525.Az

Qələbəyə tələsən şəhid


 

Qələbəyə tələsən şəhid<b style="color:red"></b>

“Habillə son dəfə bir-birimizə yaxın idik o qəbirdə”...

“Onun əlini sıxdım, qanlı alnından öpdüm, qucaqlayıb bağrıma basdım”...

Vətənim, sənin qoynunda nə qədər gülən gözlər yatıb, səni əbədi güldürmək üçün. Nə qədər dəmir yumruqlar, polad biləklər, cəsur ürəklər, yorulmaz ayaqlar sənin torpağına qarışıb, səni daha da dözümlü, sarsılmaz etmək üçün.

Ona çevik briqadanın çevik leytenantı, dəmir yumruğun cəsur ürəyi adını vermişdilər. Doğmalarının arasında olarkən üzündə, gözündə nə qədər xoş, mərhəmət dolu ifadə vardısa, düşmən görəndə ondan qat- qat artıq qisas dolu, qəzəbli, həyəcanlı, səbirsiz bir ürək sahibi olurdu.

Bu yaxınlarda sosial şəbəkələrdə bir şəkillə rastlaşdım. Şəhidlə şəhid qızı idi. Altında “Habilbaxışlım”- sözü yazılmışdı. Sözün məndə yaratdığı təsirlə şəklə bir daha diqqətlə baxdım. Ilahi, ata- balanın baxışları necə də bir- birinə bənzəyirdi. Səhifə isə “Habilin_Turanəsi” adıyla işarələnmişdi. Sevgisini balasının gözlərində tapan şəhid yarı, şəhid sonası...Səhifəni daha geniş araşdırıb, minlərlə Vətən müharibəsi şəhidlərindən birinin-Habil Qabil oğlu Əbdürrəhimlinin ölümsüz həyat yollarında onunla yol yoldaşı olmağa, onu yaşadan xatirələrdə axtarmağa başladım...

Leytenant Habil Qabil oğlu Əbdürrəhimli 26 sentyabr 1997-ci ildə Şəmkir rayonunun Sabirkənd kəndində dünyaya göz açıb. 2014-cü ildə Zöhrab Rüstəmov adına tam orta məktəbi bitirdikdən sonra Dövlət Sərhəd Xidmətinin Akademiyasına daxil olub. 2018-ci ildə təhsilini tamamladıqdan sonra Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında tağım komandiri olaraq xidmətə başlayıb. Qısa müddətdə şəxsi intizamı, bilik və bacarığı, idarəetmə qabiliyyəti ilə fərqlənən Habil 2020-ci ilin martından bölük komandiri vəzifəsinə irəli çəkilib. Leytenant Əbdürrəhimli 2019-cu ilin avqust-sentyabr aylarında Turkiyə Respublikasında komando kurslarının iştirakçısı olub. Xidməti dövründə III dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə mükafatlandırılıb.

Şəhidimin həyatı haqqında bundan sonra xatirələr danışdı. İlk söhbətim Turanə xanımla oldu. Gəncəcik, uşaq simalı şəhid qadını, şəhid əmanəti...

Həyat yoldaşı Nəbiyeva Turanə- - Habillə olan xatirələrimi, onunla keçən xoş günlərimi hansı cümlələrlə ifadə edim, heç bilmirəm. Habil mənə həyat yoldaı olmazdan əvvəl dost olub. Hər sirrimi, sözümü onunla paylaşmışam. Dərdimi deyə biləcəyim tək insan olub, elə də qalacaq. Biz məktəb vaxtından tanıyırdıq bir- birimizi. O Dövlət Sərhəd Xidmətinin Akademiyasında, mən isə Gəncə Dövlət Universitetində təhsil alırdıq. Nişanlı idik. Bir dəfə mən rayondan Gəncəyə gələndə Habil də Bakıdan Gəncəyə gələrək mənə sürpriz elədi. Həmin günü həyatımda özəl bir günə çevirdi. Mən əlimdəki çantalarla evə qalxmaq istəyəndə kimsə arxadan gəlib mənim gözlərimi bağladı. Yerimdəcə dondum qaldım, bilmədim nə deyim. Habilin Bakıda olduğunu bilirdim çünki. O ola bilməz, düşündüm. Birdən adımı çəkdilər və səsindən tanıdım ki, Habildi. Tələsik arxaya döndüm, gördüm əlində bir dəstə gül, o gözəl təbəssümü ilə üzümə gülümsəyir. Onu bərk- bərk qucaqladım. Neçə ay idi ki, görmürdüm.

