525.Az

Ümidli yaradıcılıq üfüqləri - İlham Rəhimli (II məqalə)


 

Ümidli yaradıcılıq üfüqləri - <b style="color:red"> İlham Rəhimli (II məqalə)</b>

Nəsibə Eldarova (15 yanvar 1959-cu il). 1982-ci ildə İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. "Azərbaycanfilm" kinostudiyası nəzdindəki kino-aktyor (1982-1989), Dövlət Gənclər (1989-2009) teatrlarında işləyib. 2009-cu ildən Gənc Tamaşaçılar Teatrının truppasındadır. 7 mart 2014-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

Yaradıcı sənətkar kimi amplua "çərçivəsinə" sığmır, cəsarətlə onun sərhədlərini sındıra bilir və çox mürəkkəb janr-üslublarda da sərbəstliyi, təbiiliyi, reallığı ilə seçilir. Coşqun daxili ehtirası, əlvan dramatik ifadə vasitələri, dinamik enerjisi aktrisaya nəfəs genişliyi, diapazon möhtəşəmliyi, faciə qaynarlığı tələb edən Karmen ("Karmen", Prosper Merime), Marqarita, Ledi Maqbet, Gertruda ("III Riçard", "Maqbet" və "Hamlet", Vilyam Şekspir), İblis ("İblis", Hüseyn Cavid) obrazlarının ifasında yüksək peşəkarlıq göstərib. Daxili imkanlarının ənginliyi və ifadə vasitələrinin zənginliyi, fərqli janrlarda sərbəst yaradıcılıq iqlimi yarada bilməsi sayəsində lirik-poetik, həzin faciə çalarlı Leyli ("Leyli və Məcnun", Məhəmməd Füzuli), sarkazmlı, ironiyalı komediyada ictimai burulğanlarda sərt sosial mənsubiyyəti ilə diqqət çəkən Jivka ("Nazirin xanımı", Branislav Nuşiç), bədii tip olaraq müxtəlif janrların elementlər toplusu, estetik səciyyələri əsasında işlənmiş Smeraldina ("İlan qadın", Karlo Qotsi), qaravəlli estetikasında Zalxa ("Toy", Sabit Rəhman), iblislik həddinə çatan ehtiaslarının quluna çevrilən Klementina ("Herostratı unudun", Qriqori Qorin), Hamletin özünə verdiyi suala ziddiyyətli, burulğanlı taleyində cavab axtarmaqda dəfələrlə büdrəyən Aktrisa ("Olum, ya ölüm", Nazim Hikmət) surətlərinə öz istedadının imkanları və qaynarlığı ilə cazibəli səhnə həyatı verə bilib. Milli karnaval estetikasına məxsus məsxərəli, məzhəkəli, hoqqavari, baməzə oyun-tamaşalarda Vankə, Ərəbzəngi, Həvva ("İtkin ər", "Yeddi məhbusə" və "Varlı qadın", Əli Əmirli), Xala ("Əbləhlərin toyu", Rəhman Əlizadə) rollarını tamam fərqli ifadə vasitələri ilə təqdim edir.

Nəsibə Eldarovanın GTT-də ifa etdiyi əsas rollar: Hafizə ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Gövhər xanım ("Məhv olmuş gündəliklər", İlyas Əfəndiyev), Zübeydə ("Buzovna kəndinin əhvalatları", Elçin), Zəhra ("Mənim ağ göyərçinim", Tamara Vəliyeva), Xoşbəxt ("Ünvansız qatar", Əli Əmirli), Saqana ("Qohumlar", Vera Suqrayeva və Əli Əmirli), Marqarita, Dayə ("III Riçard" və "Romeo və Cülyetta", Vilyam Şekspir).

Yasəmən Malik (13 mart 1961-ci il). Əvvəllər Məmmədova soyadı ilə çıxış edib. 1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Gəncə (1985-1986), Sumqayıt (1986-1993), Musiqili Komediya (2002-2003), Şəki (2003-2008), Dövlət Gənclər (2009) teatrlarında işləyib. 1 may 2009-cu ildən Gənc Tamaşaçılar Teatrının truppasındadır.

