525.Az

İqtisadiyyata mənfi təsir göstərən əsas amillər hansılardır?


 

İqtisadiyyata mənfi təsir göstərən əsas amillər hansılardır?<b style="color:red"></b>

Dünya iqtisadiyyatında baş verən qlobal hadisələr təbii olaraq bizim ölkəmizdən də yan keçmir. Qiymətlərin kəskin bahalaşması, pulun alıcılıq qabiliyyətinin azalması, yüksək kommunal ödənişlər əhalinin həyat səviyyəsinə ciddi şəkildə mənfi təsir göstərir. Bu situasiyada əhalinin sosial çətinliklərlə üzləşən təbəqəsinin kreditlərə daha çox ehtiyacı yarandığından və kreditlərə tələbat artdığından müvafiq olaraq banklar kredit faizlərini artırırlar. Kifayət qədər kredit balları olmayan fiziki şəxslər isə hətta yüksək faizlə belə kredit ala bilmirlər.

İiqtisadçı ekspert, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov "525"ə açıqlamasında dünya ölkələrinin üzləşdiyi dərin strukturlu böhranın ölkəmizə də ciddi təsirlərin olduğunu vurğulayıb: "Hazırda ölkədə kəskin qiymət artımı baş verməkdədir. Bunun bir sıra səbəbləri var. Bununla yanaşı, geosiyasi amillərin də iqtisadi sahələrdə təsirini görürük. Nəticədə  ölkəyə infilyasiya idxal edilir. İnflyasiyanın idxalı da xeyli müddət iqtisadiyyata təsir edəcək. Bununla yanaşı, ölkədə inhisarçılıq meylləri də yüksək səviyyədədir. Biz bu iqtisadi bəla ilə effektiv mübarizə aparmalıyıq. İnhisarçılıq son dövrdə qiymət artımına şərait yaradır. Təəssüf ki, effektiv pul kredit siyastinin tətbiqinin şahidi olmuruq. Yüksək bank faizləri, istehsalatın faiz dərəcələrdən çıxış imkanlarının olmaması müşahidə edilir. Bütün bunlar isə investisiya siyasətinin inkşafına çox ciddi əngəllər törədir. Bu problemlərin aradan qaldırılması üçün Nazirlər Kabinetinin kordinasiya funksiyası effektiv şəkildə işə salınmalıdır. Digər tərəfdən, bank sektorunda ciddi islahatlar aparılmalıdır ".

İqtisadçı Günay Hüseynova "525"ə açıqlamasında ölkə vətəndaşlarının iqtisadi vəziyyətinin yaxşılaşdırılmasının dövlətimiz üçün proritet məsələlərdən biri olduğunu vurğulayıb: "Son zamanlar inflyasiyanın artımı, idxaldan asılılıq iqtisadi inkişafa ziyan vurur. Gəlirlər 5 faiz artırsa, bununla bərabər, xərclər də ən yaxşı halda 25 faiz artır. Bazar və gəlir arasındakı rəqəm həqiqətən də böyükdür. Qiymət bahalaşmasının səbəbi isə yerli istehsalın olmamasıdır. Yerli istehsalın olması üçün kəndliyə, fermerə maddi və mənəvi şərait yaratmaq lazımdır ki, qarşılığını ala bilsin. Bunlar olmayanda məcburən idxal artır. Bu proseslər hamısı bir-biriylə əlaqədardır. Bu sahə təkcə İqtisadiyyat Nazirliyi tərəfindən deyil, digər qurumlarla birlikdə həll olunası məsələdir. Əsas problem pulun hərəkət sürətini artırmaqdır. Nümunə olaraq, maaşları 5 faiz artırmaqdansa, yaxşı olardı ki, çalışan şəxslərə qida paketi (ailə tərkibinə görə) verilsin. Sosial rifahın yaxşılaşdırılması üçün Turizm Agentliyi ilə birgə layihələr hazırlamaq olar. Və ya işçinin kommunal xərclərinin müəyyən qədərini müəssisələr qarşılaya, bunun qarşılığında da dövlət vergi güzəşti təklif edə bilər. Təbii ki bunlar sadəcə bir neçə nümunədir. Bu kimi iqtisadi tənzimləmələrlə inflyasiya sürətinin qarşısını almaq, yoxsuluğu minimuma endirmək olar".

Qeyd edək ki, iqtisadi artım vətəndaşların həyatına təsir göstərən başlıca amillərdən biridir. İqtisadiyyatı davamlı və yüksək templərlə artırmaqla ölkədə adambaşına düşən milli gəlirin yüksək səviyyəsinə nail olunmalıdır. İqtisadi artım yüksək gəlirli iş yerləri yaratmaqla həyat səviyyəsinin ilbəil yaxşılaşmasını təmin etməlidir. İqtisadiyyatda uzunmüddətli investisiya resurslarının əsas mənbəyi olan kapital və sığorta bazarının inkişafı da sürətləndirilməlidir. Bank sektorunun dayanıqlığı təmin olunmalı, ona olan etimad yüksəldilməli, real iqtisadiyyatın maliyyələşdiriməsində bankların payı artırılmalı və sahibkarlıq fəaliyyətinin inkişafına təkan verməlidir. Bütün hallarda isə iqtisadi artımın başlıca səbəbi və hərəkətverici qüvvəsi insan kapitalıdır.

Havar ŞƏFİYEVA

 





01.05.2023    çap et  çap et