525.Az

İşğalın öldürücü qalıqları: minalar və partlamamış sursatlar


 

BU PROBLEM AZƏRBAYCANIN ERMƏNİ İŞĞALINDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRİNDƏ DAVAMLI VƏ DƏHŞƏTLİ TƏHDİD KİMİ QALMAQDADIR

İşğalın öldürücü qalıqları: minalar və partlamamış sursatlar<b style="color:red"></b>

Ermənistan 30 ilə yaxın bir dövr ərzində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgəsindəki şəhər və rayonları yalnız işğal altında saxlamaqla kifayətlənməyib, işğalçılar insanlarımızın həyat və sağlamlığına zərər vermək məqsədilə həmin əraziləri kütləvi şəkildə minalayıblar. 2020-ci il 10 noyabr tarixində imzalanan üçtərəfli Bəyanatdan sonrakı dövrdə işğaldan azad edilən ərazilərdə baş verən çoxsaylı mina partlayışları nəticəsində hərbi qulluqçularla yanaşı, mülki şəxslərin də mina terrorunun qurbanı olub. Ermənistan tərəfi isə nəinki ötən dövr ərzində ərazilərimizdə basdırdığı minaların dəqiq xəritələri haqqında ölkəmizə məlumat verməkdən yayınır, təxribat-diversiya qrupları vasitəsilə işğaldan azad olunan ərazilərimizi yenidən minalarla çirkləndirməkdə davam edir.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin məlumatına görə, Vətən Müharibəsindən sonrakı dövr ərzində 289 nəfər vətəndaş mina və digər partlayıcı sursatların qurbanına çevrilib ki, onlardan 51 nəfəri həlak olub, 238 nəfər xəsarət alıb. Ümumilikdə 1991-ci ildən indiyə qədər baş vermiş mina hadisələri nəticəsində 357 nəfəri uşaq, 38 nəfəri isə qadın olmaqla, 3368 nəfər mina partlayışından həlak olub və ya xəsarət alıb.

Prezident İlham Əliyev bəyan edib ki, Ermənistan Azərbaycanın işğal edilən ərazilərində 30 il ərzində 1 milyondan çox mina basdırıb. Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. 1990-cı illərin əvvəlindən 3300-dən çox vətəndaşımız mina qurbanı olub. Vətən Müharibəsinin başa çatdığı 2020-ci il noyabrın 10-dan etibarən Ermənistanın mina terroru nəticəsində 300-ə qədər Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb: "Azərbaycan humanitar minatəmizləməni milli Dayanıqlı İnkişaf Məqsədi kimi elan edəcək. Ölkəmiz humanitar minatəmizləmənin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsünü fəal şəkildə təşviq edir. Azərbaycan həm də Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifi ilə çıxış edib. Hazırda azad edilən ərazilərimizdə genişmiqyaslı quruculuq işləri aparılır. Müasir texnologiyalara əsaslanan humanitar minatəmizləmə və mina sahəsində maarifləndirmə bu işlərin tərkib hissəsidir. Mən öz həyatını təhlükə altına ataraq gecə-gündüz çalışan minatəmizləyənlərimizin fəaliyyətini yüksək qiymətləndirirəm. Dünyada mina terroruna son qoymaq üçün beynəlxalq səylər artırılmalıdır".

Hazırda Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi tərəfindən işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatları sürətlə davam etdirilir.

