"İqtisadi Şuranın sonuncu iclasında 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılması (dürüstləşmə) məsələsi müzakirə olunub. Bununla bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyev hökumətə tapşırıqlar verib. Belə ki, bu ilin birinci rübü üzrə dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq icra olunması 2023-cü ilin dövlət büdcəsinə yendən baxılmasına zəmin yaradıb".
Bunu 525.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, 2023-cü il dövlət büdcəsinin gəlirləri 30.7 milyard, xərcləri 33.3 milyard manatdır: "Mövcud büdcə sənədinə əsasən, 2023-cü ildə dövlət büdcəsindən əmək haqqı və pensiya ödənişləri daxil olmaqla 15.2 milyard manat sosial sferaya yönəldiləcək. Bu ümumi büdcə xərclərinin 45.6 faizi deməkdir".
Deputat sözlərinə davam edərək bildirib ki, büdcəyə ediləcək dəyişikliklərdən sonra büdcənin gəlir və xərclərində artımların olacağı gözlənilir: "Hələlik dürüstləşmə ilə bağlı konkret layihə ictimaiyyətə təqdim edilmədiyi üçün hansı istiqamətlər üzrə daha çox vəsaitin ayrılacağını indidən söyləmək mümkün olmasa da bu zaman milli prioritetlərin nəzərə alınacağı istisna deyil. Belə ki, sosial təminatın daha gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın sürətləndirilməsi, dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın müdafiəsi prioritetliyini qoruyub saxlamaqdadır".
Sevinc Qarayeva
çap et