525.Az

"Heç kəsin tanımadığı, ancaq hamını tanıyan" insan - Misir Mərdanov yazır


 

"Heç kəsin tanımadığı, ancaq hamını tanıyan" insan - <b style="color:red"> Misir Mərdanov yazır</b>

"Çalışmalıyıq ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bütün dünyaya öz tarixi nailliyyətlərini, milli ənənələrini nümayiş etdirə bilsin. Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamısından istifadə olunarsa, Azərbaycan həm tam müstəqil dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik, hüquqi, ümumbəşəri dəyərlərin əsasında qurulan demokratik bir cəmiyyət olacaq! "Hələ 90-cı illərdə Naxçıvanda olarkən böyük uzaqgörənliklə bu sözləri deyən ümummilli lider Heydər Əliyev demokratik inkişafa insanların daxili azadlığını, mənəvi ucalığını, qanunçuluğa riayət etməsini şərtləndirən mühüm siyasi vasitə kimi yanaşmışdır.

Bütün həyatını xalqının milli-mənəvi dəyərlərinin inkişafına və birliyinə həsr etmiş Heydər Əliyev özünün fitri idarəçilik istedadı sayəsində respublikada ümumbəşəri dəyərlərlə çulğaşan, milli xüsusiyyətləri, mental dəyərləri qoruyan ədalətli, sivil və demokratik cəmiyyətin möhkəm əsaslarını yaratmış, dövlət-vətəndaş münasibətlərində onların hər birinin mənafeyini prioritet hesab etmişdir. Ulu öndərin respublikamıza rəhbərlik etdiyi bütün dövrlər xalqımızın milli mənlik şüurunun oyanması, azadlığa və müstəqilliyə qovuşmaq arzularının çiçəklənməsi, ictimai həyatımızın, iqtisadiyyatımızın bütün sahələrində, elm, təhsil və mədəniyyətimizin inkişafında böyük nailiyyətlərin əldə edilməsi ilə əlamətdar olmuşdur.

Heydər Əliyevin 1969-cu ildə Azərbaycan KP MK-nın Birinci katibi seçilməsi ilə ölkəmizin tarixində milli oyanış və dövlət müstəqilliyinə doğru  dönüş dövrü başlandı. Moskvanın böyük ümidlərlə millətçiliyi boğmaq, milli oyanışın qarşısını almaq məqsədilə təyin etdiyi yeni rəhbər "Brejnevi tərifləyə-tərifləyə", "rus dilini Lenin dili kimi təqdim edə-edə", "Kommunist partiyasını ideoloji məktəb adlandıra-adlandıra"  Vaqiflərə, Hüseyn Cavidlərə, Cəfər Cabbarlılara  heykəl qoydurdu, bütün idarəetmə qurumlarını, o cümlədən, hüquq-mühafizə orqanlarını və hərbi sistemi azərbaycanlılaşdırdı, milli ideoloqları - Bəxtiyar Vahabzadələri, Xəlil Rzaları, Ziya Bünyadovları mükafatlandırdı,  "Qobustan" kimi jurnalları, "Gülüstan" kimi əsərləri dəstəklədi.

Ulu öndər kosmopolit ideyaların zehinlərə zorla yerləşdirildiyi bir dövrdə milli məfkurənin qorunub saxlanılması, habelə azərbaycançılığın ən mühüm komponenti olan ana dilinin inkişaf etdirilməsi sahəsində də mühüm tədbirlər həyata keçirmişdir. Heydər Əliyev üçün ana dili azərbaycançılığın başlanğıc məqamı, təməl pirinsipi olmuşdur. Müdrik rəhbər yaxşı bilirdi ki, xalqa milli-mənəvi dəyərlərini aşılamaq üçün ona ilk növbədə öz dilini qaytarmaq və sevdirmək lazımdır. Rus dilinin dövlət dili olmasına rəğmən, Ulu öndər həmin dövrdə bütün rəsmi nitqlərini Azərbaycan dilində edir, bunu rəhbər vəzifəlilərin hər birindən tələb edirdi. Hələ 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiya layihəsi qəbul edilərkən Ulu öndərin Azərbaycan dilinin bu ali sənəddə ana dili kimi təsbitlənməsi və qorunub saxlanılması sahəsində nümayiş etdirdiyi cəsarəti də xüsusi xatırlanmalıdır. Bununla bağlı Kreml "emissarları"nın dəfələrlə Bakıya gələrək Heydər Əliyevi fikrindən daşındırmağa səy göstərdiyini, lakin məqsədlərinə nail olmadıqlarını da mühüm fakt kimi vurğulamaq lazımdır. Eyni zamanda, Ümummilli liderin ötən əsrin 70-ci illərində nəşr olunmuş 3 cildlik "Müasir Azərbaycan dili" dərsliyinə Dövlət mükafatı verməsi də xalqın milli şüurunun formalaşmasına mühüm töhfə olmuşdur.