Aktirsanın məlahətli səsi var və bəzi tamaşalarda obrazın mahnılarını canlı ifa edib. Enerjilidir və zərif, məlahətli Nisə xanımı, hikkəli, dediyini yeritməyə çalışan Şəhrəbanu xanımı ("Lənkəran xanının vəziri" və "Müsyö Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə), ehtirasının əsiri olan, qəlbi intiqam hissi ilə alovlanada quduz canavara çevrilən Pərini ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), məsum, sadə qəlbli Gülzarı, qaynar təbiətli, hazırcavab və işgüzar, sədaqətli, şux ovqatlı Nabatı ("Tamahkar", Süleyman Sani Axundov), zavallılığı, mərhumiyyətlərə düçar olması miskin cəmiyyətdə daha qabarıq görünən Zeynəbi ("Danabaşlar", Cəlil Məmmədquluzadə), mənən şikəst, şöhrət naminə ərinə xəyanət etməyə belə hazır olan, düşük təbiətli Mariya Antonovnanı ("Müfəttiş", Nikolay Qoqol), bir qədər təkəbbürlü, bir qədər şıltaq, saf qəlbli Asyanı ("Arşın mal alan", Üzeyir bəy Hacıbəyli), həyata, ətrafda baş verən hadisələrə tərəddüdlü baxışlarla yanaşan Nərgizi ("Oqtay Eloğlu", Cəfər Cabbarlı), xoşbəxtlik arzularının "burulğanında" çırpınan Aytəni ("Bayramın birinci günü", Nazim Hikmət), mürəkkəb psixoloji-dramatik tərəddüdlər içində çaşqınlıqla vurnuxan Qadını ("Xoşbəxt hadisə", Slovomir Mrojek), içkiyə aluda olan ərinin acı-ağrıları qəlbində sızıltılı yük olan Temirin arvadını ("Dəyirman", Mövlud Süleymanlı), cəmiyyətin haqsızlıqlarında başı müsibətlər çəkən, sabaha yaşamaq imidi öləziyən Ermeki ("Gün var əsrə bərabər", Çingiz Aytmatov) eyni coşqu və ilhamla, eyni ehtiraslı sənət sevgisi, eyni peşəkarlıq coşqusu ilə oynayıb.

Gənc Tamaşaçılar Teatrının kollektivinə və yaradıcılıq üslubuna tez bir zamanda uyuşan Yasəmən Malikin bu sənət ocağında ifa etdiyi əsas rollar: Züleyxa ("Əcəl atı", Vaqif Əlixanlı), Telli, Mələk ("Ünavansız qatar" və "M.C.C. Mən səni sevirəm", Əli Əmirli), Türfə ("Pələng ili", Firuz Mustafa), Yelizaveta Qorbunova ("Kod adı: "X.D.A.", Mehriban Ələkbərzadə), Saqana ("Qohumlar", Vera Suqrayeva və Əli Əmirli).

Zemfira Əbdülsəmədova (15 mart 1961-ci il). Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Şəki (1982-1985), Musiqili Komediya (1985-1989), Dövlət Gənclər (1989-2006) teatrlarında işləyib. 2015-ci ildən GTT-nin truppasında çalışır.

Tanımayan tamaşaçı üçün aktrisanın təkcə Ülviyyə Heydərovanın "İnanıram" (quruluşçu rejissor Elşad Rəhimzadə) əsərinin bir hissəli monotamaşasında Şəhid anası rolunu görməsi kifayətdir ki, Zemfira xanımın peşəkarlıq ustalığı barədə müəyyən qənaətə gəlsin. Qarabağ müharibsəində şəhid olan bircəcə oğlunun dəfn edildiyi tək ağac altındakı məkanda baş verən söhbətlərində aktrisa psixoloji, lirik, dramatik, fəci, hayqırtılı, göz yaşları doğuran naləli notları coşqun daxil ehtirasla, cilalanmış səmimi emosiya ilə oynayır. Ağacla dialoqa "girdiyi" məqamda ifaçının mürəkkəb ifadə vasitələrindən ustalıqla, fəryadlı yanğıyla, cazibəli məharətlə istifadə etməsi möhtəşəm heyranlıq doğurur. Zemfira xanım əsgər torbası, onun içindən çıxardığı hər bir əşya ilə cavabsız hərəkət dialoqunda (başqa sözlə, hərəkət və söz monoloqunda) məhəbbət, qayğı, səmimiyyət dolu kövrəkliklə ünsiyyətə girir, danışır. Özü sual verib özü də titrək, yanğılı səslə cavablandırır. Və həmin anlarda faciəni yaşaya-yaşaya, gözlərində, səsində ümid işartılarını vüsətlə tamaşaçılara çatdırması canlı, real, təsiredici həyat hadisəsi ovqatı bağışlayır. Aktrisa ifa etdiyi rollarda, obrazın xarakterindən, tamaşanın janrından asılı olmayaraq, personajın psixoloji "diaqnozunu" dəqiq müəyyənləşdirməkdə həssasdır.

