525.Az

"Kaş bizim Rusiyada da belə adamlar olaydı..." - Misir Mərdanov yazır


 

"Kaş bizim Rusiyada da belə adamlar olaydı..." - <b style="color:red"> Misir Mərdanov yazır</b>

Görkəmli dövlət xadimi kimi Heydər Əliyev şəxsiyyətinin möhtəşəmliyinin və  yüksək səviyyəsinin daha bir parlaq sübutu onun fəaliyyətinin Moskva dövrüdür. 1982-1987-ci illəri əhatə edən bu dövrdə SSRİ rəhbərliyində Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək post tutan Heydər Əliyev velikorus şovinizmi və böyük dövlətçilik psixologiyasının hökmranlıq etdiyi Kreml rejiminə, bu rejimin yaratdığı təqiblər və ayrı-seçkilik sisteminə sübut etdi ki, heç bir qüvvə onun zəngin, tükənməz və hərtərəfli dövlət idarəçiliyi istedadının qarşısını almağa qadir deyildir.

Buradaca  yadıma düşdü ki, 1936-1939-cu illərdə Naxçıvan şəhər pedaqoji məktəbində  təhsil alan Ulu öndərin həmin dövrdə Moskva ilə bağlı maraqlı xatirələri vardır. "Heydər Əliyev-xalqa həsr  olunmuş ömür" kitabından götürdüyüm o hissəni olduğu kimi hörmətli oxuculara təqdim edirəm:

"Bir qədər sonra rus dilini yaxşı mənimsədiyinə görə texnikumun rus dili müəllimi Həsən bəy Qazıyev Heydər Əliyevə Lev Tolstoyun "Hərb və sülh" romanını orijinaldan oxumağı məsləhət bilmişdi. Tələbə yoldaşları danışırdılar ki, bu romanı oxuduqdan sonra  o, böyük yazıçının portretini də çəkmişdi. Sonra həssas və güclü mühakiməsi olan yeniyetmə Heydər dostlarına oxuyub tamamladığı romandan - uzaq keçmişdə baş vermiş müharibədən, 1812-ci ildə yandırılan Moskvadan, yalnız kinoda gördüyü Kremldən həvəslə danışırdı... O vaxtlar heç kəsin ağlına gəlməzdi ki, Moskvanı görməsə  də oxuduğu kitablar,  gördüyü kinolar əsasında onlara həmin şəhərdən belə həvəslə danışan və SSRİ-nin ucqar bir yerində texnikumda təhsil alan bu cavan oğlan 45 il sonra həmin Kremldə ən   nüfuzlu  şəxslərdən biri olacaq,  Moskvanın siyasətini, beynəlxalq nüfuzunu müəyyən edən həlledici qərarlar qəbul edəcək, dünyanın 6-da bir hissəsində  elm, təhsil, səhiyyə, nəqliyyat kimi ən ağır və məsuliyyətli sahələrə rəhbərlik eləyəcək... O vaxtlar isə müəllimi olan müdrik Lətif Huseynzadə istedadı, davranışı,  mühakiməsi ilə çox fərqlənən bu gəncə baxıb tez-tez müəllim yoldaşlarına  deyərdi: "Bu cavan oğlan böyük adam olacaq..."