Faktlar göstərir ki, əgər sovet hakimiyyətinin ilk illərindən etibarən Azərbaycanda rus dilində təhsil alanların sayı dinamik surətdə artırdısa, bu zərərli tendensiyaya məhz ötən əsrin 70-ci illərinin əvvəllərində son qoyulmuşdur. Bu dinamika Azərbaycan dilində təhsil alanların say artımı hesabına kəskin şəkildə azalmış, ana dilində elmi nəşrlərin sayı çoxalmış, elmi tədqiqatların və araşdırmaların məhz bu dildə aparılması dəstəklənmişdir. "Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir" - deyən Heydər Əliyev çox sonralar Azərbaycan dilinin inkişafı üçün gördüyü tədbirləri belə izah edirdi.

Bir maraqlı faktı da yaxşı xatırlayıram. Azərbaycanda hakimiyyətə gəldiyi gündən dörd ay ötməmiş-  1969-cu il noyabrın 1-də Dzerjinski adına klubda (indiki Şəhriyar klubu) Bakı Dövlət Universitetinin 50 illik yubileyi keçirilirdi. Ulu öndər yubiley mərasimində totalitar sovet rejiminin tətbiq etdiyi bütün baryerləri aşaraq Azərbaycan dilində çıxış etdi və onun dərin məzmunlu nitqi sonrakı mərhələdə milli təhsil manifestinə çevrildi. Onun Azərbaycan dilində çıxış etməsi tarixi hadisə idi. Görkəmli alim, həmin yubiley tədbirinin iştirakçısı olmuş akademik Ağamusa Axundov danışırdı ki, Heydər Əliyev tribunaya qalxanda hamının rusca müraciətini gözlədiyi halda "Əziz yoldaşlar" sözləri ilə çıxışına başlamasından sonra salona bir sükut çökdü.

Hamı düşünürdü ki, indi nəsə baş verəcək, ya tavan uçacaq, ya partlayış olacaq, ya da bizim hamımızı həbs edib aparacaqlar. Zarafat deyildi, Stalinin ölümündən cəmi 16 il keçirdi, totalitar rejim bütün qüvvəsi ilə fəaliyyətdə idi, hamının dəqiq bildiyi o idi ki, salonda kimə söz versələr, mütləq rusca danışardı. Ancaq yeni seçilmiş Birinci katib belə etmədi... Digər tərəfdən, həmin tədbirdə Sov.İKP MK-nın rəhbərliyindən yüksək nümayəndələr, SSRİ Ali  və Orta  ixtisas təhsili naziri, Moskvadan, Sankt-Peterburqdan, Kiyevdən və digər şəhərlərdən gələn nazirlər, rektorlar və  başqa rusdilli qonaqlar iştirak edirdi.  Qeyd etmək lazımdır ki, o dövrdə öz ana dilində çıxış etmək heç kimə rəsmi şəkildə qadağan edilməsə də, Heydər Əliyevə qədər bu qəbildən olan tədbirlərdə yüksək vəzifəli şəxslər bir qayda olaraq öz çıxışlarını yalnız rus dilində edərdilər. Heydər Əliyev bu qadağalara baxmayaraq Azərbaycan dilində çıxış edib hamıya göstərdi ki, hər kəs öz dilində də çıxış edə bilər və əgər biz öz ana dilimizin inkişafına nail olmaq istəyiriksə, məhz bu yolla getməliyik.

