır. O, xalqın milli-mənəvi dəyərlərini ədəbiyyatda müəyyənləşdirib: "Anar həm də ictimai xadimdir. 80-ci illərin sonu 90-cı illərin əvvəllərində bir sıra üzdəniraq "yazıçılar" Yazıçılar İttifaqını dağıtmaq istəyirdilər, o zaman Anar bütün imkanlarından, nüfuzundan istifadə edərək bu təşkilatı qoruyub saxladı".

Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev 35 ildən bəri Anarla bir yerdə çalışmasından məmnunluğunu ifadə edib, ona cansağlığı arzulayıb.

Əməkdar elm xadimi professor Qəzənfər Paşayev Anarın ictimai-ədəbi fəaliyyətini onillər boyu izlədiyini söyləyib: "O, həmişə məclislərin arzuolunan qonağı olub, Anarın ictimaiyyət arasında böyük hörməti var və onun yaradıcılığı çoxşaxəlidir. Anar beynəlxalq aləmə çıxan bir yazıçımızdır, böyük ədəbiyyatşünas, ssenarist, rejissor və folklorşünasdır".

Xalq şairi Ramiz Rövşən Anarın 1967-ci ildə çap olunan "Ağ liman" kitabının o zamanların ən oxunaqlı kitabı olduğunu söyləyib: "Həmin əsər 60-cı illərin simvolu olan bir əsərdir. Anar əsri-əsrə, nəsli-nəslə calayan, ədəbiyyat üçün çox işlər görən yazıçıdır, bizim milli yaddaşımızın ən böyük bərpaçılarındandır".

Daha sonra Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan "Xalq yazıçısı Anar" adlı Elektron məlumat bazası qonaqların diqqətinə çatdırılıb.

Sonda Xalq yazıçısı Anar çıxış edərək Milli Kitabxananın rəhbərliyinə və çıxış edən hər kəsə təşəkkürünü bildirib: "Biz əgər bu yaşa çatmışıqsa, deməli, bizim müəyyən bir missiyamız var. Biz dünyadan köçən dostlarımızın da yaradıçılığını yaşatmalıyıq və nə qədər ömrüm varsa, bu işi görməyə çalışacağam".

Anar çıxışı zamanı Ümummilli Lider Heydər Əliyevin onun yaradıcılığına göstərdiyi diqqət və qayğını da xüsusi qeyd edərək, 100 illik yubileyi ərəfəsində Ulu Öndərə Tanrıdan rəhmət dilədiyini bildirib.

 





19.04.2023    çap et  çap et