Bu gün Türkiyənin qlobal müstəvidə nüfuzlu və güclü aktora çevrilməsi danılmaz faktdır. Bunun başlıca səbəbi isə qardaş ölkənin müstəqil siyasət həyata keçirməsi, son 20 ildə demək olar ki, bütün sahələrdə, o cümlədən, hərbi, texnologiya, sənaye, iqtisadiyyat, sosial, təhsil sektorlarında əldə edilmiş ciddi uğurlardır. Bu günün Türkiyəsi hansısa qüvvələrdən asılı deyil, onların diqtəsi ilə hərəkət etmir. Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyəti illərində qardaş ölkə həqiqətən də dünyada sözünün çəkisi olan dövlətə çevrilib. Bu gün dünyanın diqqəti yenidən Türkiyə üzərindədir. Gələn ay, mayın 14-də ölkədə keçiriləcək prezident və parlament seçkiləri diqqətlə izlənilir.
Milli Məclisin deputatı Musa Quliyev mövzu ilə bağlı "525"ə deyib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə özünün son 100 illik tarixində Atatürkdən sonra ən yüksək naliyyətlər əldə etdi. Bu özünü həm beynəlxalq səviyyədə, həm daxildə, eyni zamanda, ictimai-sosial, iqtisadi inkişafın səviyyəsini yüksəlməsində göstərib. Deputat hesab edir ki, Türkiyə artıq bir dünya gücünə çevrilib: "Bu bir faktdır ki, Türkiyə artıq dünya siyasətinə çox ciddi şəkildə təsir edən, bu siyasəti dəyişdirə bilən, həmçinin, öz mövqeyini ortaya qoyub, müdafiə edə bilən bir dövlətə çevrilib. İstər Türkiyənin sənayeləşdirilməsi, istər, xüsusən hərbi sənayenin inkişaf etdirilməsi, ordusunun dünyanın ən nüfuzlu və güclü orduları sırasına daxil olması, iqtisadiyyatının çox sürətlə inkişaf etməsi Türkiyəni dünyanın nüfuzlu dövlətlərinin sırasında yer alması ilə nəticələndi. Cənab Ərdoğanın "dünya 5-dən böyükdür" formulu artıq dünyanın ən güclü dövlətlərinin belə onunla hesablaşacağı mesaja çevrildi. Xüsusilə, Qərbi Avropa dövlətləri ilə Rusiya arasındakı münaqişənin gərginləşməsi, Ukrayna böhranının dərinləşməsi və müharibəyə çevrilməsi, bu müstəvidə Türkiyənin tutduğu doğru mövqe əslində Türkiyənin bir dünya dövləti olduğunu da ortaya qoymuş oldu. Bu gün Ukrayana-Türkiyə böhranının həll edilməsində ən aparıcı rolu Türkiyə dövləti oynayır".
M.Quliyev əlavə edib ki, Qafqazda sabitliyin və əməkdaşlığın inkişafı üçün də Türkiyənin olduqca böyük rolu var: "Ərəb dövlətlərində müharibənin dayandırılması, ədalətin bərpa olunması və əməkdaşlığın inkişafında da Türkiyənin danılmaz rolu var. Ölkə daxilində sabitliyin möhkəmlənməsi üçün PKK terror təşkilatı ilə mübarizədə ən müxtəlif üsullardan uğurla istifadə olunması da Türkiyənin daxili siyasətində böyük uğurlarıdır. Heç şübhəsiz ki, Türkiyə iqtisadiyyatının inkişafı, vətəndaşların sosial- rifah halının yüksəlməsi cənab Ərdoğanın ən böyük uğurları sırasında yer alır. Bu uğurları xalq da bilir, qiymətləndirir və 15 iyul 2016-cü il böhranında da xalqın birmənalı olaraq Ərdoğanın tərəfində dayanması göstərdi ki, lider-xalq birliyi Türkiyədə çox güclü şəkildə təzahür edib. Biz, Milli Məclisin üzvləri olaraq Türkiyəyə tez-tez səfərlər edirik və qardaş ölkədəki iqtisadi, sosial dəyişikliklərin, həmçinin, ictimaiyyətin ölkə iqtidarının siyasətini dəstəkləməsinin şahidiyik. AKP-nin Türkiyədə heç şübhəsiz ki, böyük nüfuza sahib olması həm cənab Ərdoğanın rəhbərliyi, həm də partiyanın apardığı xalqa yönəlik siyasətlə bağlıdır. Eyni zamanda onu da deyim ki, AKP hakim yeni Azərbaycan Partiyası ilə də strateji müttəfiq partiyalardan biridir. Bizim dəfələrlə görüşlərimiz olub və onların irəliyə doğru baxışlarının olduğunun da şahidiyik. Heç şübhəsiz ki, Şuşa bəyannaməsinin imzalanması, Qarabağın işğaldan azad edilməsində Türkiyənin verdiyi böyük mənəvi və siyasi dəstək, sonrakı dövrdə Qarabağın və Şərqi Zəngəzurun bərpasında türk şirkətlərinin iştirakı, Zəngəzur dəhlizi də daxil olmaqla kommunikasiyaların açılması istiqamətindəki işlər və Qafqazda Prezident Ərdoğanın da dediyi kimi, altılıq yaxud, 3+3 formulu əsasında əməkdaşlığın qurulmasında Türkiyənin olduqca böyük rolu vardır. Hesab edirəm ki, qarşıdan gələn seçkilərdə Türkiyə xalqı əldə olunan nailiyyətlərin davamına səs verəcəkdir".
Deputat Türkiyənin mövqeyinin güclənməsini qəbul edə bilməyən bəzi güclərin seçkilərə mümkün müdaxiləsinə də toxunub. Onun sözlərinə görə, Türkiyə böyükdür, əhalisi də çoxdur və çoxpartiyalı sistem mövcuddur: "Amma Türkiyədə seçkilərin hər hansı bir şəkildə kiminsə təsiri altında şübhəyə alınması və ya pozulması mümkün deyil. Qardaş ölkədə elə bir ciddi oturuşmuş sistem qurulub ki, heç nə mümkün deyil. Ola bilər müəyyən xırda təxribatlar baş versin, hardasa pozuntulara cəhdlər olsun, amma bunlar ümumilikdə Türkiyədə seçkilərə təsir edə bilməyəcək. Əlbəttə Türkiyədəki daxili qüvvələrdən çox bəzi Qərb dövlətləri Türkiyəni lidersizləşdirməkdə, yenə də öz əllərində oyuncaq dövlətə çevirməkdə və onun maddi sərvətlərindən istifadə etməkdə maraqlıdırlar. Amma bu mümkün olan deyil, hesab edirəm ki, Türkiyə xalqı kifayət qədər ayıqdır və prosesləri də çox dəqiq qiymətləndirirlər. Biz çox arzu edərdik elə seçkilərin birinci turunda məsələyə nöqtə qoyulardı, ikinci turda əlavə gərginlik yaşanmazdı. Amma hər şey ola bilər, istənilən halda düşünürəm ki, böyük bir ehtimalla Türkiyədə indiyə qədər davam edən siyasət yaxın illərdə də davam edəcək".
çap et