Buradaca yadıma Xalq şairi Qabilin danışdığı bir söhbət düşdü. Qabil 1970-ci ildə Şıx çimərliyinin yuxarı hissəsində Heydər Əliyevin təşəbbüsü ilə keçirilən iməcilikdən danışarkən deyirdi ki, "o zamanlar həmin ərazilər unudulmuş yerlər idi, Heydər Əliyev qısa müddətdə oraları abadlaşdırıb yaşıl bir parka çevirdi. Ancaq söhbət orasındadır ki, birinci dəfə iməcilik təşkil ediləndə bütün dövlət strukturları, nüfuzlu təşkilatlar, ictimai qurumlar ora cəlb edilmişdi. Heydər Əliyev də adamların arasında gəzir, işin gedişinə nəzarət edirdi.  Yazıçılar İttifaqına həvalə edilən kiçik bir sahə var idi, biz də orada işləyirdik. Birdən Heydər Əliyevi bizə yaxınlaşan gördük. Sonralar dəfələrlə gördüyüm, səmimi, söhbətcil bu insanı birinci dəfə yaxından görəcəkdim. Ona görə bir qədər həyəcanlı idim. O, gərginliyi hiss edib zarafatla sözə başladı, "yorulmamısınız ki", "qələmlə işləmək rahatdır, yoxsa bellə", deyə suallar verib bizimlə səmimi söhbətə başladı. "Heç kəsin tanımadığı, ancaq hamını tanıyan" Heydər Əliyev adımızla bir-bir bizə müraciət edəndə mən gördüm ki, hamı özünü itirib, məndən də çətin vəziyyətə düşüblər, ən azı bizi adbaad tanıması hamını vahimələndirmişdi. Fikirləşdim ki, heç kəs dillənən deyil, mən danışsam yaxşıdır, başıma bəla dilim dinc durmadı, dedim:

- Yoldaş Əliyev, Siz Azərbaycanca necə gözəl danışırsınız?

O heç düşünmədən gülümsəyərək cavab verdi:

- Qabil, sən mənim rus dilini yaxşı bilməyimə təəccüblənmirsən, azərbaycanca danışmağıma heyrət edirsən?! Axı bu mənim ana dilimdir, onu bilmək mənim borcumdur. Özü də təkcə mənim yox, elə hamımızın borcudur...

Onun bu sözləri yazıçılar tərəfindən alqışlarla qarşılandı..."

Heydər Əliyevin milli dəyərlərə necə həssaslıqla yanaşdığını göstərən yüzlərlə fakt vardır ki, bunlardan biri də Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Bakıda açılmasıdır. Onu xalqın rəhbəri kimi düşündürən məsələlərdən biri də, Sovet ordusu sıralarında azərbaycanlı gənclərin xüsusi hərbi bilik və hazırlıq tələb etməyən hissələrə göndərilməsi, əsasən, sıravi işlərə, tikinti batalyonlarına, texniki vəzifələrə cəlb edilməsi idi. Bununla yanaşı, böyük siyasi strateq Azərbaycanın gec-tez müstəqil dövlət olacağını görürdü və bu zaman hərbi mütəxəssislərin həlledici rolunu da bilirdi.

