525.Az

"Gəl danış": efirdə kütləvi tragikomik aldanış - Sevda Sultanova yazır


 

"Gəl danış": efirdə kütləvi tragikomik aldanış - <b style="color:red"> Sevda Sultanova yazır</b>

1997-ci ildə fəaliyyətə başlayan "Space" kanalı televiziya məkanına yaxşı mənada iddialı gəlmişdi.  Əvvəl Eldar Namazovun, sonradan Etibar Babayevin rəhbərliyi dövründə "Space"in efirində əsasən sanballı, peşəkar, keyfiyyətli ictimai-siyasi-mədəni proqramlar yer alırdı. Hətta kanalın müəllif verilişlərinin aparıcıları arasında bir rəqabət vardı.

Milli kinomuzda özünəməxsus üslubu, mövzulara satirik-sarkastik yanaşması ilə seçilən kinorejissor Vaqif Mustafayevin dövründə isə "Space" tamamilə yeni mərhələyə daxil oldu. Təəssüf ki, həmin müddətdə kanalda peşəkarlıq, keyfiyyət səviyyəsi aşağı düşdü və "Space" ümumilikdə, toyxana estetikasında böyük bir çal-çağır meydanına çevrildi. Sonradan kanal maliyyə baxımından ciddi tənəzzül yaşamağa başladı və hətta bağlanmaq təhlükəsi ilə üzləşdi. Vəziyyət elə kritik həddə çatmışdı ki, Vaqif Mustafayevdən sonra, 2021-ci ildə kanala rəhbər təyin olunan Ülviyyə Mikayılova bu vəzifəni icra edə bilməyəcəyini deyərək istefa vermişdi. O, istefasına əsas səbəb kimi kanaldakı çoxsaylı problemlərin öhdəsindən gələ bilməyəcəyini göstərmişdi.

Ülviyyə Mikayılovdan sonra kanala rəhbərlik "Azərbaycanfilm" kinostudiyasının keçmiş direktoru Müşfiq Hətəmova həvalə olundu. Onun gəlişindən sonra kanal böhrandan çıxdı, tədricən dirçəldi, yığılıb qalmış borclar silindi, bayağı çal-çağır proqramları efirdən qaldırıldı. Yeni studiyalar hazırlandı, texniki baza yenidən quruldu, maddi durum yaxşılaşdırıldı, ümumi səviyyə qaldırıldı, peşəkarlar dəvət olundu, efirdə maarifləndirici verilişlər görünməyə başladı. Misalçün, "Epizod" adlı verilişdə (rejissor Elnur Əliyev, aparıcı Rövşən Kərimduxt) müxtəlif tarixi hadisələr (Səttar Xan, Pişəvəri hərəkatı, Tatar süvari alayı və s.) təkcə sənədli faktların yox, eyni zamanda bədii səhnələrin diliylə nəql olunurdu. Yaxud Xəbərlər proqramına aparıcı qismində təcrübəli jurnalist Ceyhun Səfər dəvət edildi. Qısası, Müşfiq Hətəmovun rəhbərliyi ilə "Space"də peşəkarlıq baxımından xeyli səliqə-sahman yaradıldı. Hazırda isə kanala "Bakılı oğlanlar" komandasında çıxışları ilə məşhurlaşan Vado Korovin rəhbərlik edir.

"Space"in efirində müsbət dəyişiklikləri özündə əks etdirən verilişlərlə yanaşı, Xoşqədəm Hidayətqızının "Səni axtarıram" (ARB),  Zaur Baxşəliyevin "Bizimləsən" (ATV),  Elgiz Əkbərin "Elgizlə izlə" (ARB) sosial proqamlarının analogiyası olan "Gəl danış" sosial-kriminal layihəsi də yayımlanır. Amil Xəlilin müəllifi və aparıcısı olduğu veriliş həftə içi hər gün efirə gedir. İnternet resurslarında veriliş haqqında yerləşdirilən məlumatlarda deyilir ki, "Gəl danış" müəmmalı ölüm hadisələrini, sirr qalan məqamları araşdırır, vətəndaşlara hüquqi yardımlar göstərir və s.