Habil həmişə deyirdi, səbr edək, hər şey yaxşı olacaq. Iki min on səkkizinci ilin iyirmi iki iyulunda bizim toyumuz oldu. Çox şən keçən toya Habilin bütün kursant yoldaşaları, dostları gəlmişdi. Toydan sonra Habilin təyinatını Yevlaxda yerləşən N saylı hərbi hissələrin birinə verdilər. Və.... düz iki il dörd ay biz orada qaldıq... Habil şəhid olana qədər... ( artıq göz yaşların hakim ola bilmir Turanə. Gözünü sıxıb, dərindən köks ötürür.) Bəlkə də deyərdim, həyatımın ən gözəl anları elə orada keçib. Hər gün səhər qalxıb onu işə yola salmaq, hər axşam gəlişini həsrətlə gözləmək məni çox xöşbəxt edirdi. Həmişə deyirdim, səninlə fəxr edirəm, Habil. Çox sevdiyimdəndi bəlkə, Habil gözümə həmişə diqqətcil, qayğıkeş görünüb. Tək mənə- ailəsinə deyil, valideynlərinə, dostlarına, iş yoldaşlarına qarşı da hədsiz mehriban olub. 10 may 2019- cu ildə qızımız Zəhra dünyaya gəldi. Təbii ki, çox sevindik. Habilə gələn təbriklərin ardı-arası kəsilmirdi. Qızımızın adını da Habil özü seçmişdi. 2020-ci ilin sentyabr ayına, ta ki, müharibə başlayana kimi həyatımız normal davam edirdi. Günlərin bir günü mənə dedi ki, hazırlaş, sizi göndərirəm rayona. Niyəsini soruşanda, burada təlim keçiriləcək, çox səs- küy olacaq, icazə yoxdu burda qalmağa. Heç nə deməsəm də, o an içimə bir qorxu düşdü.  Paltarlarımızı çantaya yığdım, hazırlaşdıq. Habil dedi, aşağıda gözləyirəm. Həyəcanla çölə çıxanda, hər kəsi təlaş içində, evə getməyə hazırlaşan gördüm. Habillə sağollaşıb maşına mindim. Heç ağlıma belə gəlməzdi ki, bu Habili sonuncu görməyim olar. Kaş, orda onu bərk- bərk qucaqlasaydım...

26 sentyabr Habilin ad günü idi və 27 sentyabrda müharibə başladı. Xəyallarımızı, xöşbəxtliyimizi, gülüşümüzü yarıda qoyan müharbə... Biz artıq rayonda, Habilin ata-anasının yanında idik. Bütün günü televizorun qabağından ayrılmadan təzə xəbərlər, alınan rayonların adlarının çəkilməsini gözləyirdik. O sırada Habillə gec-gec danışırdıq. Elə olurdu günlərlə danışa bilmirdik. Mən Habildən soruşanda ki, sənin yanında müharibə gedirmi, necədi vəziyyət, deyirdi, hər şey yaxşıdı, bura sakitçilikdi, narahat olmayın. Biz Habilin döyüşdə olmasından xəbərsiz idik. Amma həmin vaxtlar Zəngilanda, ön cəbhədə döyüşürmüş. Bir gün zəng vurdu ki, ata, Zəngilanın iki kəndini almışıq, axşam televiziyada deyəcəklər. Biz o qədər sevinirdik ki... Amma bir yandan da Habilə nəsə olar deyə, qorxu içindəydik. Mən öz- özümə qızıma deyirdim ki, Zəhra, Zəngilanın iki kəndini atan alıb, müharibə qurtarandan sonra təyinatını ora verəcəklər, mən də orada müəllim işləyəcəm, sən də məktəbə gedəcəksən. Öz yanımdan elə xəyallar qururdum ki... Nə biləydim, elə xəyal olaraq qalacaq...

Noyabrın 7-si Habil zəng vurdu mənə, danışdıq. Telefonu Zəhraya verdim. Təzəcə dədə deyməyə başlayırdı, dədə, gəl, deyirdi Habilə. Qızımızın bu qırıq- qırıq kəlmələri Habili elə sevindirirdi ki... Səhərisi Prezidentin çıxışı oldu, Şuşa alındı- xəbəri gəldi. Hərbiçi yoldaşı olaraq çox sevindim. Dedim, Habilə təbrik mesajı yazım ki, Şuşa alındı. Yazdım...amma mesajıma cavab gəlmədi. Qızımızın üçrəngli bayrağımıza bükülmüş şəklini Şuşa mahnısı ilə bir yerdə paylaşdım. Öz aləmimdə Şuşanın alınmasını bayram edirdim.

Baxışların Zəhramızda yaşayır,

Habil baxışlım deyirəm mən ona.

