525.Az

Alimlər tutuquşulara bir-birinə videozəng etməyi öyrədiblər


 

Alimlər tutuquşulara bir-birinə videozəng etməyi öyrədiblər<b style="color:red"></b>

Ev tutuquşularının tənhalığına çarə tapılıb. Alimlər bildiriblər ki, digər quşlarla videozəng etməyə icazə verilən tutuquşular özlərini daha yaxşı hiss ediblər. 

525.az xarici KİV-ə istinadən xəbər verir ki, tutuquşularda lələk təmizləmək, banlamaq və oynamaq kimi sosial davranışların daha çox sərgiləndiyi müəyyən edilib. Bir çox tutuquşu növləri təbiətdə sürü halında yaşayır, bununla belə, ev tutuquşuları adətən tək və ya kiçik bir qrupda yaşayırlar. Bu tənhalıq və cansıxıcılıq səbəbiylə quşlarda yellənmə, irəli-geri gəzmə və ya tük qoparma kimi problemli davranışlar görülə bilər. 

COVID-19 pandemiyasında bir çox insanın tənhalıq hissindən videozənglərlə qurtulduğunu bildirən araşdırma qrupu, tutuquşular üçün də bənzər bir həllin hazırlana biləcəyini görmək istəyib. 

Şotlandiya və ABŞ-dən olan mütəxəssislər tutuquşuların sahibləri ilə tədqiqat üçün razılaşıblar. Belə ki, sahiblərinin köməyi ilə 18 ev heyvanı tutuquşuya planşet ekranında başqa bir quşun şəklinə toxunaraq zəng çalmaq və gələn zənglərə cavab vermək öyrədilib. Tədqiqat zamanı quşlar cəmi 147 zəng ediblər. Alimlər min saatdan çox görüntüləri təhlil edərkən, sahiblər heyvanlarının davranışlarını qeyd ediblər. Araşdırmalar videozəngin quşlar üçün faydalı ola biləcəyini göstərib. Məlum olub ki, tutuquşular daha çox başqa quşları axtaran tutuquşulara üstünlük veriblər. 

Araşdırma qrupundan Dr. Cennifer Cunha bildirib ki, bütün iştirakçılar gələcəkdə sistemdən tutuquşuları ilə istifadə etməyə davam etmək istəyirlər. Hesablama Sistemlərində İnsan Faktorları üzrə 2023 CHI Konfransının Protokollarında dərc edilmiş tədqiqatın müəlliflərindən biri Dr. İlena Hirskyj-Duglas: "Fərqli davranışların diapazonu məni olduqca təəccübləndirdi. Bəziləri mahnı oxudu, bəziləri oynadı. Bəziləri oyuncaqlarını başqa bir quşa göstərmək istədi, bəziləri bir-birinin şəkillərinin yanında yatdı", - deyib. 

Beynəlxalq tədqiqat qrupu heyvanların fiziki və zehni ehtiyaclarına diqqət yetirən araşdırmaları davam etdirəcəklərini açıqlayıb.

Malik Atilay

 





25.04.2023    çap et  çap et