525.Az

Azərbaycan qadınının intibahı


 

Oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə

Azərbaycan qadınının intibahı<b style="color:red"></b>

Ad insanın taleyinə, həyatına siraət edirmiş. Bunun sübutunu ən çox da ömrünü, həyatını, tutduğu hər əməli, etdiyi hər işi zəriflik, nəciblik, xeyirxahlıq üzərində icra edən oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə Əziz qızı Əliyevada görə bilirik...

Şübhəsiz ki, o, dünyaya sıradan biri kimi gəlməmişdi. Tanrı onu, sanki əhəmiyyətli bir missiya üçün yaratmış, şəfqət, mərhəmət, məhəbbət mənbəyi kimi göndərmişdi Yer üzünə...

Görkəmli dövlət və elm xadiminin qızı, respublika rəhbərinin xanımı, sərkərdə anası olmaq Zərifə Əliyevanın taleyi idi...

Amma bu üstünlüklər fonunda sadə, xeyirxah ola bilmək onun öz seçimi, öz təbiəti idi. Əks halda, bəlkə də haqqında 100 il danışılmaz, barəsində bu qədər mündəricatlar sıralanmazdı.

Sara xatundan başlayan və şanlı bir salnaməyə çevrilən Azərbaycan qadınlarının tarixi Zərifə Əliyeva ilə intibah dövrünü yaşadı. O, Azərbaycan qadının ən şanlı tarixi, ən əlamətdar hadisəsi, ən parlaq simasıdır!

1923-cü ildə Naxçıvanda dünyaya göz açan Zərifə Əliyevanın həyat yolu onu düz 31 il sonra Heydər Əliyevlə qarşılaşdırır. Heç nə təsadüfi deyil.

Əl-ələ verib bir xalqı müstəqil dövlət, dünyəvi, suveren və gözəl görən, gözəllik görən ölkəyə çevirəcəkdilər. Bu yola birlikdə çıxacaqdılar. Ulu öndər qaranlığa bürünən bir ölkəni işığa çıxarır, ömür-gün yoldaşı isə bu işığı görmək üçün gözləri nura qovuşdururdu. Bu, xalq olaraq taleyimizə yazılan şans idi. Tanrı bələdçilərimizi sevdiyi insanlardan seçib göndərmişdi. 

Onun elmi fəaliyyətinin özəyində dövrünün əsl bəlasına çevrilmiş malyariya və traxoma ilə mübarizə mühüm yer tutur. Moskvada həkim-oftalmoloq ixtisasına yiyələndikdən sonra vətənə dönən Zərifə xanım həmin dövrdə Azərbaycanda gözü zədələyən, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyinə qarşı mübarizəyə başlayır. Xəstəliyin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara mühazirə oxuyur, əhali arasında maarifləndirici söhbətlər aparırdı. Məhz bu sahədə yorulmaz və faydalı fəaliyyətinə görə traxoma ilə mübarizə tarixində Zərifə xanım Əliyevanın adı qızıl hərflərlə yazılıb.

Valentina Vasilyevna Şmelyova Zərifə xanımla bağlı xatirələrində qeyd edir ki, o, istənilən vəziyyətdə, istənilən şəraitdə xeyirxah olmağı bacarırdı... Belə insana həyatda bir daha rast gələcəyimə inanmıram. O, hər şeydə istedadlı idi. Həm insan, həm də alim kimi Zərifə xanımın ömrünün hər iki tərəfi ahəngdarlıq, uyğunluq təşkil edir...

Xalqa veriləcək sevgi öncə onların ailəsində doğulurdu, böyüyürdü.

Heydər Əliyev və Zərifə Əliyeva sevgisi- azərbaycançılıq sevgisinin başlanğıcı idi...

Onlar 29 illik ailə həyatını dürüst, möhkəm bünövrə üzərində qurduqları sevgi sarayında yaşadılar. Bu sevgidən bir qız, bir oğul böyüdü, yetişdi. Böyük bir ailə yarandı.

Cəmi 62 illik ömürə bir qadın nələr sığdıra bilərmiş..!

O, təkcə zəkası, savadı, əlləri ilə sağaltmayıb, baxışlarıyla da məlhəm olub neçə qəlbə.

Neçə kimsəsiz uşağa sığal olub, ana olub. Neçə gözə işıq, neçə ürəyə ümid olub. Onun nur verdiyi gözlər onun iradəsindən qidalanan, onun sevgisindən bəhrələnən, onun tərbiyəsi ilə böyüyən, formalaşan sərkərdənin zəfər tarixinə şahid oldu, kövrəldi!

Zərifə Əliyeva ilə işığa çıxan gözlər, onun yetişdirdiyi müzəffər ali baş komandanın sayəsində indi zəfər tarixini oxuyur!

 





28.04.2023    çap et  çap et