Bu proqramda diqqətimi daha çox çəkən və narahatlıq doğuran uşaq hüquqlarının pozulması kimi həssas bir məsələyə verilişin heyətinin etinasız yanaşması oldu. Qeyd edim ki, əvvəllər də bir neçə yazımda teleproqramlarda uşaq haqlarının pozulması faktına diqqət çəkməyə çalışmışam.

"Gəl danış" verilişinin buraxılışlarından birində avtomobil qəzasında həyatını itirən gənc valideynlərin övladının bundan sonrakı taleyi müzakirə olunurdu. Babalar uşağın kimin himayəsində qalması ilə bağlı mübahisə edir, qarşılıqlı ittihamlar, təhqirlər səslənir və bu epizodlarda məsələyə rasional münasibət göstərilmir, əvəzində ekspertlər də daxil olmaqla digər iştirakçıların emosiyaları önə çıxırdı. Təsəvvür edin, belə bir vəziyyətdə studiyaya mübahisələrin mərkəzində dayanan üç yaşlı Yusif gətirilir. Uşaq hürkür, auditoriyanın qarşısında özünü narahat hiss eləyir və babalar onu əzizləməklə sanki öz qayğıkeşliklərini gözə soxurlar. Reallığı dərk eləməyən körpənin studiyaya, tanımadığı adamların qarşısına çıxarılması, qızğın mübahisənin içərisinə atılması onun psixi durumuna zərbədir. Təəssüf ki, bunu nə verilişin rəhbərliyi dərk elədi, nə də əlaqədar qurumlar eirazını bildirdi. Düzdür, ötən ilin noyabrında "Gəl danış" verilişində zorakılığı və qaddarlığı təbliğ edən görüntülər yayımlandığından Audiovizual Şuranın qərarı ilə kanalın yayımı 3 saat dayadırılmışdı. Lakin belə tədbirlər daha sərt xarakter daşımalıdır.

Daha sonra proqramda nümayiş olunan bir videoda balaca Yusif babası və nənəsinin iştirakı ilə valideynlərinin məzarı başına gətirildi. Dünyanın ölüm-itimindən anlayışı olmayan üç yaşlı uşağın qəbiristanlığa gətirilməsi, kameranın məzar başında onu xüsusi vurğulaması həm yaxın qohumların, həm verilişin rəhbərliyinin körpədən sui-istifadə etdikləri görüntüsü yaradırdı.

Proqramın başqa bir buraxılışında yenə uşaqlarla bağlı mövzu mübahisə predmeti idi. Durnisə adlı gənc qadın ərindən ayrılıb, iki azyaşlı uşağı ilə birlikdə valideynlərinin yanında yaşayırdı. Məhkəmənin qərarına əsasən ata müəyyən günlərdə uşaqları ilə görüşmək hüququ qazanıb. Lakin ata uşaqları alaraq, bir daha geri - anasına qaytarmayıb. "Gəl danış"ın heyəti işə müdaxilə edərək azyaşlı uşaqları bir neçə dəfə studiyaya gətizdirərək onları sorğu-suala tutur. Uşaqlardan nənənin (qayınananın) ananın arxasınca nə danışması soruşulur, daha sonra balacalar (bacı-qardaş) bir-birinə aqressiya nümayiş etdirirlər və bütün bunlar heç nə olmamış kimi efirə verilir. Yadıma gəlir ki, Zaur Baxşəliyevin "Bizimləsən" verilişinin buraxılışlarından birində yeniyetmə bir oğlanın taleyi müzakirəyə çıxarılmışdı. Valideynləri ayrılan uşaq həm qonaqlar, həm qohumları tərəfindən psixoloji təzyiqə məruz qaldığından dözməyib ağlamışdı.