Zemfira Əbdülsəmədovanın ifa etdiyi əsas rollar. Şəki teatrında: Gülbahar ("Anamın kitabı", Cəlil Məmmədquluzadə), Cülyetta ("Romeo və Cülyetta", Vilyam Şekspir), Nayman ana ("Əsrə bərabər gün", Çingiz Aytmatov), Selebin ("Teymurləng", Kristofer Marlo); DGT-də: Leyli ("Leyli və Məcnun", Məhəmməd Füzuli), Qurbanəli bəyin arvadı ("Qurbanəli bəy", Cəlil Məmmədquluzadə); Gənc Tamaşaçılar Teatrında: Hacı Kəmyabın arvadı ("Xortdanın cəhənnəm məktubları", Əbdürrəhim bəy Haqveridyev), Roza nənə ("Tanrıya on dörd məktub", Erik-Emmanuel Şmitt), Şirin nənə ("Şirinlər", Pierre Cullifod), Ögey ana ("Göyçək Fatma", Azərbaycan xalq nağılı).

Leyli Vəliyeva (17 iyul 1969-cu il). 1994-cü ildə Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib. Tələbəlik illərindən Bakı Kamera Teatrında işləyib (1991-2009). 2009-cu ildən GTT-nin truppasında çalışır. 14 dekabr 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

İfa etdiyi personajların gərgin hadisələrdə keçirdiyi sarsıntılarını, psixoloji dəyişmələrini, fiziki gərginliyini, çılğınlıqlarının həddi keçməsini oynayanda da təmkinini, daxili ritmini, diqqətcilliyini və həssaslığını qoruyub saxlayır. Sözsüz səhnələrdə baxışlarla, hərəkət monoloqu ilə oynamaqda müəyyən səriştəsi var. GTT-nin truppasına keçəndən sonra bu kollektivin janr-üslüb prinsiplərini, poetika səciyyələrini lazımınca və peşakarlıq səriştəsi ilə mənimsəyib. Teatrın müxtəlif yaş nəslinə mənsub aktyorlarla səhnədə həssaslıqla ünsiyyət qurmağı bacarır. Plastik cazibədarlığını bir-birindən fərqli obrazları müxtəlif formalarda təcəssüm etdirir. Buna görə səhnədə mürəkkəb səciyyəli hərəkətləri Ziba, Şərəfnisə ("Lənkəran xanının vəziri" və "Müsyö Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə), Qedda, Fru Alvinq ("Qedda Qabler" və "Kabuslar", Henrik İbsen), Nastenka ("Bəyaz gecələr", Fyodor Dostoyevski), Dezdemona ("Otello", Vilyam Şekspir), Xumar ("Şeyx Sənan", Hüseyn Cavid), İokasta ("Şah Edip", Sofokl), Luiza ("Məkr və məhəbbət", Fridrix Şiller) obrazlarının xarakterinə uyğun tərzdə, sərbəstliklə, emosional cazibəylə realizə edə bilir.