Əbədi buzlaqlarda salınan 770 kilometrlik Baykal-Amur magistralının istifadəyə verilməsi,  qəzaya uğrayan "Suvorov" teploxodu və "Admiral Naximov" sərnişin gəmisi ilə əlaqədar yaradılan komissiyalara rəhbərlik, uzunluğu 15 kilometrdən artıq Şimali Muysk tunelində işləri surətləndirməklə yanaşı SSRİ-nin bütün nəqliyyat sisteminə, təhsilinə, elminə, mədəniyyətinə, ağır sənayesinə, ticarətə, yüngül sənayeyə, səhiyyəyə, Yaxın Şərq və Latın Amerikası siyasətinə, rabitəyə, fövqəladə vəziyyətlərə, kənd təsərrüfatına, tikintiyə və digər onlarla mürəkkəb sahəyə rəhbərlik etmək onun səlahiyyətlərində idi.  Özü də necə rəhbərlik! Nazirlər Kabinetinin saat 11-də işə gəlməyə, 13-də fasiləyə gedib 15-də qayıtmağa, 17-də isə evə yollanmağa adət etmiş şıltaq nazirlərini və digər məsul işçilərini səhər 9-dan axşam 8-dək konveyer kimi işləməyə, işlərinin bütün incəliklərdən xəbərdar olmağa  məcbur etməklə, iki aydan bir keçirilən hökumət iclaslarını həftədə bir dəfəyə dəyişdirməklə, selektor müşavirələrində şəxsən iştirak etməklə rəhbərliyə  başladı. O vaxtlarda vəzifədə olan hər kəs gözəl xatırlayır ki, Heydər Əliyevin gəlişi ilə yatmış bir sistem oyanıb çevik bir mexanizmə çevrilmişdi, ətalətlə "baş girləyən" hər kəs mühərrik qoşulmuş aqreqata dönmüşdü...

Bu məqamda  1983-85-ci illərdə SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini Heydər Əliyevin köməkçisi vəzifəsində çalışmış Yuri Nikolayeviç Soloduxinin müsahibəsindən bir hissəni oxucularımla bölüşmək istəyirəm:

"...O zamana qədər mən elə bilirdim ki, çox şey bilirəm. Lakin Heydər Əliyevlə görüşəndən, onunla birgə çalışandan sonra başa düşdüm ki, mənim bəxtim gətirib ki, belə böyük dövlət təcrübəsi olan adamla birlikdə çalışmışam. Dövlət adamında liderlik, idarəçilik, bilik və bir çox digər keyfiyyətlər olmalıdır. Müdriklik isə o keyfiyyətdir ki, rəhbər şəxs uzağı, gələcəyi görə bilir. Məncə, Heydər Əliyev məhz bütün bu keyfiyyətlərə malik bir rəhbər, dövlət adamı idi. Siyasətçi sözü isə Heydər Əliyevə tam yaraşan, tam uyğun olan sözdür. Deyərdim ki, o, siyasətçidən də artıq idi. XX əsrdə Sovetlər İttifaqı ərazisində Heydər Əliyev miqyasında rəhbər, dövlət adamı çox az idi, bəlkə də yox idi. XX əsrin 60-ci illərindən 2000-ci illərin əvvəllərinə qədər-40 il ərzində Heydər Əliyev SSRİ məkanda ilk üçlüyə daxil olan ən qüdrətli şəxsiyyət idi".

O vaxt üçün dünyanın ABŞ-dan sonra ikinci super dövlətinin idarə edilməsində, onun daxili və xarici siyasətinin müəyyənləşdirilməsində həlledici sözə malik, bir çox məqamlarda "Siyasi Büronun ikinci adamı" hesab edilən  bu dahi şəxsiyyətin yüksəldiyi zirvə xalqımızın, eləcə də Türk dünyasının tarixində indiyədək görünməmiş hadisə idi. Doğrudur, Nəriman Nərimanov da SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin sədri olmuşdu, ancaq o, Zaqafqaziya Federasiyası üzrə sədr idi, yəni yalnız Azərbaycan, Gürcüstan və Ermənistan respublikalarına rəhbərlik etmək səlahiyyətində idi. Heydər Əliyev isə Pribaltikadan, Qafqazdan Kamçatkaya, Kuril adalarına kimi nəhəng bir  ərazini idarə edirdi.

Tənəzzülə başlamış nəhəng imperiyanın ən ağır sahələrinin idarə edilməsində ciddi uğurlara nail olan Heydər Əliyev az vaxt içərisində keçmiş SSRİ-də böyük nüfuz qazanmışdı. Hamı etiraf edirdi ki, həmin dövrdə Heydər Əliyev Siyasi Büroda bütün Sovet dövlətini idarə etməyə və onu tənəzzüldən çıxarmağa qadir olan yeganə dövlət xadimi idi. Odur ki, səriştəsiz və bacarıqsız Kreml rəhbərləri, xüsusilə də Qorbaçov Heydər Əliyevi özlərinə ciddi rəqib hesab edirdilər.