Televiziya mütəxəssisi, professor Qulu Məhərrəmli dünyanın bir çox aparıcı televiziya kanallarında - BBC-də, Skandinaviya ölkələrinin, Yaponiyanın telekanallarında etik qaydalar toplusunun, xüsusən uşaqlarla bağlı jurnalistlərin bu məsələdə necə davranmasını göstərən konkret etik müddəaların olduğunu deyir: "Bizim televiziyaların da belə bir ekstremal şəraitdə etik davranış qaydaları olmalıdır".

Ümumiyyətlə, uşaqların ailə konfliktləri kontekstində dindirilməsi mütəxəssislərin (hüquqşünasların, psixoloqların) iştirakı ilə olmalı və efirə nələrin verilib-verilməməsinə ciddi nəzarət edilməlidir. Təəssüf ki, telekanallar əksər hallarda bu vacib etik problemi görməzdən gəlirlər.

BMT-nin qəbul etdiyi, Azərbaycanın da qoşulduğu Uşaq hüquqları konvensiyasında əks olunan əsas məsələlərdən biri məhz uşaqların fiziki və ya psixoloji zorakılıqdan, təhqir və ya sui-istifadədən, etinasız münasibətdən qorunmasıdır.

Bundan başqa, "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunun 3-cü maddəsində yazılır ki, uşaqların zərərli informasiyalardan qorunması sahəsində əsas prinsiplərdən biri onların mənafelərinin üstün tutulması, hüquq və azadlıqlarının təmin olunmasıdır. Bu mənada "Gəl danış" verilişi azyaşlıların mənafeyini düşünmək əvəzinə, daha çox öz reytinqinin qayğısına qalır.

Verilişin başqa bir epizodu haqda. Dəvət olunan ekspertlər Durnisəni emosional şiddətə məruz qoyub, ona qarşı psixoloji hücuma keçdilər. Ekspert qismində dəvət olunan aktyor Vahid Əliyev Durnisəni əriylə barışdırmaq, onu yola gətirmək məqsədilə əvvəlcə aqressiv tonda sevgi şeiri söylədi. Şeiri bitirib qadını qınadı, ayrılmamaq haqqında dönə-dönə ağsaqqal məsləhəti verdi: "Ayıbdır, hansı millətin nümayəndəsi olduğunuzu fikirləşin. Unutmayın, bizdə ailə dəyərləri yüksək tutulur".

Verilişin o biri eksperti Fatimə Hacıbəyli isə Durnisəyə fasiləsiz psixoloji hücumlar edir, sübuta yetirməyə çalışırdı ki, "ərin normal adamdır, tərbiyəli, mədəni görünüşü var, onda mənfi nəsə tapmıram, sən necə ayrıla bilərsən?" Bu azmış kimi, üstəlik, F.Hacıbəyli Durnisənin studiyaya zəng vuran anasını da tənbeh elədi: "Bizim qarşımızda tərbiyəli, normal görünüşlü adam oturub. Niyə dağıdırsız qızınızın ailəsini, bəlkə, başqasına ərə vermək üçün qızınızın ərinin yanına qayırmasını istəmirsiz..." və s.

