525.Az

Azərbaycanla Balkan ölkələri münasibətlərində yeni səhifə


 

"ANLAŞMA MEMORANDUMU"NUN İCRASI AVROPADA ENERJİ TƏHLÜKƏSİZLİYİNİ BİRMƏNALI OLARAQ GÜCLƏNDİRƏCƏK

Azərbaycanla Balkan ölkələri münasibətlərində yeni səhifə<b style="color:red"></b>

Azərbaycan Avropanın enerji mənbələrinin diversifikasiyasında və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Prezident İlham Əliyevin qlobal təşəbbüsləri əsasında ərsəyə gələn və ölkəmizin iştirakçısı olduğu enerji layihələri getdikcə öz coğrafiyasını genişləndirir, iştirakçıların sayı isə artır. Xüsusilə, Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın enerji təhlükəsizliyinə yaranan təhdidlər alternativ mənbələri aktual edib. Bu məsələdə Azərbaycan əsas ölkə hesab olunur. Avropanın Azərbaycana üz tutmasının səbəbi həm də ölkəmizin etibarlı tərəfdaş olmasıdır. Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və qəbul edilir. Əlbəttə ki, beynəlxalq münasibətlərdə bu məqam vacib əhəmiyyət daşıyır. Aprelin 25-də Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), FGSZ (Macarıstan) və "Eustream" (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı "Anlaşma Memorandumu"nun imzalanması zamanı həm Bolqarıstanın Prezidenti, həm Avropa İttifaqı Komissarı, həm də digər rəsmilərin söylədiyi fikirlər bir daha təsdiq etdi ki, Avropa Azərbaycanı etibarlı tərəfdaşı kimi qəbul edir.

Qeyd edək ki, Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü "Həmrəylik Halqası" adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.

Bolqarıstan Prezidenti Rumen Radev deyib ki, Prezident Əliyev Azərbaycanın etibarlı ticarət tərəfdaşı olduğunu sübut etdi: "Bütün qlobal siyasi faktlara baxmayaraq, Azərbaycan müqavilənin şərtlərinə ciddi şəkildə əməl edir. Azərbaycan təkcə Bolqarıstanın deyil, həm də Avropa İttifaqının strateji tərəfdaşıdır. Bu, ötən ilin iyulunda, Azərbaycanın Avropa Komissiyası ilə enerji sektorunda strateji əməkdaşlığa və xüsusilə Avropa İttifaqına əlavə həcmdə qaz təchizatına dair Memorandum imzalaması ilə təsdiq olundu".

Avropa İttifaqının (Aİ) energetika məsələləri üzrə komissarı Kadri Simson bildirib ki, Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu sübuta yetirdi. Bu qış enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün Azərbaycan tərəfindən təchiz olunan enerji təchizatı həlledici oldu.

İmzalanma mərasimində səsləndirilmiş fikirlər bir daha Azərbaycan Avropanın əhəmiyyətli və etibarlı enerji tərəfdaşı kimi özünü təsdiq etdiyini göstərir. Bu gün də Avropanın enerji bazarında Azərbaycan qazına tələbat getdikcə artır. Təsadüfi deyil ki, "Həmrəylik halqasının" reallaşmasında ölkəmiz  xüsusi həlledici rol oynayır. "Həmrəylik halqası" ilə bağlı atılan addımlar, TAP layihəsindən sonra, Prezident İlham Əliyevin apardığı enerji siyasətinin yeni bir səhifəsi deməkdir. Əgər TAP vasitəsilə Azərbaycan qazı Yunanıstan üzərindən keçməklə İtaliyanı əhatə edirdisə, bu yeni layihələrin icrası ilə Azərbaycan 10-dan artıq Avropa ölkəsinin enerji təminatına töhfə verəcək. "Həmrəylik halqası"nın icrası Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələri yeni mərhələyə daşımaqla yanaşı, Azərbaycan - Balkan ölkələri münasibətlərində də yeni səhifə açmaqdadır.

Xatırladaq ki, ötən ilin iyul ayında Azərbaycan və Avropa Komissiyası "Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nu imzalayıblar. Sənədə görə, 2027-ci ilə qədər Avropa İttifaqı bazarına qaz təchizatının iki dəfə artırılması planlaşdırılır. Prezident mərasimdə bildirib ki, 2021-ci ildə biz Avropaya 8 milyard kubmetr qazı çatdırdıq, bu il isə 12 milyard kubmetri hədəfləyirik: "Beləliklə, həmin həcm bu il üçün planlaşdırdığımız 24,5 milyard kubmetr səviyyəsində ümumi qaz ixracımızın təxminən yarısını təşkil edəcək. Təbii ki, qaz hasilatı və ixracımız artacaq. Çünki biz hasilatı mövcud qaz yataqlarında artıracağıq və gələn illərdə isə yeni yataqlarda təbii qazın hasilatını gözləyirik. Bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Bu ildən başlayaraq qaz Rumıniyaya da çatdırılır. Əgər bütün lazımi interkonnektorlar olarsa, bu ilin sonundan etibarən biz Macarıstana və Slovakiyaya qaz təchizatına başlamağı planlaşdırırıq".

Dövlət başçısı, həmçinin bildirib ki, imzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qazı ixrac etməyə fürsət yaradacaq.

Milli Məclisin deputatı Vüqar Bayramov mövzu ilə bağlı "525"ə deyib ki, Bolqarıstan Şərqi Avropada Azərbaycanın strateji tərəfdaşlarındadır. İki ölkə arasındakı ticarət dövriyyəsindəki artımlar münasibətlərin inkişafını bir daha təsdiq edir. Onun sözlərinə görə, 2022-ci ildə ölkələr arasındakı ticarət dövriyyəsi 325 milyon 391 min dollar olub: "Bu o deməkdir ki, ötən il Azərbaycan ilə Bolqarıstan arasındakı ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 4.5 dəfə artıb. 2022-ci ildən başlayaraq Azərbaycan Bolqarıstan ilə enerji əməkdaşlığını gücləndirib. Bolqarıstan Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) vasitəsi ilə Azərbaycan mavi qazını istehlak edir. Bu il Bolqarıstan 1 milyard kub metrdən çox qaz nəql ediləcək. İstər Cənub Qaz Dəhlizi, istər də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun reallaşması Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində mümkün oldu. Bunu Avropa rəsmilərinin etiraf etməsi də məhz ölkəmizin regional enerji təhlükəsizliyinin formalaşmasına xüsusi töhfəsini bir daha təsdiq edir. İGB-nin ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5,5 milyard kubmetrdək artırılması isə Bolqarıstan və Ruminiya ilə yanaşı Macarıstan, Slovakiya, Şimalı Makedoniya kimi ölkələrin də Azərbaycan qazını almasına imkan yarada bilər.

Eyni zamanda Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), FGSZ (Macarıstan) və "Eustream" (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu"nun imzalanması mərasimi keçirilib. Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü "Həmrəylik halqası" adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.

Bu anlaşma Azərbaycan ilə Avropa arasında yeni əməkdaşlıq səhifəsidir. Azərbaycanın regional geosiyasi və geoiqtisadi mövqeyi möhkəmlənməkdədir".

 

 





27.04.2023    çap et  çap et