525.Az

Səfir Qo Min: "Çin və Azərbaycan əsl strateji tərəfdaşlardır"


 

Səfir Qo Min: "Çin və Azərbaycan əsl strateji tərəfdaşlardır"<b style="color:red"></b>

Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min "525-ci qəzet"ə müsahibə verib

- Xanım səfir, tarixi qədim İpək Yolu dövrünə gedib çıxan Azərbaycan-Çin münasibətləri Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra yeni mərhələyə qədəm qoyub. Ölkələrimiz arasında mövcud münasibətləri necə qiymətləndirirsiniz?

- İki min il əvvəl qədim İpək Yolu Çinlə Azərbaycanı birləşdirib və iki ölkənin xalqları arasında dərin dostluq münasibətləri yaranıb. Uzunmüddətli ticarət və mədəni əməkdaşlıq zamanı ölkələrimiz arasında təcrübə mübadiləsi aparılıb, qarşılıqlı anlaşma möhkəmlənib. Çin ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından ötən 31 il ərzində ikitərəfli əlaqələrimiz intensiv şəkildə inkişaf edir və müxtəlif sahələrdə əməkdaşlığımız səmərəli nəticələr verir. Bütün bu illər ərzində Çin və Azərbaycan çətinlikləri bölüşərək, dostluq və tərəfdaşlığın qızıl salnaməsini birgə yazdı. Onlar birlikdə ikitərəfli münasibətləri tarixdə görünməmiş səviyyəyə qaldırdılar. ÇXR sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyev ikitərəfli münasibətlərin inkişafına böyük əhəmiyyət verirlər. İki dövlətin liderləri şəxsi dostluq və sıx strateji əlaqələri dəstəkləyir, qoruyub saxlayır, Çin-Azərbaycan münasibətlərinin "gəmisini birgə idarə edir" və gələcəyini planlaşdırırlar.

Ötən ilin sentyabrında ölkələrimizin liderlərinin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən sammiti çərçivəsində uğurlu görüşləri baş tutdu. Bu görüş istiqamətləri aydın şəkildə müəyyən etdi, ikitərəfli münasibətlərin inkişafına yeni impuls verdi. Mən inanıram ki, Çin Sədri Si Cinpinin və Azərbaycan Prezidenti İlham Əliyevin strateji rəhbərliyi və şəxsən iştirakı sayəsində Çin-Azərbaycan münasibətləri yeni parlaq perspektivlər açacaq, daha yetkin və dolğun məzmunlu növbəti mərhələyə yüksələcək.

- Dünyanın ikinci ən böyük iqtisadiyyatına malik Çinin Azərbaycanla ticarət, investisiya əlaqələri nə yerdədir? Çin şirkətləri Azərbaycana investisiya yatırmaqda nə dərəcədə maraqlıdırlar?

- Çin həmişə açıqlığda və "qazan-qazan" əməkdaşlığında maraqlı olub. Biz dünyanın digər ölkələri, o cümlədən, Azərbaycanla fəal şəkildə əməkdaşlığı dərinləşdirir, inkişaf imkanlarını bölüşürük. Diplomatik münasibətlərin qurulmasından ötən 31 il ərzində Çin-Azərbaycan ikitərəfli ticarəti ümumilikdə 1200 dəfədən çox artıb.

Çin müəssisələri Azərbaycanda elektrolitik alüminium istehsalı, sement istehsalı, neft və qaz yataqlarının kəşfiyyatı və istismarı, texniki xidmətlər, telekommunikasiya kimi sahələrdə bir sıra irimiqyaslı əməkdaşlıq layihələri həyata keçirib. Onlar, həmçinin, emal və istehsal, yeni enerji, kənd təsərrüfatı məhsullarının becərilməsi və emalı sahəsində investisiya layihələrində fəal iştirak edirlər.

