525.Az

FTB: “Botnet”lər saniyədə 18 kompüter sistemini yoluxdurur”


 

FTB: “Botnet”lər saniyədə 18 kompüter sistemini yoluxdurur”<b style="color:red"></b> ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktor köməkçisi Cozef Demarest bəyan edib ki, cinayətkarlar öz məqsədlərinə çatmaq üçün getdikcə daha çox “botnet”lərdən istifadə edirlər.

525.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, cinayətkarların fəaliyyəti dünya iqtisadiyyatına böyük təsir göstərir. Belə ki, hər il dünyada 500 milyon fərdi kompüter virusa yoluxdurulur. O, həmçinin əlavə edib ki, dünyada saniyədə 18 fərdi kompüter virus hücumuna məruz qalır.
 
Operatorlar “Botnet” ilə fərdi kompüter sahibinin xəbəri olmadan kibercinayətlər törədirlər. Cinayətkarlar “botnet”lər vasitəsilə fərdi kompüter istifadəçilərinin fərdi və maliyyə məlumatlarını oğurlaya, bank məlumatlarına çıxış əldə edə, milyonlarla bank kartından informasiyanı oğurlaya, saytın işini poza, istifadəçinin hər basdığı düyməni izləyə və hətta kompüter istifadəçisinin sistem kamerasını aktivləşdirə bilərlər.
 
Son ildə “botnet”lər dünya iqtisadiyyatına 110 milyard dollar, ABŞ istifadəçilərinə 9 milyard dollar məbləğində ziyan vurub. “Botnet”lər ikinci ildir ən təhlükəli kibertəhdidlər siyahısına daxil edilir.
 
Xatırladaq ki, bu yaxınlarda ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) keçmiş əməkdaşı Edvard Snouden agentlik tərəfindən “botnet”lərin istifadə olunmasını sübut edən sənədlər təqdim edib. Sənədlərdən məlum olur ki, MTA kompüterləri kəşfiyyat məqsədilə yoluxdurub. Agentlik dünyada təxminən 50 min kompüter şəbəkəsinə müdaxilə edərək onlara zərərli proqram təminatı yerləşdirib, - "SecurityLab” yazır.
 





19.07.2014    çap et  çap et