Şəhid qızı adın uca daşıyır,

Gözü gülür, yaraşmayır qəm ona.

 

Igid yarım, axı mənə söz verdin,

Vətən güldü, sən dinmədin, şəhidim.

Gələcəyəm zəfər ilə, döz dedin,

Zəfər gəldi, sən gəlmədin şəhidim.

Nə biləydim ki, Habil həmin ərəfədə son nəfəsdəymiş. Axşam oldu, mesajıma cavab gəlmədi. Mən ondan xoş xəbər gözləyirdim, qara xəbəri qapımızı  döydü...Şuşa alınan günü saat 12 radələrində aldığı sonuncu postda şəhid olub...Dünyam başıma yıxıldı...( ağlayır). Təranə xanım, özümdən asılı deyil, hər dəfə bu olanları danışdıqca, göz yaşlarıma hakim ola bilmirəm, ürəyim parça- parça olur. Habilin şəhid xəbəri gələndə mən Zəhra ilə birlikdə Bakıda idim. Xəbəri orda aldım və həmin gün Bakıdan Şəmkirə necə gəlmişəm, hələ də bilmirəm. Küçəmizdə böyük izdiham vardı, kəndin bütün sakinləri evimizin önünə toplaşmışdı. Maşından düşüb evə gələndə ayaqlarım tutuldu. Necə gəldim, bilmirəm. Bir yandan da özümü inandırmağa çalışırdım ki, yaralıdı. Gecə səhərə kimi gözlədik. Hamı özünü o yalana inandırırdı ki, yaralıdı, axtarırlar. Amma hər şey, bütün ümidlərimiz yalan oldu. Önun ölümü hər şeyi yalanladı. Çox keçmədi ki, hamı gəlməyə başladı. Birdən dedilər, Habili gətirirlər. Tez yola qaçdım... Gördüyüm mənzərə ömür boyu beynimə həkk olunacaq dərəcədə ağır idi. Bayrağa bükülmüş tabut və əllərində Habilin şəkli.

İçim parçalandı...Fəryadım yeri- göyü inlədirdi. Amma onu dəfn eləməydilər. Habıli məzarlığa aparanda mən də getdim. Gördüm elə dərin qəbir qazıblar. Ürəyim üzüldü ki, niyə bu qədər dərin qazıbsınız, gördüyüm hər şey mənə pis təsir edirdı. Habilin babası kəndimizin qocaman axındlarından biri idi. Bütün varlığıyla Habilə bağlı idi. Onu şox sevirdi. Ona dedim, baba, olar, qəbirə düşüm, son dəfə Habilə toxunum? Babam ağlayaraq razı oldu. Mən də Habıllə bərabər o qəbrə girdim, son dəfə ağ kəfənin üstündən ona toxundum... hiss elədim ki, burda yatan həqiqətən də Habildi. Son dəfə öpdüm onu... Son dəfə bir- birimizə yaxın idik o qəbirdə...Elə qalmaq istəyirdim ki yanında...Amma onun əmanətini- Zəhra balamızı böyütməliydim, onsuz, amma hər an onunla olmaqla...

Yox, sən gəldin, sinən üstə bayrağın,

Son görüş məzarın oldu, şəhidim.

Qoynunda uyudun ana torpağım,

Şəhidliyin yazın oldu, şəhidim.

Bəlkə də səninlə birgə ölərdim,

Yaşadanım qızın oldu, şəhidim.

Habil şəhid olandan otuz üç gün sonra babası bu ağır dərdə dözməyib rəhmətə getdi. Indi onun mənə əmanəti olan Zəhra balamızı böyüdürəm. Hərbi formada evə gələnlərin üzünə elə baxır ki, elə bilir gələn Habildi. Bəzən elə suallar verir ki, cavab tapa bilmirəm, sözlərim tükənir. Ilk günlərdə ata, gəl deyirdi, indi adıyla çağırır. Habil hardadı?? Habil niyə gəlmir?? Gələndə mənə nə alacaq, deyir. Cavabını bildiyim suallara cavab verə bilmirəm. Çox çarəsizəm, acizəm balaca Zəhramın qarşısında. Habil şəhid olalı iki il altı aydır, amma dəyişən heç nə yoxdur. Zamanla onun gəlməyəcəyini dərk edir insan. Tək təsəllim onun ucaldığı o gözəl məqam- mənə  və vətəninə əmanət etdiyi şəhidlik məqamı, şəhid adı, bir də Zəhra balamızdır... Çiynimə ağır, həm də çox məsuliyyətli, şərəfli bir yük qoyub getdi... Ruhun şad olsun, əzizim.

