525.Az

Dahiliklə fəth arasındakı yol - Türkan Turan yazır


 

Dahiliklə fəth arasındakı yol - <b style="color:red"> Türkan Turan yazır</b>

Tarixin hər üzünü görənlər, ən qədim şahidlər daşlar, divarlar, qalalar, hasarlardır. Kim bilir, dilləri olsa nələr deyər, nələr danışarlar. Kim bilir, bağırlarında axıdılan nə qədər qanlar qurudub bu abidələr, nə zəlzələlərdən, nə silkələnmələrdən, necə adamlardan keçib gəliblər. Təbii ki, az-çox təxmin edirik.

Onlardan biri hər kəsin bircə dəfə də olsa gördüyü, ya da adını bir dəfə də olsa eşitdiyi Ruməli Hisarıdır. İstanbul Boğazının solunda, hətta düz ürəyində yerləşir.

Görkəmli və göz alıcı memarlığı ilə Boğazın gözəlliyinə gözəllik qatan tarixi abidə həm möcüzəvi inşa mərhələsi, həm də Sultan Mehmetin birbaşa özü tərəfindən tərtib edilməsi bu möhtəşəm gözəlliyin hekayəsini daha da cazibədar edir.

Ruməli Hisarı İstanbul fəthini həyata keçirmək üçün ucaldılan strateji əhəmiyyətli bir qaladır. Əgər vaxtı ilə bu divarlar ucaldılmasaydı, İstanbul əbədiyyən Konstantinopol olaraq qalacaqdı.

Məhz, Ruməli Hisarı sayəsində Osmanlı İmperatoru Fatih Sultan Mehmet 29 may 1453-cü il tarixində İstanbulu fəth etdi. Şərqi Roma İmperatorluğu "son gücü" olan Konstantinopolu itirməsi ilə bir dönəm sona çatdı, yeni bir mərhələyə keçildi. Yeni bir mədəniyyət başladı, İstanbuldan qaçan aydınlar İtaliyaya gedərək orada intibah dövrünü başlatdılar.

 

Bir qalanın sirri

 

Ruməli Hisarının sadəcə görüntüsü deyil, hekayəsi də əzəmətlidir. Qala Sultanın planı əsasında ərsəyə gəlib. Belə ki, Ruməli Hisarı uzaqdan baxanda "Məhəmməd" kimi oxunur.

Sultan Mehmet, qalanın divarlarının "Məhəmməd" kəlməsi şəklində olmağını istədiyi üçün planını da ona görə tərtib edib. Buna görə də, hər "mim" (M) hərfinin yerində bir qala tikilib. Qalalardan ikisi bir-birinin yanında və ətəyindədir. Üçüncüsü dənizə daha yaxındır. "H" və "D" hərflərinin olduqları yerlərdə istehkamlar mövcuddur. Padşah bunların inşasına xüsusi diqqət göstərirmiş, bütün prosesə özü şəxsən nəzarət edirmiş. Üç künclü olaraq düşünülən qalanın layihəsi birbaşa Sultan Mehmet tərəfindən hazırlanıb. Hətta rəvayətə görə, Sultan Mehmetin müəlliminin istəyinə görə qala Hz.Məhəmməd adı şəklində tikilib.

Doğrudur, bütün tarixi məlumatlarda qalanın planını Sultanın özü tərtib etdiyi deyilir, amma bu, yalnız onun əsəri deyildi. Əsrarəngiz abidəninin planını memar Muslihiddinlə birlikdə hazırlamışdılar. Plan bəlli idi; nəhəng qala olacaqdı, kufi xətti ilə də Məhəmməd yazılacaqdı. Bu, əlbəttə, asan bir iş deyildi. Altı min işçinin gecə-gündüz çalışdığı bu möhtəşəm əsərdə "Mim" hərflərinin olduğu yerdə qalalar, "Ha" və "Dal" hərflərinin olduğu yerdə istehkamlar yer almışdı. Qaladan beş yüz metr yüksəklikdən baxanda "Məhəmməd" yazısını aydın görmək olur.

 

Kontrol mərkəzi

 

Qalanın Beykoz-Anadolu Hisarı arxasında olan yerdə Otaqtəpə var. Otaq padşah çadırı deməkdir. Səfərə çıxdıqları zaman padşahlar burada qalırmışlar. Tarixin bəlli bir dönəmini idarə edən güclər bu qalanı önəmli kontrol mərkəzi olaraq görüblər. Çünki  Otaqtəpə Boğazın ən dar, yəni paytaxtın silahlanacaq ən strateji nöqtəsi Ruməli Hisarının təpədən görülə bildiyi tək yerdir.

Hətta Otaqtəpənin arxasında Rumeli Hisarındakı Hz.Muhammed yazısını da aydın şəkildə görmək mümkündür. Lakin hazırda qalada restavrasiya işləri getdiyi üçün həmin yerə girişə icazə verilmir.

