525.Az

"Hər konsertimdən mütləq maraqlı bir xatirə qalır"


 

DİRİJOR, BƏSTƏKAR VƏ PİANOÇU ƏMƏKDAR ARTİST TURAN MANAFZADƏ İLƏ SÖHBƏT

"Hər konsertimdən mütləq maraqlı bir xatirə qalır"<b style="color:red"></b>

- Turan xanım, bir qədər ənənəvi səslənsə də, söhbətə bu sualla başlamaq istərdim: musiqi sizin üçün nədir?

- Musiqi sənət növləri içərisində insan duyğularını ən tez ələ alan bir sahə, insana təsir göstərə bilən birinci vasitədir. Mən mədəniyyət diplomatiyasını da çox önəmli bilirəm. Musiqi də bunun "yumşaq güc" alətlərinin ən effektiv olanlarındandır. Mədəniyyətləri tanıtmaq və insanları birləşdirmək üçün çox güclü vasitə olan musiqi mənimçün görünməzliklərin ən üstünüdür.

- Musiqiçi ailəsində doğulmusunuz. Atanız və qardaşınız da məşhur musiqiçlərdəndir. Bu, sizin yaradıcılığınıza necə təsir edib?

- Mənim bütün ailəm musiqiçidir. Anam Şükufə Manafova piano müəllimidir, atam pianoçu və dirijor İslam Manafovdur. Qardaşım Abuzər Manafzadə pianoçu, dirijor, bəstəkardır. O, hər zaman mənim ən yaxşı sirdaşım, dostum olub. Biz onunla birlikdə məktəbə başlamışıq. Belə ki, qardaşımın səhər məktəbə başlayacağını eşidəndə mən də bir gecə qalmış israr edərək məktəbə getmişəm. Biz onunla daim yan-yana böyüdük, ilk universitetin sonuna kimi hər zaman birlikdə olduq. Dərslərimdə də o, həmişə mənə dəstək olub, bilmədiklərimi öyrədib. Abuzər Vyanaya getdikdə mən artıq bildim ki, hər insan həyatda özü təkbaşına mücadilə etməlidir, çünki bütün işlərində məsuliyyət daşıyan tək insan yenə də özüdür. Mən bunu anladığım anda həyatım bir az da dəyişdi və işlərimin məsuliyyətini öz üzərimə götürdüm. Anam, atam hər zaman bizə doğru, düzgün, mədəni, nəzakətli, vicdanlı, mərhəmətli insan olmağı öyrətdilər və öyrətməyə də davam edirlər.

Musiqiçi ailəsində doğulmaq həm asanlıqdır, həm də çətin. Çünki siz çalışdığınız zaman daim bütün ailə üzvləri sizə öz fikirlərini çatdırırlar ki, məncə, bu, belə də olmalıdır. Təbii ki, bizim musiqiçi kimi yetişməyimizdə atamın yol göstərməyi, lazımi müdaxilələri olub, amma anamın da Konservatoriyaya qəbul olduğumuz vaxtlardakı inanılmaz dəstəkləri və oradakı musiqi repertuarından xəbərimiz olmadan bizi həmin repertuarla hazırlamış olması işlərimizi daha da asanlaşdıran nüanslardan olmuşdu. Anam da, atam da bizim həm insan kimi, həm də musiqiçi kimi yetişməyimizdə böyük dəstəkçimiz və istiqamətvericilərimiz olublar.

- Azərbaycanı dünyada təmsil edən ən gənc xanım dirijorsunuz. Yəqin ki, uğura gedən yolda çətinlikləriniz az olmayıb? Uğurunuzun sirri nədir?

