Dolanırıq
Otlar torpağı yeyir,
Qoyunlar otları,
Biz qoyunları yeyirik
Torpaq bizi yeyir,
hamımız bir-birimizi
yeyə-yeyə dolanırıq -
- Bu həyatdı,
hamımız çox şükür
deyə-deyə dolanırıq-
Yer üzü
- Tullantısız ən qədim təsərrüfatdı.
1961-2014 iyul
İki söz arası
Olumla Ölüm arasındadı ömür
Yaxşı ki, doğulan kimi
Sonu görünmür.
Doğulandan sürünürük,
yeriyirik,
yüyürürük
qaçırıq.
Gəmidə, qatarda gedirik,
Təyyarədə uçuruq.
Ölümə sarı.
Adam nə bezir, nə də yorulur.
Həmişə də canımızda
Ölüm qorxusu olur.
daha nədən qorxursan
ay insan!
2014 iyul
Bax
Bu dünya başdan-ayağa sirdi
Gələn hər kəs
Öz taleyinin əlində əsirdi.
Hər kəsin bu səhnədə
Öz rolu var,
Öz yolu var.
Bunlar ovcuna, alnına yazılıb
Gələcəyi kainatda
ulduzların dili ilə yozulub.
insan özü bilmir kimdi, nədi,
hər kəsin gözü,
barmağının izi,
içinin özü
dünyada yeganədi.
Gəlmisən boylanma
o yan bu yana
Şam kimi yan-yana.
Dünya adlı səhnədə oyna,
öz rolunu oyna.
Sən də dünya üçün sirsən.
Ay ağıllı - axmaq.
Həm hakimsən,
həm də müqəssirsən.
Özündən yuxarı bax,
özündən aşağı bax!
2014 iyul.
Dünyada hər şey var
Yuxarıda var, aşağıda var,
Şüasından yapışıb yelləndiyin
gün işığı da var.
yer üzündə
odla, suyla oynayan
insan uşağı da var.
Bəs sən hardasan?
Gülməli dünyadı
Gəlməli dünyadı,
Görməli dünyadı,
Yaşamalı dünyadı,
Ölməli dünyadı.
Vallah dəli dünyadı -
Gülməli dünyadı,
- Yaxşı zarafatdı!
2014 iyul
Yuxarıdan baxanda
Yuxarıdan baxanda
bilmək olmur
Ağıllı kimdi, dəli kimdi?
Biri insan qırmaq üzrə
Ən böyük alimdi, əsil mütəxəssisdir.
O biri insan sağaldır,
Həkimdi,
ən məşhur mütəxəsisdir.
Aşağıdan baxanda düşünürsən:
Bu ömür verən kişi
deyəsən bir az xəsisdir.
Ağlın varsa
çox yaşamağın nəyi pisdir.
2014 iyul
Atamın nənəsi
Atamın nənəsi Baycanın
yüz iyirmi yaşı vardı,
deyirdilər, olardı!
Dalımca atmağa
yanında dərəvəsi, xırda daşı olardı.
Mənim də beş yaşım olardı...
Bu daşlar məndən başqa
hamıya dəyərdi.
Arxamca
"ay sənin çiynində gedim" - deyərdi.
Pıçıldaşıb gülüşərdi
gəlinlər, qızlar.
İndi də bilmirəm nəyə gülürmüş
o sözbazlar.
16 iyul,2014