525.Az

Köhnə avtobus, sərgərdan pişik - Afaq Vasifqızı yazır


 

VƏ YAXUD "ÇƏKİB QURTARMADIN?"

Köhnə avtobus, sərgərdan pişik - <b style="color:red"> Afaq Vasifqızı yazır</b>

Xeyli vaxtdır bu janrda yazı yazmıram - 7-8 il olar. Olmur. Alınmır. Bu müddətdə portret oçerklərim olub mətbuatda, müsahibələrim olub, yol qeydləri yazmışam, amma hər hansı əsər barədə yazı yazmamışam. Sosial şəbəkədə statuslarla bildirmişəm münasibətimi ən yaxşı halda. Halbuki  jurnalistikaya gəldiyim gündən gördüyüm işdir bu - sənətdə baş verən hadisələri mətbuatda işıqlandırmaq.

Televiziya qaynar qazandır. İllah da konkret proqramlar hazırlayırsansa, günün rutinindən aralanmaq mümkün olmur. Gündəlik canlı efirin varsa, mövzu-qonaq-sual məsələlərini hər gün həll etməli olursan. Çalışdığın proqram həftəlik olanda vəziyyət daha müşkül olur - mövzu-qonaq-sual zəncirinə bir böyük həlqə də əlavə olunur - montaj. Bernard Şounun sözüdür, deyir, xoşbəxt o kəsdir ki, sevdiyi işlə məşğul olur və buna görə ona pul da verirlər. Hə, sevdiyin işi görürsən və buna görə əməkhaqqı da alırsan, gəl ki, yüksək zövq verən bu maraqlı işə  bəzən o qədər aludə olursan ki, yaradıcı prosesdə yalnız elə istehsalla məşğul olmaq düşür qismətinə, istehlakçı missiyan qalır bir kənarda. 

Yadımdadır, mərhum Fuad Poladovun oynadığı son tamaşadan sarsılıb yazı yazmışdım 2015-də. Və şakərimdir, sevdiyim əsərlərin mütləq başqa təqdimatlarını da axtarıb tapıram adətən. Sonra müqayisələr gəlir, sonra müzakirələr və həqiqət də çox vaxt mübahisələrdə yaranır. Azdramada "Müsyö İbrahim və Quran çiçəkləri" tamaşası da məni necə tutmuşdusa, Erik-Emmanuel Şmidtin həmin əsərinə çəkilmiş filmə də baxmışdım. Ekranda əfsanəvi Ömər Şərifin yaratdığı obraz Fuad Poladovun qəhrəmanının fonunda çox zəif, çox sönük təsir bağışlamışdı. Bu dəfə belə etmədim. Konkret mövzuda elə konkret təqdimatla kifayətləndim. Məsələ bəllidirsə, müqayisəyə nə hacət?

lll

Köhnə bir avtobus görünür kadrda. Nə təkərləri var, nə pəncərələri. Çömbəlib qalıb böyrü üstə - tərpənməz. Bu sınıq-salxaq maşın artıq heç nəyə yaramır. Avtobus kimi həyatını çoxdan başa vurub. Sərnişin daşımaq bir yana, heç öz gövdəsini də yerindən tərpədə bilmir. Nəynən? Təkərləri yox, yanacağı yox, şüşələrini də zaman sındırıb, yel vurur, yengələr oynayır... amma canısuludur, enerjisi var yanmışın, quru cisminə ruh verənlər var: şüşəsiz pəncərələri bəmbəyaz tüllərlə süslənib, quru gövdəsi əlvan çiçək rəsmlərilə bəzənib. Yeni bir həyatdı yaşadığı. Hə, əvvəlki halı yoxdursa da, özü tamamən yox deyil, var hələ, var...  