Turanə danışdıqca dolan gözləri ilə bərabər xatirələrlə yorğun düşmüş ürəyi də boşalırdı. Nə etmək olar, gözəl qızım, taleyin yazdığını yaşamalıdır insan. Sənə də gənc yaşında şəhid qadını adı kimi şərəfli ad qısmət olub. Sən də, balaca Zəhra da şəhidimizdən bizə, vətənə əmanətsiniz.

Analar-oğul itirən, övlad itirən, ana- şəhid anası. Onlarla danışanda ehtiyatla danışın, sözlərinizi götür- qoy edin. Çünki onun canının yarısı, ürəyinin parası artıq yoxdu. Yaralıdı. Oğul yaralı, şəhid yaralı ana..

Ana, dur qarşıla məni,

Köksümdə bayraq gəlirəm.

Arxamda azad vətənim,

Sənə üzü ağ gəlirəm!

 

Məlahət ana başını aşağı salaraq, ürəyi yana- yana danışdı şəhid balasından.

Anası Məlahət Əbdürrəhimova- “Habil elə körpəlikdən vətənə qarşı çox istəkli idi. Doxsanıncı illərdə şəhid olanlardan söz düşəndə qanı qaynayırdı. Mən özüm müəlliməyəm. Hər il məktəbdə şəhidlərin anım günündə şeir deyirdi. Bir dəfə şəhidlərə aid bir şeir dedi. Min nəfərlik zalda ağlamayan adam qalmadı. Elə ürəkdən, yana- yana, vətən eşqi ilə  və ağlayaraq deyirdi şeiri. Bir başqa idi onun vətən anlayışı, vətən sevgisi. Üç uşaq tərbiyə eləmişik. Amma Habil vətənə sevgisi ilə seçilib həmişə. Qəhrəmanlardan danışırdı. Xüsusilə, Mübarizdən. Onun kimi olmaq, vətənə onun kimi sahib çıxmaq lazımdır, deyirdi. Ata- anaya necə övlad olduğu gözümün qabağından keçir, düşünürəm ki, belə bir övlad hər kəsə nəsib olmur. Iyirmi üç il ərzində bir dəfə də olsun özümüzə qarşı artıq hərəkət, hörmətsizlik görmədik.  Akademiyada oxuyanda bir ay- qırx gün məzuniyyətə gəlirdi və atasının bütün işlərini öz üzərinə götürürdü. Hər iş görürdü. Özü də ürəkdən, sevə- sevə.

Bölük komandiri olaraq əsgərlərinin sevgisini qazanmışdı. Deyirdi ki, mən o vaxt ölərəm ki, əsgərlərimə bir şey ola. Mən bu gün dərs keçdiyim şagirlərimə oğlumu örnək göstərərək deyirəm ki, onun kimi iğid, vətən eşqli övlad olsunlar.  Mən ana kimi, həm də şəhid anası kimi fikirləşirəm ki, bizim yaşadığımız bu rahat günlər qəhrəman oğullarımızın canı, qanı hesabınadır. Ona görə də bu şəhid balaları unutmamaq hər birimizin borcudur. Nə qədər güclü, qüvvətli ordu olsa da, əsgər balaların ruh yüksəkliyi olmasaydı, bu qələbə də olmazdı”.

Ürəyində sevər, oxşar şəhid balasını atalar. Qururla danışar, ürəyi bala yoxluğu ilə sızıldasa da.

Atası Əbdürrəhimov Qabil – “Habil ailədə həmişə qeyri- adiliyi ilə seçilib. Evin balacası olmasına baxmayaraq, hər şeyi tez həll eliyər, əvvəlcədən düzüb- qoşardı. Habil elə bir sahə yox idi ki, ondan başı çıxmasın. Bir dəfə rəhmətlik ulu ondər Heydər Əliyevlə bağlı tədbir keçirilirdi. Bir də baxdım əlində bir qılınc gəldi ki, ata, yarışmada birinci yeri tutdum, mən bunu qazanmışam.  Xidmət elədiyi sahədə fəxri fərmanla təltif olunurdu. Gətirirdi ki, ata sənə fəxri fərman almışam. Deyirdim bala, allah üzünü həmişə ağ eləsin. Uşaq vaxtı çəkdiyi rəsmlər arasında ən çox bayraq şəkli olardı. Deyirdi ki, sərhədçi olacağam, sərhədlərimizi bərpa edəcəyəm. Düzü, uşaq vaxtı onu başqa sahəyə yönəltmək istəyirdim. Arzusuna qarşı çıxmadıq.  Burda hərbiçi müəllimiz vardı.  Yanına gedirdi, məcbur edirdi ki, onu  “Şahinlər” qrupuna yazsın. Buraxılış imtahanlarında yaxşı bal toplamışdı. Sevdiyi ixtisasa qəbul olundu- sərhədçi olacaqdı.

