525.Az

Ermənistanın Rusiya və İranın Qərbin sanksiyalarından yayınmasına dəstəyi 


 

DEPUTAT VÜQAR İSKƏNDƏROV: "BUNA GÖRƏ ERMƏNİSTANA NƏ ABŞ, NƏ DƏ AVROPA İTTİFAQI TƏRƏFİNDƏN TƏZYİQ OLUB"

Ermənistanın Rusiya və İranın Qərbin sanksiyalarından yayınmasına dəstəyi <b style="color:red"></b>

"The New York Times" qəzeti martın 24-də ABŞ və Aİ-nin yüksək vəzifəli vergi və ticarət rəsmilərinin görüşündə səslənən faktları açıqlayıb. Həmin məlumatlara görə, Ermənistan vasitəsilə Rusiyaya satılan çiplərin və digər elektron komponentlərin sayında kəskin artım müşahidə olunur. Söhbət Rusiyanın Ukraynanı vurduğu raketlər də daxil olmaqla, silahların inkişafı üçün kritik hesab olunan yüksək həssas kateqoriyalı çiplərin və digər elektron cihazların kütləvi satışından gedir. ABŞ Sənaye və Təhlükəsizlik Bürosunun sənədinə görə, 2022-ci ildə Ermənistan 2021-ci ilə nisbətən ABŞ-dan 515 faiz, Avropa İttifaqından isə 212 faiz çox çip və prosessor idxal edib. Sənəddə deyilir ki, daha sonra Ermənistan həmin məhsulların 97 faizini Rusiyaya ixrac edib. Bundan əvvəl 2022-ci ildə Vyetnamdan Ermənistana ixracatın 380 faiz, Yaponiyadan 252 faiz, Qazaxıstandan 201 faiz, Hindistandan 190 faiz, Fillipindən 181 faiz, Cənubi Koreyadan 102 faiz artdığı məlum olub. 2022-ci ildə Aİ-dən Ermənistana ixrac 70 faiz artıb.

Bütün bu faktlar nəyi göstərir? İlk növbədə onu vurğulamaq lazımdır ki, Ermənistan ikili oyun oynamaqda davam edir. Paşinyan hökuməti açıq şəkildə Qərblə Rusiya arasında manipulyasiya etməklə məşğuldur. Nə Rusyanın təsirindən çıxır, nə də Qərbə inteqrasiya ilə bağlı konkret addımlar atır. Paşinyan hökumətində bəzən Rusiyanın əleyhinə səsləndirilən bəyanatlar da sadəcə manipulyasiya xarakteri daşıyır.

İkincisi, açıqlanan faktlar Ermənistanın Rusiyanın sanksiyalardan yayınmasında əsas mərkəzlərdən biri olduğunu sübut edir. Bu da ilk dəfə baş vermir. Ermənistanın sanksiyalar altında olan ölkələrə "dəstək" sahəsində böyük təcrübəsi var. İrəvan dəfələrlə bu cür addımlar atıb. Ortada Rusiya ilə yanaşı, İran nümunəsi də var.

Uzun illərdir sanksiyalar altında olan İran xaricdən malları məhz Ermənistan vasitəsilə alır. Ermənistanın İranla əməkdaşlığı təkcə bu məqamla kifayətlənmir. Qərbin sanksiyaları altında olan, özünün nüvə proqramı ilə potensial təhlükəyə çevrilən İranla Ermənistan əməkdaşlığını genişləndirməkdə və inkişaf etdirməkdədir. İki ölkənin ticarət dövriyyəsinin artımı da bunu sübut edir. Eyni zamanda 30 ilə yaxın torpaqlarımızı işğalda saxlayan Ermənistan məhz İranla birgə həmin ərazilərdə talançılıq, soyğunuluq həyata keçirib. İşğaldan sonrakı müddət ərzində Tehranın İrəvana dəstəyi, hətta iranlı diversantların qanunsuz olaraq Qarabağa daşınması da iki ölkənin terrorçu mahiyyətinin göstəricisidir. 