Qərb cəmiyyətində indi elə dövr yetişib ki, liberallaşma, politkorrektlik adı altında alternativ fikirlərin qarşısı alınır, hər kəs eyni cür düşünməyə vadar edilir, mühafizəkar dəyərlərin daşıyıcıları alçaldılır, linç olunur. Dünyada gedən ictimai-siyasi proseslər isə onu göstərir ki, mühafizəkar dəyərlər bir dövlətin, millətin var olmasında önəmli rol oynayır. Bununla belə, cəmiyyətimizdə mühafizəkarlıqla bağlı yanlış, qeyri-sağlam düşüncələr də az deyil. Məsələn, boşanmaya münasibətdə olduğu kimi. Halbuki hər bir vətəndaşın boşanma hüququ Azərbaycan qanunları ilə tənzimlənir. Ailə Məcəlləsində nikahın məhkəmə qaydasında pozulması, ərin (arvadın) razılığı olmadıqda nikahın məhkəmə qaydasında pozulması kimi maddələr var. Boşanma konkret millətə xas hadisə yox, insani hadisədir, universaldır və bunun milli dəyərlərlə, adətlərlə heç bir əlaqəsi yoxdur. Yəni boşanma məsələsində Vahid Əliyevlə Fatimə Hacıbəylinin mühafizəkarlığı yersizdir, insan haqlarının pozulmasıdır və haradan baxsan, ibtidai düşüncənin təzahürüdür. Məsələnin absurd tərəfi odur ki, F.Hacıbəyli tanımadığı adam - Durnisənin əri haqqında müsbət rəy verir və qadından ayrılma səbəbini, zorakılığa məruz qalıb-qalmadığını soruşmaq istəmir. Ailənin daxilinə bələd olmadan, adamı bir dəfə görməklə onun haqqında necə qəti rəy verilə bilər ki? Bəzən illərlə dostluq edən insanlar, yaxud eyni evdə uzun müddət yaşayan adamlar bir-birini tanımaqda çətinlik çəkirlər. Amma F.Hacıbəyli necə bir fəhmə, istedada malikdirsə, ilk dəfə gördüyü insanı bir baxışda, bir görüşdə tanıya bilir.

Studiyada hamı Durnisəni günahlandırdı, sorğuladı, ailədə nələrin baş verdiyini öyrənmədən (öyrənmək istəmədən) hamı bir nəfər kimi onu ər evinə qaytarmağa tələsdi. Hətta Durnisənin anasının telefonda ağlamsınaraq, keçmiş ərin qızına fiziki təzyiq göstərdiyini deməsinə rəğmən. Sanki Sabirin, Mirzə Cəlilin, Əbdürrəhim bəy Haqverdiyevin personajları ötən əsrlərdən sıçrayıb kanala düşmüşdülər.

Aparıcı Amil Xəlil isə emosional, psixoloji təzyiqlərə susur, prosesə müdaxilə etmir, əksinə, ekspertlərə hər cür şərait yaradırdı.

Verilişin başqa bir epizodunda oğlu tərəfindən evdən qovulduğunu iddia edən ata dəvət olunmuşdu. Titrdə də yazılmışdı ki: "Oğlu tərəfindən şərlənən İntiqam bəylə bağlı şok olay".

Məhkəmə qərarı olmadan kimisə şər atmaqda ittiham etmək və ya böhtançı kimi qələmə vermək hüquqa ziddir. Təqsirsizlik prezumpsiyası deyilən hüquqi prinsipə görə, cinayətin törədilməsində təqsirləndirilən şəxsin, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə, bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, o, təqsirsiz sayılır.

Növbəti buraxılışlarından birində isə ailəsinin azyaşlı nəvəsinə təcavüzdə günahlandırdığı İntiqam Zamanovun intihar etməsi xəbəri verildi...

Görəsən, "Gəl danış" verilişi İntiqam Zamanovun intiharında hansısa məsuliyyət daşıyırmı? Bu, hələ sualıdır. Amma analoji teleproqramlar bu kimi həssas mövzularda diqqətli, məsuliyyətli davranmağa borcludur.

Ümumiyyətlə, sosial telelayihələrdə fərdlərin, ailələrin faciəsindən şou düzəldilməsinin, reytinq qazanmaq naminə etik qaydaların pozulması hallarının qarşısının alınması qanunla necəsə tənzimlənməlidir. Düşündürücü başqa bir məsələ isə odur ki, hazırda telekanallarımızda mövcud sosial layihələrin populyarlığı, çoxsaylı vətəndaşların bu verilişlərə üz tutması, problemlərin həll yollarını məhz burada axtarması əlaqədar qurumların, institutların öz üzərlərinə düşən vəzifələrin öhdəsindən gələ bilmədiklərinin göstəricisidir.

 

 

 





25.04.2023    çap et  çap et