lll

Azərbaycan Televiziyasının "Telefilm" Yaradıcıllıq Birliyində rejissor Pərviz Həsənovun çəkdiyi "Fəsillər" - film-müşahidədir (filmin operatorları Elşən Bədəlov və Cavid Əliyevdir), film-baxış, lap elə film-dərd də deyə bilərsiniz bu ekran işinə. Məkan Bilgəhdəki Qocalar və əlillər evi. Zaman ilin dörd fəsli - bahar, yay, payız, qış. Qəhrəman? Onlar çoxdurlar. Sayları az deyil yəni. Hə, bizim toplum üçün səciyyəvi deyil bu fakt, az-az rast gəlinəndir, amma tamamən yox deyil, var, hələ var...

lll

Bir də avara-sərgərdan dolaşan bir pişik var - Kiplinqin məşhur özbaşına gəzən pişiyi kimi bir məxluq. Film boyu kadra girib çıxır, baş verənlərə əhəmiyyət verib vermədiyi də bəlli deyil. Hər yerə tamaşa edərək ətrafı dolaşır. Bu insanlardan daha xoşbəxtdir, ya daha bədbəxt? Bir Allah bilir..

Hə, bura qocalar evidir və o dörd divar arasına sığınanlar bir növ bizim valideynlərimizdir, bizim nəsildən bir əvvəlki nəslin nümayəndələri yəni. ("Valideynlərimizdir" təsbitindən üşəndinmi, əziz oxucum? Məni məzur tut o zaman, amma bu insanlar lümpen deyillər, normal evi, işi-gücü, ailəsi, övladı olanlardı çoxu. Amma tale...)

lll

Aralarında birini tanıyıram - Nəriman dayı. ANS-də işləyəndə görmüşdüm onu, kanaldakı tok-şoularda tamaşaçı qismində iştirak edirdi. Bax o tamaşaçı auditoriyası da başqa aləm idi, bütöv bir kollektiv kimiydilər. Kim idi onlar? Əsasən yaşlı adamlar, evdə oturmaqdan bezənlər, özlərinə yer tapmayanlar vaxt keçirmək üçün telekanala üz tutardılar. TV işçilərindən tez gələrdilər studiyaya, iş yoldaşları kimi hal-əhval tutar, zarafatlaşar, sonra hərə öz yerinə keçib oturardı. 2-3 gün hansısa gəlməyəndə o birilər təşvişə düşər, zəng vurub axtarardılar. Belə bir cəmiyyət yaratmışdılar özləri üçün - spontan və sadiq. 2010-un qışıdır. Bakıya dəhşətli qar yağıb. Biz əməkdaşlar ölüm-zülüm çatdırmışıq özümüzü işə. İçəri girirəm, studiya adamla dolu. Hər birinin üzündə bir qəhrəman görkəmi. Kefləri kök. Rüstəm dayı vardı, sabiq polis işçisi, danışırdı ki, səhər 5-dən Bayıldan piyada yola düzəlib. Ki, vaxtında gəlib çatsın. Ki, yeri boş qalmasın. Cuncuq-muncuqlu bir nənə də vardı araparında, yıpranmış qırmızımtıl saçlarını hər gün al-əlvan sancaqlarla bəzəyərdi. Noldu görəsən? Haralardadır? Bilmirəm. Həmin o adamlardan birini filmdə görən kimi ürəyim sıxılır - Nəriman dayı qocalar evindədir. Keçdiyi həyat yoluna sadiqliyini burada da qoruya bilir. Filmdə də həmin günləri xatırlayır, həmkarım İlqar Mikayıloğlundan danışır. Sevgiylə.

lll

Sevgi - bu insanların möhtac olduğu yeganə nəsnədir.

lll

Yaradıcı insanların arasında böyümüşəm. Ailəmizdə yazıçı da olub, bəstəkar da, alim də, jurnalist də. Yaradıcı mühitə xas intriqalar, gözügötürməzliklər, qarayaxmalar barədə lap uşaqlıqdan çox eşitmişəm, çox. Atam Vasif Nəsiboğlu danışardı. Sovet dövründə məşhur yazıçılardan biri oğlanlarına zamanın tələblərinə uyğun ad qoyubmuş -  Marks və Engels. Bir gün kişi Yazıçılar İttifaqındakı iclasa gecikir. "Filankəs müəllim, harada qalmısan?" sualına dilxor dilxor - "Evdən çıxa bilirdim ki? Marksla Engels boğuşurdular", - söyləyir. Söz ağzından çıxan kimi adamı çuğullayırlar lazımi orqanlara. Üstündən çox keçmir, Təhlükəsizlik Komitəsinə dəvət olunur. And-aman eləyir ki, bəs sözlərində siyasi rəng olmayıb, qırışmalların adı belədir. Əl-qərəz, kişini məcbur eləyirlər, uşaqların adını dəyişir. Yaxşı ki dəyişir...