 

Xəyallarla gücün toqquşması

 

Sultan Mehmet Bizansın fəthindən öncə Boğazın təhlükəsizliyini təmin etmək üçün Ruməli Hisarının inşasına qərar verir. Hisarın inşaatına başlamadan əvvəl Bizans imperatoru Konstantin Dragazesə bir elçi göndərir. Məqsədi nəzakət naminə də olsa imperatordan icazə almaq idi. Elçisi vasitəsi ilə Sultan Mehmetin istəyini öyrənən imperator ona belə bir cavab göndərir, "padşahınızın qala inşa etdirmək istədiyi torpaqların sahibi qalatalılardır. Qalatalılar isə bizim idarəmiz altında deyil, Avropalıların idarəsi altındadır. Biz sizə icazə versək belə, avropalılar bunu qətiyyən qəbul etməzlər. Əgər onlardan lazımi icazəni almadan belə bir işə təşəbbüs etsəniz, avropalılar bu addımınızı xoş qarşılamayacaqlar".

Əslində Bizans imperatoru Ruməli Hisarının inşasını qətiyyətlə pisləyirdi, amma bunu birbaşa deməyə cürət etmirdi. Avropalıların razı olmayacağını söyləyərək dolayı yolla onları təhdid vasitəsi olaraq istifadə edirdi. Sultan Mehmet imperatorun cavabını öyrənəndə bu dəfə ona belə bir xəbər göndərdi: "Məqsədimiz qonşuluq haqqından dolayı sizin icazənizi almaqdı. Söylədiklərinizə görə, bu torpaqlar sizə aid deyil. Sizin isə qalanın inşası üçün razılıq göstərdiyiniz anlaşılır. Avropalıların məmnun olub-olmayacağına gəldikdə isə siz narahat olmayın, biz onlara lazımi cavabı verərik. İndi gedin əfəndinizə söyləyin, qarşısındakı padşahı öncəkilərlə qarışdırmasın. İmperatorunuzun xəyalları mənim gücümün yetdiyi yerlərə çata bilməz. İndilik hüzurumdan çıxıb getməyinizə icazə verirəm. Bundan sonra gördüyüm işlərə mane olmağa çalışan olarsa, lazımi cəzanı alacaq".

Bu notadan sonra Sultan II Mehmet qalatalıların ərazisinə lazımi məbləği ödəyərək Rumeli Hisarının inşasına başlayır. Qalanın inşasına 15 aprel 1452-ci ildə başlanır. İş bölgüsü aparılaraq hər bölümün inşası bir paşanın nəzarətinə verilir. Dənizə yaxın düşən hissəyə isə Fatih Sultan Mehmet birbaşa özü nəzarət edir.

Dənizdən baxılanda sağ tərəfdəki qalanın tikintisinə Saruca Paşa, sol tərəfdəkinə Zağanos Paşa, sahilə yaxın qalanın inşasına Xəlil Paşa nəzarət edir. Bu qalaların hər biri həmin paşaların adlarını daşıyır. Qalanın inşası 31 avqust 1452-ci ildə tamamlanır. Tikintidə istifadə edilən taxtalar İznik və Qaradənizin Ereğli bölgəsindən, daşlar və sementlər isə Anadolunun fərqli yerlərindən və parçalanmış daşlar ətrafdakı Bizansın xaraba qalmış tikililərindən təmin edilib. İnşasında 300 usta, 700-800 fəhlə, 200 arabaçı, qayıqçı, daşıyıcı və digər tayfa çalışan qala altmış min kvadratmetrlik ərazini əhatə edir...

 

Boğazkəsən Hisarı

 

Ruməli Hisarı inşasından dərhal sonra Boğazkəsən adını alır. Sultan Mehmet 400 əsgərlik birliyi yerləşdirdiyi qalaya Firuz Ağanı komandir təyin edir. Tapşırır ki, boğazdan icazəsiz və vergi ödəmədən heç bir gəmi keçməsin. Hətta bir gün dəniz kənarındakı Xəlil Paşa qalasına yerləşdirilən toplar sayəsində Boğaza icazəsiz girən bir Venesiya gəmisini batırırlar. 1460-1509-cu il zəlzələlərindən sonra 1773 və 1794-cü illərdə təmir edilən abidə XVII əsrdən etibarən xüsusilə müharibədə əsr götürülənlər üçün həbsxana olaraq istifadə edilir. Lakin II Mahmud dönəmində ərazi hərbi əhəmiyyətini itirir. Qala, prezident Cəlal Bayarın əmri ilə 16 may 1953-cü ildən 1958-ci ilədək restavrasiya edilir və 1960-cı ildən etibarən muzey olaraq ziyarətçilərin istifadəsinə verilir.

 





25.04.2023    çap et  çap et