O illərdə Moskvada baş verən hadisələri daha yaxşı təsəvvür etmək, həmçinin, xalqımızın bu dahi övladının nə qədər unikal bir şəxsiyyət olduğunu bir daha görmək və Heydər Əliyev fenomenini daha yaxşı tanımaq üçün bir zamanlar oxuduğum kitabdan bəzi hissələri olduğu kimi oxuculara təqdim etmək istəyirəm:

"Sovet dövlətinin tanınmış siyasi xadimlərindən biri, uzun illər SSRİ-nin Xarici işlər naziri, sonra SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifələrində işləmiş Andrey Qromıkonun oğlu, siyasi jurnalist Anatoli Qromıko "Kremlin labirintlərində" adlı kitabında yazır ki, 1985-ci ildə Baş katib Çernenkonun vəfatından sonra Mərkəzi Komitənin Siyasi Bürosunda ən yüksək posta  yalnız iki nəfərin namizədliyi barədə düşünürdülər. Onlar ya SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin, ya da Mərkəzi Komitə katibi Mixail Qorbaçovun namizədliyini müzakirə edirdilər. Kitabda  yazılır ki, Heydər Əliyev digər tanınmış siyasi xadimlərdən istedadı, yüksək şəxsi keyfiyyətləri və bacarığı ilə fərqlənirdi.

Böyük şəxsiyyətin SSRİ-də populyarlığını bu fakt da göstərir ki, 80-ci illərdə Rusiyanın nüfuzlu telekanallarından olan Rusiya İctimai Televiziyasının məşhur aparıcısı Leonid Yakuboviç "Pole çudes" proqramında belə bir sual qoymuşdu: "Dünyanın ən nüfuzlu siyasətçisi kimdir?" Suala "Heydər Əliyev" cavabını verən qadın qalib olaraq bahalı avtomobil udmuşdu".

Buradaca Ulu öndərin rəhbərlik etdiyi məsələlərdən biri ilə bağlı bir qədər geniş yazmaq istəyirəm ki, bizdən sonra gələn nəsillər də bu dahi insanın qəhrəmanlıqlarla dolu həyatının bəzi çalarlarından xəbərdar olsun. Onsuz da bu insanın bütün həyatını qələmə almaq mümkün deyil, biz bunu bilərək ancaq ayrı-ayrı epizodlar haqda bildiyimiz, oxuduğumuz, eşitdiyimiz həqiqətləri yazırıq ki, adamların əksəriyyətinin bütün ömrünə bəs edə bilən belə nəhəng hadisələri bir insan ömründə yüz dəfələrlə yaşamış böyük şəxsiyyətin həyat salnaməsi haqda daha dolğun təsəvvür yarada bilək. Qoy bizdən sonra gələn insanlar bilsinlər ki, uca tanrı bizim nəslə belə bir fenomenal insanla  bir dövrdə yaşamaq, onunla işləmək, ünsiyyətdə olmaq, onunla birlikdə bu vətən üçün nə isə etmək,  ondan öyrənmək, bununla yanaşı onun görə bildiyi nəhəng işlərin şahidi olub onları gələcək nəsillərə çatdırmaq xoşbəxtliyini bəxş edib. Çox istəyərdim ki, bütün həmvətənlərimiz və bütün  Dünya Azərbaycanlıları onun nə qədər qüdrətli, böyük  masştablı, nəhəng bir şəxsiyyət olduğunu səmimiyyətlə dəyərləndirə bilsinlər...