Qayınatam Hidayət Zeynalov qocaman qəzetçilərdən idi. Deyərdi ki, o zamanlar "Kommunist" qəzetində hər gün "letuçka" olarmış, hər günün öz məruzəçisi nömrədəki yazıları müzakirə edib kollektivə məlumat verər, nöqsanları aşkar edərmiş. Heç kəsin uğuruna sevinməyən birisindən də danışardı. Deyərdi, qəzetdə tərifə layiq, yaxşı yazılar çıxan günü həmin adam bir bəhanə tapıb mərizəçilikdən imtina edər, qaşqabağını tökər, ağzına su alıb oturar, bir kəlmə söz söyləməzdi. Başqasının uğurlu işini tərif etməyə dili gəlməzdi, dili...

İndi hamının danışmağa bir mövzusu var - TV-lər. Fəhləsindən tutmuş evdar qadınına qədər hamı hər yerdə - yasda da, toyda da televiziyanı pisləyir, proqramları yıxıb sürüyür. Obyektiv tənqid etsələr, dərd yarı, çox vaxt görməzə-bilməzə danışırlar. Televiziyalarda isə yaxşı, həm də çox yaxşı, uğurlu, həm də çox uğurlu işlər də var. Var, bəl, var. Baxan, görən, araşdıran, təhlil edən yoxdur - bu da bir ayrı dərd. Adına xılt da deyə bilərsiniz, lap elə sevgisizlik də.

lll

"Heç kəsi sevməmişəm, heç kəs də sevməyib məni", - deyir qəhrəmanlardan biri, - heç anam da sevməyib məni. Uşaq evində böyümüşəm, bura da tənhalıqdan gəlib çıxdım. Görmədiyim günə düşdüm".

"Sevgi yaxşı şeydir. Olsa..."

"Sevgi - adamı yaşadan ən incə hissdir".

Sevgi haqda suala qəhərlə, nisgillə cavab verir qərəmanların hər biri. İri plandakı kədərli simalar ani işıqlanır, tez də ötüb keçir, yoxdur çünki, yoxdur sevgi.

lll

Pərviz Həsənov "Fəsillər" filmini bir ilə çəkib, amma 365 gün çəkməyib təbii... Hər fəsildə bir neçə gün. Bir insan ömrünün fəsilləri də əslində bir ilin fəsilləri kimidir - yazı var, yayı var, payızı, qışı var.

Bu qəhrəmanlar ömrün ən soyuq çağını yaşayanlardır - hərarətə möhtac ən həssas dönəmini. O adamların danışığındakı cövhəri lentə almaq üçün saatlarla danışdırıb hər birini. Ürəklərini qıra da bilməyib, nə danışıblarsa, çəkib, ta müsaiblərini istədiyi hala gətirənə qədər. Deyir, ünsiyyətə çətin girirmişlər. Elə olub bir adamın razılığını alana qədər bir ay qocalar evinə gedib gəlib. Nəhayət, çəkilməyə razılıq verib. Kameralar qurulub. İşıq qurulub. Adam mikrofonu sinəsinə taxıb gəlib oturub, fikirləşib, sonra durub deyib ki, yox, mən çəkilmək istəmirəm. Heç nə deməyiblər bizimkilər. Sakitcə gözləyiblər. Başqa çəkilişlər edə-edə gözləyiblər. Sonda dostlaşıblar adamla. Ünsiyyət yaranandan sonra çəkilməyə razılıq verib.

