525.Az

Qəhrəman komandirin yeni kitabı


 

HACI ƏKBƏR RÜSTƏMOVUN QARABAĞ DÖYÜŞLƏRİNDƏN BƏHS EDƏN YENİ - "QAYIT, GƏL" ADLI KİTABI İŞIQ ÜZÜ GÖRÜB

Qəhrəman komandirin yeni kitabı<b style="color:red"></b>

Birinci Qarabağ müharibəsinin döyüş komandirlərindən biri Vətən uğrunda fədakarcasına vuruşmuş Hacı Əkbər Rüstəmovdur. Əkbər Rüstəmovun özü ilə yanaşı, üç oğlu da döyüşlərdə iştirak edib. Onlardan biri - Sənan Rüstəmov isə şəhid olub.

Hacı Əkbər Rüstəmov 1 iyul 1947-ci ildə Ağdam şəhərində anadan olub. O, 8-ci sinifə qədər Ağdam şəhər 3 nömrəli məktəbdə oxuyub, daha sonra təhsilini Bakıda 1 nömrəli peşə məktəbində davam etdirib. 1965-ci ildə Bakı Sənaye Pedaqoji Texnikumunu bitirib, 1967-1969-cu illərdə sovet ordusunda xidmət edib. Gimnastika və güləşlə məşğul olan Əkbər müəllim müxtəlif çempionatlarda uğurla çıxış edib. 1972-ci ildə Ağdama təyinat alıb, 1 il istehsalat təlimi ustası işləyib, sonra Ağdam şəhər 50 saylı peşə məktəbinin idman rəhbəri təyin olunub. İdman rəhbəri işlədiyi dövrlərdə məktəbin idman bazasını inkişaf etdirib. Əkbər Rüstəmov eyni zamanda, Ağdam Uşaq Gənclər İdman Məktəbində sərbəst güləş üzrə məşqçi müəllim kimi də çalışıb. O, işlədiyi dövrlərdə məktəbli idmançılar yarışlarda uğur və qələbələr qazanıblar. Respublika futbolunu inkişaf etdirmək üçün ilk dəfə rayon klubları arasında "Şəfəq" futbol komandasının yaradıcısı da məhz Əkbər müəllim olub.

Əkbər Rüstəmov deyir ki, 1976-cı ildə futbol üzrə texniki peşə liseyləri arasında respublika çempionu olublar. O cümlədən, SSRİ birinciliyində Azərbaycanı təmsil ediblər: "O vaxt 17 komanda arasında 4-cü yerə layiq görüldük. 1977-ci ildə isə güləşçi yetirmələrimi Tula şəhərinə aparmışdım. Orda da komandamız 5-ci yeri tutmuşdu. Ümumiyyətlə, idmanın bütün növləri üzrə kollektiv olaraq fəal olmuşuq. 1977-ci ildə klub komandalarının yaranması ilə bağlı Nazirlər Kabinetindən məktub almışdım. Ağdamda da klub komandası məhz həmin vaxt - 1977-ci ildə yaranıb. Mən də Fazil müəllimə deməzdən əvvəl Tofiq Babayevin yanına getdim, dedim ki, Tofiq, mənə kömək et. Dedi ki, nə kömək edə bilərəm? Dedim ki, bu məktuba "Raykom"un möhürü lazımdır. O da bu işi həll etdi. Dedim ki, hələ dayan, Fazil müəllimə zəng elə. Onlar telefonda danışanda Tofiq müəllim telefonun dəstəyin mənə uzatdı ki, səni soruşur. Fazil müəllim mənə dedi ki, çox düz addım atmısan. Mən də olsam, elə addım atardım. Bu klub komandasını yaratmaqda mənə ən böyük dəstək rəhmətlik Fazil müəllim oldu. O komandanın yaranmağında onun çox zəhməti olub. 1979-cu ildə rayonda Aqrar sənaye birliyi var idi , onu ora göndərdilər. Ondan sonra komandanın xərclərini çəkməyə gücüm çatmadı deyə, "Şampan zavod"a verildi, daha sonra isə müxtəlif müəssisələr komandanı himayə edirdi. Bakıya gələndən sonra isə "Qarabağ" komandası oldu".

Tələbələrinə öz övladı kimi yanaşan Ə.Rüstəmov hər zaman onlara dəstək olub, qarşılarına məqsəd qoyub ona çatmağı aşılayıb. Əkbər Rüstəmov Ağdamdan çıxan məşhur güləşçilərin 70 faizinin müəllimi olub. Bir vaxtlar "Qarabağ" futbol komandasının rəhbəri 50 nömrəli peşə məktəbinin həyətində tələbələri ilə birlikdə öz əlləri ilə tikmişdi həm stadionu, həm də idman zalını.

