525.Az

Şair Qonçabəyim Kəngərli: yeni arxiv sənədlərinin işığında


 

Şair Qonçabəyim Kəngərli: yeni arxiv sənədlərinin işığında<b style="color:red"></b>

Musa Rəhimoğlu-Quliyev

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 

...1844-cü ilin noyabrı idi. Poliçeyski küçəsi ilə bir gənc addımlayırdı. Azacıq da olsa, ayağını çəkirdi. Naxçıvan bağlarında ağaclar yarpaqlarını tökürdü. Payızın son aylarında Naxçıvanda işə başlayan bu gürcü gənc köksündə lirik şairlər gəzdirən Nikoloz Barataşvili idi. Onunla gimnaziyada bir sinifdə oxuyan Levan Melikişvili Naxçıvan qəzasına rəis təyin edilmişdi və o, dostu Nikolozu da Naxçıvana dəvət edərək özünə köməkçi təyin etmişdi. Levan istəyirdi ki, kədərli taleyi olan dostu Nikolozu əvvəlki şən, gümrah halına gətirsin.

Nikoloza qəza idarəsinin yanındakı iki mərtəbəli binada 2-ci mərtəbədə ev vermişdilər. Bu ikimərtəbəli bina son illərədək qalırdı.

Nikoloz Naxçıvan şəhərində 1844-cü ilin noyabrından 1845-ci ilin mayının ortalarına kimi yaşayıb və qəza rəisinin köməkçisi işləyib. Şairin tədqiqatçısı A.Qatsereliyanın yazdığına görə, Nikola Naxçıvanda 6 ay yaşayıb və işləyib. Sonralar onun dostu olan qəza rəisi Levanın vəzifəsi Tiflisə dəyişdirilir və o da dostu ilə Tiflisə dönür. Çox keçmir ki, Levan Telaviyə təyinat alır. Elə bu arada Nikolozun ana tərəfindən qohumu olan Mamiuka Orbeliani Gəncəyə qəza rəisi təyin olunur. O, qohumu Nikolozu da Gəncəyə apararaq özünə köməkçi təyin edir. Dostunun təklifi gec gəldiyindən qohumunun qəlbini sındırmaq istəmir. O, 1845-ci ilin iyul-oktyabr aylarında Gəncədə işləyib. Amma tale burada da onun üzünə gülmür. Nikoloz oktyabrın 9-da Gəncədə vəfat edir və 1845-ci il oktyabrın 11-də Gəncədəki kilsənin həyətində dəfn edilir. 1893-cü ildə gürcülər onun məzarını Tiflisdəki Didube qəbiristanlığına köçürürlər. 1938-ci ildə isə onun məzarını Şeyx Sənan dağının (Mtaçminda-Müqəddəs dağ) sinəsində olan David kilsəsinin yaxınlığındakı panteonda dəfn edirlər. 1982-ci ildə şairin doğulduğu və yaşadığı evdə (Çaxruxadze, 17) ev-muzeyi açılıb. Cəmi 28 il yaşayan gürcü romantik şairi Nikolozun sağlığında heç bir şeiri çap edilməyib. 1922-ci ildə şeirlər kitabı, 1948-ci ildə isə "Məktublar"ı çap edilib. Gürcü dilində nəşr olunan "Məktublar"nda (s.91) naxçıvanlı şairə Qonçabəyim haqqında da məlumat verib.

XX əsrin ortalarında Gürcüstan - Azərbaycan ədəbi əlaqələrindən bəhs edən tədqiqat əsərində (rus dilində) Dilara Əliyeva ilk dəfə bu haqda məlumat vemişdi. 1981-ci ildə yazdığı "Ürək bir, dilək bir" kitabında yenidən bu mövzuya qayıtmış və Nikolozun məktubunu Azərbaycan dilinə tərcümə edərək çap etdirmişdi.