O zaman keçmiş SSRİ-də cəmi 2 hərbi məktəbdən (Naximov və Suvorov adına) sonra üçüncü (milli ucqarlarda isə yeganə!!!) hərbi təmayüllü məktəbin Bakıda açılışı böyük müqavimətlərlə rastlaşmışdı. Ulu öndər isə Azərbaycan Maarif Nazirliyindən riyaziyyat, fizika və digər elmlər üzrə ixtisaslaşan təmayül məktəblərinin təcrübəsinə əsaslanaraq Hərbi təmayüllü məktəbin də açılmasının zəruriliyini əsaslandıran kollegiya qərarı aldı və Moskvanı inandırdı ki, bu lisey yalnız təhsil və təlim mərkəzi kimi fəaliyyət göstərəcək, Sovet Ordusu sıralarına hazırlıqlı gənclərin gəlməsini təmin edəcəkdir. Əsas məqsəddən yayındırmaq məqsədilə liseyin açılış mərasimini 1971-ci ilin noyabrın 7-nə Böyük Oktyabr Sosialist İnqilabının ildönümü gününə salsa da, liseyə böyük Azərbaycan sərkərdəsi-general Cəmşid Naxçıvanskinin adını  qoydurur. Bu gün Müzəffər Azərbaycan Ordusunun generallarının, ali zabit heyətinin əksəriyyəti həmin məktəbin yetirmələridir və Heydər Əliyevin təxminən 50 il əvvəl gördüyü bu nəcib işin bəhrəsini 44 günlük müharibədə ağzın düşmənlə aparılan döyüşlərdə yüksək hazırlıqlı oğullarımızın rəşadətində gördük.

Ulu öndər sovet sisteminin ağır təzyiqlərinə baxmayaraq, Azərbaycanın strateji maraqları naminə ciddi addımlar atırdı. Keçmiş SSRİ-nin ayrı-ayrı respublikalarında rejimin əleyhinə çıxış edən elm və mədəniyyət xadimləri, ziyalılar təqiblərə, təhdidlərə məruz qaldıqları halda, Azərbaycanda yaradıcı ziyalılar üçün sərbəst düşüncə və iş şəraiti hökm sürürdü. Daha konkret desək, Azərbaycanda "dissident axtarışı" aparılmırdı. Bütün bunlar Azərbaycan ziyalılarının - şair və yazıçıların, incəsənət nümayəndələrinin milli ruhlu, milli tariximiz və ədəbiyyatımızla bağlı əsərlər yaratması üçün münbit şəraiti təmin edirdi (Bununla bağlı xeyli misallar göstərmək mümkündür. Xalq şairimiz Bəxtiyar Vahabzadənin "Gülüstan" poemasının həmin illərdə üzə çıxması və buna görə onun təqib edilməməsi və hətta sonralar ona SSRİ Dövlət Mükafatı alması məhz böyük şairin siyasi təqiblərdən qorunması naminə atılan addım sayıla bilər). Milli azadlıq və milli özünüdərk ruhunun açıq və gizli təbliği üçün həmin illərdə yaradılmış şərait sonrakı mərhələlərdə öz bəhrəsini vermişdir.

Heydər Əliyevin milli təəssübkeşliyi haqda danışarkən mütləq qeyd etmək lazımdır ki, onun yaşadığı və fəaliyyət göstərdiyi 70-ci illər belə niyyətlərin reallaşdırılması üçün çox əlverişsiz bir mərhələ idi. O zamanı yaşamış insanlar təsdiq edərlər ki, ən kiçik vəzifəyə belə təyin edilən adamın rus dilini ana dili kimi yüksək səviyyədə bilməsilə yanaşı ailə tərkibində başqa millətlərin qarışığının olması vacib şərt idi. Bu məsələ ən ciddi tələb kimi qoyulduğundan Heydər Əliyevin azərbaycanlıları irəli çəkməsi, onları dövlət strukturlarında yerləşdirməsi bir çox hallarda Moskvanın böyük narazılığı və etirazı ilə müşayiət olunurdu. Moskvada "böyük beynəlmiləlçi", "Lenin milli siyasətinin davamçısı" kimi tanınan Heydər Əliyev isə onları şübhələndirən gedişlərini çox ustalıqla edirdi. Keçmiş SSRİ-nin müttəfiq respublikaları rəhbərlərindən öz yüksək intellekti, qətiyyəti, cəsarəti ilə seçilən Heydər Əliyevin onlardan bir fərqi də var idi: o, həm SSRİ miqyasında, həm də Azərbaycanda, demək olar ki, yeganə ali rəhbər vəzifəsində olan adam idi ki, həm valideynləri, həm bacı-qardaşları, həm də özü heç bir başqa millətlə qarışıq ailə qurmamışdı. Sonra bu ənənəni övladlarında da davam etdirdi-şahidlərin dediyinə görə, İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alarkən böyük nüfuz sahibi olan Heydər Əliyevin bu yaraşıqlı, boy-buxunlu oğlu Siyasi Büronun ən yüksək səlahiyyətli üzvlərinin maraq dairəsində idi-onlar öz qızlarını bu oğlana verərək Heydər Əliyevlə qohum olmaq arzularını gizlətmirdilər. Bəlkə də həmin izdivac Ulu öndərin sonralar Moskvada rastlaşdığı böyük problemlərin qarşısını ala bilərdi, ancaq milli dəyərləri şəxsi mənafedən yüksək tutan Heydər Əliyev bu təkliflərə razılaşmadı-Azərbaycanın tanınmış ziyalı ailəsini Moskvanın zirvədə olan mənsəb sahiblərindən uca tutdu.