- Dünyada kişi dirijorlara nisbətən xanım dirijorlar daha azdır. 2000-ci illərdə xanımlar bu sahədə daha aktiv olmağa başlayıblar. Mən də Azərbaycanı bu sahədə əlimdən gəldiyincə təmsil etməyə çalışan gənc xanım dirijor olaraq italyan dirijor Antonio Pirolli ilə dirijorluq təhsilimi bitirmişəm. İndi isə Cem Mansur ilə dirijorluq magistr təhsilimə davam edirəm. İnşallah, yaxın zamanda bitəcək. Mən həm də pianoçu və bəstəkaram. Eyni zamanda rəsmlə də məşğulam. Tablolarım maraqla qarşılanır, sərgi təklifləri də almışam. Onlayn platformada da əsərlərim sərgilənir. Eləcə də vokalla məşğul oluram, kliplərim var.

Təvazökar olmağa çalışsam da, bir xanım dirijor kimi uğurlarımdan danışa bilərəm. İnsanlar hər zaman fikirləşirlər ki, xanımlara iş görmək çətindir. Mənim fikrimcə isə, hər şeydə balans lazımdır. İnsan istedad, zəhmət və düzgün seçim baxımından balansı qoruyarsa, uğur qazanmaq heç də çətin olmaz. Əlbəttə ki, düzgün həmlələr, doğru strategiyalar da bunda böyük rol oynayır. Doğru zamanda doğru insanlarla qarşılaşmaq və düzgün addımlar atmaq özü ilə bərabər, uğuru gətirir.

Eləcə də mən hər kəsə gözəl müəllimlərlə qarşılaşmağı arzu edirəm. Fikrimcə, biz də çox gözəl müəllimlərlə qarşılaşdıq. Piano müəllimim professor Nurferi Onur, dirijorluqdakı müəllimim Antonio Pirolli və digər müəllimlərimin zəhmətləri böyükdür. İnsanın ona doğru yön göstərəcək və öyrədəcək müəllimlərə hər zaman ehtiyacı var və müəllimdən çox şey asılıdır. Anam və atam başda olmaqla, bizi bu günlərə gətirən bütün müəllimlərimə çox təşəkkür edirəm.

- Sizin üçün ən unudulmaz olan konsert və layihələrdən danışaq.

- Əslində, hər konsertimdən mütləq maraqlı bir xatirə qalır. Həm dirijor olmaq, həm solo konsert vermək, həm ailəylə eyni səhnəni bölüşmək, həm "Yeddi gözəl" layihəmizdə Türk dünyasından olan qızlarımızla səhnəyə çıxmaq həyatımda fərqli rənglər yaradıb. Ona görə də davamlı səyahətdə olan və konsertlər verən bir musiqiçi kimi deyə bilərəm ki, uşaqlığımdan bu yana çox gözəl xatirələrim var. Biz uşaq ikən atamın uşaqlar üçün etdiyi layihələr, bizi çıxartdığı səhnələr o vaxtdan bu günə çox maraqlı xatirələrimə çevrilib.

2019-cu ilin yanvar ayında dirijor kimi dəvət aldığım Vyananın "Muth" konsert salonunda qardaşım Abuzər Manafzadə ilə birlikdə "Yeni il" konserti və 2019-cu ilin sentyabrında Vyanadakı Azərbaycan Mədəniyyət Evində ailəmlə birlikdə fortepiano konserti verdik. 2019-cu ilin noyabr ayında yenə ailəmlə birgə TANAP-la bağlı mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana xüsusi piano konserti verdik. Eyni il dirijor kimi Bakıda konsertlər vermək üçün dəvət aldım və Abuzər Manafzadənin bəstələdiyi, dünyada balaban musiqi aləti üçün bəstələnmiş ilk "Balaban Konserti"nin Bakıdakı ilk səslənməsinin dirijorluğunu etdim. Bütün bu və bunun kimi digər konsertlərimiz, layihələrimiz həyatımın unudulmazları arasındadır.

- Biri var sevdiyin sənətlə məşğul olmaq, biri də var o sənətlə böyük bir ölkənin təmsilçisi olmaq, təəssübünü çəkmək. Bu, sizə hansı duyğular yaşadır?

