ABŞ Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində səylərini artırıb. Bir müddət idi ki, Ermənistanın davranışlarına görə dayandırılmış proses məhz Birləşmiş Ştatların rolu nəticəsində bərpa edilib. Rəsmi Bakının sülh prosesi və sazşinin imzalanması ilə bağlı mövqeyi aydındır. Bu mövqe aprelin 30-da ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bir daha diqqətə çatdırılıb. Dövlət başçısı Azərbaycanın sülh gündəliyini dəstəklədiyini, Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara başlamağın və münasibətlərin normallaşdırılmasının təşəbbüskarı məhz Azərbaycan olduğunu, bu xüsusda da Azərbaycan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip Ermənistana təklif edildiyini vurğulayıb.
Onu da qeyd edək ki, xarici işlər naziri Ceyhun Bayramov ABŞ-da səfərdədir və o, erməni həmkarı Ararat Mirzoyanla sülh sazişi layihəsi üzrə müzakirələr aparır. Dünən Blinkenin özünün iştirakı ilə nazirlərin görüşü də olub.
Bəs ABŞ-ın səyləri nə ilə nəticələnə bilər? Vaşinqton görüşü sülh sazişinin yekun variantının hazırlanması üçün hansı əhəmiyyətə malikdir?
Onu da vurğulayaq ki, ABŞ-ın sülh sazişinin ilkin variantının may ayı ərzində imzalanmasına çalışdığı barədə fikirlər də var. Burada başqa bir maraqlı məqam da regionda dominatlığını itirmək istəməyən Rusiyanın yanaşması ilə bağlıdır.
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə "525"ə bildirib ki, ABŞ-ın bölgəyə diqqəti çox vacibdir, çünki həm Rusiya, həm də İran faktoru var: "Ümumiyyətlə bu, geopolitik baxımdan vacib regiondur. Birləşmiş Ştatların regiona maraqları indi yaranmayıb, uzun müddətdir bu maraqlar var. İndi ABŞ-ın sülh sazişi ilə bağlı səyləri də həmin maraqların davamıdır. Yəni, enerji ehtiyatları, dediyim kimi, Rusiya, İran faktoru. Ancaq geopolitik baxımdan Amerika üçün təbii ki, ən vacib məsələ deyil, yəni hardasa, ilk 20-likdədir. ABŞ-ən açıq və bağlı maraqları var. Bu da normaldır və siyasətin xüsusiyyətidir. Eyni zamanda bu xüsusiyyət təkcə ABŞ-a məxsus deyil".
Rusiyanın Vaşinqton bu məsələdə önə keçməsinə mümkün reaksiyasına gəlincə, Zülfüqarov hesab edir ki, Rusiya ilə ABŞ arasında rəqabət var və hansısa mərhələdə Moskvanın İrəvana təzyiq göstərməsi mümkündür: "Bu, əvvəllər də baş verb. Rusiya təzyiqlə çalışacaq ki, hazır mətnə Moskvada imza atılsın. Amma çox şey Rusiyadakı vəziyyətdən asılıdır. Onu da nəzərə almaq lazımdır ki, bizim mövqeyimizin hazırda güclüdür".