Həyatının sonrakı mərhələlərində də milli maraqları hər şeydən uca tutan Ulu öndər 90-cı illərdə verdiyi müsahibələrinin birində deyirdi: "...İlk növbədə hiss etdim ki, Qorbaçov SSRİ-də milli məsələdə çox mənfi mövqe tutur. O milli respublikalarda ruslaşdırma siyasəti aparmağa başladı. Bu isə narazlıq yaratdı.

Mən ona dəfələrə dedim: "Qazaxıstandakı 86-cı il dekabr hadisələrinə baxın". Bu, SSRİ Kommunist Partiyasına qarşı ilk qığılcım idi. Amma biz Qorbaçovu xəbərdar eləmişdik ki, bunu eləməsin. Orada birinci katib qazax Kunayev idi. 22 il işləmişdi, qocalmışdı. İşləyə bilmirdi. Başqa bir adamla dəyişdirmək olardı. Qorbaçov isə özünün köhnə dostunu, rusu ora təyin etdi. Elə o vaxt da birinci qiyam oldu.

Şimali Qafqazda-Çeçenistanda, İnquşetiyada, Kabardin-Balkarda bugünkü hadisələrin əsası elə o zaman qoyuldu. Mən bu məsələ ilə bağlı Qorbaçovla elə hey toqquşurdum..."

Ötən əsrin 90-cı illərinin əvvəllərində cəmiyyətdə belə müzakirələr gedirdi ki, milli ideyaya, milləti birləşdirəcək hansısa prinsiplərə söykənmək lazımdırmı? Bu cür müzakirələrə də Ulu öndər son qoydu. Heydər Əliyev göstərdi ki, bəli, Azərbaycan xalqını birləşdirən müəyyən prinsiplərə, ideoloji xəttə ehtiyac var. Xalqımız bu ideoloji prinsiplərə söykənməlidir. Bəzən ideologiya, ideoloji prinsip dedikdə sovet dövründəki ideologiya ilə milli ideyalar qarışdırılır. Sovet dövründə olan kommunist ideologiyası tamam fərqli məqsədə xidmət edirdi. Amma xalqın vəzifəsi və məqsədi var. Bu məqsəd və vəzifə bütün xalqı özündə birləşdirəcək amilləri ehtiva edir. Bütün xalqı özündə birləşdirən amillər bütövlükdə millət tərəfindən qəbul edilən prinsiplərdir. Heydər Əliyevin xalqımıza bəxş etdiyi əvəzsiz mənəvi-siyasi xəzinə həmin dövrdə Azərbaycan xalqının qarşısında duran əsas missiyalardan birinin - milli ideyanın müəyyənləşdirilməsi baxımından olduqca əhəmiyyətli rol oynadı.