Nə qədər çətinlik çəksə də heç bildirməzdi bizə. Indi yoldaşları danışır ki, bizim o qədər çətin günlərimiz olub ki...Heç yadımdan çıxmır. Noyabrın yeddisi idi, mənə zəng vurdu ki, telefonuma kontur yükləyərsiz. Həmişə səhər saat səkkizdə zəng vurardı. Gördüm zəng gəlmədi. Dedim, yəqin konturu yoxdu. Tez getdim, onu yarısı idi, kontur yüklədim. Ha gözlədim, yenə zəng vurmadı.  Demə, balamı on ikinin yarısında vurublar. Demişdi, maşın alıb gətirəcəm, sənə sürpriz edəcəm. Sürprizi belə oldu Habilimin. Nə bilim. Vətən sağ olsun. Kaş ki, qələbə xəbərini özü gətirərdi. Müharıbə başlayandan 132 km Xudafərin körpüsünə kimi gedib. Zəngilanın iki kəndini, adsız yüksəkliklərini Habilin komandir olduğu dəstə alıb. O çevik alayda xidmət keçmişdi. Döyüş taktikalarını çox gözəl bilirdi. Aldıqları torpaqların sevincini yaşamaq ona qismət olmadı. 43 gün döyüşdü, 44-cü gün- müharibə qurtaran gün şəhid oldu”...

Kimi dindirdim, Habil haqqında qürurla, heyfislənərək danışdı. Müəllimi, sinif yoldaşı, kursant yoldaşı, döyüş yoldaşları... Xatirələr çözələndikcə Habili daha yaxından tanıyır, vətənin igid oğlu ilə qürur duyurdum.

Sinif yoldaşı Şərifli Qərib – “Biz Habillə məktəbə başlamazdan əvvəl eyni sinifdə təhsil alacağımızı bilirdik. 2003- cü ilin biri sentyabr tarixi bugünkü kimi yadımdadı. Səbirsizliklə sinfə daxil olub eyni partada oturacağımızı gözləyirdik. Həmin gün Habillə mənim sinif yoldaşı olmaqdan əlavə möhkəm dostluğumuzun təməli qoyuldu. Məktəb illərindən danışmaqla bitməz. Ən əsası da Habillə olan xatirələrimizdən. Habıl savadı, bacarığı ilə daim fərqlənən biriydi. O gülərüz, mehriban, xoş xasiyyəti ilə nəinki sinifdə, bütün məktəb kollektivi arasında hamının hörmət və sevgisini qazanmışdı. Bəli, ona bu sevgini qazandıran həm də düşüncəli davranışları idi. Indi həmin vaxtları xatırladıqca, kaş o məktəb illəri olaydı, deyirəm. Eyni univüersitetdə oxuyacağımızı düşünürdük. Amma Habil Hərbi Akademiyanı seçdi. Yolumuz ayrılsa da, dostluğumuz yaşadı. Mənim üçün Habil haqqında danışmaq çox çətindir. Düzdür, o şərəfli, qürurlu bir zirvədədi. Cismani yoxluğunu isə qəbul edə bilmirəm. Elə bilirəm elə hər an gülə-gülə haradansa cıxacaq. Habil çevik, cəsur bir əsgər olduğunu, rəşadətini torpaqlarımız düşməndən azad edərkən döyüş meydanında da göstərdi. Adının yaşadığı Habil yüksəkliyi onun igidliyinin xatirəsidir. Mən hər zaman qürur duyuram Şəhidimlə”.

Əsl müəllim ata- ana yarısıdır. Sevgi doludur. Hər şagirdə bu sevgini qazanmaq isə nəsib olmur. Habil haqqında Bahar müəllimənin  söylədikləri:

