525.Az

Pərili köşkdə ruh kimi gəzən "o qadın" - Türkan Turan yazır


 

Pərili köşkdə ruh kimi gəzən "o qadın" - <b style="color:red"> Türkan Turan yazır</b>

Yer üzündə heç nə təsadüf deyil. Hər şeyin, hər kəsin, hətta qara daşın da bir hekayəsi var. Kiməsə görə bu hekayələrin bəziləri dərin, bəziləri dayaz, bəziləri mənalı, bəziləri də adidən adidir. Amma nəticədə hekayə hekayədir. Hər şeyin bir səbəbi var, hər hadisə bir-birinə görünməyən düyünlərlə bağlıdır. Corab kimidir bəziləri, bircə ilməsini çəkən kimi hamısı sökülüb əlində qalır. İstanbul Boğazındakı villalar, köşklər də belədir; xalça kənarındakı incə naxış kimi sahilboyu sıralanan tarixi binaların hər birinin maraqlı hekayələri var. Biri bitərkən digəri başlayır.

Dildən-dilə dolaşan rəvayətlər, bəzən birinin üstünə beşi qoyularaq danışılan əfsanələr, bu əsrarəngiz köşkləri daha da sehrli edir. Həmin hekayələrdən biri də indilərdə "Borusan Holdinq"in fəaliyyət göstərdiyi Yusif Ziya Paşa köşküdür. Bu möhtəşəm memarlıq abidəsi xalq arasında Pərili köşk adı ilə tanınır.

Köşk Əmirgana gedən yolun solunda, Sultan Mehmet körpüsünün solunda yerləşir. Qırmızı kərpicləri ilə diqqət çəkən, əsrarəngiz memarlığı ilə qarşısından keçənləri yolundan edən, heyrətləndirərək özünə kilidləyən görkəmli qülləsi ilə məğrurluqla ucalan, yan-yörəsindəki bütün binalardan fərqlənən bir köşkdür bura.

Haqqında heç nə bilmədən getsəniz, sadəcə "ofis muzey"i ziyarət edib, modern əsərlər görüb, Boğaz mənzərəsini seyr edib, bir neçə foto çəkib dönəcəksiniz. Amma gerçək hekayəsini bilsəniz, heyrətlənəcək və bambaşqa duyğularla ziyarət edəcəksiniz.

 

Paşanın jesti, padşahın fərmanı

 

Nağıllar aləmindən bir qədər öncə çıxıb gəlmiş kimi ucalan köşkün təməli 1900-cü illərin əvvəlində atılır, lakin aradan on il keçməyinə baxmayaraq, inşaat heç cür bitmək bilmir. Köşkün sahibi, o dönəmin zəngin taciri və Misir vəziri Abbas Hilmi Paşanın köməkçisi Yusif Ziya Paşa idi.

Rəvayətə görə, Ziya Paşa özündən xeyli gənc və çox gözəl bir qadına aşiq olur. Qadınla evlənmək üçün alışıb yanan paşa bütün sərvətini onun ayaqları altına sərməyə hazır olur. Ancaq heç bir jest qızı bu evliliyə razı salmağa yetmir. Paşa qızın sevgisini qazanacağına inandığı bir addım atır və onun üçün dəbdəbəli bir köşk tikdirməyə başlayır. Elə inandığı kimi də olur, qız paşaya ərə getməyə razılaşır.

Deyilənlərə görə, olduqca qısqanc bir xarakterə sahib olan Yusif Ziya Paşa gözəllər gözəli xanımının uzaqdan da olsa, kiminsə görməyinə dözə bilmir. Buna görə də, Paşanın ən böyük istəyi həm qadının gözəlliyinə yaraşan, həm də onu yad gözlərdən uzaq tutacaq bir köşk inşa etdirmək olur. Tikintiyə ilk maneə Sultan II Abdulhəmidin fərmanı olur. Padşah qərar verir ki, Boğazda məscid minarələrindən daha yüksək bina ucaldıla bilməz. Görkəmli və hündür bir köşk inşa etdirmək planı suya düşən paşa, köşkün bir neçə mərtəbəsindən vazkeçmək məcburiyyətində qalır. Nəhayət ki, bir qismin tikintisi başa çatır və paşa gənc qadınla evlənir.

 

Əsarət

 

Ancaq paşanın işi heç də asan olmur. Çünki gözəlliyi dillərə dastan olan qadının sehrinə qapılan bir çox cavan oğlan, ailə qurmağına baxmayaraq, Nəbiyə xanımın arxasınca düşməyə davam edir, bütün gün köşkün ətrafında var-gəl edir, bircə dəfə də olsa onun üzünü görməyi arzulayırlar. O vaxtdan içində pəri qədər gözəl qız yaşadığı üçün qısa müddətdə Pərili köşk adı ilə tanınır.

Gənc və gözəl arvadını getdikcə daha çox qısqanan və itirməkdən qorxan Yusif Ziya onu kimsə görməsin deyə bilmir neyləsin, axırda inşa etdiriyi bu köşkün ən üst mərtəbəsindəki qülləyə salır və onun başqaları ilə görüşməsini əngəlləmək üçün də inşaatı yarımçıq saxlatdırır. Hətta pilləkənlərin belə tikilməsinə icazə vermir.