Azərbaycan musiqisinə, xalq mahnılarına dərin rəğbət bəsləyən Nikolozun ana tərəfdən qohumları bir vaxtlar Naxçıvanda yaşamış və fəaliyyət göstərmişlər. Qeyd edək ki, Nikolozun anası Efemiya çar II İraklinin nəvəsidir. Şairin anasının dayısı Aleksandr XIX əsrin əvvəllərində təqiblərdən qaçaraq bir müddət Naxçıvanda Kalbalı xanın himayəsində yaşayıb. Ona Naxçıvanda İskəndər deyirmişlər. Nikolozun dayısı, şair Qriqol Orbeliani ikinci Rusiya-İran (1826-1828-ci illərdə) müharibəsində Zaviyyə məhəlləsində bir mülkdə yaşamışdı. Hətta Orbelianinin böyük salonun divarına yazdığı (gürcücə ornamentli yazılmışdı müəllif) iki misra şeir 1980-ci ilin iyulunadək qalırdı. Amma mülk sahibi evinin əldən çıxmasından qorxaraq divardakı naxışlı yazını qazaraq məhv etmişdi. Biz buna çox təəssüf etdik. Dediyimiz kimi, 1844-cü ildə tale gəmisi Nikolozu da Naxçıvana gətirmişdi.

Şairə Qonçabəyim haqqında tapılan yeni sənədlərdən söhbət açmazdan əvvəl Nikoloz Barataşvilinin 1845-ci ildə Naxçıvandan dayısı qızı Maiko Orbelianinin yazdığı məktubu bir daha xatırlayaq: "İndi Naxçıvanda Qonçabəyim adında on səkkiz yaşlı bir qızın mahnıları məşhurdur. O, xan qızıdır, çox gözəl və cazibədardır. Yazıq öz ərindən çox yanıqlıdır, ondan ayrılmaq istəyir. Binəvanı 12 yaşında ikən ərə vermişlər. Əgər onların həyatını bilsəydiniz... Gözəl bir romandır".

Nikoloz şairə Qonçabəyimin şeirlərindən özünün yazdığına görə, gürcü dilinə çevirib dayısı qızına göndərir ki, Tiflisdə xanəndə Səttar oxusun.

Dayısı qızı Maiko Orbeliani bu gənc qızın taleyi ilə maraqlanır. Hətta Nikolozdan xahiş edir: "Allah xatirinə o qızı ərindən xilas elə".

Nikolozun dostu Naxçıvanda qəza rəisi və özü də onun köməkçisi olduğundan yəqin ki, bu hadisələrə müdaxilə edə bilirmiş. Çünki məktublarının birində dayısı qızı Maikoya yazır: "Əziz bacım Maiko! Çox təəssüf ki, bütün hadisələrlə səni tanış edə bilməyəcəyəm, ancaq ər-arvadı barışdırdım". Əlbəttə, artıq uzun illərdir ki, şairənin tədqiqatçıları onun harada Nikolozla tanış olmasından yazırlar. Şeirlərini axtarırlar, tapdıqlarını çap ediblər və sair. Bunlar öz yerində. Amma axtarışlar güman və ehtimallardan ibarət ola bilməz. Axtarışların nəticəsi də olur.

Bildiyimiz kimi, onun kimin qızı olması ilə bağlı xeyli yazılar da var. Nikoloz Qonçabəyimin Ehsan xanın qızı olduğunu göstərməyib. Sadəcə "O, xan qızıdır" yazıb. Bundan başqa, Ehsan xan XIX əsrin hərbçisi olduğundan onun həmişə ailə üzvləri haqqında kameral siyahılarda qeydlər aparılıb. Heç zaman onun Qonçabəyim adlı qızı kameral siyahıda yazılmayıb. Ona görə də bu mübahisəli məsələnin həlli üçün axtarışlarımızı davam etdirdik. Tapılan arxiv sənədləri şairə Qonçabəyimin kimliyi məsələsini aydınlaşdırdı. Bu axtarışda Gürcüstan Milli Arxivindən tapılan sənəd köməyimizə çatdı. Yeni tapılan sənədlərdən biri Naxçıvan əyalətinin kamera təsviridir. 1831-ci ildə Naxçıvan əyaləti kameral siyahıya alınmada şairə Qonçabəyimin ailə üzvləri də qeydə alınıb. Ancaq burada da Gürcüstan Milli Arxivində tapılan sənəddə olduğu kimi, ailədə 2 bacı haqqında məlumat var: Ayaq (Aşağı) Camaldın kəndi. 1. Ağabəyim xanım Paşa bəy qızı 7 yaşında; Onun bacısı Qonçabəyim xanım 5 yaşında. Atasının vəfat etdiyi haqda məlumat var. Anası haqda heç nə yazılmayıb. Digər sənədlərdən də öyrənirik ki, Paşa bəy Kəngərli 1831-ci ilədək vəfat edib. Bu sənədin vasitəsilə şairə Qonçabəyimin doğum tarixini də dəqiq yazmaq mümkün olur: O, 1826-cı ildə doğulub.