Mənbələrdən aldığımız dəqiq məlumata görə, 1960-cı illərin sonunda Bakı əhalisinin yalnız 33 faizi azərbaycanlı idi. İkinci Dünya müharibəsi illərində Bakı neftinin oynadığı həlledici rolu nəzərə alan Mərkəzi Moskva hökuməti 40-cı illərdən etibarən demoqrafik vəziyyəti onsuz da mürəkkəb olan şəhərimizə SSRİ-nin müxtəlif xalqlarını kütləvi şəkildə köçürməyə başlamışdı. Bu köçürmənin həyata keçirilməsinin bir neçə arqumenti var idi: "Faşistlərin işğal etdiyi ərazilərdən Sovet xalqını təhlükəsiz yerlərə köçürmək" (halbuki, həmin dövrdə Tbilisi və Yerevana on dəfələrlə az miqrant yerləşdirilmişdi), "Neft istehsalını yaxşılaşdırmaq və gücləndirmək üçün Bakıya ailələri ilə birgə təcrübəli mühəndislər göndərmək" və s. idi. Nəticə isə belə idi ki, XX əsrin əvvəllərində Bakıda yaşayan ermənilərin sayı 5 %-ə yaxın idisə, 60-cı illərdə onların sayı 20%-i keçmişdi. 60-cı illərdə Sov. İKP Siyasi Bürosunun qapalı iclaslarında isə Bakının "beynəlmiləl" səciyyəsi və iqtisadi əhəmiyyəti nəzərə alınaraq mərkəzlə birbaşa əlaqəsini təmin etmək məqsədilə Azərbaycanın paytaxtını Gəncəyə köçürmək və Bakını şimal rayonları ilə birlikdə Rusiya Federasiyasına birləşdirmək məsələsi müzakirə edilmişdi. Bakı ermənilərinin Moskvaya bu mövzuda yazdığı xahiş dolu kütləvi məktublarının arxasında böyük siyasi ambisiyalar dayanırdı: məqsəd yalnız neft və digər sənaye sahələrinin cəmləşdiyi Bakı və Abşeron yarımadasını Azərbaycandan ayırmaq, ölkəmizi kənd təsərrüfatı  əyalətinə çevirmək deyildi, tarixin göstərdiyi kimi, burada həm də Azərbaycanı zəiflətmək, Qarabağ ehtirasını reallaşdırmaq üçün yollar açmaq,  "dənizdən dənizə böyük Ermənistan" xülyasını həyata keçirmək kimi çirkin niyyətlər gizlənirdi.

Bakının, həm də Azərbaycanın taleyinin həll olunduğu belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyev hakimiyyətə gəldi və bu məkrli planları pozmaq üçün gərgin fəaliyyətə başladı. Çoxşaxəli işlərin tərkib hissəsinə Bakının böyük tikinti meydanına çevrilməsi, yeni nəhəng sənaye obyektlərinin inşası, bu inşaat işlərinə regionlardan yerli əhalinin cəlb edilməsi, Bakıda ali təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi, istedadlı gənclərin Bakıda yerləşdirilməsi, yeni tələbə şəhərciklərinin, aspirant yataqxanalarının, yaşayış massivlərinin salınması və digər çox mühüm məsələlər daxil idi.

Yeri gəlmişkən, milli məsələdə onun prinsipial mövqeyi ilə bağlı Azərbaycanın sabiq xarici işlər naziri Vilayət Quliyevin 1997-ci il 10 dekabr tarixində Ulu öndərin İranın Ali dini-siyasi lideri Xamneyi ilə keçirilən görüşü barədə müsahibəsini  oxucuların müzakirəsinə vermək istəyirəm: "Ali dini rəhbər Heydər Əliyevi mərasim zalının qapısında qarşılayıb ikiəlli görüşdü. Aralarında Azərbaycan dilində söhbət başlandı. Həm İran nümayəndə heyəti, həm də biz sakitcə dayanıb söhbətə qulaq kəsilmişdik.

Ümumi hal-əhval sözlərindən sonra Heydər Əliyev Xamneyidən soruşdu.

- Yaxşı, Xamnədə (Təbriz yaxınlığında Xamneyinin doğulduğu kənd) nə var, nə yox?

- Sən Xamnəni də bilirsən? - deyə İranın ali dini rəhbəri təəccübləndi.

- Əlbəttə, tanıyıram. Xamnə çox məşhur yerdir. Həm də təkcə sizin vətəniniz kimi yox. Azərbaycanın böyük şəxsiyyətlərindən biri olan Mirzə Fətəli Axundov da əslən Xamnədəndir. Sizin həmkəndlinizdir. Axundovun adını eşitmisiniz?

