525.Az

"Bütün həyatımı sənətimin üzərində qurmuşam"


 

"Bütün həyatımı sənətimin üzərində qurmuşam"<b style="color:red"></b>

Müsahibimiz sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, ADMİU-nun kafedra müdiri aşıq Samirə Əliyevadır.

 

- Samirə xanım, 10 yaşından etibarən aşıq sənətilə məşğulsunuz. Amma ali təhsilinizi musiqi yox, rejissorluq ixtisası üzrə almısınız. Bunun səbəbi nə idi?

- O zaman aşıq sənəti üzrə ali təhsil yox idi, yalnız xalq çalğı alətləri vardı. Mənsə rejissorluğun kütləvi tədbirlər üzrə istiqamətini seçdim. Çünki aşıq sənəti sinkretik sənətdir, özündə rejissorluğu da, aktyorluğu da, ifaçılığı da, bəstəkarlığı da birləşdirir. Mən də imtahan verib şükür ki, qəbul olaraq rejissorluq ixtisas üzrə təhsil aldım.

- Bu təhsiliniz sizə sonrakı yaradıcılığınızda nələr qazandırdı?

- Çox şey. Bilirsiniz ki, aşıq sənətində dastançılıq ənənəsi var. Bu dastançılığı nümayiş etdirəndə mütləq rejissorluqdan məlumatın olmalıdır. Tək dastançılıq da deyil, bəzən qrup şəklində ifa edir və ya tədbirlər hazırlayırıq. Bu zaman dinamikanı itirməmək, tamaşaçını yormamaq üçün mütləq rejissorluq bacarıqları olmalıdır. Dastançılıqda isə iş lap çətindir. Çünki bu, bir aktyorun tamaşasıdır və aşıq səhnəni o qədər güclü qurmalıdır ki, tamaşaçı o dastandakı obrazları canlı hiss etsin, inansın, darıxmasın.

- Aşıq sənətinə marağınız necə yarandı?

- Valideynlərim Tovuzdandır. O bölgə haqqında deyirlər ki, hər evdə bir saz var. Oranın insanları sevincini də, dərdini, kədərini də sazla bölüşürlər. Ona görə bizimçün elə də qeyri-adi seçim deyildi. Uşaq vaxtı qərar veriləndə ki, musiqi təhsili alım, tərəddüdsüz seçim saz aləti oldu. Sonradan müəllim də dedi ki, istedadı var. Özümün də, sırf saza olmasa da, ümumən musiqiyə həvəsim vardı. Həm də o dövrdə adət, dəb idi ki, hər kəs bacardıqca uşağını musiqiyə qoyurdu, mənimçün də aşıqlıq sənətini, sazı seçdilər. Nə gözəl ki, seçdilər.

- Və siz daha çox "Aşiq Samirə" kimi tanındınız...

- "Aşıq" sözü elə "aşiq" sözündən gəlir. Mən də sənətimə aşiqəm. Mənim haqqımda da deyirlər ki, sənətinə aşiq Samirə. Hərdən düşünürəm ki, görəsən, bu sənətdə, səhnədə olmasaydım, necə olardı? Sonra deyirəm ki, səhnəsiz qalmaq problem deyil, amma sənətsiz qala bilmərəm. Ən azından bunu müəllim kimi davam etdirməliyəm. Sazsız özümü təsəvvür edə bilmirəm. Bütün həyatımı sənətimin üzərində qurmuşam. Sazımın üstündə 1991-ci il yazılıb. Hərdən mənə deyirlər ki, siz elə cavansınız? Deyirəm, o, aşıq Samirənin dünyaya gəldiyi tarixdir. Biri var anamın dünyaya gətirdiyi Samirə, bir də var sənətin bəxş etdiyi, böyütdüyü Samirə.

- Bəs yorulub geriyə çəkilmək istədiyiniz anlar olub?

- Bəzən olur, amma çox ani gəlib gedir. Şükür Allaha ki, "bitirdim" deyib geriyə çəkildiyim, 1-2 ay uzaq qaldığım anlar olmayıb. Həmin hiss gələndə uğurlarımı, görəcəyim işləri, planlarımı yada salıram. Çünki bu işlər tək özümüz üçün deyil, həm də sənət üçündür. Ustadlarımızın dövründə təbliğat başqa cür idi, bizim nəsildə başqa cürdür. Əvvəlki dövrlərə baxdıqda indi milli musiqini yaşatmaq, təbliğ etmək çətindir. Nə yaxşı ki, dövlət qayğısı var, təbliğatımız üçün geniş şərait yaradılır. Yoxsa, elektron səslərin ağuşuna düşdüyümüz bu zəmanədə bizim üçün daha çətin olardı. Yaxşı, mən dayandım, o dayandı, bəs bu sənəti kim yaşadacaq, kim gələcək nəsillərə ötürəcək, kim sevdirəcək? Bunu özümün vəzifə borcum bilirəm və düşünürəm ki, atıb getməyə haqqım yoxdur.

- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyirsiniz, həmçinin, Aşıq sənəti kafedrasının müdirisiniz. Vəzifə ilə sənət necə davam edir?