Bu arzu ilə o dövrdə baş vermiş ən ağır faciələrdən biri -"Admiral Naximov" teploxodunun qəzası ilə bağlı hadisəni müəyyən təfərrüatla yazıram. 1986-cı il avqustun 30-da,  saat 22-10 radələrində Qara dənizdə 30 min ton taxılla dolu "Pyotr Vasev" yük gəmisi Odessadan Batuma gedən  1240 nəfərlik "Admiral Naximov" adlı sərnişin teploxodu ilə toqquşur. Eynən əfsanəvi "Titanik" gəmisində olduğu kimi, "Admiral Naximov" ortadan parçalanır, cəmi 7 dəqiqənin içində suya qərq olur, 1240 nəfərin hamısı-yatanlar, oyaqlar, qadınlar, uşaqlar, qocalar, cavanlar sahildən 3,5 kilometr, Novorossiysk limanından 15 kilometr aralıda dənizə tökülür. Bu dəhşətli hadisə haqqında, o dövrün "qaydalarına görə", ancaq 4 gündən sonra Sovet mətbuatında rəsmi məlumat verilsə də, yarım saat sonra Sov.İKP MK-nın Baş katibini yuxudan oyadıb ona xəbər verirlər. O vaxt Qara dəniz kənarında dincələn Qorbaçov bir az düşünəndən sonra deyir: "Bu məsələni yalnız o həll edə bilər. Heydər Əliyev  komissiya sədri kimi ora getsin".

1986-cı il avqustun 31-də səhər 11-də Sovet İttifaqının ali orqanları-Siyasi Büro, Nazirlər Soveti, Ali Sovetin Rəyasət Heyəti toplaşaraq "Admiral Naximov" teploxodunun qəzasının səbəblərini araşdırmaq üçün Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin rəhbərliyi altında  Hökumət Komissiyasının yaradılması haqqında qərar qəbul edir. Avqustun 31-dən məzuniyyətə çıxmış, gərgin bir ildən sonra səhər reysi ilə istirahətə doğma Azərbaycana uçmağa hazırlaşan Heydər Əliyev isə istirahət planlarını dəyişmiş,  gecə xüsusi təyyarə ilə Novorossiysk hava limanında münasib şərait olmadığına görə Anapaya gəlmiş, oradan maşınla Novorossiyskə  yola düşmüşdü. Heydər Əliyev həmin gecə heç yata da bilməmişdi. Əgər bilsəydi ki, qarşıda onu on beş yuxusuz gecə gözləyir, bəlkə də, bir az mürgüləyərdi. Amma yatmaq istəmirdi. Onun yadına üç il əvvəlki ilk bu cür ezamiyyəti düşmüşdü. O vaxt Volqa çayında, Ulyanovsk şəhərinin limanında turistlərlə dolu "Aleksandr Suvorov" sərnişin teploxodu körpünün dirəkləriylə toqquşmuşdu. Teploxodun kinozalında həmin vaxt komediya göstərirdilər. Bir çox tamaşaçı zala uşaqlarıyla gəlmişdi. Ekrandakı qəhqəhələr adamların ahu-fəryadına qarışmışdı. Teploxodun üst göyərtəsi və kinozalı sınıb tökülmüş və idarəsini itirən teploxodu çayın axarı aparmışdı. Hadisə yerində aparılan araşdırma nəticəsində qəzanın səbəbi aşkar edilmişdi: sərxoşluq...

Səhərə yaxın şəhərə çatan Heydər  Əliyev xəstəxanalara baş çəkib,  xilas  edilənlərlə görüşür və oradan katerlə gəmi batan yerə yollanır. Burada su kamerası ilə dənizin dibində olan "Admiral Naximov"  gəmisinə baxdıqdan sonra müvafiq tapşırıqlar verib sahilə gedir. Sahildə isə onu dənizdə batanların qara xəbərini almış qohum-əqraba gözləyirdi. Adamları kluba dəvət edib onlarla ilk görüşünü keçirir.

Heydər Əliyevin katibliyinin müavini olan Vladimir Sergeyeviç Uxov xatirələrində yazır ki, uzaq şəhərlərdən özlərini hadisə yerinə yetirmiş, yorğun, ac, faciədən sarsılmış adamlar təbii həyəcan və hikkə ilə Komissiyanın sədrinə hücum çəkdilər. Mən qəti əminəm ki, əgər onun yerində kim isə başqası olsaydı bu hay-küydən, yersiz ittihamlardan, ağır sözlərdən, növbəsiz müraciətlərdən, qarışıq vəziyyətdən başını götürüb qaçardı. Ancaq Heydər Əliyev bütün insanları səbrlə dinləməyə, onların yerli-yersiz suallarına cavab verməyə, öz təmkini və məzmunlu cavabları ilə camaatı bir qədər sakitləşdirməyə başladı. Hətta bizə tapşırdı ki, "Mənim yanıma gələn insanları dərhal buraxın, kimin nə sözü varsa, qoyun, desin!"