- Eşitmişəm, - deyə Xamneyi həvəssiz cavab verdi.

Xamneyini başa düşmək mümkün idi. Yəqin ki, bütün həyatı boyu fanatizmə qarşı mübarizə aparan, fars rejimi haqqında bir-birindən kəskin ittihamlar irəli sürməkdən çəkinməyən məşhur "Kəmalüddövlə məktubları" traktatının müəllifi ilə həmyerli olmasından xüsusi qürur duymurdu.

Sonra İran rəhbəri Heydər Əliyevin fəaliyyətinin Moskva dövrü, Qarabağ münaqişəsinin həlli, Ermənistanla aparılan danışıqlar haqqında bir neçə sual verdi. Prezident də öz növbəsində İranın həm Ermənistan, həm də Azərbaycanla qonşu olan dövlət kimi bu məsələyə münasibəti ilə maraqlandı. Təbii ki, ali dini rəhbər ümumi sözlərdən uzağa getmədi.

... Nəhayət, söhbətin rəsmi hissəsi başladı. Təbii ki, Xamneyi artıq İranın rəsmi dövlət dili sayılan farscaya keçmişdi. Burada təəccüblü bir şey yox idi. Təəccüblü olan onun nitqinin rus dilinə, həm də çox naşı və bisavad şəkildə tərcümə edilməsi idi. Ortada bir anlaşılmazlıq havası yaranmışdı. İki-üç cümlədən sonra Heydər Əliyev tərcüməçiyə hökmlə "Podojdite!" - deyib söhbəti dayandırdı. Üzünü İranın ali dini rəhbərinə tutaraq soruşdu:

- Ağayi Xamneyi, bir az əvvəl biz sizinlə öz ana dilimizdə danışırdıq. Başa düşürəm ki, bura İran dövlətidir. Siz də onun lideri kimi rəsmi söhbətlərinizi fars dilində aparmalısınız. Amma niyə tərcümənin ruscaya edildiyini başa düşmürəm.- Bəs mən elə zənn eləyirəm ki, sizin dövlətin dili urus dilidir?! - deyə Xamneyi sifətinə sadəlöhv görkəm verərək təəccübünü bildirdi.

- Ay kişi, - Heydər Əliyev onun özünü bilməzliyə vurmasından açıq-aşkar əsəbiləşmişdi. - Heç şurəvi vaxtında da Azərbaycanın dövlət dili rus dili olmayıb. O vaxt bizim Konstitusiyamızda yazılmışdı ki, dövlət dilimiz ana dilimizdir. Biz hətta Moskvanın təzyiqləri altında da onu qorumuşuq, inkişaf elətdirmişik. Bu dildə nə qədər kitablar, qəzetlər çıxıb. Müstəqillik qazanandan sonra isə hər yerdə ancaq və ancaq öz dilimizdən istifadə olunur! Başım çıxmır, haradan sizin ağlınıza gəlib ki, Azərbaycan Respublikasının dövlət dili rus dili ola bilər? Mən rus dilini də çox gözəl bilirəm, amma dünyanın hər yerində rəsmi danışıqları yalnız Azərbaycanın dövlət dilində aparıram.

Heydər Əliyevin kəskin etirazından sonra İran tərəfi əl-ayağa düşmüşdü. Deyəsən əvvəlcədən tərcüməçi gətirmədiklərindən, yaxud Azərbaycan Prezidentinin reaksiyasını düşünmədiklərindən vəziyyətdən necə çıxacaqlarını bilmirdilər.

- Yaxşı, bu dəfə bizim səfirimiz tərcümə eləyər. Amma Azərbaycan elə uzaq ölkə deyil ki, onun haqqında ən adi şeyləri də bilməyəsiniz, - deyə Heydər Əliyev yaranmış gərginliyi aradan qaldırdı.

Çıxanda isə İran tərəfinin protokol baxımından naqolay hərəkətinə bir daha işarə vuraraq Xamneiyə:

- Düşünürəm ki, bugünkü görüşümüzün ən böyük faydalarından biri də Azərbaycanın dövlət dilinin rus dili olmadığını bilməyiniz oldu, - dedi.