Əkbər Rüstəmov 1988-ci ildən Milli-Azadlıq Hərəkatına qoşulub. AXC-nin yerli təşkilatının fəallarından olub. Daha sonra könüllü özünümüdafiə taboruna yazılıb. 845 saylı hərbi hissənin 4-cü bölüyünün komandiri kimi döyüşlərdə iştirak edib. Əkbər Rüstəmov ötən əsrin 90-cı illərində üç oğlu ilə birlikdə ermənilərə qarşı mübarizəyə qalxıb. Ağdamın müdafiəsində can qoyub, bir oğlunu və bir qardaşı oğlunu şəhid verib. Amalı, məqsədi Vətənin azadlığı, dövlətimizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğaldan azad edilməsi olub. Soyuq səngərlərdə qəlbinin, ruhunun, düşüncəsinin odu-alovu bir an öləziməyib. Əksəriyyəti dostu, tələbəsi olan silahdaşlarını düşmənlə sona qədər döyüşməyə çağırıb. Ə.Rüstəmovla yanaşı, oğlanları Sarvan, Sənan və Kənan da Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstəriblər. Dəfələrlə ölümlə üzə-üzə qalan Əkbər Rüstəmov oğlu Kənanla birlikdə Xocalı soyqırımı törədilən gecə yüzlərlə dinc sakinin erməni vəhşiliyindən qurtarılmasında iştirak edib. 1992-ci il may ayının 15-də Ağdamın Abdal-Gulablı kəndi uğrunda gedən döyüşlərdə oğlu, qəhrəman kəşfiyyatçı Sənan Rüstəmov şəhid olub. Oğul itkisi Əkbər müəllimin döyüş ruhunu sarsıda bilməyib. Ancaq 1993-cü ildə oğlanları Sarvan və Kənanla yenidən orduya qayıdan Əkbər Rüstəmov hamını səfərbərliyə çağırıb və döyüş bölgəsinə yollanıb.

Vətənin müsəlləh əsgəri, şəhid atası, Ağdamın nüfuzlu ağsaqqalı Hacı Əkbər Rüstəmov imanlı bir şəxsiyyətdir, həcc ziyarətində olub və ibadətinə sadiqdir. Övladlarına və gənclərə nəsihətində də onları dini qiymətləndirməyə, müqəddəs "Qurani-Kərim"i öyrənməyə, dərk etməyə, lakin ifrat mövhümatından da uzaq olmağa çağırır".

Şəhid oğlu barəsində danışan Hacı Əkbər bildirib ki, Sənan Rüstəmov 1988-ci ilin fevral ayından başlayan Milli Azadlıq Hərəkatına qoşulur və hamı kimi o da gecələr ermənilərlə qonşu kəndlərimizdə keşik çəkir: "Sənan 1991-ci ilin may ayında həqiqi hərbi xidmətə çağırılır və hərbi xidmətini Qusar rayonunda davam etdirir. Qarabağda ermənilərin fəallaşmasından, kəndlərimizə daim quldurcasına hücumlardan narahat olan Sənan rus ordusunda xidmətdən imtina edərək 60 nəfər əsgərlə Bakıya - Müdafiə Nazirliyinə gəlir və Qarabağda xidmət göstərmək, Vətəni qorumaq niyyətində olduqlarını bildirirlər. Üç gün ərzində müraciətlərinə cavab ala bilmədikdə, Sənan 17 nəfərlə birlikdə Ağdamda - Xaçınstroyda yerləşən Şirin Mirzəyevin batalyonuna gələrək orada xidmətini davam etdirir".