lll

Bilgəhdəki Qocalar evində 400 nəfərə qədər ahıl yaşayır. Aralarında tənhalar, kimsəsizlər də var, övladı olanlar da. Və bir dəhşətli məqam. Onların hər biri orada da övladını qoruyur, ayağa vermir. "Evdə darısqallıq idi, özüm çıxıb gəldim bura", - deyir neçəsi. Guya evləri geniş olsa gəlməzmişlər. "Arvadım öləndən sonra yetim qaldım", - deyir başqa bir qoca. Sarsılmayasan, neyləyəsən? Qadınlar daha rahat danışırlar. Kişilər qürurludur, özlərini sındırmırlar. Çoxu da yalan danışır. Yalandan deyirlər ki, övladları tez-tez yanlarına gedib-gəlir. Yoxdu elə şey. Eşitmək istədikləridir danışdıqları, görmək istədikləri yəni, nağıl yəni, nağıl.

Həqiqətsə bu ki, bu yaşda və bu durumda insanlara sahib çıxan yalnız dövlətdir. Uşaq ikən atılmışlara atalıq edən dövlət həm də qocasına, qarısına övladlıq edir. Eyy, valideynindən imtina edən insanlar... Bunu necə götürürsünüz?

Qocaların bütün xərclərini dövlət ödəyir. Hərəsinə bir otaq. Otaqda hər şərait. Hər birinin pensiyası da var axı. Və... pensiya pulundan övladlarına aylıq göndərənlər də var. Dəhşətli faktdır.

lll

Rejissor deyir - "bir ildə o qədər gedib gəldim ki Bilgəhə. Qocalar evinə tam öyrəşdim. Getməyəndə darıxırdım". Və mən əminəm ki, Pərviz ora yenə gedəcək, film çəkməyə yox, sadəcə adamlara baş çəkməyə. Mütləq gedəcək. Və bunu əslində, hamı etsin gərək. Şərt deyil ki, kimsə mütləq qocalar evinə düşsün. Ətrafda diqqətə, qayğıya, sevgiyə möhtac - nə qədər desəz...

Bir də - övladları doğru tərbiyə etmək lazım. Sevgiylə. Həyat dəqiq hesablanmış bumeranq qanunu ilə işləyir axı. Aşa tökülənlər qaşığa çıxır. Atalar sözləri boşuna yaranmaz ki.

lll

Pərviz Həsənovu Azərbaycan televiziyasına "Telefilm" Yaradıcılıq Birliyinin direktoru, kinorejissor Elçin Musaoğlu gətirib. Öz aramızda "Elçinin uşaqları" adlandırdığımız bu gənclər Musaoğlunun "Sinema evi" prodüser mərkəzində peşənin sirlərinə yiyələniblər. Yaradıcılıqlarında ustadlarının dəst-xəttinə meyl duyulsa da, hər birinin öz yolu, öz baxış bucağı var. Bir az kəmhövsələdir Pərviz, bir az ərköyün, bir az dəlisov, civə kimi bir adam, bir yerdə boş dayana bilməz, amma işinə tam aludə. Əsas olan da budur.

"Fəsillər" - film müşahidədir. Filmdə hər şey danışır. Kadrlar müsahiblərdən çox danışır. Kiplinqin özbaşına gəzən avara-sərgərdan pişiyi, nə vaxtsa hərəkətə gələcəyinə heç ümidi də olmayan köhnə avtobus, külək, ömrün şaxtalı qışını yaşayan qocalar - hər kəs tənha, hər yer tənha. Ağır söhbətdir. Pərviz film çəkməyib ki. Dərd çəkib, dərd...

Filmin lap əvvəlində bir məqam var - yaşlı qadın qapının arasından başını çıxarıb rejissora müraciət edir - "Yenə həmin filmi çəkirsən? Çəkib qurtarmadın?"

Dərd çəkiləndə qurtarmır ki. Bölüşəndə, paylaşanda olsa-olsa azalır.

 

 

 





01.05.2023    çap et  çap et