İranın ali dini rəhbəri hədəfə dəyən bu sözlərə:

- Əstəğfürullah! Əstəğfürullah! - deməklə cavab verdi".

Onu da yaxşı xatırlayıram ki, Ümummilli lider Dünya Azərbaycanlılarının qurultayını keçirmək, bununla da dünyada Azərbaycan diasporunun təşkilatlanmasını təmin etməyi necə vacib amil hesab edirdi. Sonralar tarix göstərdi ki, Heydər Əliyev bu addımında da nə qədər müdriklik və uzaqgörənlik, həm də milli mənafelərə qəlbdən bağlılıq nümayiş etdirmişdir. Uzun və çoxşaxəli hazırlıq prosesindən sonra nəhayət, 2001-ci ildə çox mühüm hadisə olan Birinci qurultayı keçirmək mümkün oldu. Bu zaman səhhəti nisbətən zəifləməsinə baxmayaraq böyük həvəslə onlarla xarici ölkədə yaşayan 600 nəfərə yaxın azərbaycanlını tapmaq, onları Bakıya eyni vaxtda gəlməyə razı salmaqdan otel problemlərinə, ekskursiyalara, digər mədəni-kütləvi proqramlara qədər çox mürəkkəb işlərə rəhbərlik edən Ulu öndər mənə zəng etdi:

- Misir müəllim, Sizin bir müddət əvvəl çap olunmuş "Azərbaycan Respublikasının Dövlət rəmzləri" adlı kitabınız var idi. Ondan əlavə 600 ədəd çap etdirin, qonaqlara paylayaq. Qoy onlar Dövlət rəmzlərimizi öz ölkələrinə aparsınlar, evlərində saxlasınlar, uşaqlarına göstərsinlər, yaddan çıxarmasınlar ki, bura onların doğma vətənidir.

Mən bu insanın böyüklüyünə, mənəviyyatına,vətənpərvərliyinə məəttəl qaldım, heyrət etdim ki, bu qədər işin içində gör nə yadına düşüb, vətən üçün, xalq üçün gör nələri düşünə bilir...

Azərbaycanda hansı dövr, hansı mühit, hansı tarixi şərait olursa-olsun, Heydər Əliyevin müəyyən etdiyi ideoloji prinsiplərdən kənarlaşmaq qeyri-mümkündür. Bu prinsiplər xalqımızın milli ideyasını təşkil edir. Heydər Əliyevin müəyyən etdiyi milli ideya Azərbaycan dövlətçiliyinin əsaslarıdır. Bu milli ideya ətrafında Azərbaycan xalqı gələcəyə doğru gedir, inkişaf edir. Milli ideya Azərbaycan xalqı üçün daimidir və Azərbaycanın daxili və xarici siyasətini müəyyənləşdirmək, iqtisadi inkişafını təmin etmək baxımından olduqca vacibdir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Bizim hakimiyyətin yeganə mənbəyi xalqdır. Azərbaycan xalqından bizə verilən dəstək bizi gücləndirir və bizim məsuliyyətimizi də artırır... Azərbaycan xalqı əsrlər boyu müstəqillik həsrətində idi. Nəsillər gəlirdi, gedirdi, ölkəmiz müstəqil deyildi. Başqa ölkələrin tərkibində yaşayırdı. Böyük sərvətdir, böyük xoşbəxtlikdir ki, biz, indiki nəsil bu müstəqilliyi görürük. Azərbaycan xalqı azaddır. Azərbaycan bayrağı bütün beynəlxalq tədbirlərdə, beynəlxalq təşkilatlarda dalğalanır. Biz azadıq, biz müstəqilik, biz güclü Azərbaycan yaradırıq, güclü dövlət qururuq... İndi biz inkişaf yolundayıq. Bizim qarşımızda bütün yollar açıqdır, səma aydındır, üfüqlər açıqdır və biz irəli gedirik..."

 





28.04.2023    çap et  çap et