Politoloq Fikrət Sadıqov "525"ə şərhində deyib ki, ola bilsin, ABŞ sülh prosesi ilə bağlı məsələdə mövqeyi Fransa, Rusiya ilə müqayisədə daha sağlamdır: "Eyni zamanda biz görürük ki, Blinken yenə həmin köhnə şablonları təkrarlayır, yəni Laçın yolu ilə bağlı "narahatlığını" ifadə edir. Dövlət başçısı telefon danışığı zamanı əsaslı dəlillərlə, faktlarla məsələni onun diqqətinə çatdırıb ki, düşünmürəm ki, bundan sonra onlarda hansısa bir şübhə yaransın. Çünki bu şablonları təkrar etmək hər halda, ABŞ-a yaraşmır. ABŞ böyük dövlətdir, beynəlxalq hüquq normaları və prinsipləri haqqında danışan, onlara riayət edən bir dövlətdir. Ona görə biz, əlbəttə ki, çox istərdik ABŞ daha sağlam bir mövqe nümayiş etdirsin. Xüsusilə ona görə ki, Vaşinqtonda nazirlər arasında görüş keçirilir, ABŞ burda vasitəçilik edir. Bizim üçün əsas meyar nəticədir. Prezident İlham Əliyev Blinkenlə telefon danışığı zamanı Azərbaycanın mövqeyini konkret şəkildə bildirib. Yəni, sülh tərəfdarıyıq, sülh sazişinə imza atmağa hazırıq, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip Ermənistana təklif edilib, Qarabağda yaşayan ermənilərin bütün hüquqlarının qorumasına hazırıq və və bununla bağlı artıq heç bir sual yaranmasın. Düşünürəm ki, ABŞ və onun Dövlət Departamenti, Blinken başda olmaqla bundan nəticə çıxarmalıdır".

Politoloq vurğulayıb ki, 30 il ərzində və post-münaqişə dövründə o qədər nəticəsiz qalan görüşlər olub ki, sülh sazişi ilə bağlı qısa müddətli bir proqnoz vermək olduqca çətindir: "Mən hesab etmirəm ki, bu yaxınlarda belə bir saziş imzalansın. Ola bilsin ki, onun konturları, çərçivələri müzakirə olunsun, hansısa bir çərçivəyə razılıq verilsin, amma yekun sənədin yaxın gələcəkdə imzalanmasını proqnozlaşdıra bilmərəm".
ABŞ-ın sülh prosesində önə keçməsinə Rusiyanın yanaşmasına gəlincə, F.Sadıqov deyib: "Reallıq odur ki, Rusiya hesab edir ki, regionda əsas oyunçudur, Azərbaycanla, Ermənistanla müttəfiqdir, uzun illər ərzində burda mövcudluğunu təsdiq edən bir dövlətdir, 10 noyabr tarixində imzalanan sazişə onlar təşəbbüs göstəriblər və s. Amma bu, heç də o demək deyil ki, Azərbaycan digər oyunçularla, aparıcı ölkələrlə əlaqəsini kəsməlidir. Biz heç kəsə bağlı deyilik və heç bir dövlətə, ilk növbədə isə Rusiyaya bizim o qədər də sıx bağlılığımız yoxdur, onların qarşısında öhdəlik götürməmişik. Əsas məqsədimiz öz maraqlarımızı nəzərə alaraq bu məsələdə Ermənistanla razılığa gəlməkdir. Amma təbii ki, Rusiya buna qısqanclıqla yanaşır. Əslində görünən odur ki, müəyyən qarşıdurma gedir, xüsusilə Rusiya-Ukrayna münaqişəsi fonunda, onlar istəyirlər ki, yenə burda ağalıq etsinlər. Amma təbii ki, bizim mövqeyimiz kifayət qədər sağlamdır, onlarla münasibətlərimizi pozmaq niyyətində deyilik, eyni zamanda, heç bir halda Rusiyanın burda sahiblik etməsinə imkan verməyəcəyik".
Politoloq ABŞ tərəfindən İrəvana hansısa təzyiqləri də istisna edib: "Mən təəssüf ki, heç bir təzyiq görmürəm, onlar bizi yenə bərabərləşdirir. Bu, əlbəttə ki, düzgün deyil, çünki bizim torpaqlarımız işğal altında idi və Qarabağ məsələsinə nöqtə qoymağa hazırıq. Post-münaqişə dövründə təkliflərimizi irəli sürmüşük, biz üç qütbün heç birindən - ABŞ, Fransa və Rusiyadan ciddi şəkildə Ermənistana təzyiq müşahidə etmirik. Bu da sülhün bərpasına maneə yaradır. Reallıq budur".
çap et