525.Az

66 yaşa 100 arzuluq ürək sözü - Umud Rəhimoğlu yazır


 

66 yaşa 100 arzuluq ürək sözü - <b style="color:red"> Umud Rəhimoğlu yazır</b>

Müdriklərin tapındığı sadə həqiqət var: İnsan haqqı çatana vaxtından,  zamanından asılı olmayaraq bir gün nail olur. O isə haqqının çatdığına, heç zaman, iddia etmədi. Nə qazandısa, hamısını istedadı, bitib-tükənməyən enerjisi, gördüyü işlərə sevgisi, məhəbbəti, inanılmaz səbri və təmkini ilə əldə etdi. Həyatda hər şeyə yol verdiyimiz səhvlərlə deyil, kim olduğumuzu dərk etməyi öyrənmək üçün yaşadığımız təcrübələrlə yiyələnirik. O, yaşadığı təcrübələri incələyərək, onların üzərinə enerjisini, sevgisini qatdı. İçindəki istək və istəyi gerçəkləşdirmək naminə etdiyi cəhdlər onu haqqı olan yüksəkliklərə qaldırdı. Söhbət illərin sınağından çıxmış, respublikamızın əməkdar jurnalisti, Azərbaycan Mətbuat Şurasının sabiq sədri, Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı, ölkəmizdə jurnalistikanın institutlaşmasında və təşkilatlanmasında müstəsna xidmətlərə malik şəxsdən - "Xalq qəzeti"nin baş redaktoru Əflatun Amaşovdan gedir. O Əflatun Amaşovovdan ki, mənim üçün hər şeydən öncə əqidə dostudur, ləyaqətli insan obrazıdır, peşəkarlığa dəyər verən simadır, mükəmməl menecerdir və yaradıcı şəxsiyyətdir. Söhbət həm də o Əflatun Amaşovdan gedir ki, bu gün ömrünün 66-cı ilinə qədəm qoyur. 

Onunla yollarımız uzun illər əvvəl kəsişdi. Bir-birimizi 80-ci illərdən tanımağa başladıq. Ancaq Əflatun Amaşovla işbirliyimiz, isti münasibətlərimiz 2000-ci ildən sonra daha da möhkəmləndi, eyni proseslərin iştirakçıları olduq. Sağlam ünsiyyətimiz, təmaslarımız dostluğumuz üçün böyük fürsət verdi. Çox məmnunam ki, bu fürsəti dəyərləndirməyi bacardıq. İllər ərzində onda ancaq dürüstlüyü, insanlara  yardım etmək əzmini,  haqqın, ədalətin yanında dayanmaq bacarığını gördüm. Bu keyfiyyətlərindən saatlarla danışa, ən müxtəlif misallar çəkə bilərəm. Fəqət, onun iç dünyasının zənginlik mənzərəsini təsvir etməyin çətinliyini də anlayıram. Çünki Əflatun Amaşov şəxsiyyəti fövqəladədir. Bu fövqəladəliyi Azərbaycan Mətbuat Şurasında bərabər çalışdığımız illərdə daha çox duydum.

Ancaq bir qədər əvvələ ekskurs etmək istərdim. Yaxşı xatırlayıram, Azərbaycan mediası müstəqillik illərində müəyyən inkişaf yolu keçsə də, ötən əsrin sonlarına dogru, bütövlükdə, müstəqil media qurumlarının vəziyyəti heç də ürəkaçan deyildi. Sistemsizlik, pərakəndəlik bir yana, vahid inkişaf konsepsiyası yox idi. Bütün bunlara baxmayaraq, o zaman yeni, dolğun təfəkkürlü, taleyinə cavankən müdrikləşmək yazılmış jurnalist nəsili də formalaşırdı ki, Əflatun Amaşov bu nəsilin təmsilçisi, həm də ən parlaq təmsilçilərindən idi. 1998-ci ildə "Ruh" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin sədri kimi jurnalistlərin hüquqlarının qorunması, onların peşəkarlığının artırılması, etik normalara riayət edilməsi ilə bağlı çevik, bir-birindən maraqlı və vacib layihələr həyata keçirir, təşəbbüslər gerçəkləşdirirdi. Heç şübhəsiz, 2003-cü ildə Azərbaycan Mətbuat Şurasının sədri seçilməsində də qazandığı bu təcrübənin önəmi vurğulanmalıdır.

