Şəmsi VƏFADAR
Qan içində boğulan
Güney Azərbaycanım!
Dərd içində doğulan
Güney Azərbaycanım!
Bəxtiyardı hər gülü,
Dili - təmiz türk dili,
Səttarxanın öz eli,
Güney Azərbaycanım!
Vətən bölünməz axı!
Canım Savalan dağı,
Yurdumun cənnət bağı
Güney Azərbaycanım!
Can gərəkdi, can verək,
Qan gərəkdi, qan verək,
Azad ol - qurban verək,
Güney Azərbaycanım!
Təbriz, Qəzvin, Həmədan,
Mərənd, Meşkin, Xorasan...
Bayrağına can qurban
Güney Azərbaycanım!
Arazı yara-yara
Gələcəm, desən hara,
Baş əymə zalımlara,
Güney Azərbaycanım!
Babamdı Seyid Cəfər
Məğlub olma bu səfər,
Səni gözləyir zəfər,
Güney Azərbaycanım!
lll
Qəlbim dərd-qəm gölündə
Yelkənsiz qayıq oldu.
Qaldı zülmün əlində,
Yaxşı ki, ayıq oldu.
Dərdlərim çiçək açdı,
Tanrıya ürək açdı,
Üstünü külək açdı,
Qəlbimə soyuq oldu.
Söz ömrü - söz yaşı var,
Hər eşqin öz yaşı var.
Səsində göz yaşı var,
Hər tərəf duyuq oldu.
Ürəyim səni səslər,
İçində ağrı bəslər,
Allah sevdiyi kəslər
Əzaba "layiq" oldu.
Dərdi yolda haqladım,
Qapıları bağladım.
İçin-için ağladım,
Ürəyim oyuq oldu.
lll
Tanrıya umud könlüm,
Cəzan mübarək olsun!
Üsyanı sükut könlüm,
Qəzan mübarək olsun!
Qardan-sazaqdan gələn,
Qeybdən-yasaqdan gələn,
Səsi uzaqdan gələn
Azan mübarək olsun!
Mənə bu toy-düyünü,
Bu sədanı, bu ünü,
Belə bir ömrü-günü,
Yazan mübarək olsun!
Mən sənin qulun-kölən,
Hər gün eşqindən ölən...
Ömrümə vaxtsız gələn
Xəzan mübarək olsun!
Yolda qoyma gözümü,
Yox qəlbimin dözümü.
Dərdlərindən özünü
Asan mübarək olsun!
Bilməmişəm qədrini...
Bir də topla səbrini.
Əcəl çatır, qəbrimi
Qazan mübarək olsun!
lll
Mən səni sevdiyim gün,
Hicran da məni sevdi.
Məndən sonra gələnlər,
İndi hamısı evdi.
Fikrim qalıb yanında,
Ərşə çəkilib yuxum.
Həsrət bitib canımda,
Dəli olmaqdı qorxum.
Zülüm yaraşan kimi
Mənə ölüm yaraşır.
Səndən uzağam deyə
Ruhuma qəm daraşır.
Sən mənim göz yaşımsan,
Bu yük kürəyimdədir.
Nə qədər mən sağamsa,
Yerin ürəyimdədir.
lll
Bu da sən, bu da axır,
Gəl görüşək, İlahi.
Həsrət yandırıb-yaxır,
Gəl görüşək, İlahi.
Yolumdakı daşa bax,
Qabımdakı aşa bax,
Gözümdəki yaşa bax,
Gəl görüşək, İlahi.
Asi bilmə heç məni,
Yalvarıram, seç məni,
Günahımdan keç mənim,
Gəl görüşək, İlahi.
Umud oldum çoxuna,
Həsrətəm gül qoxuna,
Heç olmasa yuxuma
Gəl... görüşək, İlahi.
Özüm ola bilmirəm,
Bir dad ala bilmirəm,
Burda qala bilmirəm,
Gəl görüşək, İlahi.
Yolda qoyma gözümü,
Vermə səbri-dözümü,
Yerə salma sözümü,
Gəl görüşək, İlahi.