Son illər Çin Sədri Si Cinpinin və Prezident İlham Əliyevin şəxsən iştirakı ilə ölkələrimiz ticarət və investisiya əməkdaşlığını dərinləşdirməkdə və genişləndirməkdə davam edir. Çin Azərbaycanın dörd ən böyük ticarət tərəfdaşından biridir. 2022-ci ildə ikitərəfli ticarətin həcmi əvvəlki illə müqayisədə 15 faiz artıb. Son 10 ildə Çindən Azərbaycana ixrac edilən əsas məhsullar - tekstil, ayaqqabı və papaq kimi məhsullar mexaniki avadanlıqlar, elektron cihazlar və avtomobillər kimi qabaqcıl məhsullarla əvəzlənib. Bu, Azərbaycan istehlakçılarının məhsul seçimi imkanlarını genişləndirib, eyni zamanda, Azərbaycanın iqtisadi inkişafına, sənayenin transformasiyasına və modernləşməsinə təkan verib. Çin, həmçinin, Azərbaycanın keyfiyyətli xüsusi məhsullarının idxalını fəal şəkildə dəstəkləyir və Azərbaycanı "Çin Beynəlxalq İdxal Sərgisində" (China International Import Expo) və digər irimiqyaslı beynəlxalq tədbirlərdə iştiraka dəvət edir. Biz Azərbaycandan Çinə ixrac edilən malların siyahısının ənənəvi xam neft və neft məhsullarından kimya, qida və digər daha geniş sahələrə qədər genişləndirilməsinə dəstək veririk. Bundan əlavə, Çin müəssisələri Azərbaycanın kommersiya mühiti, bazar imkanları və sənaye siyasəti haqqında anlayışlarını tədricən dərinləşdirir, onların investisiya və əməkdaşlığa maraqları əhəmiyyətli dərəcədə artıb. İnanıram ki, yaxın gələcəkdə Azərbaycanda Çin müəssisələrinin investisiya qoyuluşu ilə texniki cəhətdən qabaqcıl, ekoloji cəhətdən təmiz və ətraf mühit üçün təhlükəsiz olan irimiqyaslı layihələrə start veriləcək.

Növbəti mərhələdə Çin Azərbaycanla birlikdə ikitərəfli ticarətin genişləndirilməsi, ticarət mallarının strukturunun optimallaşdırılması və ticarət prosedurlarının daha səmərəli sadələşdirilməsi imkanlarını araşdırmağa hazırdır. Biz, praqmatik, sabit və dərin Çin-Azərbaycan əməkdaşlığına yeni və daha böyük güc qatmaq üçün Azərbaycanda sərmayə qoymaqda, biznes qurmaqda, nəqliyyat, sənaye istehsalı, yaşıl iqtisadiyyat, rəqəmsal iqtisadiyyat və ağıllı kənd təsərrüfatı sahəsində layihələr üzrə əməkdaşlıqda öz müəssisələrimizi fəal şəkildə dəstəkləyəcəyik.

- Hazırda Çin və Azərbaycan arasında "Bir kəmər, bir yol" və "Orta dəhliz" kimi bir çox əməkdaşlıq layihələri mövcuddur. Bu layihələrin ikitərəfli münasibətlərə təsirini necə qiymətləndirirsiniz?

- Bu il "Bir kəmər, bir yol" təşəbbüsünün irəli sürülməsindən 10 il keçir. Bu müddət ərzində layihəyə beynəlxalq ictimaiyyətdən, o cümlədən, Azərbaycandan müsbət reaksiya gəlib və iştirakçıların sayı artıb. Bu gün "Bir kəmər, bir yol" layihəsi artıq davamlı inkişaf üçün beynəlxalq ictimai rifah və beynəlxalq əməkdaşlıq platformasına çevrilib. Dövlət başçılarının strateji rəhbərliyi altında "Bir kəmər, bir yol" çərçivəsində Çin-Azərbaycan əməkdaşlığı illərdir ki, ardıcıl olaraq inamla irəliləyir. Bizim ikitərəfli siyasi əlaqələrimiz getdikcə yaxınlaşır, infrastruktur isə bir-birinə daha sıx bağlıdır. Biz ticarəti daim artırır və maliyyə axınlarını optimallaşdırır, humanitar mübadilələri dərinləşdirir, müxtəlif sahələrdə əməkdaşlığı yeni səviyyəyə qaldırırıq.

"Orta Dəhliz" layihəsi "Bir kəmər, bir yol" konsepsiyasına tamamilə uyğundur və regional əlaqələrin gücləndirilməsi, dəhliz ölkələrinin sosial-iqtisadi inkişafının təşviqi, qlobal təchizat zəncirlərinin qorunması üçün böyük əhəmiyyət kəsb edir. "Orta Dəhliz" Çin-Mərkəzi Asiya-Qafqaz-Avropa nəqliyyat dəhlizinin sabit və fasiləsiz fəaliyyət göstərməsini təmin edir və onun tikintisi planlaşdırılan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu ilə müsbət qarşılıqlı əlaqə yaradacağı  gözlənilir.