Əflatun MŞ sədri kimi, bir dəfə də olsun, sonradan utancverici, yanlış qərar qəbul etmədi. Cünki güzəştə getməyi, bölüşməyi, alternativ fikri dinləməyi bacarırdı. İki daş arasında qalanda da, özü çarəsiz, ümidsiz durumda olanda da ona müraciət edənlərin, demək olar, hamısının problemlərini həll edirdi, hər kəsin nəzərində ümid qapısına çevrilməyi bacarırdı. Yüzlərlə jurnalistin iş, sağlıq problemlərindən tutmuş mənzil məsələlərinə qədər, illərlə çözülməyən çətinliklərinin aradan qaldırılmasında müstəsna rolu, dirənişi diqqətəşayandır. Maraqlıdır, onun birinə dəstəyi digərinin haqqına girmək anlamından uzaqdır. Çünki Amaşov haqq adamıdır. Böyük haqqın adamı.

Əflatun Amaşovu ittiham etmək də mümkündür, tənqid atəşinə tutmaq da. Ancaq təpədən dırnağadək böyük hərflərlə yazılacaq İNSAN olduğunu  görməzdən gəlmək nəinki yolverilməzdir, hətta günahdır. Bunu tam əminliyimlə deyirəm. Söhbət işdən gedirsə, bir qədər də konkretləşdirərək bildirim ki, Amaşovun Mətbuat Şurasına sədrliyi ictimai hadisə idi və bu hadisə dövlətin, cəmiyyətin və medianın maraqlarının eyni dərəcədə təminatına əsaslanırdı. Onun uğur formulu isə bu maraqlar arasında balansın yaradılmasıdır. O, böyük ölçüdə heç bir marağı digərinə qurban vermədi, uzlaşdırdı, mümkün qədər hər kəsi, hər tərəfi məmun etməkdə məharət göstərdi. Bəzən düşündüm ki, bu bacarıq Allah vergisidir. 

Hesab edirəm ki, Əflatun Amaşovun bir fəaliyyəti o biri üçün körpüdür, bazadır. Əgər "Ruh"un sədri kimi gördüyü işlər Mətbuat Şurasına rəhbərliyi reallığını doğurmuşdusa, jurnalist cameəsi öz qurultayında onun sədrliyi üzərində dayanmışdısa, Şuranın sədri qismində göstərdiyi xidmətlər isə "Xalq qəzeti"nin baş redaktoru təyin edilməsində öz sözünü dedi. Nəzərə alaq ki, "Xalq qəzeti" Azərbaycanın mətbuat tarixində böyük ənənəsi olan nəşrdir. Sovet dövründə "Kommunist" adı altında işıq üzü görmüş bu qəzet dövrün tələblərinə uyğun sovet təbliğat maşını olmaqla yanaşı, bilavasitə xalqın da yanında dayanmağı özünün peşəkarlıq etalonuna çevirmişdi. Nəşr hazırda Əflatunun rəhbərliyi altında öz ənənəsinə sadiqdir, yenə də xalqın yanındadır.

Yeri gəlmişkən, "Xalq  qəzeti"- Xalqın qəzeti!" sloqanını yada salaq. Onu da bildirək ki, son aylar nəşrdə əməlli-başlı dəyişiklik baş verib. Qəzet əlahiddə fərqlilik qazanıb. İndi cəmiyyəti narahat edən bütün məsələlər bu mətbuat orqanında açıq-aşkar müzakirə edilir. Qarabag, Qərbi Azərbaycan,  Zəngəzur, Xudafərin, Araz, Təbriz, Türk dünyası, Turan - nəşrin gündəlik mövzularındandır. Elə bir problem yoxdur  ki, "Xalq qəzeti" ona yer verməsin. Eyni zamanda, o, çağdaş dünyamızla ayaqlaşmaq xəttini götürüb, modern qəzetçiliyə doğru yön alıb. İndinin "Xalq qəzeti" dövlətçiliyə xidmət amalının müasir üsul və vasitələrlə gerçəkləşdirilməsini rəhbər tutan jurnalistika məktəbi kimi çıxış etməkdədir ki, bu da heç şübhəsiz, Əflatun dostumun inadkarlığının, çalışqanlığının, enerjisinin məhsuludur.