Gənc Tamaşaçılar Teatrında ifa etdiyi əsas rollar: Xumar ("Şeyx Sənan", Hüseyn Cavid), Zalxa ("Xırs quldurbasan", Mirzə Fətəli Axundzadə), Səriyyə ("Ünvansız qatar", Əli Əmirli), Leylinin anası ("Leyli və Məcnun", Məhəmməd Füzuli), Ranevskaya ("Albalı bağı", Anton Çexov), Kleya ("Ezop", Gilerma Fiqeyredu), Fərmanın anası ("Xortdanın cəhənnəm məktubları", Əbdürrəhim bəy Haqverdiyev), Ledi Kapuletti ("Romeo və Cülyetta", Vilyam Şekspir), Mirondalina ("Mehmanxana sahibəsi", Karlo Qoldoni), Ana ("Mavi yuuxular", Şolom Aleyxim və Mark Şaqal), Matilda fon Tsand ("Dəlixanada qətl", Fridrix Dürrenmatt).

Gülər Nəbiyeva (15 iyul 1970-ci il). 1994-cü ildə Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib. 1992-2009-cu illərdə Bakı Kamera Teatrında işləyib. 2009-cu ildən GTT-nin truppasında çalışır. 24 dekabr 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar artist fəxri adına layiq görülüb.

Kamera teatrı poetikasında hazırlanmış tamaşalarda janr-üslub "hədlərini" cəsarətlə, bədii-estetik məntiqlə, obrazın psixoloji-dramatik təsvirinə, rejissorun ali məqsədinə uyğun tərzdə keçirdi. Səhnədə temperament qaynarlığı, cazibəli lirizmi, kövrək həzinliyi, lazımi anlarda gərgin sərtliyi ifasına əlvanlıq verir. Kamera teatrında Mirzə Fətəli Axundzadənin komediyalarında avam, koloritli məişət tipi Xanpərinin ("Müsyö Jordan və dərviş Məstəli şah"), lirik-dramatik, savadsız olsa da, bacısının xoşbəxtliyi üçün hoqqalı kələklər quran Şölə xanımın və saf qəlbli, Teymur ağanı sevməsini həzin, kövrək boyalarla rəsm etdiyi Nisə xanımın ("Lənkəran xanının vəziri"), burnundan uzağı görməyən, eyni zamanda enerjili, qaynar təbiətli sosial səciyyələrlə işlənmiş Pərizadın ("Xırs quldurbasan"), ürkək-ürkək duyğulara qovuşmaqda, aydın səadət üfüqünü tapmaqda çətinlik çəkən Qorxacaq qadın ("Ruh", Kamal Abdulla) rollarını işlədiyi teatrın estetikasına uyğun tip-xarakter səviyyəsində yüksək məharət oynayıb.

Plastik cazibəsi, dinamik hadisələrə xas olan müəyyən sürət-ritmlərdə peşəkarlıqla davrana bilməsi mürəkkəb dramatik, müəyyən fəci elementli, fərqli və təzadlı dünyagörüşlü, ayrı-ayrı dövrlərdə cəmiyyətin müxtəlif təbəqələrinin təmsilçisi olan İzzət ("Məkkəyə yol", Cəlil Məmmədquluzadə), Zəhra ("Şeyx Sənan", Hüseyn Cavid), İzzət Vəzirova ("Kod adı: "X.D.A.", Mehriban Ələkbərzadə), Susanna ("Aydın", Cəfər Cabbarlı), Zahidə xatun ("Əlincə qalası", Dilsuz Mustafayev), Şarlotta ("Albalı bağı", Anton Çexov), Kleya ("Ezop", Gilerma Fiqeyredu), Meni ("Mavi yuuxular", Şolom Aleyxim və Mark Şaqal), Deyanira ("Mehmanxana sahibəsi", Karlo Qoldoni), Monika Ştetler və Mene Roze ("Dəlixanada qətl", Fridrix Dürrenmatt), Anna, Emilya ("III Riçard" və "Otello", Vilyam Şekspir), Regina, Tea ("Kabuslar" və "Gedda Qabler", Henrik İbsen), Ledi Milford ("Məkr və məhəbbət", Fridrix Şiller) obrazlarında ifadə vasitələrinin əlvanlığını "xəsisliklə", lakin dəqiq estetik cazibədə təqdim edib.