FHN-dən verilən məlumata görə, Vətən müharibəsi bitdikdən sonra ərazilərin minalardan və partlamamış hərbi sursatlardan, o cümlədən, müharibənin partlamamış qalıqlarından təmizlənməsi əməliyyatlarına müvafiq qurumların əməkdaşları ilə yanaşı nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi də cəlb olunub. Əməliyyatlar təyin olunmuş istiqamətlər üzrə, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində, su kanalları boyunca aparılır. Əməkdaşlar ən müasir avadanlıqlarla təchiz olunub və bu sahədə beynəlxalq kurslarda iştirak edərək akkreditasiyadan keçiblər. Bundan əlavə, nazirlik tərəfindən alınan "GCS-200" markalı, kənardan idarə edilən, müasir minatəmizləyən robotlar işğaldan azad edilmiş ərazilərin piyada və tank əleyhinə minalardan təmizlənməsi işlərində istifadə olunur. Robotlar məsafədən idarəetmə pultuna malikdir. Robotlar iki kovuşdan ibarətdir - biri piyada əleyhinə minadan təmizləmə üçün, digəri isə tank əleyhinə olan minalardan təmizləmək üçün istifadə edilə bilir. Robotun ən əsas göstəricilərindən biri odur ki, bir saat ərzində ərazinin xüsusiyyətləri imkan verdiyi təqdirdə 1500 kvadratmetr ərazini minalardan təmizləyə bilir. Bir robotu idarə etmək üçün bir istehkamçı, bir mexanik və bir qrup rəhbəri olur. Robotun arxa hissəsində özünü dartma xüsusiyyəti var və robot 10 kiloqram tratil ekvivalenti gücündə partlayışa dözümlüdür. Yəni, bu tip partlayış zamanı yalnız robotun qarşısındakı hissə zədələnə bilər, digər hissələr heç bir zədə görmür. Prosesə istehkamçılarla bərabər xüsusi təlim keçmiş itlər də qoşulub. Ərazilərin partlamamış hərbi sursatlarla çirklənmə miqyası həddindən artıq geniş olduğu üçün minaaxtaran itlərə ehtiyac yaranıb. Bu itlər çox sayda minaları və partlayıcı maddələri aşkarlama qabiliyyətinə malikdir. Düşmən qadağan olunan üsullardan istifadə etməklə, ərazilərin minalanması zamanı heç bir standart, norma gözləməyib və ərazilər çox ciddi şəkildə minalanıb. Bütün bunlara baxmayaraq, ərazilərdə minatəmizləmə prosesi tam gücü ilə davam etdirilir. Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayının bölük komandiri Səbuhi Sarıyev bildirib ki, çətinliklərə baxmayaraq, işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi prosesi diqqətli və sürətli şəkildə aparılır.  Mina təmizləmə istiqamətində aparılan işlərin daha da sürətləndirilməsi məqsədilə sahələrdə xüsusi texnikaların və itlərin köməyindən istifadə olunur: "Təmizləmə prosesinə istehkamçılarla bərabər xüsusi təlim keçmiş itlər də cəlb olunub. Ərazilərin partlamamış hərbi sursatlarla çirklənmə miqyası həddindən artıq geniş olduğu üçün minaaxtaran itlərə ehtiyac yaranıb. Bu itlər çox sayda minaları və partlayıcı maddələri aşkarlama qabiliyyətinə malikdir".

O qeyd edib ki, azad olunan ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi zamanı ermənilərin qadağan olunmuş üsullardan istifadə etdikləri məlum olub. Bütün çətinliklərə baxmayaraq, ərazilərin diqqətli şəkildə təmizlənməsi prosesi aparılır: "Düşmən qadağan olunmuş üsullardan istifadə etməklə ərazilərin minalanması zamanı heç bir standart və norma gözləməyib. Buna görə də ərazilər çox ciddi şəkildə minalanıb. Bütün bunlara baxmayaraq, ərazilərdə minatəmizləmə prosesi tam gücü ilə davam etdirilir".

Səbuhi Sarıyevin dediyinə görə, mina və partlamamış hərbi sursatlarla çirkləndirilmiş ərazilər aidiyyəti qurumların əməkdaşları ilə qarşılıqlı fəaliyyət əsasında təmizlənir: "İşğaldan azad olunmuş ərazilərdə qeyd olunanlara paralel olaraq, quruculuq işləri də sürətlə davam etdirilir. 30 ildir doğma ata-baba yurdlarından didərgin düşmüş məcburi köçkünlərimizin, ərazilərə səfər edəcək vətəndaşlarımızın tam təhlükəsiz yaşaması üçün dövlət əlində olan bütün imkanlardan istifadə edir ki, ərazilərdə heç bir maneə qalmasın".

Millət vəkili Bəhruz Məhərrəmovun sözlərinə görə, bu gün Azərbaycan dünyada ən çox mina çirklənməsinə məruz qalan ölkələrdən biridir. Mina ilə çirklənmiş digər bölgələrdən fərqli olaraq Azərbaycan ərazilərinin minalanması Ermənistanın dövlət siyasəti çərçivəsində həyata keçirilib. Eyni zamanda, proses hazırda da bu və ya digər formada davam edir: "Belə ki, müharibədən sonra işğaldan azad olunan ərazilərimizdə 2021-ci il Ermənistan istehsalı minaları aşkar etməyimiz İrəvanın müharibə cinayətlərindən könüllü şəkildə imtina etmək niyyətində olmadığını göstərir. Digər tərəfdən, üzərinə öhdəlik götürməsinə baxmayaraq Ermənistan dəqiq mina xəritələrini hələ də təqdim etməməklə 2020-ci ilin noyabrından etibarən 300-ə yaxın insanın davam edən müharibə cinayətlərinin qurbanına çevrilməsinə səbəb olub".