- Müəllimlik mənimçün ən ali peşədir. Əgər nə zamansa elə bir an gəlsə, səhnədən gedə bilərəm, amma müəllimlikdən yox. Vəzifədə işləmək isə mənimçün çətin deyil, çünki müəllim yoldaşlarımla burada tanış olmamışıq, çox gənc yaşlarımızdan, məktəb illərindən tanışıq, bu sənətdə ilk zamanlardan birgə addımlamışıq, dəfələrlə bir səhnəni bölüşmüş, yol yoldaşı olmuşuq. Hamımız bir-birimizin həm xasiyyətinə, həm savadına bələdik deyə, heç bir çətinliyimiz yoxdur. Ona görə də bizimçün əsas məsələ əl-ələ verib gücümüzü bir yerə yığaraq bu sənəti tələbələrə doğru-düzgün tədris etməkdir. Yeganə amalımız bu sənətin inkişafıdır.

- Bu sənətin gələcəyini necə görürsünüz?

- Daha parlaq. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilk ali təhsil ocağıdır ki, aşıq sənətinin tədrisinə yer ayırıb. İldən-ilə bu sənətə axın edən tələbələrin sayının artması, eləcə də onların arasında böyük ümid verənlərin olması gələcək inkişafdan danışmağa əsas verir. Burada gənclərimizə aşıqlıq sənəti tamam başqa cür, peşəkar səviyyədə tədris olunur. Tələbələr burada not dərsi də alır, bəstəkar mahnılarını sazda ifa etməyi öyrənirlər. Həmçinin, nəzəriyyə də tədris olunur və gənclər burada hərtərəfli, bu günün və gələcəyin tələbinə uyğun yetişirlər. Biz müəllimlər də burada işləyə-işləyə inkişaf etmişik, elmi nailiyyətlər qazanmışıq. Ustad-şəyird ənənəsinə söykənərək çalışırıq ki, bu sənəti daha da inkişaf etdirək. ADMİU-da ayrıca aşıq sənəti kafedrasının olması isə bu inkişaf üçün böyük sütundur. Ona görə əminliklə deyirəm ki, bu sənətin gələcək inkişafına töhfələrimiz çox olacaq.

- Son zamanlar siz istər el havalarını, istərsə də bəstəkar mahnılarını yeni aranjimanda ifa edirsiniz. Ənənəyə qayıdış, keçmişə sadiqlik bu sənətdə nə qədər önəmlidir və bunu tələbələrinizə necə aşılayırsınız?

- Aranjiman olsa belə, biz ana xəttə toxunmuruq, sadəcə digər alətlərin müşayiəti də oraya əlavə olunur, təbii ki, üstünlük aşığın ifasında olmaqla. Sazın üstünlüyü mütləq olmalıdır. Bunları nəzərə alıram və tələbələrimizə də deyirik ki, aranjiman edəndə, nəyisə ifa edəndə bunlara diqqət yetirin. Ona görə də tələbələrimiz harasa çıxışa gedəndə, ya da nəsə ifa edəndə hərə gəlib öz müəllimi ilə məsləhətləşir. Hər müəllim də öz dəstə-xəttinə görə yol göstərir. Amma hər birimizin əsas şərti klassik ənənəni qorumaqdır. Yeniliklər gözəldir, ənənəyə, klassik üsluba sadiq qalmaqla.

- Biz sizi aktrisa kimi də görmüşük efirdə. Bu sənəti necə, davam etdirmək fikriniz varmı?

- Bayaq da dediyim kimi, aşıq həm ifaçı, həm aktyor, həm saz çalan, həm natiqdir. Aktyorluq isə təbii ki, çox dərin sənətdir. Amma aşığıqsa, az-çox bacarığımız olmalıdır. Aktrisa kimi çox istəyərdim ki, tariximizdə iz qoyan, tarix yazan xanımlarımızdan birinin obrazını yaradım. Məsələn, Xurşidbanu Natəvan obrazı inanıram ki, mənə çox yaraşar. Həmçinin, dastanlarımızda da gözəl xanım obrazlarımız var. Vaxt gələr, dastanlarımıza filmlər çəkilərsə, onlardan da birini canlandırmaq istəyərəm. Məsələn, "Nizami Gəncəvi İli"ndə "Leyli və Məcnun" dastanı səhnələşdirildi və mən orada Leyli obrazını canlandırdım.

- Yaradıcılığınız, həm də müəllim kimi fəaliyyətinizlə bağlı nə kimi planlarınız var?

- Bir çox aşıq havaları var ki, istəyirəm onları yeni aranjimanda, kliplərlə təqdim edim. Müəllim olaraq isə planım budur ki, tələbələrimlə birgə aşıq musiqilərimizi ifa edək. Düzü, buna başlamışıq. "Ana yurdum", "Misridən Cəngiyə" kimi layihələrimizdə tələbələrimizlə birgə çıxış etmişik. Bu, tələbələrə həm həvəs, həm də təcrübə olur. Həmçinin, tamaşaçılarımız da tanısınlar ki, necə aşıqlarımız gəlir meydana. Bir də çox istərdim ki, gənc aşıqlar üçün müsabiqələr olsun. Nə qədər çox olarsa, bir o qədər rəqabət güclü olur, gənclər də öz üzərilərində ciddi işləyir, çalışırlar, nəticədə sənət inkişaf edir, yeni-yeni simalar, sənətkarlar meydana gəlir. İnşallah, gələcəkdə çalışarıq ki, həm universitetimizin nəzdində, həm də dövlət səviyyəsində aşıq müsabiqələri təşkil edək və bu sənəti yarışmalarla gündəmə gətirək.

Şahanə MÜŞFİQ

 





26.04.2023    çap et  çap et