Onu da vurğulamalıyam ki, Əflatun Amaşov təkcə peşəkar jurnalist, uğurlu menecer deyil, həm də fövqəladə istedad sahibi olan mükəmməl yazıçıdır. Bunu ancaq mən demirəm, fikrimi bir çoxları təsdiqləyər ki, onun bədii yaradıcılıq dəst-xətti ədəbiyyatımız üçün koloritdir. Dostumun ədəbi debütünün "Qanıq, Hasan, bir də Qaragöz" romanı yaradıcılıq çevrələrində böyük əks-səda doğrumuş əsl ruh dastanıdır. O dastandakı mistik-mifoloji çalarlar bəlkə də elmi mərkəzlərin, universitetlərin birləşib təhlil etməyə güclərinin çatmayacağı ab-hava müəyyənləşdirib. Əsər, sanki bir əlçim işıqdır, qaranlıq olan hər tərəfə yayılır və o işığın qırçınları Borçalı elimizin gizlində saxladıqları, heç kimə göstərə bilmədikləri sirrləridir. Əsərdəki obrazlar o qədər diri, canlıdır ki, onlara toxunmaq, onlarla söhbətləşmək olur. Zəngin, sirli-sehrli təhkiyə, əslində, öz ilkin mayasını dastanlarımızdan, nağıllarımızdan alır. Bəli, "Qanıq, Hasan, bir də Qaragöz" əsl peşəkarın qələmindən çıxmış romandır. Oxucunun bitməsini istəmədiyi möhtəşəm roman. Qətiyyətlə deyə bilərəm ki, Əflatunun özü kimi özünəməxsus, orijinal olan bu əsəri, ədəbiyyatımızda ən müxtəlif özəlliklərinə görə həmişəlik qalacaqdır.

Əsərdən söz düşmüşkən, yəqin fərqinə vardınız ki, 66 yaşı tamam olan dostumun həyat yolundakı bir çox əsərlərindən söz açdım. Ancaq onlardan ən mühümünü, belə demək mümkünsə, şah əsərini vurğulamadım. İstərdim yazımın bu yerindən ondan danışım. Əslində Əflatun Amaşovla oğlu Orxan Amaşov bir tamdır, biri digərinin davamıdır. Orxan Amaşovun təhsili, dünyagörüşü, böyük ölçüdə, Əflatunun getdiyi yoldur. Əlbəttə, bu yolun da zamanın, dövrün fərqliliklərinə uyğunlaşma trayektoriyası olmalıdır. Fikrimcə, Orxan həmin uyğunluğun özüdür. O uyğunluq Əflatun Amaşov obrazındakı xüsusiyyətləri mənimsədiyi kimi, özünün yanaşmaları ilə bu obrazı da müasirliyə daşıyır. Fikrimcə, ata Amaşov obrazının ictimai mühitimizdəki müasirlik ampluasında Əflatun-Orxan tandeminin rolu böyükdür. Bu tandem daim bir-birilə müzakirədə, sözün yaxşı mənasında, mübahisədədir. Onların mübahisəsi də, müzakirəsi də ənənədir. Ənənə isə o zaman ənənə olur ki, onda davamlılıq var. Orxan atasının idealındakı insan inşaatının memarlığını üstləmiş ənənədir. O, bu inşaatı sağlam, eyni zamanda, çox möhtəşəm görüntüdə təhfil vermək potensialındadır. Bu potensial mükəmməl təhsilin, xarici dil biliklərinin, ümumən, həyat fəlsəfəsinin Azərbaycan həqiqətlərinin, Qarabağ məsələsi ilə bağlı reallıqların, dövlətimizin ədalətli mövqeyinin təbliği naminə səfərbərlik missiyasını doğurub. Deməli, Orxanın potensialı da ictimai məzmun qazanıb.

Əflatun Amaşovun doğum gunu münasibəti ilə qələmə aldığım bu yazıda onu səciyyələndirən üç əsas keyfiyyətdən söhbət açdım - əsl dost,  jurnalist-yazıçı olaraq yaradıcı mükəmməlliyi ilə seçilən şəxsiyyət və hər kəsin qəbul etdiyi bütöv İNSAN. Hesab edirəm ki, dostum ömrü boyu bu üç keyfiyyətdən heç zaman ayrı düşmədi. Əminəm ki, bundan sonra da ayrı düşməyəcəkdir. Qalır bu özəllikləri daha çox görmək diləyimiz. Yazım həm də diləyimin və arzumun ifadəsidir. Onu tanıyan, ona dəyər verən hər kəsin, qəlbindən gələn səsləri göstərməyi bacardımsa, nə xoş mənə. Doğum günün mübarək, əziz dost!

 

 





26.04.2023    çap et  çap et