Aprelin 29-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialının təşkilatçılığı ilə Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın 85 illik yubileyi münasibətilə tədbir keçirilıb.
Tədbiri Muzeyin Aran Regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq yazıçının həyat və yaradıcılığından danışıb.
Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov Xalq yazıçısı Anarı və qonaqları salamlayaraq dövlətimizin Azərbaycan xalqının misilsiz sərvəti olan klassik irsə, ümumən bədii ədəbiyyata xüsusi önəm verməsindən, ədəbiyyatımızın - yazıçı və şairlərin xalqın şüurunda milli hissiyyatları oyatmaq kimi böyük xidmətindən danışaraq Anar müəllimin bu sahədəki xidmətinin əvəzsizliyini qeyd edib.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, ədəbiyyat sahəsində geniş biliklərə sahib olan Ulu öndərimizin diqqət və qayğı götərdiyi Azərbaycan yazıçılarından biri də Anar müəllim idi. Anar və Yazıçılar Birliyinin taleyində Ulu Öndərimizin rolu bir kitaba sığacaq qədər böyük hadisələrlə bağlıdır. Anar müəllimin təşəbbüsü və səyi ilə Ulu öndər Yazıçılar Birliyinin fəaliyyətinin dayandırılmasının qarşısını aldı. Bununla da fəaliyyəti dayanmaqda olan Birliyin ədəbi orqanarı olan "Qobustan", "Ulduz", "Azərbaycan" jurnalları", "Ədəbiyyat" qəzetinin maliyyələşməsi dövlət büdcəsinə keçirdi. Bu, ədəbiyyata, eyni zamanda, Yazıçılar İttifaqının sədri Anara dövlət tərəfindən göstərilən diqqətin bariz nümunəsi idi. Anar müəllim Ulu öndər Heydər Əliyevlə çoxsaylı görüşləri, aldığı tapşırıqlar, onunla olan yazışmaları 30 il ərzində xüsusi səliqə ilə qoruyub saxlayaraq, onları bir sistem halına salaraq "Unudulmaz görüşlər" adı ilə çap etdirib. Əminliklə deyirəm ki, sənədli memuar janrında bizim ölkəmizdə yazılan ən dəyərli əsərlərdən biri və birincisi Anarın görkəmli dövlət xadimi Ulu öndər haqqında yazdığı "Unudulmaz görüşlər" əsəridir.

Anar müəllim azərbaycançılıq haqqında müstəqilliyimizin başlanğıc illərində yazdığı essesində azərbaycançılığı siyasi-ideoloji, həm də ədəbi-elmi proqramını, konsipsiyasını meydana qoydu. O, Azərbaycanda azərbaycançılıq konsepsiyasının məqbərəsini qoydu. Təkcə o məqaləsi, kitabı yox, bütün ədəbi yaradıcılığı Ulu öndər H.Əliyevin dövlət səviyyəsinə qaldırdığı azərbaycançılıq Anar müəllimin bütün yaradıcılığının təsdiqidir, ədəbiyyat dilində, sənət dilində ifadəsindən ibarətdir. Anar müəlimin yaradıcılığında azərbaycançılıq "Molla Nəsrəddin"lə başlayaraq, "Dədə Qorqud"la tamamlanır. Onun "Dədə Qorqud dünyası" adlı elmi əsəri nəinki Azərbaycan Qorqudşünaslığında, türk dünyasında, ümumən dünya qorqudşünaslığında fərqli və çox əhəmiyyətli hadisədir.

