525.Az

Üç meymunun gerçək üzü


 

Üç meymunun gerçək üzü<b style="color:red"></b>

Türkiyədə daha çox rast gəldiyimiz, amma son zamanlar bizim də dilimizə daxil olan bir ifadə var: "Üç meymunu oynamaq". Ötən illərdə hətta kiçik suvenirlərini də görmüşdüm o görməyən, eşitməyən, danışmayan meymunların. Əlləri ilə gözlərini, qulaqlarını və ağzını bağlayan bu üç meymun həm Türkiyədə, həm də bizdə həqiqətlərə gözünü qapadıb, gerçəkləri dinləmədən və söyləmədən hiyləgərliklə aradan çıxmağı, el dilində desək,"ağrımayan başına dəsmal bağlamamağı" təmsil edir. İndiki dövrümüzə görə dəyərləndirsək, "yaşamağın yolunu elə o üç meymun tapıb" deyə düşünə bilərdim, əgər həmin meymunların gerçək, bizim mənalandırdığımızdan tamamilə fərqli hekayəsini bilməsəydim.

"Üç meymun"un kökləri qədim Yapon Koşin Folk ənənələrinə gedib çıxır. Sən demə, bu meymunlar yaponca adları belə olan üç ağıllı, alim meymunlardır. Biri Mizaru, o biri Kikazaru, sonuncusu isə İvazaru adlanır və onlar insanlara heç nə görməməyi, kar və lal olmağı təbliğ etmirlər. Bu şirin, sevimli meymunların niyyətləri də özləri kimi sevimli və nəcibdir:

İki əli ilə gözlərini bağlayan meymun Mizaru pis gözlə baxmamağın simvoludur.

Qulaqlarını bağlayan Kikazaru insanlara pis sözləri, pis söhbətləri dinləməməyin, eşitməməyin mesajını ötürür.

Əlləri ilə ağzını yuman meymun İvazaru isə pis söz danışmamağı, şər atmamağı, yalan söyləməməyi öyrədir.

İlk olaraq Yaponiyada ortaya çıxan bu "Üç meymun" fəlsəfəsinin əslində, Hindistanda yarandığı, buddist rahiblər tərəfindən öncə Çinə, oradan da Yaponiyaya getdiyi deyilir. Hindistanda isə üç meymun fəlsəfəsi Vadjira düşüncəsindən gəlir. Görməsək, eşitməsək, danışmasaq, şeytan da bizə toxunmaz, işimizə qarışmaz. Vadjira üç gözü və bir çox əli olan mavi üzlü qorxunc tanrıdır və daima əlləri ilə ağzını, gözünü və qulaqlarını qapadır. Belə etməklə insanlara bu mesajı ötürür: pisliklərdən uzaq durun. Bəlkə də bu mesaj sözlə deyilsə, bu qədər anlamlı və təsirli olmazdı, diqqət də çəkməzdi. Gözə xitab edən və ağılda qalan "Üç meymun" fiquru ilə bu mesajın insanlar üzərindəki təsiri daha güclü olub ki, günümüzə qədər gəlib çıxmağı bacarıb. Amma necə?

Bəs niyə bu gün həmin fiqurlar əslində olduğu anlamdan uzaqlaşaraq tamamilə fərqli biçimə keçiblər? Bəlkə də, bu, dəyişən zamanla bağlıdır. Çox vaxt müasir olmaq adı altında bizə öz köklərimizdən, mənəvi kimliyimizdən, hətta bəzən insani duyğularımızdan belə uzaqlaşaraq hissiz, duyğusuz, vecsiz bir varlıq olmağımız təbliğ edilir. Sanki bilərək, istəyərək insanlar vecsizliyə sürüklənirlər. Lakin biz gözlərimizi, qulaqlarımızı pisliklərə qapadıb, yaxşılıqlara, gözəlliklərə açsaq, dilimizdən yalan sözlər, kobud ifadələr deyil, səmimi, xoş kəlmələr süzülsə, onda dünya daha gözəl və daha yaşanılası bir yer olar...

 

 





20.04.2023    çap et  çap et