2022-ci ildə Çin-Avropa marşrutu üzrə "Orta Dəhliz"dən 103 qatar keçərək 2021-ci ilin müsbət tendensiyalarını davam etdirib. Eyni zamanda, Sian, Çonçinq, Çendu və Vuveydən bir sıra yeni marşrutlar açılıb, dəmir yolu xətlərinin ümumi sayı 10-dan çox olub. Çin Azərbaycan tərəfi ilə mübadilə və əməkdaşlığı gücləndirməyə, "Bir kəmər, bir yol" təşəbbüsünü Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası və "Orta Dəhliz" layihəsi ilə səmərəli şəkildə inteqrasiya etməyə, Azərbaycanla imkanları bölüşməyə və iki ölkə xalqlarının rifahı naminə ümumi inkişaf üçün səy göstərməyə hazırdır.

- Xanım səfir, bu yaxınlarda Çin İran və Səudiyyə Ərəbistanı Krallığı arasında diplomatik əlaqələrin bərpasına nail oldu. Bu, əlbəttə ki, mühüm bir addım idi. Çin niyə bu prosesdə iştirak etdi?

- Bu ilin martında Çin, Səudiyyə Ərəbistanı və İranın birgə səyləri sayəsində Pekində keçirilən İran-Səudiyyə Ərəbistanı dialoqu mühüm nəticələr verdi - iki ölkə diplomatik əlaqələrin bərpa olunduğunu elan etdi. Bu danışıqların uğuru - dialoqun qələbəsidir, sülhün qələbəsidir və dünyanın çoxsaylı qarşıdurmalardan keçdiyi bir vaxtda bu, bizə mühüm müsbət xəbərlər gətirir. Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin yaxşılaşdırılması regionda sülhün və sabitliyin qorunmasında etibarlı təminat rolunu oynayır. Bu addım dialoq və məsləhətləşmələr vasitəsilə münaqişələrin həllinin mühüm nümunəsini təqdim edir, praktikada isə qlobal təhlükəsizlik və bəşəriyyət üçün ortaq taleyi olan cəmiyyətlərin qurulması təşəbbüslərini həyata keçirir. İranla Səudiyyə Ərəbistanının əl sıxması və sülhə doğru kiçik bir addım bəşəriyyət üçün münaqişələrin öhdəsindən gəlmək və barışığa nail olmaq üçün böyük bir addımdır. Çin həmişə hesab edib ki, Yaxın Şərqin gələcəyi Yaxın Şərq dövlətlərinin əlində olmalıdır. O, region xalqlarının sərbəst və müstəqil inkişaf yolunu seçmələrində, ölkələrin fikir ayrılıqlarının dialoq və məsləhətləşmələr yolu ilə həllində, regionun uzunmüddətli sabitliyinin birgə təmin edilməsində həmişə dəstək olub. Biz Yaxın Şərqin təhlükəsizliyinə və sabitliyinə töhfə verməyə, region ölkələrinin inkişafı, firavanlığı, həmrəyliyi və müstəqilliyi naminə əməkdaşlığın təşviqini davam etdirməyə hazırıq. Çin öz müdrikliyini və təkliflərini bölüşməyə davam edəcək və Yaxın Şərqdə sülh və əmin-amanlığa nail olmaq üçün məsul dövlətin vəzifələrini yerinə yetirəcək. Çin bütün inkişaf etməkdə olan ölkələri həmrəylik və əməkdaşlığı gücləndirməkdə və onların ümumi maraqlarının qorunması məsələsində dəstəkləyir. Biz münaqişələrin və fikir ayrılıqlarının dialoqla siyasi həll yollarının axtarılması, bütün dünyada sülhün və sabitliyin qorunmasının tərəfdarıyıq.

- Ukrayna böhranı ilə bağlı sual vermək istərdim. Belə bir fikir var ki, Çin Rusiyanı dəstəkləyir və buna görə də Rusiya tərəfi indiyədək məğlub olmayıb. Çinin bu məsələdə mövqeyi necədir?