Müəllimi Sadiqova Bahar- “Mən Habil haqqında danışanda onunla qürur duyuram, fəxr edirəm. Danışmaq çətin olsa da, Habilin özünün qazandığı hörmətə, diqqətə görə, vətən fədaisi olduğuna görə haqqında danışmaqdan şərəf duyuram. Həqiqətən də,  Habil yadda qalan şağirdlərimdən idi.  Ana balasını necə istəyirsə, onu elə sevirdim, elə bağlanmışdım. Indi də sevirəm. O bir il məni yanıma hazırlıq dərsləri keçməyə gəldi. İlk gün dedi ki, müəllimə, mümkünsə, məni fərdi hazırlaşdırın. Mən də qarşısına şərt qoydum ki, əgər hər gün hazırlıqlı gələcəksənsə, bütün tapşırıqları yerinə yetirəcəksənsə, razıyam. Dediklərimlə razılaşdı. Ən nümunəvi şagirdim oldu. Mənə deyirdi, ali məktəbə daxil olacağam, qonaqlıq verəcəm, və özüm gəlib sizi qonaq aparacam. Təki sən qəbul ol, özüm gələcəm- deyirdim. O mənə söz verdi və sözünü də tutdu. Onu həmişə diqqətcil, məsuliyyətli biri olaraq uşaqlara örnək göstərirəm, haqqında gözlərim dola- dola danışıram. Uşaqlar danışırdılar ki, Habil həmişə şəhid olmaqdan danışırdı, özünü azadlıq uğrunda vətənə qurban etməkdən gözəl bir şey yoxdu deyirdi. Deyir, niyyətin hara, mənzilin də ora. Son zəngə hazırlaşırdılar.  Gəldi ki, müəllimə, çıxış eləmək istəyirəm, ssenari yazmaq üçün bir- iki şeirlə mənə kömək eləyin, qalanını özüm yazacağam. Məmuniyyətlə ona kömək elədim. Çıxış edəndə mənə ikinci ana olan Bahar müəllimə də təşəkkür edirəm, dedi. Habil belə uşaq idi. Igidliyini, mərdliyini də döyüş meydanında göstərdi. Allah rəhmət eləsin, deyirəm. Onsuz da, o bizim cənnət mələyimizdir”.

Zabit yoldaşı Kənan Sadiqov – “Çox sağ olun ki, Habil qardaşım da daxil olmaqla şəhid qardaşlarımızı unutdurmursunuz.  Mən hal- hazırda onun azad etdiyi torpaqlarda xidmət edirəm və bu mənim üçün çox şərəflidir.  Qardaşımızın tokülən qanı yerdə qalmadı. Bizim Habillə gözəl, maraqlı günlərimiz çox olub. Ən xoşbəxt olduğumuz, qürur duyduğumuz günlərimizdən biri iki min on səkkizinci ildə zabit rütbəsi aldığımız gün idi. Həmin il Habilin toyu oldu. Onu bu qədər xoşbəxt görmənişdim heç. Qardaşımız çox istiqanlı, mehriban insan idi. Allah məkanın cənnət eləsin. Habilin vətənə bağlılığı, bayrağımıza olan sonsuz sevgisi hər kəsin dilində əzbər idi. Elə o sevgi uğruna da canını fəda etdi. Hələ kursant vaxtından hər zaman deyirdi ki, Kənan, bu vətən, bu millət üçün şəhid olmağa dəyər.

Habil dostluqda, yoldaşlıqda çox sadiq biriydi. Ondan heç vaxt xəyanət görmədim. Mən, Habil və qardaşım–üçümüz bir- birimizdən heç ayrılmamışıq. Sanki iki deyil, üş qardaş idik. O Şəhid adıyla bizdən ayrıldı. Qardaşıma demək istəyirəm ki, Cənnətdə görüşərik. Vətən sağ olsun! Bütün şəhidlərimizin ruhu şad olsun!”

O yolu addımladıq

Sənlə çiyin-çiyinə.

Indi səndən söz açdım

Mən öyünə- öyünə.

Döyüş yoldaşı mayor Natiq Həsənov – “Habilin hələ müharibədən qabaq zabit kimi fəaliyyəti, bir böyük kimi hir zaman məndən məsləhət almağı, aramızdakı münasibətin möhkəmlənməsi- bütün bunlarla tale sanki bizi döyüş meydanında bir-birimizlə çiyin- çiyinə döyüşə hazırlayırdı. Müharibə təzə başlamışdı. Biz Ağdamda idik. Habil səbirsizliklə bizim də döyüşə girməyimizi gözləyirdi. Nəhayət, bizi əvvəlcə Cəbrayil rayonunun Soltanlı kəndinə, sonra isə Zəngilana apardılar. Rayon işğaldan azad olunduğu gün biz hücuma keçdik, ancaq elə oldu ki, Habilin mövqe tutduğu istiqamətdə döyüş olmadı. Peşmançılıq keçirirdi ki, kaş ki sizin yanınızda olub, mən də döyüşərdim. Həmin gündən, ümumiyyətlə, mənim yanımdan heç çəkilmədi. Son günə kimi yanımda oldu..

Hələ Zəngilan rayonunun özündə olarkən daim ailəsini düşünür, ən çox isə tabeçiliyində olan heyəti fikirləşirdi. Bizə növbəti tapşırıq gəldi və ən çətin günlərimiz bundan sonra başladı. Hər gün yeni yüksəkliklər alaraq irəli gedir, şəhid verirdik. Habilin tabeçiliyində olan heyətdən şəhid olanda çox pis olurdu. Onların qanı yerdə qalmamalı, deyirdi.

