525.Az

Zaman nə gündədir, yer nə gündədir!


 

Zaman nə gündədir, yer nə gündədir!<b style="color:red"></b>

Həyatda heç zaman sayıb-sevmədim,

Yaxına qoymadım qul adamları...

Bir başda papaqtək duran görmədim

Ayaqlar altında çul adamları.

 

Cəbr edən adını xeyrə yazdırdı,

Hökm edən hər səmtə quyu qazdırdı...

Əyrilik düzdə də tamam azdırdı

Gözləri yer seçməz hul adamları.

 

Çoxunun ruhuna it hürdü getdi,

Çoxusu ömrünə tüpürdü getdi.

Zəmanə biryolluq süpürdü qetdi,

Əzəldən taleyi dul adamları.

 

Saf qəlbi eşdilər, qurdaladılar,

Düz sözü təkləyib, daldaladılar.

Qara qəpik kimi xırdaladılar

Şöhrəti, hörməti "pul adamları".

lll

Ümidlər verilir hər dəfə yelə,

Arzular, istəklər tökülür selə.

Taleyi məchuldur göylərin belə,

Zaman nə gündədir, yer nə gündədir!

 

Dalana qısnanır yollar hərlənib,

İşləklər, əməllər başdan vərlənib.

Noxta təzələnib, çul məxmərlənib,

Palan nə gündədir, xər nə gündədir!

 

Mətləblər olubdur guya ki dərin,

Sırası böyüyüb söyüdün, gərin.

Paxırı çıxıbdır daha zərgərin,

Gümüş nə gündədir, zər nə gündədir!

 

Daşyonan külüngü düz çala bilmir,

Aşıq havalanır, saz çala bilmir,

Şair halva çalır, söz çala bilmir,

Sənət nə gündədir, şeir nə gündədir!

 

Gözlərdən asılıb gör neçə pərdə,

Ürəklər köklənir ağrıya, dərdə.

Şöhrətdən başlanır xeyir də, şər də,

Xeyir nə gündədir, şər nə gündədir!

lll

Taleyin əliylə açılan yolu

Nə duman, nə də çən bağlaya bilməz!

Bir gizli hökmlə əsər ruzigar,

Dəniz də iznsiz çağlaya bilməz!

 

Tək yaşla yuyulmur yaradakı qan,

Tarixin hökmünü yaza bilir an.

Tanrının əmriylə çıxarsa bir can,

Min təbib, min loğman saxlaya bilməz!

 

Göylərə zülmətdən çətin tül olar,

Vədəsiz ocaqlar yanıb kül olar.

Hər gülün bir dəfə ömrü gül olar,

Xar, tikan bar tutub tağlaya bilməz!

 

Həqiqət uzaqda dövr edə bilər,

Əzablar sinədə qövr edə bilər.

Zalım çox zülm edə, cövr edə bilər,

Ürəyi daş olar, ağlaya bilməz!

 

Dünyaya sahib dur, sənindir, atam,

Kənarda dayanıb demə ki, yadam.

Həyatı bircə yol haqlayar adam,

Sonradan bir daha haqlaya bilməz!

lll

Araya sən özün nifaq salmısan,

Bir məndən inciyib-küsürsən hələ.

Çıxmısan haçandan qəlbimdən mənim,

İndi gözlərimdən düşürsən hələ.

 

Tez ötüş, uzaq keç, kənarda dolan,

Bugündən intizar, dərd yarar sənə.

Gedəndə ruhunu çıxar yadından,

Arxanca yüyürüb yalvarar sənə.

 

Bir az da yeyinlət addımlarını,

Yolu qar tutmayıb, sazaq deyil ki!

Çatarsan ömrünün sonuna qədər,

Ayrılıq bir elə uzaq deyil ki...

 

Pozular, yəqin ki, mizan-tərəzi,

Durub irəlini-gerini desəm.

Dünyanın ən miskin, pis adamıyam,

Bir də mən sevgiyə yerini desəm.

lll

Elə istərəm ki, ayrılıq çəkim,

Səndən öyrənmişəm sirrini də mən.

Götür kəlmələrin ən ağırını,

Birini sən söylə, birini də mən...

 

Sən birini söylə, mən də birini,

Həsrətdən bir divar hörək, ayrılaq.

Bir az da tanınaq günahkar kimi,

Gedib cəhənnəmi görək, ayrılaq.

 

Sən də təvəqqe et ayrılıq üçün,

Mən də əllərimi açıb yalvarım.

Tanrıdan bitməz bir həsrət diləyək,

Mən o ayrılığı qucub yalvarım.

 

Sənə "küs" demirəm, "barış" demirəm,

Demirəm, "tək qoydun bəs niyə məni?!"

Nolar, uzaqda qal, kənarda dolan,

Yenə möhtac elə sevgiyə məni.

 

 

 





27.04.2023    çap et  çap et