Anar müəllim Yazıçılar Birliyinə uzun zamandır uğurla rəhbərlik edir. Azərbaycan dilinin, azərbaycançılıq ideyalarının yaşaması, inkişaf etməsi, Azərbaycan dövlətçiliyinin qorunub saxlanması, möhkəmləndirilməsi Anar müəllimin yaradıcılığının ana xəttidir və hesab edirəm ki, Anar müəllim Azərbaycan ədəbiyyatının Dədə Dorqududur.
Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid Xalq yazıçısı Anarın vətənimizdə, eləcə də onun sərhədlərindən kənarda əcnəbi dillərdə 100-ə yaxın kitabının çap olunmasından, populyarlığından, əsərlərində dövrünün ən aktual problemlərini qaldırmasından, Anar yaradıcılığı haqqında ölkəmizdə və dünyanın müxtəlif ölkələrində yazılan çoxsaylı məqalələrdən bəhs edib. Bir yazıçı, esseist, kino xadimi kimi Anarın öz yaradıcılığında müasir sənətin bir sıra xüsusiyyətlərini birləşdirə bilməsindən, yeni fikirli, yeni məzmunlu, yüksək realistik mövqeli, geniş miqyaslı sənətin ön sıralarında mövqe tutmasından söhbət açan natiq bildirdi ki, Anar müəllimin dəyərli əsərlərindən biri olan "Yaşamaq haqqı" traktatını "525-ci qəzet"də hissələrlə çap elətdirmişik. Anar müəllim o kitabda yazdığı ön sözdə deyir ki, bu əsər mənim xalqıma vəsiyyətimdir. Mən də Azərbaycan təhsil nazirinə məktub yazıb dedim ki, bu əsər mütləq tədris olunmalıdır və hər bir Azərbaycan vətəndaşının evində olmalıdır. Bu əsər Azərbaycanın qədim tarixindən ta bu günədək necə yaşamalı olduğumuzu göstərərək, keçmişi çox obyektiv təhlil edir və heç bir səhv olmadan gələcək üçün proqnoz verir.

Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli çıxışına Füzuli qəzəlindən sitat gətirərək bildirib ki, Anar müəllim Füzulinin nasir qardaşıdır. Ədəbiyyat bütünlükdə bir ruhdursa, kosmik modeldirsə, bu özünü istedadlı insanların yazılarında, ürəklərində göstərir. Bu gün Füzulinin ruhu Anar müəllimin ürəyindədir, qələmində, beynindədir. Təkcə Füzulinin deyil, Nizaminin, Nəsiminin, Mirzə Cəlilin, Sabirin də ruhu Anar müəllimin şəxsində yaşayır, böyüyür və inkişaf edir. Anar müəllim intellektual bir sənətkardır. Onun bütün yazılarında - istər bədii, istər publisistik olsun elmilik var. Bu elmilik o qədər ustalıqla əsərin canına, mahiyyətinə, ruhuna hopdurulub ki, hiss eləmirsən ki, bu elmilik insanı yora bilər. Bu, akademizm deyil, bu, bir yazıçı elmidir. Anar müəllim füzulişünas, dədə qorqudşünas, böyük bir ədəbiyyatşünasdır. Təkcə Azərbaycan ədəbiyyatını deyil, dünya ədəbiyyatını da çox dərindən bilən və o ədəbiyyatın nailiyyətlərindən, ənənələrindən yerli-yerində istifadə edən və inkişaf etdirən bir intellektual şəxsiyyətdir.

Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Manafov çıxışında qeyd edib ki, biz Anar müəllimin əsərləri ilə böyümüşük. Onun əsərləri kütləvi tirajla çıxsa da, əlçatmaz idi. Bir-birimizə ötürə-ötürə o əsərləri acgözlüklə oxuyurduq. Anar müəllim gənc ikən bizim həyatımıza daxil olmasaydı, inanın, biz bu gün məşhur ola bilməzdik. Anar müəllimin ssenarisi əsasında çəkilən istər sənədli, istər bədii filmlər yeni nəsil istedadlar yetişdirdi, Azərbaycan incəsənətinə, mədəniyyətinə bəxş etdi. Əslində Azərbaycan kino rejissoruğunda böyük simalar çox olub. Ancaq maarifçilik konsepsiyası baxımından Anar müəllimdən başqa rejissor olmayıb.
"Qobustan" jurnalının baş redaktoru, yazıçı Pərvin Nurəliyeva çıxışında vurğuladı ki, Anar müəllim öz xalqına onun kimliyini çox sadə müqayisələrlə anlada bilib. Məsələn, çox uzun müddət sovet dövründə bu, daha şiddətli şəkil almışdı. Biz özümüzü ikinci dərəcəli bir xalq kimi hiss edirdik. Ancaq Anar "Şairin kədəri" essesində yazır ki, əgər XVI əsərdə ingilislərin Şekspiri, ispanların Migel de Servantesi varsa, azəraycanlıların da Füzulisi vardı. Təkcə bu cümlə ilə Anar bunu əsaslı şəkildə sübut edir ki, bəli, romanda "Don Kixot" əsərindən üstünü yoxdur, dramaturgiyada yəqin ki, Şekspirdən üstünü yoxdur. Ancaq şeirdə də Füzuli yaradıcılığından üstünü yoxdur. Bundan belə nəticəyə gəlmək olar ki, XVI əsrdə Füzuli kimi düha yetişdirən xalq zəif xalq ola bilməz.

Tədbirdə yazıçının əsərləri əsasında çəkilmiş "Evləri köndələn yar" tamaşasından, "Təhminə", "Dədə Qorqud", "Üzeyir ömrü" filmlərindən qısa epizodlar nümayiş etdirilib.
Tədbirdə Kürdəmir şəhər 3 saylı və Muğanlı kənd tam orta məktblərinin dil-ədəbiyyat müəllimləri Günəş Xudiyeva, Afaq İbişova Anarın yaradıcılığını şagirdlərinə sevə-sevə tədris etməklərindən danışmış və şeirlərindən nümunələr söyləyiblər.
Sonra yazıçı söz alaraq haqqında çıxış edən natiqlərə təşəkkürünü bildirib və vurğulayıb ki, bu yaşa çatmışamsa, demək Allah istəyib və mən Allaha, öz xalqıma, öz ailəmə minnətdaram. Mən həm də bu yaşa çatdığıma görə yox, bu yaşda ən böyük arzum olan Şuşanı gördüyümə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdaram.
Mənə Heydər Əliyev mükafatı veriləndə çıxışımda dedim ki, mənim yaşım çox olmasına baxmayaraq, mən sizinlə birlikdə Şuşaya gedənəcən yaşayacağam. Və mən xoşbəxtəm ki, bu arzuma çatdım, bir neçə dəfə azad olunmuş Şuşada oldum, o fəxri yaşadım. Buna görə də bizim 44 günlük müharibədə tarixi qələbəmizin əsas səbəbkarı olan Prezidentimizə, Ali Baş Komandanımıza və şəhidlərimizə minnətdaram.
Ulu öndərimizin xatirəsi qarşısında minnətdarlığımı bildirmək istəyirəm. Mən bütün həyatım boyu onun nəinki qayğısını, həm də himayəsini hiss etmişəm. O, hər zaman mənim şəcərəm haqqında böhtanlar yazılanda, "pantürkist" adlandırılanda, təsisçisi olduğum "Qobustan" jurnalına hücumlar olunanda məni müdafiə edib. O, dəfələrlə haqqımda xoş sözlər deyib. Mənim yaxın dostum Rafael Hüseynov H.Əliyevin 1969-cu ildə Mərkəzi Komitənin plenimumda həmin ərəfədə "Pravda" qəzetində çap olunan məqaləm haqqında yüksək fikirlər söylədiyi çıxışının stenoqramını mənə təqdim edəndə çox sevindim. Bu, mənim üçün yeni məlumat idi və Heydər Əliyevin o zaman söylədiyi fikirlərini 85 illik yubileyimə ən dəyərli hədiyyə kimi qəbul etdim.

Xalq yazıçısı Anar çıxışını yeni yazdığı şeirləri ilə tamamlayaraq tədbirin təşkilatçılarına, iştirakçılarına, diqqətli oxucularına minnətdarlığını bildirib.
çap et