Paşa sonra fikrini dəyişir, tikintinin başa çatmağına qərar verəndə isə gec olur. Çünki 1914-cü ildə Birinci Dünya müharibəsi başlayır və Osmanlı imperatorluğunun da savaşa girməsi səbəbi ilə köşkün inşasında çalışan bütün ustalar əsgər aparılır. Ardınca Yusif Ziya Paşanın iki gəmisinin batması ilə maddi çətinlikləri başlayır. Həm bacarıqlı usta tapılmaması, həm də işlərinin pozulması səbəbi ilə binanın tamamlanması yenə mümkün olmur.

 

Qısqanclıq və ayrılıq

 

İflasın astanasındakı paşa bir yandan bu çətinliklərlə savaşarkən, bir tərəfdən də dəli kimi sevdiyi arvadını ətrafdan qorumaq üçün ciddi mübarizə aparır. Onun bu halı gün keçdikcə daha da şiddətlənir. Çarəni İstanbuldan getməkdə görən paşa, Nəbiyə xanımı da götürüb Misirə köçür.

Ancaq bu da dərdinə əlac olmur. Xəstəlik dərəcəsinə çatan qısqanclıq acısı Misirdə də səngimək bilmir. Tezliklə bütün sərvətini itirən Paşanı arvadı tərk edir. Çəkdiyi acılara, sıxıntılara dözməyən paşa 1926-cı ildə vəfat edir. Öldükdən sonra belə dərdindən dəli olduğu qadından əl çəkməyən paşanın vəsiyyəti bu olur ki, məzar daşını arvadını həbs etdiyi köşkün daşlarından düzəltsinlər. Paşanın bu vəsiyyətinə görə köşkün seyir qülləsi sökülür və Misirə daşınır. Bu daşlarla üzü Nil çayına baxan bir yerdə Yusif Ziya Paşanın məzarı düzəldilir.

Paşanın ölümündən sonra Nəbiyə xanım və onun ilk ərindən olan üç qızı eyni zamanda paşanın ilk evliliyindən dünyaya gələn iki qızı 90-cı illərə qədər bu köşkdə yaşayır. Birinci mərtəbəni isə kirayə verirlər. Köşk 1993-cü ildə podratçı Basri Ərdoğana satılır.

 

Dəbdən düşməyən dedi-qodular

 

Uzun illər yarımçıq vəziyyətdə olmağına rəğmən, zamana meydan oxuyan və hardasa yüz il sonra tamamlanan Pərili köşkdə inşa işləri zamanı maraqlı hadisələr baş verir. Köşkün gerçək hekayəsi unudulur və buraya pəri qədər gözəl bir qıza görə Pərili köşk deyildiyi yaddaşlardan silinir. Əvəzində Yusif Ziyanın ruhunun bəzi gecələr köşkü ziyarət etdiyi və otaqlarda gəzdiyi, köşkün qülləsində saxlanan gənc və gözəl bir qızın ruhunun hələ də köşkdə, xüsusilə də qüllədə görünməyinə dair dedi-qodular başını alıb gedir.

Pərili köşk 1990-cı illərdə yenidən qurularkən də dedi-qodu bitmir. Tikintidə işləmək üçün Samsundan gətirilən ustalar köşkdə paşanın arvadına aid aynada əynində keçmişə aid paltar olan gənc bir qadının ruhunu gördüklərini iddia edirlər.

 

Ofis muzey

 

Misir və Türkiyədə tapılan 40-dan artıq varisdən satın alınan Pərili köşkün yenidən qurulması 1995-2000-ci illərdə Abidələr Qurumunun qərarı ilə əslinə uyğun şəkildə yenidən tikilmək üçün dağıdılır və memar Hakan Kıran tərəfindən yenidən qurulur. O əsnada zirzəmi qismində torpaqla doldurulmuş üç mərtəbə olduğu aşkarlanır. Bu zaman kənardan 6 mərtəbə olaraq görünən bina yenə Qurumun qərarı ilə ilk variantı əsas tutularaq doqquz mərtəbə olaraq yenidən planlanır. Fasadın daş və qırmızı kərpicdən tikilməsi binanın ilk layihəsinə sadiq qalınaraq tamamlanır. Kərpiclər İngiltərədən əslinə uyğun olaraq gətirilir. Köşkün xarici görüntüsü qorunur, ancaq içi bir az daha modern və fərah bir şəkildə düzəldilir. Qülləsi ilə birlikdə 10 mərtəbəli köşk bir yandan Qara dəniz, o biri yandan da Mərmərə dənizinə baxır.

Beş il davam edən təmir-tikinti işlərindən sonra 2002-ci ildə Pərili köşkü 25 illik kirayəliyən "Borusan Holdinq" binanı bu gün göründüyü görkəminə qovuşdurur. Borusan kolleksiyasına daxil olan sənət əsərləri Pərili köşkə daşınır. Həftə içi holdinqin ofis binası olan köşk, həftə sonları muzey olaraq fəaliyyət göstərir. Bu sehrli köşkdə hazırda pərilər yoxdur, ancaq bir-birindən gözəl çağdaş sənət əsərlərinin sərgiləndiyi möhtəşəm bir muzey var.

"Ofis muzey" görüntüsü ilə "Borusan Contemporary" görkəmi və göstərdiyi xidmətlə fərqlənir. Həm yerli, həm də xarici rəssamların, sənətçilərin əsərləri sərgilənir. Muzeyin digər məqsədi, sərgiləri hər yaş qrupundan olan uşaqlar və gənclərə hesablanmış dərs proqramları və tədbirlərlə dəstəkləyərək Türkiyənin kültür və sənət ortamına faydalı olmaqdır. Pərili köşk özünəməxsus memarlığı ilə İstanbul kültür mirasının öndə gələn örnəklərindəndir.

 

 





01.05.2023    çap et  çap et