Millət vəkili beynəlxalq ictimaiyyətin hələ də lazımi səylər göstərmədiyini qeyd edib: "Demək olar ki, bütün söz sahibi ölkələrdə bu gün təntənəli formada qeyd olunur, amma real işə gəldikdə, biz tamamilə fərqli münasibətlərlə qarşılaşırıq. Məsələn, iri güclərin heç biri tərəfindən Ermənistanın mina xəritələrini təhvil verməsinə dair çağırış almırıq. Ayrı-ayrı psevdosiyasilərin müdafiəsinə qalxan korrupsiya yuvası Avropa Parlamenti, bir dəfə də olsun, 2 ildə 300-ə yaxın insanın mina qurbanına çevrilməsini gündəmə gətirməyib. Əksinə, Fransanın, Avropa Birliyinin simasında biz ləyaqətsiz formada çağırışlar eşidirik ki, Azərbaycan Laçın yolunu hərbi daşımalar üçün açsın və Ermənistan, İran və digərləri separatçılara yeni istehsal minalar daşısın və onlar da Azərbaycan ərazilərini minalasınlar. Bu açıq formada terrora və müharibə cinayətlərinə dəstəkdir. 4 aprel Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü regionumuzda vəziyyət belədir".

B.Məhərrəmov deyib ki, Azərbaycan onsuz da özgücünə mina təhlükəsini aradan qaldırmaqda və milli prioritetimiz olan işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təhlükəsiz reallaşması üçün müvafiq konsepsiya həyata keçirməkdədir: "Lakin Prezident İlham Əliyevin ötən ilin oktyabrında Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında da ifadə etdiyi kimi, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır. Bu mənada əgər BMT Baş Assambleyası 4 aprel qlobal yardım çağırışlarında səmimidirsə mütləq Ermənistanın müharibə cinayətləri ilə bağlı açıq mövqeyini ifadə edib, İrəvanın təcavüzkar davranışına münasibət bildirməli, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın işğaldan azad olunmuş ərazilərində davam edən humanitar mina böhranına yönəltməlidir".

Millət vəkili Müşfiq Cəfərov deyir ki, müharibədən sonra Azərbaycan ərazisində 2020-ci ildən sonra Ermənistanda istehsal olunmuş çoxlu sayda minalar tapılıb. Bu minalar nəticəsində hərbçilərlə yanaşı, sivil insanların və öz peşə vəzifəsini yerinə yetirməyə çalışan jurnalistlərin də həyatını itirməsi bütün dünyaya məlumdur. Ümumilikdə minalama siyasəti erməni terrorizminin əsas göstəricilərindən biridir: "Hətta 2020-ci ildə Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edərkən ermənilər həmin ərazilərə əlavə minalar basdırıblar. 2020-ci il noyabrın 10-dan indiyədək yüzlərlə insan mina terroru nəticəsində həlak olub və ya müxtəlif dərəcəli xəsarət alıb. Məhz Ermənistanın çirkin "oyunları"nın nəticəsidir ki, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunsa da, olduqca böyük əraziləri əhatə edən sahələrə minaların basdırılması keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə öz evlərinə qayıtması üçün ciddi mane yaradır. Azərbaycan hökuməti mina təmizləmə işlərinə böyük diqqətlə yanaşır. Ermənistan hakimiyyətinin isə Azərbaycan xalqına qarşı mina terroru yenə davam edir. Biz bir tərəfdən minaları təmizləyirik, onlar digər tərəfdən əlləri çatan yerlərə mina basdırmaqla məşğuldurlar. Müvafiq qurumlar baş verə biləcək xoşagəlməz halların aradan qaldırılması - minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində fasiləsiz olaraq çalışır. İstər yerli, istərsə də beynəlxalq mütəxəssislər Ermənistanın mina terrorunu qəti şəkildə pisləyirlər. Lakin beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan hüquqlarının müdafiəsi ilə məşğul olan qurumlar da Azərbaycana qarşı davam etdirilən mina terroruna biganə qalmamalıdırlar. Aidiyyəti qurum və təşkilatlar tərəfindən bu məsələ ilə bağlı Ermənistana çağırış və təzyiqlər edilməli, bu cinayətlərin qarşısı qısa zamanda alınmalıdır".

Sevinc QARAYEVA

 

 





28.04.2023    çap et  çap et