Elnur Kərimov (11 sentyabr 1981-ci il). Bakı İncəsənət Gimnaziyasını bitirib (1999) və Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1998-2003). Tələbə vaxtından, 1 may 2001-ci ildən Gənc Tamaşaçılar Teatrının aktyorudur. 1 avqust 2018-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

Sənətə ciddi və yaradıcı münasibəti, səhnə etikasının qorunmasına ehtiramı, sürətli danışığı, çılğın emosiyası ilə seçilən aktyordur. İti yaddaşı, səhnədə sərrast diqqəti, hadisəyə uyğun sərbəst və mənalı davranışı yaradıcılıq fəaliyyətinə həm cazibə, həm də əlvanlıq verir. Fərqli xarakterli sənət adamları, səhnədə müxtəlif yaş nəslinə mənsub yöndaşları ilə səmimi ünsiyyət qurmaqda səriştəlidir. Həyatda qılıqlı, səmimi olmağa çalışması yaradıcılığına müsbət təsir göstərir. Teymur ağa, Bayram ("Lənkəran xanının vəziri" və "Xırs quldurbasan", Mirzə Fətəli Axundzadə), Oqtay  ("Oqtay Eloğlu", Cəfər Cabbarlı), Aqil ("Mənim ağ göyərçinim", Tamara Vəliyeva), Valeh ("Sarıköynəklə Valehin nağılı", İlyas Əfəndiyev), Fərman ("Xortdanın cəhənnəm məktubları", Əbdürrəhim bəy Haqverdiyev), Romeo ("Romeo və Cülyetta", Vilyam Şekspir), Markiz Forlipopoli ("Mehmanxana sahibəsi", Karlo Qoldoni), Əlibaba ("Əlibaba və qırx quldur", ərəb xalq nağılı əsasında) kimi baş rollarda tamaşanın ideya ağırlığını, janrın tələbinə uyğun estetik prinsipləri, rejissorun müəyyənləşdirdiyi ali məqsədin məna dəyərini inam, qətiyyət və mətanətlə çəkir.

Elnur Kərimovun uğur qazandığı digər əsas rollar: Mirzə Dadaş ("Dələduz", Nəcəf bəy Vəzirov), Əcinnə ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Təbriz ("Büllur sarayda", İlyas Əfəndiyev), Çərkəz Murad ("Ana", Hüseyn Cavid), ("Qaraca qız", Abdulla Şaiq), Əli ("Çimnaz xanım yuxudadır", Süleyman Rüstəm), Namiq, Ömər İtməz ("Nənənin kələyi" və "Məhəbbət bir bəladır", Əhməd Orucoğlu), Sultan Süleyman ("Leyli və Məcnun", Məhəmməd Füzuli), Mikayıl Müşfiq ("Ölüm hökmü", Elçin), Tural ("İki tonqal" Aygün Həsənoğlu), Kral IV Henri ("III Riçard", Vilyam Şekspir), Syuqbek ("Qohumlar", Vera Suqrayeva və Əli Əmirli), Yuhannes ("Viktoriya", Knut Hamsun), Sabir ("Yarımçıq qalmış...", Yefim Abramov və Leyla Bəyim), Trafimov ("Albalı bağı", Anton Çexov).

Elgün Yəhyayev (3 yanvar 1987-ci il). Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino aktyorluğu fakültəsində təhsil alıb (2004-2008). Universiteti bitirən ildən Gənc Tamaşaçılar Teatrının truppasında çalışır.