Ermənistan eyni siyasəti Rusiyaya münasibətdə də davam etdirir. Yuxarıda qeyd etdiyimiz kimi, bəzən Rusiya əleyhinə verilən bəyanatlar ikili oyun oynamaqda davam edən İrəvanın özünü sığortalamasına, başqa sözlə, Moskvanı sanksiyalardan qorumaq siyasətini ört-basdır etməyə yönəlib. Amma qəribə olanı da bütün bu faktların qarşısında ABŞ-ın, Qərbin Ermənistanın davranışlarına susqun qalmasıdır. Ermənistanın Rusiyaya saxta sənədlərlə və gizli yollarla sanksiya tətbiq olunmuş malları (o cümlədən, hərbi istifadə üçün nəzərdə tutulmuş) ötürməsi həm də məhz bununla bağlıdır ki, uzun illər İrana sanksiyalardan yayınmağa yardıma görə Ermənistana nə ABŞ, nə Aİ tərəfindən təzyiq olmayıb, buna göz yumulub.  Rusiyaya qarşı sanksiyaları pozmaqda  şübhəli bilinən bütün ölkələrə xəbərdarlıq edildiyi halda, hətta Rusiya ilə enerji və s. həyati vacib sahələlərdə əməkdaşlığı davam etdirdiyinə görə Qərb tərəfindən bir sıra Avropa  ölkələrinə belə ciddi xəbərdarlıq edildiyi, sanksiyalarla hədələndiyi halda, Ermənistana hər hansı irad bildirilmir. İrəvan həm İranla, həm də Rusiya ilə sıx əməkdaşlıq etməsinə baxmayaraq, Qərbin dəstəyini almaqdadır. ABŞ və Avropa qurumları tərəfindən bu ölkəyə böyük həcmdə yardımlar ayrılır. Bu məsələdə təbii ki, biz növbəti dəfə Qərbin ikili standartını, qərəzli münasibətini, ədalətsiz yanaşmasını görürük. Beynəlxalq hüquq normalarına tam əməl edən, açıq siyasət aparan Azərbaycana qarşı isə eyni münasibət sərgilənmir.  

Bu gün Cənubi Qafqazda Ukrayna məsələsində Rusiya ilə müttəfiq olan, işğala haqq qazandıran yeganə ölkə məhz Ermənistandır. Azərbaycanın məsələ ilə bağlı mövqeyi bəllidir. Rəsmi Bakı ilk gündən Ukraynanın ərazini bütövlüyünü, suverenliyini tanıdığını bəyan edib. Eyni zamanda Ukraynaya ən çox humanitar yardım göstərən ölkələr sırasındadır. Gürcüstanın da işğal məsələsində mövqeyi bəllidir. Ermənistan isə təkcə fərqli mövqe nümayiş etdirmir, həm də vurğuladığımız kimi, işğala haqq qazandıran addımlar atır. Məsələn, Ermənistan nümayəndə heyəti Avropa Şurasında Rusiyanın Ukraynaya silahlı hücumu səbəbindən təşkilatdan çıxarılması məsələsi səsverməyə qoyulanda qərarın əleyhinə səs verib. Bu gün təkcə xarici deyil, daxili siyasətdə belə müstəqil manevr etmək imkanlarına malik olmayan Ermənistan tam şəkildə böyük güclərdən asılı vəziyyətə düşüb. Görünən budur ki, sanksiyalardan yan keçmək üçün əsas mərkəzlərdən birinə çevrilmiş Ermənistana qarşı sanksiyaların tətbiqi məsələsində Qərb ölkələri yenə reaksiya verməsələr, Qərbin Ukraynaya dəstəyinin səmimiliyi sual altında qalacaq.

Milli Məclisin deputatı Vüqar İskəndərov deyib ki, Azərbaycan torpaqlarının 30 il ərzində işğal altında saxlayan Ermənistan bu müddətdə çoxsaylı cinayətlər törədib: "Özü də adi deyil, bəşəri cinayətlər. Ümumiyyətlə, Ermənistan dövləti ilə cinayət sözü sanki vəhdət təşkil edir. Dünyanın harasında bir cinayət varsa, Ermənistanın adı bu və digər formada orada hallanır. Ermənistanın daha bir cinayəti sanksiya altında olan ölkələrə yardım göstərməkdir. Ümumiyyətlə, Ermənistanın sanksiya altında olan ölkələrə "dəstək" sahəsində təcrübə qazanmış dövlətə çevrilib. Heç uzağa getməyək. Uzun illərdir İran sanksiyalardan yayınaraq xaricdən malları məhz Ermənistan vasitəsilə alır. Lakin bu da son deyil. Rusiya ilə bağlı da faktlar ortaya çıxıb. Belə ki, "The New York Times" qəzetinin martın 24-də ABŞ və Aİ-nin yüksək vəzifəli vergi və ticarət rəsmilərinin görüşündə səslənən faktları açıqlaması onu deməyə əsas verir ki, Ermənistan cəzasızlıq mühitindən yararlanaraq, cinayətlərə əl atır. Yəni uzun illər İrana sanksiyalardan yayınmağa yardıma görə Ermənistana nə ABŞ, nə Aİ tərəfindən təzyiq olub, buna göz yumulub".

 

 





25.04.2023    çap et  çap et