- Hər bir sənətçi özü ilə birgə təmsil etdiyi ölkənin də məsuliyyətini daşıyır. Hər çıxdığı səhnədə və var olduğu yerdə bu, qaçılmazdır. Mən də uşaqlığımdan bu yana həm qəlbimdəki vətənpərvərlik hisslərimlə, həm də daşıdığım "Əməkdar artist" adımla ölkəmi olduğum hər yerdə layiqincə təmsil etməyə çalışıram. Bu vətənpərvərlik duyğusu bizim ailəmizdən gələn bir hissdir. Doğulandan biz belə yetişdirilmişik.

Qardaşımın dünyada ilk dəfə balaban aləti üçün yazılan "Balaban Konserti" ölkəmiz adına bir uğur idi. Həmçinin, onun yazdığı "Xocalı" əsərini biz dünyanın hər yerində bütün konsertlərdə qürurla ifa edə bilirik. Çünki bu əsər dünyadakı bütün haqsızlıqlara, insanlığa qarşı yönəlmiş bütün savaşlara qarşı çıxan və barışı dəstəkləyən əsərdir. Özümün "Azərbaycanım", Türkiyənin 100 ilinə ithaf etdiyim "Türkiyə 100" əsərlərim ən səmimi duyğularımla yaranmış əsərlərdir. Bayaq da dediyim kimi, biz bu hisslərlə böyüdüyümüz üçün istər-istəməz öz duyğularımızı əsərlərimizə və etdiyimiz bütün işlərə yansıdırıq.

- Son layihələrinizdən biri olan "Yeddi gözəl" layihəsi müsbət mənada səs-küy doğurdu. Bu layihənin məğzi nədən ibarətdir?

- Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Günay Əfəndiyevanın sədrliyi ilə dünyada ilk dəfə yaradılan, bədii rəhbərliyini və dirijorluğunu mənim etdiyim musiqi qrupudur "Yeddi gözəl". Bu, 7 Türk dünyası ölkəsini - Azərbaycan, Türkiyə, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanı əhatə edir.

Azərbaycanın və Türk dünyasının böyük şairi Nizami Gəncəvinin "Yeddi gözəl" əsərinə istinadən qurulan qrupun fərqli musiqi alətlərində ifa edən xanım üzvləri türk mədəniyyətinə notlarda canlandırır. Qrupumuz dünya klassikləri və türk dünyası əsərlərindən ibarət bir repertuarla konsertlərdə çıxış edir.

Mənim adım da həmin "Yeddi gözəl" əsərində keçdiyindən bu baxımdan da qrupun mənim üçün mənəvi anlamı böyükdür. İtalyan opera bəstəkarı Puççininin "Turandot" əsərinin hekayəsi də buradan gəlir. Şərq hekayələri hər zaman Qərbə ilham qaynağı olub. Lakin dünyada çox insan "Turandot" əsərinin haradan gəldiyini bilmir və insanlara belə anladılır ki, bu, bir Çin şahzadəsidir və Şillerin əsərindən qaynaqlanır. Ancaq əslində, bu, Türk gözəlinin hekayəsidir. "Yeddi gözəl" əsərindəki hər gözəl bir xalqın təmsilçisidir və mən çox şadam ki, belə gözəl bir layihənin bədii rəhbəri, pianoçusuyam. İlk konsertini Səmərqənddə Türk Dövlətləri Təşkilatının zirvəsində "first lady"lərə verən "Yeddi gözəl" musiqi qrupunun 3-cü konserti, Şuşa şəhərinin Türk dünyasının Mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə layihəsi əsasında Daşkənddə keçirilən "Şuşa günləri" çərçivəsində gerçəkləşdi. Bundan sonra da həm Nizami Gəncəvinin, həm də onun "Yeddi gözəl" əsərinin hər yerdə tanıdılması üçün qrupumuzun dünyanın müxtəlif yerlərində gözəl layihələri, konsertləri olacaq.

Şahanə MÜŞFİQ

 





19.04.2023    çap et  çap et