Sənan 1992-ci il mart ayında Malıbəyli-Quşçular kəndləri istiqamətindən, döyüş dostları Əkbər Məmmədov, Əlabbas və Aydınla birlikdə düşmən qüvvələrinin arxasına keçərək Xankəndində 4 saylı orta məktəbdə yerləşən hərbi hissədən hərbi əhəmiyyətli xəritəni götürərək arxaya qayıdırlar. 1992-ci il 4 aprel tarixdə Şirin Mirzəyev onu III batalyonun (komandir Əkbər Məmmədov) II rotasına komandir təyin edir. Sənan Rüstəmov 9-11 may Daşbaşı istiqamətində, yüksəklikdə yerləşən düşmənin postunu susdurmaq əmri alır və bu əmri məharətlə yerinə yetirərək düşmənin iki atəş nöqtəsini zərərsizləşdirərək 7 avtomat, 1 ədəd rabitə aparatını qənimət götürür. Sənan Rüstəmov Ağdərə rayonunun Sırxavənd, Qazançı, Kiçan, Canyataq, Gülyataq döyüşlərində mərdliklə vuruşub. O, Əsgəran rayonunun Aranzəmin, Pircamal, Naxçıvanik, Ağbulaq, Dəhraz kəndlərində gedən döyüşlərdə düşmənə ağır zərbələr vurub. 15 may 1992-ci ildə düşmən Abdal-Gülablı kəndlərini ələ keçirir. Şirin Mirzəyev düşmən qüvvələrini kənddən çıxarmaq əmri verir, Sənan Rüstəmov öz dəstəsi ilə düşmənə qarşı hücuma keçir. Şiddətli döyüş zamanı havadan döyüşə dəstək verən, Azərbaycan Hərbi Qüvvələrinə aid SU-25 vertolyotu düşmən tərəfindən vurulur, paraşütlə tullanan pilotlar düşmən nəzarətində olan əraziyə enirlər. Sənan pilota kömək etmək üçün irəli atılır, qeyri-bərabər döyüşdə düşmən qüvvələrini məhv edərək, əsir götürülmüş polkovnik-leytenant Şuvaryovu xilas edir və öz mövqelərinə gətirir. Məlum olur ki, pilotun sənədləri düşməndə qalıb. Sənan tərəddüd etmədən geri qayıdır. Düşmənlə üz-üzə gəlir, bu döyüşdə də qalib gəlir və Şuvaryovun sənədlərini götürüb qayıdarkən daha iki pilotun əsir aparıldığın görərək onları xilas etmək üçün döyüşə atılır. Lakin düşmən qüvvəsi çox olduğundan onları xilas edə bilmir. Bu, Sənanın son döyüşü olur...

Hacı Əkbər Rüstəmov Birinci Qarabağ müharibəsi və doğulub boya-başa çatdığı Ağdam rayonunun işğalda olduğu dövrlərdə yazdığı gündəlikləri kitab formasında çap etdirib. Onun "Qalx ayağa vətən oğlu", "Qapımı vətən döydü", "Vətən" və "Qayıt, gəl" adlı kitabları var. "Vətən" adlı kitabında Hacı Əkbər Rüstəmovun "Gördüklərim sarsıdıb məni", "Döyüşçü dəftərindən", "Yurdu qorumaq hamımızın borcudur", "Məndən sizə əmanət", "Vida", "Döyüşçü dəftərindən", "Biz mütləq o torpaqlara qayıdacağıq", "Şuşanın dağları başı dumanlı", "Vətəndən məktub", "Övladlarıma vəsiyyət, gələcəyə nəsihət", "Vətənə dönmək üçün bir yol düşünmüşəm", "Hər könüldə bir yuva var", "Görüşünə gəlmək istəyirəm, Vətən", "Mütləq gələcəyik vətən", "Səngərdə keçən ömür", "Mən həmişə səninləyəm", "Həyatım mənim - Ağdamım, Qarabağım, bütöv Azərbaycanım mənim", "Od-alov içindən çıxan qəhrəman", "Dərdimlə baş-başa", "Cəhənnəmə döndərilmiş, cənnətim Ağdamım", "Azərbaycan", "Vicdan", "Dərdlərimin də dərdi var", "Yarım oralarda, yarım buralarda", "Narahat ruhlar", "Yurd yerimin tacı Şuşa" başlıqlı yazıları yer alıb.

"Ağdama bahar gələndə" başlıqlı yazıda müəllif bildirir ki, "Ağdam, Qarabağ işğal olunan gündən nələr gəlmədi başıma, ürəyim para-para oldu, onlarla çat yarandı ürəyimdə".

lll

"Qayıt, gəl" kitabının isə bu yaxınlarda təqdimatı keçirilib. Kitabda müharibəni görməyən hər kəs onun dəhşətlərini göz önündə canlandıra bilir. Çünki müəllif müharibədə baş verənələri olduqca mükəmməl qələmə alıb. "Qayıt, gəl" adlı səngər qeydləri həm işğaldan əvvəlki dövrdə vətənli xatirələr, həm də bir zəfər çağırışıdır. Müəllif bəzən xatirələrini nağıla çevirib oxucuya çatdırmaq istəyir. "Qayıt, gəl"in ilk səhifələrindəki "İrəli, hey irəli, milli ordu əsgəri!", "Qalx ayağa, vətən oğlu" kimi yazılar insanın ruhunda bir yüksəliş yaradır.

Sevinc QARAYEVA

 





01.05.2023    çap et  çap et