Hələlik əsas yaradıcılıq xarakteristikasının yönü hansısa üslubda daha yüksək peşəkarlıqla tamam formalaşmayıb. Yəqin ki, tezliklə öz seçimini edəcək, çünki cəsarətli və inadcıldır, səmərəli axtarışları sevir. Şəxsi müşahidələrimdən görünən odur ki, qabiliyyət və bacarığı birmənalı şəkildə rejissorların diqqətini çəkir. Nağl-tamaşalarda, komediyalarda, dramatik əsərlərdə, realist və romantik teatr estetikasında aktyorluq bacarığını, yaradıcılıq zövqünü, sənətə məhəbbət eşqini cəsarətlə nümayiş etdirə bilir. Mənim fikrimcə, hiss olunur ki, yaradıcılıq imkanları milli oyun-tamaşa estetikasına daha uyğundur. Eyni zamanda Avropa karnaval estetikasının və nağıl-tamaşa poetikasının prinsiplərinə əsaslanan Karlson ("Balaca və damda yaşayan Karlson", Astrid Lndqren), Təlxək ("Yatmış gözəl", Blangi Marvin), Noe Kleypol ("Oliver Tvisyin macəraları", Çarlz Dikkens), Balu ("Mauqli". İşləyəni Pərvin Nurəliyeva), Karl ("Uzuncorab Pippi", Astrid Lindqren), Təlxək ("Yatmış gözəl", Blangi Marvin) rolları qənaətbəxşdir, ifaçıya uğur gətirib. Açıq-aydın hiss olunur ki, Elgünün daha mürəkkəb rollar oynaması üçün kifayət qədər potensial imkanı var. Aktyor tamaşadan-tamaşaya özünə inamla bu yaradıcılıq imkanlarını cilalayır, yeni-yeni ifadə vasitələri, jestlər, hərəkət plastikası tapa bilir. Ən əsası isə odur ki, tapdıqlarını realizə etməkdə qətiyyətlidir.

Elgün Yəhyayevin ifa etdiyi digər əsas rollar: Həmzad Qurban ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), Dursun və Muxan ("Oqtay Eloğlu", Cəfər Cabbarlı), Səməd ("M.C.C. Mən səni sevirəm", Əli Əmirli), Sail ("Leyli və Məcnun", Məhəmməd Füzuli), Ramil ("Yarımçıq qalmış...", Yefim Abramov və Leyla Bəyim), Nurməmməd ("Məlik Məmməd", Azərbaycan xalq nağılı), 10-cu aktyor ("Eşq-i Nigar", Amaliya Ömərova), Makartur ("Dəlixanada qətl", Fridrix Dürrenmatt), Güclü şirin ("Şirinlər", Pierre Culliford), Pablo və Majordan ("Don Kixot", Migel de Servantes), Gözətçilərin rəisi ("Bremen musiqiçiləri", Yuru Entin və Vasili Livanov), İlya Şamrayev ("Qağayı", Anton Çexov), Şəhərli ("Buratinonun macəraları", Aleksey Tolstoy).

Ramil Məmmədov (30 may 1987-ci il). 2009-cu ildə Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino aktyorluğu fakültəsini bitirib. 2010-2012-ci illərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyorluq edib. 2013-cü ilin yanvar ayından Gənc Tamaşaçılar Teatrının truppasında çalışır.

Teatrın rejissorları risk edərək 10 il ərzində ona xeyli mürəkkəb baş rollar tapşırıblar və nəticə də ümumən sevindiricidir. Oynadığı əksər rollar gəncin daha uğurlu yaradıcılıq axtarışlarına malik olduğuna güclü inam yaradır. Tragikomediya janrında Molla Abbas ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), poetik teatr estetikasında Orxan ("Ana", Hüseyn Cavid), nağıl-qaravəlli oyun-tamaşa üslubunda Əhməd ("Tənbəl Əhməd", Azərbaycan xalq nağılı), fəlsəfi-psixoloji, çağdaş avanqard izmlərə uyğun yozumda Eynşteyn ("Tanrıya on dörd məktub", Erik-Emmanuel Şmitt), alleqorik mətndə realzim ünsürləri prinsipində Qrinç ("Qrinç", Ran Hovard) kimi baş rolları ifa edib. Oyununda tamlıq, cazibə, işlətdiyi ifadə vasitələrində qətiyyət, özünə inam, cəsarətli improvizə bacarığı var.

Plastikası zərif, mənalı və ürəyəyatımlıdır. Oynadığı tamaşalarda, janrından, mövzusundan asılı olmayaraq, məlahətli və cazibəli təsir bağışlayır. Roldan-rola inamla cilaladığı bu yaradıcılıq keyfiyyəti səhnə ilə tamaşaçı salonu arasında səmimiyyət yaradır.

