Aprelin 23-ü Azərbaycanın tarixi üçün daha bir önəmli hadisə ilə yadda qaldı. Həmin gün Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsi quruldu. Dövlət Sərhəd Xidmətinin (DSX) bununla bağlı yaydığı açıqlamada qeyd edilir ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması əlbəttə ki, Azərbaycanın suveren hüququdur. Ona görə də hansısa paytaxtlardan verilən bəyanatlar sadəcə bir kağız parçası olaraq qalacaq. Çünki həmin dövlətlər heç vaxt Azərbaycana yanaşmada beynəlxalq hüquq və onun normalarından çıxış etməyib, ədalətli mövqe sərgiləməyib. 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Ermənistan məhz bu yolda nəzarət-buraxılış məntəqəsinin olmaması səbəbindən təxribatlar törədib, qanunsuz addımlara əl atıb, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazisində cinayətkar fəaliyyətini davam etdirib. Bu yolla ərazilərimizə Ermənistandan silah-sursat, digər hərbi vasitələr, minalar, canlı qüvvə, terrorçular belə daşınıb. Müharibə birtikdən sonra həmin minalar çoxsayda hərbçimizin və mülki insanların həyatına son qoyub, sağlamlığına ciddi zərər vurub. Bir neçə gün öncə Şuşa ətrafında Ordumuzun daha üç hərbi qulluqçusu mina partlaması nəticəsində xəsarət aldı. Azərbaycanın dəfələrlə xəbərdarlıqlarına, faktları təqdim etməsinə baxmayaraq nə İrəvan üçtərəfli bəyanatı yerinə yetirərək bu cinayətkar fəaliyyətinə son verib öz qanunsuz silahlı birləşmələrini ərazimizdən çıxardı, nə beynəlxalq səviyyədə hansısa addım atıldı. Ermənistan bununla bölgədə gərginlik ocağının qalmasında, sülhün deyil, qeyri-sabitliyin davam etməsində maraqlı olduğunu ortaya qoyur. Azərbaycan isə əlbəttə ki, öz ərazisində baş verən bu cinayətkar, qanunsuz addımlara göz yuma bilməzdi. Buna görə də, özünün suveren hüququndan çıxış edərək Laçın yolunda sərhəd-buraxılış məntəqəsini qurdu.
Milli Məclisin deputatı Vüqar Bayramov mövzu ilə bağlı "525"ə deyib: "Dövlət Sərhəd Xidmətinin Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurması Azərbaycan tarixinin ən vacib hadisələrindən biridir. Bu regionda dayanıqlı sülhün əldə edilməsi üçün vacib şərtlərdən idi. Nəzarət məntəqəsinin yaradılması sülh danışıqlarında əsas istiqamət olan ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsipinə də uyğundur. Qarabağ Azərbaycanın ayrılmaz hissəsi və iqtisadi rayonlarından biridir. Bu baxımdan, Azərbaycanın istənilən ərazisi ilə digər ölkələr arasındakı əlaqələr suverenlik prinsiplərinə uyğun olaraq əmtəə və insanların hərəkətinin nəzarət-buraxılış məntəqələrində qeydiyyatı ilə reallaşması vacib idi".
V.Bayramov əlavə edib ki, Laçın rayonda nəzarət-buraxılış məntəqəsinin yaradılması yalnız siyasi deyil, eyni zamanda, iqtisadi əhəmiyyətə malikdir: "Qeyd etmək lazımdır ki, Ermənistan Azərbaycanın gömrük rüsumundan yayınaraq 30 illik işğal dövründə qanunsuz yükdaşımalarla Azərbaycan iqtisadiyyatına milyardlarla dollar həcmində ziyan vurub. Nəzarət-buraxılış məntəqəsi, həmçinin, Azərbaycan sərvətlərinin qeyri-leqal daşınmasının qarşısını alacaq və Qarabağ iqtisadi rayonunda təbii ehtiyatların talanmasına son qoyacaq. Azərbaycan yeni mərhələyə qədəm qoyur. Bu, həmçinin, iqtisadi bütövləşmə mərhələsidir".
Milli Məclisin deputatı Aydın Hüseynov hesab edir ki, əvvəla, Azərbaycan öz ərazisində istənilən qurumu təsis etmək hüququna malikdir: "İkincisi, bu addım Azərbaycan-Rusiya-Ermənistan arasında 2020-ci ilin 10 noyabrında imzalanmış bəyanatın müddəlarına uyğundur. Üçüncüsü də budur ki, sərhəd-buraxılış məntəqəsinin qurulmasını şərtləndirən əsas səbəb Ermənistan tərəfindən təxribatların törədilməsində bu yoldan aktiv istifadə edilməsi idi". Deputat əlavə edib ki, bundan sonra Qarabağ ərazisinə Ermənistan tərəfindən qanunsuz yüklərin daşınması mümkün olmayacaq: "Ermənistan rəhbərliyi daim sülhdən danışır, amma əməlində müharibə izləri açıq şəkildə ortadadır. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, Ermənistan əgər 29,8 min kvadrat kilometr ərazidə təhlükəsiz yaşamaq istəyirsə, sülh müqaviləsi imzalamalıdır və onun şərtlərinə əməl etməlidir. Əks təqdirdə, fərqli mənzərənin şahidi olacaq, arzulamadığı duruma düşəcək. Son hadisələr də onu göstərir ki, Ermənistan sülhə hazır deyil. Azərbaycan gözləməməlidir ki, Ermənistan Qarabağda vəziyyəti gərginləşdirib, vəziyyəti yenidən çıxılmaz duruma gətirsin. Ona görə də ölkəmizin rəhbərliyi tərəfindən atılan son addımlar Azərbaycanın bütün ərazisində suveren hüquqlarının bərpası deməkdir. Bunu bütün dünya ölkələrinin də bilməsi gərəkdir".
çap et