Azad etdiyimiz yüksəkliklərdə gecə növbə ilə keşik çəkirdik. Bir dəfə hava çox soyuq idi. Gəldi oturdu yanımda, başın qoydu çiynimə, yavaşdan söhbət etməyə başladıq. Bir sözü heç yadımdan çıxmaz- indi aşağıdakılar bizimlə necə fəxr edirlər- dedi. Aşağı düşməyə səbirsizlənirdi ki, gedib düşmənə necə qan uddurduğumuzu onlara danışsın. Sonuncu döyüşə girməyimizə bir gün qalırdı. Təxminən gündüz saatları idi. Demək olar ki, uzun bir söhbətimiz oldu. Yadıma gəlir, dindən, namazdan danışdıq. Habil ürəkdolusu babasından danışdı. Bilmirəm niyə, babasını dəhşət çox istəyirdi. Habil çox qayşıkeş, urəyiaçıq oğul idi. Döyüş zamanı mənim mobil telefonum sınmışdı. Hər gün telefonu məcburən verirdi mənə, əvvəlcə mən, sonra özü evlə danışırdıq. Qızı Zəhranın dediyi alayarımçıq sözlərdən, hərəkətlərindən ağızdolusu danışırdı. Nəhayət, sonuncu tapşırıq gəldi, Arazın qırağı ilə hərəkətə keçdik. Cəhdimiz alınmadı. Gecə saat bir radələrində gəldik şəhidlər olan yerə çatdıq, onları oradan çıxartdıq. Hava çox soyuq idi, səhər açıldı, dumanlı hava idi. Bizim əsgəri çox yaxın məsafədən vurdular, şəhid oldu. Habillə əsgəri döyüş bölgəsindən çıxardıq, göndərdik. Hər dəfə şəhid verəndə çanımız yanırdı. Deyir sən saydığını say, gör, fələk nə sayır. Şəhidi göndərdikdən sonra oturduq qayanın üstündə nəfəsimizi dərək. Habil əsgərin şəhid olmağından danışırdı. O məndən bir az hündürdə oturmuşdu. Bir anlıq başımı döndərdim başqa istiqamətə. Birdən Habili vurdular. Onu snayperli vurmuşdular. Yerindəcə şəhid oldu. Qurd dumanlı gün axtarar məsəli, düşmən havanın dumanından istifadə edib çox yaxınlaşmışdı. Bu da bizim Habil kimi bir igidi itirməyimizə səbəb oldu. Döyüşdən bir- neçə gün qabaq qolundan kiçik qəlpə yarası almışdı. Dedim, Habil , məruzə edim, düş aşağı, sağal gəl. And içdi ki, mən sizi qoyub heç yerə getmərəm. O belə oğul idi. İçlərində Habil də olmaqla Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Vətən dedin, bayraq dedin, can dedin,

Şimşək kimi yardın düşmən postunu.

Torpağına canını qurban dedin,

Qoymadın çətində heç bir dostunu.

