525.Az

"Qaraçı" - "Bir rəsmin dedikləri"


 

"Qaraçı" - <b style="color:red"> "Bir rəsmin dedikləri" </b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Elariz Nəhmədlidir. Onunla məşhur holland rəssamı Frans Halsın "Qaraçı" əsərindən danışmışıq.

Frans Hals 1580-ci ildə Niderlandda anadan olub. O, yeni üslublu rəssamlıq sənətinin əsasını qoyan və bədii istiqamətləri qruplaşdıran yeganə holland rəssamı olub. Halsın yaradıcılığı Niderlandda bədii məktəb kimi öyrənilib, digər Qərbi Avropa ölkələrinin incəsənətinə də təsir göstərib. Rəssam əsərlərində daha çox humanizm prinsiplərinə söykənir, mədəni həyata və insana böyük dəyər verirdi. Halsın bir çox əsərləri bu gün də məhşurluğunu qoruyub saxlayır.

 

- Elariz bəy, "Qaraçı" tablosunda Hals yaradıcılığına məxsus hansı cəhətləri görürük?

- "Qaraçı" haqqında danışarkən ilk növbədə onu qeyd etmək istərdim ki, əsər akademik portretin sərtliyindən və təntənəli hərəkətsizliyindən tamamən uzaqdır. Ümumiyyətlə, yüksək dairələrdə yaxşı forma sayılan duyğuların təsvirdə olmaması Hals tərəfindən tamamilə rədd edilir. Tarixi rəsmlər, dini mövzular, xüsusən də siyasi əsərlər rəssamın  yaradıcılığının əsasını təşkil edirdi. Dövrün ictimai-siyasi problemləri, dini müxtəlifliyi və konkret inanc mövzuları onun əsas mövzuları idi. Elə bu əsərdə də "Qaçqın" bir qız təsvir edilib. O, həm istehzalı, həm də qəmlidir.

- Bəs əsərin kompozisiyası haqqında nə deyə bilərsiniz?

- Əsərdə təsvir olunan qızın buruq, qara saçları, açıq, canlı çöhrəsi var. O, izləyiciyə baxmır, görünməz həmsöhbətinin yanında ona gülümsəyir. Qadın burada inamsız təsvir edilib. O, istehza ilə şən baxır, onunla rəqabət aparmağı təklif edir. Rəsmin arxa planı isə bulanıq təsvir olunub.

- Əsərin rəng koloriti necədir?

- Əsərdə tünd rənglərlə açıq rənglər sanki həmahəngdir. Portretdə qadının üzü, sinəsi açıq-sarı və ağ rənglərlə, arxa planda bulanıq fon boz və qara rəng çalarlarının qarışığı ilə, saçlar tünd qara, paltar isə narıncı və ağ rənglə verilib.

- Tablo hazırda harda saxlanılır?

- Tablo Halsın əksər əsərləri kimi məşhur Amsterdam muzeyində saxlanılır.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Hals həyatı sevirdi, bunu onun həm əsərlərində, həm də söylədiyi fikirlərdə görmək olur. O, təbiiliyi, köklü səbəbləri və təzahürləri təsvir edir, mənəvi normalarla məhdudlaşmırdı. Hals daha çox tək, ya da toplu portretlər yaradırdı. O, radikal şəkildə azad yanaşma ilə realizm tətbiq edən rəssam idi. Halsın rəsmlərində cəmiyyətin müxtəlif təbəqələri təsvir olunub: zabitlər, bələdiyyə başçıları, katiblər, yerli şura üzvləri, müğənnilər və s. Sözügedən sıralama ilə getsək, rəssamın qaraçı qızı təsvir etməklə bu ənənəyə sadiq qaldığını görərik. Tabloda əsas mövzu kimi dövrün haqsızlıqları ön plana çəkilib.

Aytac SAHƏD

 





01.05.2023    çap et  çap et