İlkin araşdırmalardan məlum oldu ki, teploxodun təhkim edildiyi Qara Dəniz Gəmiçiliyi İdarəsi heç gəmidə nə qədər sərnişinin olduğunu da dəqiq bilmir. Və bu, adi hal hesab olunurdu. Kapitanlar isə  gəmilərinin bir-birinin yanından necə keçəcəkləri barədə əvvəlcədən, sən demə, köhnə faytonçular kimi danışıq aparıbmışlar. Vladimir Uxov yazır ki, bu qədər məsuliyyətsiz, laqeyd  adamların arasında Heydər Əliyev dovşanların içində pələngə bənzəyirdi. O, hamıdan son dərəcə sərt intizam, ciddi hesabat tələb edirdi. Hansısa bir tapşırığı yerinə yetirilmədiyi üçün o, Dəniz donanması nazirinin müavinini dərhal vəzifəsindən kənarlaşdırdı. Hamı bundan dərs götürdü.

Heydər Əliyev isə komissiyanın iclaslarının birində əminliklə deyir:

- Biz araşdırıb öyrənmişik ki, qəzanın səbəbi - "Pyotr Vasev" və "Admiral Naximov" gəmilərinin kapitanlarının xidməti vəzifələrinə məsuliyyətsiz və cinayətkarcasına laqeyd yanaşmasıdır.

Doğrudan da, sağlam düşüncəyə görə bu toqquşma olmamalıydı. Toqquşma üçün heç bir real zəmin yox idi. Sakit dəniz, ulduzlu səma. Sərnişin teploxodunda bütün işıqlar yanır - həm bortda, həm də göyərtədə. Müasir naviqasiya cihazları. Teploxod limandan çıxanda ona xəbər verilmişdi ki, qarşıdan yük gəmisi gəlir. Yük gəmisinə də sərnişin teploxodunun limandan çıxması barədə xəbər verilmişdi. Qanuna görə yük gəmisi teploxoda öz kursuyla getməyə yol verməliydi. Yük gəmisi bunu etməmişdi, çünki bunun üçün o, öz kursundan bir neçə kilometr yayınmalı, kənara çəkilib dolama kursla getməliydi. Kapitanlar qaydalara zidd olaraq, üzbəüz gələrkən biri-birindən necə yan keçəcəkləri barədə əvvəlcədən danışıb razılaşırlar. "Pyotr Vasev" yük gəmisinin kapitanının üçüncü köməkçisi radara baxaraq xəbərdarlıq edir: "Biz toqquşa bilərik, axın bizi ona tərəf aparır".

"Heç nə olmaz, yanından sivişib keçərik", - deyə kapitan onu arxayınlaşdırır.

İki kapitanın laqeydliyi və özündən razılığı belə böyük faciə ilə nəticələnmişdi...

 Üç-dörd gün suda qalan meyitlər kənara çıxarılanda istidən artıq çürüməyə başlayırdılar. Onun üçün də öncə buz dolabları olan qatarlar, sonra isə yubanmadan tabutlar gətirildi. Vladimir Uxov xatırlayır:

- Eyni zamanda, suyun dibindən teploxodun içində ilişib qalmış insanların meyitləri çıxarılır: bir təsəvvür edin, birinci üç gün ərzində yetmiş doqquz, sentyabrın 4-nə qədər yüz on altı meyit çıxarılır. Onlarla problem bir-birinə qarışmışdı.