- Ukrayna məsələsinin mürəkkəb tarixi kökləri var. Çin Ukrayna problemində həmişə obyektiv və ədalətli mövqedən çıxış edib. O, sülh danışıqlarını fəal şəkildə təbliğ edir, öz mövqeyini məsələnin özünün mahiyyətinə uyğun formalaşdırır, sülh və dialoqun tərəfində, tarixin doğru tərəfində qətiyyətlə dayanır. Bu ilin fevralında ölkəmiz böhranın eskalasiyasının birinci ildönümündə əsas baxışlarını və təkliflərini hərtərəfli və sistemli şəkildə izah edən "Ukrayna böhranının siyasi həlli ilə bağlı Çinin mövqeyi" adlı sənəd hazırlayıb dərc edib. Sənəd bütün ölkələrin suverenliyinə hörmət, soyuq müharibə zehniyyətindən imtina, müharibəyə son qoymaq, sülh danışıqlarına başlamaq, humanitar böhranın həlli, mülki əhalinin və hərbi əsirlərin müdafiəsi, atom elektrik stansiyalarının təhlükəsizliyinin təmin edilməsi, strateji riskləri azaltmaq, ərzaq tədarükünün təhlükəsizliyini təmin etmək, birtərəfli sanksiyalara son qoymaq, sənaye tədarük zəncirinin sabitliyinin təmini, müharibədən sonrakı yenidənqurmanı təşviq etmək kimi 12 aspekti əhatə edir. Bu sənədə əsasən, Çin beynəlxalq ictimaiyyətlə əməkdaşlığa və Ukrayna böhranının siyasi həllinin təşviqinə töhfə verməyə hazırdır.

- Sonuncu sualım Tayvanla bağlı olacaq. Bu günlərdə ÇXR sədri  Si Cinpin Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen ilə görüşündə "Kimsə Çinin Tayvan məsələsində güzəştə gedəcəyini və geri çəkiləcəyini gözləyirsə, yanılır" dedi. Tayvan məsələsi hələ də Çin üçün təhdid yaradırmı?

- Dünyada yalnız bir Çin var. Tayvan Çin ərazisinin ayrılmaz hissəsidir və Çin Xalq Respublikası hökuməti "Vahid Çin" prinsipinin əsasını təşkil edən bütün Çini təmsil edən yeganə qanuni hökumətdir.  "Vahid Çin" prinsipi beynəlxalq münasibətlərin hamı tərəfindən qəbul edilmiş normasıdır və beynəlxalq ictimaiyyətdə ümumi konsensusdur. Tayvan məsələsinin həlli çinlilərin özlərinin əlindədir, bu, xarici müdaxiləyə dözməyən Çinin daxili işidir. Son illərdə Tayvan boğazında yaranan gərginliyin əsas səbəbi ölkə hüdudlarından kənardakı qüvvələrin də dəstəklədiyi "Tayvanın müstəqilliyi" ünsürlərinin separatçı fəaliyyətləridir. Son zamanlar Amerika tərəfi Tayvan lideri Tsay İnvenin ABŞ-a "tranzitinə" icazə verilməsində israr edir, "Tayvanın müstəqilliyini" müdafiə edən separatçılara öz ölkələrində siyasi fəaliyyətlə məşğul olmağa kömək göstərir, ABŞ-Tayvan rəsmi mübadilələrini həyata keçirir, substantiv əlaqələri gücləndirir.  Bütün bunlar "Vahid Çin" prinsipinin və üç Çin-ABŞ birgə kommünikesinin müddəalarının ciddi şəkildə pozulmasıdır. Bu, Çinin suverenliyinə və ərazi bütövlüyünə ciddi zərbə vurur, Tayvandakı separatçı qüvvələrə yüksək səslə və yanlış mesaj ötürür. Çin bu addımı qətiyyətlə rədd edir və kəskin şəkildə pisləyir. Biz milli suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq üçün qəti və ardıcıl tədbirlər görməyə hazırıq.

Çin və Azərbaycan əsl strateji tərəfdaşlardır. Azərbaycan tərəfi "Vahid Çin" prinsipinə sadiqdir, dövlətin daxili işlərinə hər hansı müdaxiləyə və ölkənin tərkibindən hansısa hissənin çıxarılmasının qəti şəkildə əleyhinədir. Çini öz əsas maraqlarının qorunmasında qətiyyətlə dəstəkləyir və biz bunu yüksək dəyərləndirir. Biz, Çin-Azərbaycan dostluğunu yüksək qiymətləndirir və beynəlxalq münasibətlərin əsas normalarını qorumaq, regionda və dünyada sülh və sabitliyi birgə təmin etmək üçün Azərbaycan tərəfi ilə əməkdaşlığa hazırıq.

 





27.04.2023    çap et  çap et