Əvvəlki yazılarımızda Ehsan xanla Paşa bəyin dostluğu və torpaq şərikliyi haqda yazdığımızdan onları bir daha təkrar etməyi lazım bilmədik.

Tapılan digər sənəd işə Ehsan xanın qızı Sonabəyimin Qafqaz Canişinliyinə İrəvan Qəyyumluq İdarəsinə göndərdiyi məktublardır. Məktublar 1846-cı ildə, Ehsan xanın ölümündən sonra yazılıb. Ehsan xanın vəfatından sonra daşınan və daşınmaz əmlaklarının varisləri arasında bölünməsi ilə bağlı 1000 səhifəyə yaxın sənədlər vardır. Hətta burada onun azyaşlı qızı Lalabəyimin qəyyumluğa verilməsi ilə də bağlı maraqlı sənədlərə rast gəlinir. Burada diqqət çəkən məsələlərdən biri - varislər arasında Qonçabəyimin adı yoxdur. Əgər Ehsan xan Qonçabəyimi qızlığa, yəni qəyyumluğa götürsəydi, ona da onun mirasından pay veriləcəkdi. Dediklərimizi Ehsan xanın qızı Sonabəyimin 1846-cı il 29 iyulda Qafqaz Canişininə yazdığı məktub təsdiqləyir. Sonabəyim həmin məktubda yazır: "Atamın vəfatından sonra on səkkiz min manatlıq əmlakı qalıb. Onun varisləri isə ancaq iki oğlu: İsmayıl xan və Xanlar xanı (Kalbalı xan) və 2 qızı: mən və bacım Lalabəyimdir. Mən Qarabağ sakini Məhəmməd bəy Behbudbəyovla (şair Məhəmməd bəy Aşiq - müəllif) evliyəm. Bacım isə əmim oğlu İrzaqulu xana (Nəzərəli xanın oğlu - müəllif) nişanlanıb..."

Sonabəyimin digər məktublarında da Ehsan xanın 2 qızının olduğu təkrar-təkrar yazılıb. Bu məktublar bir daha təsdiqləyir ki, şairə Qonçabəyim xanım Kəngərli Ehsan xanın qızı deyil. Şairə Qonçabəyim xanım Bilici qolundan olan Paşa bəy Kəngərlinin dost-doğmaca qızıdır. Onun atası Paşa bəy Ehsan xanın şəriki və dostu olub. Yəqin bu səbəbdən Qonçabəyimi Ehsan xanın sarayında Nikolozun görməsi mümkündür. Ola bilsin, digər xanlardan biri Paşa bəyin qızlarını qəyyumluğa götürübmüş. Hər halda bu haqda arxiv sənədləri tapılmalıdır. Axtarışlarımız göstərdi ki, Ehsan xanın belə bir qəyyumluq sənədi yoxdur. Əgər olsaydı, onun əmlakı bölünəndə hökmən İrəvan Qəyyumluq İdarəsi ortalığa gətirərdi. Bir də ki, Nikoloz Qonçabəyimi görəndə artıq o, ailəli idi. Bizcə, Qonçabəyim xanımın qəza idarəsinə şikayət məktubu varmış və o, bu məsələ ilə bağlı Nikolozla söhbətləşə bilərdi. Nikoloz Azərbaycan türkcəsini yaxşı bilirmiş ki, onun şeirlərindən gürcü dilinə tərcümə edib Tiflisə göndərirmiş.               

Qonçabəyimin vaxtı ilə Ehsan xanın oğlu Xanlar Xana (Kalbalı xana) nişanlı olması haqda da arxiv sənədi vardır. Amma sonralar nədənsə ailə qurmayıblar.

Tbilisdə və Naxçıvanda aparıla biləcək dərin axtarışlar şairə haqqında yeni sənədləri üzə çıxara bilər. Şairənin fotosu kimi təqdim edilən foto isə onun deyil. Çünki fotoşəkil 1894-95-ci illərdə fotoqraf Yermakov tərəfindən çəkilib. Naxçıvanın Kəngərli bəy əsilzadələrindən birinin qızının fotoşəklidir.

Qeyd edək ki, bu foto heç də Nikolozun təsvir etdiyi Qonçabəyimlə uyğun gəlmir. Nikolozun məktubunda şairə Qonçabəyim xanım Kəngərli çox gözəl və cazibədar kimi təsvir olunub.

 





25.04.2023    çap et  çap et