İfa etdiyi əsas rollar: Dursun və Muxan ("Oqtay Eloğlu", Cəfər Cabbarlı), Mirzə ("Leyli və Məcnun", Məhəmməd Füzuli), Gülməmməd ("Məlik Məmməd", Azərbaycan xalq nağılı), Mixaylo ("Ünvansız qatar", Əli Əmirli), Lord Qrey ("III Riçard", Vilyam Şekspir), Molli ("Quliver cırtdanlar ölkəsində", Conatan Svift), Mastino ("Çipallino", Canni Rodari), Vlom ("Uzuncorab Pippi", Astrid Lindqren), Fərhad ("Yarımçıq qalmış...", Yefim Abramov və Leyla Bəyim), Erenjen ("Qohumlar", Vera Suqrayeva və Əli Əmirli), Adolf Fridrix ("Dəlixanada qətl", Fridrix Dürrenmatt), Rulle ("Balaca və damda yaşayan Karlson", Astrid Lindqren), Qarçamel ("Şirinlər", Pierre Culliford), Oğlan ("Çirkin ördək balası", Hans Xristian Andersen).

Səbinə Məmmədzadə (4 yanvar 1991-ci il). Bakı Xoreoqrafiya Akademiyasının Xalq rəqsləri sinfində təhsil alıb (1997-2009). 2013-cü ildə Mədəniyyət və İncəsənət Universitetinin Dram rejissorluğu fkültəsini bitirib. Təhsilini başa vurduğu ildən Gənc Tamaşaçılar Teatrının truppasında çalışır.

Teatrda fəci-dramatik, lirik-psixoloji, komik-satirik baş qəhrəmanları ifa etməklə qabiliyyət və bacarıqlarını cəsarətlə sübut etmiş gənc aktyor və aktrisalar var. Onlardan biri də Səbinə Məmmədzadədir. Sevindirici haldır ki, gənclərin böyük əksəriyyətinin səhnə görkəmləri yapışıqlı, sifət ifadələri mənalı, yaradıcılıq eşqləri coşqun, səmimiyyətləri inandırıcı, işləmək ehtirasları aşıb-daşandır. Sadaladığım bu keyfiyyətlər, üstəlik, məsum məlahəti, nurlu çöhrəsi Səbinə xanımın yaradıcılığında daha geniş üfüqlərin açılacağına ümid bəsləməyə zəmin yaradır. İnanırıq ki, bu qabiliyyət və bacarıq coşqun istedada və onun daha da pardaxlanmasına çevriləcək. Aktrisanın ifasında Firəngizin ("Oqtay Eloğlu", Cəfər Cabbarlı) dramatik, tərəddüdlü-psixoloji ahəngdə, Leylinin ("Leyli və Məcnun", Məhəmməd Füzuli) ülviyyətli eşq bürümündə, poetik zərifliklə, Çipallinonun ("Çippalino", Canni Rodari) şən, oynaq, səmimi və bir qədər məzəli şirinliklə, Qırmızıpapağın ("Qırmızıpapaq", Yevgeni Şvarts) tərəddüdlü-psixoloji dramatizmlə, Arzunun ("Arzu və Murad", Sevinc Elsevər) ülviyyət və səmimiyyət aşılanmış emosionallıqla, Çeburaşkanın ("Çeburaşka", Edvard Uspenski) nağılvari ovqatla, coşqun hərəkət plastikası ilə tamaşaçılara təqdimi  yaradıcılıq uğuru kimi diqqəti cəlb edir.

Aktrisanın Gövhərtac ("Xortdanın cəhənnəm məktubları", Əbdürrəhim bəy Haqverdiyev), Çiçək ("Danışan gəlincik", Abdulla Şaiq), Ledi Şour ("III Riçard", Vilyam Şekspir), Nərgiz ("Ağ ölüm", Vasili Siqarev), Divşən ("Məlik Məmməd", Azərbaycan xalq nağılı), Leyla, Bagira ("Mən öləndə ağlama" və "Mauqli", Pərvin Nurəliyeva), Styu ("Qrinç", Ran Hovard), Əsmət ("Tənbəl Əhməd", Azərbaycan xalq nağılı), Kema ("Qohumlar", Vera Suqrayeva və Əli Əmirli) rollarında da uğurla çıxış edib. 

 





19.04.2023    çap et  çap et