Komandiri polkovnik-leytenant Teyyub Bayramov -  “Habıl mənim tabeçiliyimdə iki min on doqquzuncu ildən işləməyə başladı. Gənc leytenant idi. Demək olar ki, onunla gələn heyətin mütləq əksəriyyətindən seçilirdi. Həm nizam- intizami, həm də bacarığı ilə. Ona görə də, rütbəsi leytenant, gənc zabit olsa da, qısa müddətdə bölük komandiri vəzifəsinə yüksəldi. Bütün təlimlərdə, tapşırıqların icrasında hamıdan müsbət mənada fərqlənirdi. Döyüş başlayanda da bir müddət mənimlə Ağdam istiqamətində döyüşlərdə oldu, sonra onların taboru heyət olaraq Zəngilan istiqamətinə çıxdı. Əvvəlcə öz bölüyü ilə Zəngilanın alınmasında qəhrəmanlıqlarla dolu döyüş yolu keçdi. Zəngilanın düşməndən alınmasında onu bölüyü, başda Habil olmaqla çox mərdliklə döyüşüblər. Orada itkiləri heç olmamışdı. Sonra onları gətirdim “Üç nöqtə” deyilən yer var, hansı ki, Ermənistan, Azərbaycan və İran sərhədinin birləşən ərazisidi. Həmin yerə qədər bütün əraziləri Habil, Natiq Həsənov yeddi-yeddi bölünərək, qrup şəklində döyüşərək almışdılar. O yüksəklikləri Habil şəhid olan günə qədər demək olar ki, bir-bir ala-ala gedib. Habilin tabeçiliyində olan heyətdə igid oğullar çox idi. Bir gizir də var idi- vətən müharibəsi qəhrəmanı adı almışdı. Mehri yolunun üzərindəki bütün postları da Habil oz heyəti ilə addım- addım döyüşərək alıb. Son döyüşünü xatırlayıram. Demək, Mehri yolunun üstündəki ən uca yüksəkliyi almalıydıq. Sutka boyu hücuma keçmək istədik. Amma düşmən duyuq düşüb bizə imkan vermədi. İstiqaməti dəyişib  döyüşə gedəndə Habili sol cinaha şəxsən özüm yola saldım. Özüm isə başqa istiqamətə döyüşə qalxdım. Geçə ağır döyüşlər getdi. Səhərə yaxın, beş radələrində Habilin qərargah rəisi kapitan Həsənov Natiq radiasiya ilə, ağlaya- ağlaya dedi ki, cənab polkovnik, Habili vurdular. Bizim üçün, şəxsən mənim üçün sanki hər şey bitdi. Niyə belə deyirəm? Ona görə ki, dövlər sərhəddinin on beş kilometr məsafəsini bu heyətlə döyüşmüşdüm. Postları, yüksəklikləri alaraq dövlət sərhəddimizi bərpa eləmişdik. Başqa- başqa istiqamətlərdə döyüşsək də, bütün döyüşü idarə eləmişəm. Nə isə, maşın göndərdim ki, Habilin- şəhidimizin cənazəsini döyüş yerindən çıxarsınlar. Mən bilirdim ki, təxminən yarım saata onu Mehri yolunun üstünə düşürüb, oradan da götürüb aparaşaqlar. Döyüşü səngitdim. Habıllə vidalaşmaq üçün aşağı düşdüm. Mehri yolunun üzərində maşını saxladım, Habilin əlini sıxdım, qanlı alnından öpdüm, qucaqlayıb bağrıma basdım... və yola saldım. Komandiri olaraq, fəxr edirəm ki, o cür mərd döyüşçüm, zabitim olub. Döyüş vaxtı radiasiya ilə göndərdiyim səslərin hamısında Habilə əsəbləşmişəm ki, həyəcanlanma, iti addımlarla getmə, özünü qoru! Öndə getməyi sevirdi. Tələsirdi ki, tez bitsin müharibə, qələbə çalaq. Şəhidlik məqamına çatmağa tələsirdi sanki. Indi gənc zabitlər yetişdirirəm. Hər zaman da Habili örnək, nümunə olaraq göstərirəm. Allah balasını qorusun, ailəsinə can sağlığı versin. Nə qədər ki, canımda can var, Habil yaşayır mənim üçün. Mən onunla qürur duyuram. Məqamı uca olsun!”

  Bəli, Xüsusi Təyinatlı dəstənin bölük komandiri olan Habil Əbdürrəhimli 44 günlük Vətən müharibəsində Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sərhədində yerləşən strateji əhəmiyyətli bir sıra yüksəkliklərin azad edilməsi əməliyyatlarına başçılıq edib və tabeliyində olan bölüklə bərabər vəzifə tapşırığının yerinə yetirilməsində xüsusi olaraq fərqlənib. Noyabrın 1-də 1117.0 yüksəkliyinin, 7-də isə Zəngilan rayonunun Ağbənd kəndi istiqamətindəki 811.0 yüksəkliyinin azad edilməsində parlaq nümunə göstərib. 8 noyabrda elə bu yüksəkliyi geri almaq üçün düşmən əks-hücuma keçib. Habilin başçılıq etdiyi bölük düşmənin əks-hücumunu dəf edərkən igid leytenant snayper gülləsi ilə şəhid olub. Tabeliyindəki əsgərlər Qasımov Murtuza və Hüseynov Vüsal da qəhrəmancasına şəhid adını alıblar. Cəsur leytenantın uğrunda döyüşdüyü posta onun adı verilib. Şəhidimiz Şəmkir rayonunun Sabirkənd kəndində dəfn edilib.

Leytenant Habil Qabil oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin imzaladığı sərəncamlarla “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Mən Habillə bağlı yaxınlarının xatirələrini yazıb son nöqtəni qoyanda az qala bir kitablıq yazı yazdığımı gördüm. Bu hələ onun həyat və döyüş yolunun kiçik bir hissəsi idi. Mən də sənin üçün əziz olan insanların duasına qoşuluram, Şəhidim. Ruhun şad, məqamın uca olsun!

Təranə ARİFQIZI

 





01.05.2023    çap et  çap et