Doğrudur, Heydər Əliyevə yalnız işlərə ümumi rəhbərlik tapşırılmışdı: komissiyada kifayət qədər nüfuzlu adamlar, mütəxəssislər vardı - Dəniz donanması naziri, DTK-nın sədr müavini, MK-nın nəqliyyat və rabitə şöbəsinin müdiri,  başqa nazirliklərin və idarələrin məsul işçiləri - onlar insanlarla görüşə, detalları aydınlaşdırıb lazımi tədbirləri və başqa zəruri işləri görə bilərdilər, Heydər Əliyev də iki-üç gündən bir hesabat dinləyə bilərdi.

Ancaq bu, Heydər Əliyevin təbiətinə və iş üslubuna yad idi: o,  hər gün insanlarla görüşür, dövlət komissiyasının üzvləriylə müntəzəm təmasda olur, onların cavabdeh olduqları məsələləri necə yerinə yetirdiklərinə də nəzarət edir, bununla yanaşı sink tabutların hazırlanmasından   refrijerator vaqonların verilməsinə kimi hər hadisənin mərkəzində dayanırdı.

Dövlət komissiyası Heydər Əliyevin rəhbərliyi ilə gündə iki dəfə - saat 10:00-da və 17:30-da iclas keçirirdi.

Vladimir Uxov xatirələrində yazır:

- Onun qətiyyətli, möhkəm iradəli adam olduğunu əvvəllər də bilirdim. Amma Novorossiyskdə, "Admiral Naximov" teploxodunun faciəsində mən anladım ki, onun xarakteri bütünlüklə kritik situasiyalarda - iradəni, düşüncəni və emosiyaları bir yumruğa yığıb qəti şəkildə hərəkət etmək üçün lazım olan məqamlarda, özünü daha bariz göstərir. Onun inadı, ağlı və sərtliyi bütün problemləri həll edirdi. Ən qəribəsi o idi ki, bu qədər gərgin bir rejimdə işləyən, cürbəcür insanlarla ünsiyyətdə olan, demək olar ki, istirahət etməyən, yemək yeməyən, bir saniyə boş vaxtı olmayan  Heydər Əliyev qəti əsəbiləşmirdi... Və hər gün axşam saat 19.00-da komissiyanın sədri Heydər Əliyev ölənlərin qohumları, yaxınları ilə görüşür, onlara görülən işlər barədə məlumat verir, yaranan problemləri yerindəcə operativ şəkildə həll edirdi...

Ən çətini isə çıxarılan cəsədlərin arasında öz əzizlərini tapa bilməyən və yenə də sudan kimlərinsə çıxarılmasını gözləyən insanlarla söhbət etmək idi. Öz həyatlarını təhlükə qarşısında qoysalar da, operatorlar sualtı çəkilişlər apara bilirdilər və bu çəkilişlər klubun zalında canlı transilyasiya edilirdi. Budur, kamera batmış gəminin bortuna sıxılmış və oradan çıxarılması mümkün olmayan bir qadın meyidinə yaxınlaşır. Sualtı axın onun uzun saçlarını yüngül külək kimi yellədir. Adama elə gəlir ki, o, bu saat başını geri atacaq. Ekran qarşısında donub qalan gənc bir oğlan bu qadını görən kimi öz sevimli Nataşasını tanıyır:

- Siz onu çıxara biləcəksinizmi? - deyə oğlan boğuq səslə soruşur.

Ona belə cavab verirlər:

- Çalışacağıq, əlbəttə, əgər bu, dalğıcların həyatı üçün təhlükə törətməsə. Bir nəfər dalğıc artıq həlak olub.

Ulu öndərin şəxsi mühafizəsinin o vaxtkı rəisi Aleksandr Alekseyeviç İvanov bu barədə xatirələrində yazır ki, Heydər Əliyev Novorossiysk şəhəri yaxınlığında "Admiral Naximov" teploxodunun qəzaya uğramasının səbəblərini araşdıran komissiyaya rəhbərlik edən zaman Sovet İttifaqının Siyasi Bürosu rəhbərliyinin nüfuzunu xilas etmişdi. O, teploxodda həlak olanların qohumları ilə çoxsaylı görüşlər keçirmişdi, insanlar gəminin qəzaya uğramasının detallı istintaqını tələb edirdilər. Adamlar Heydər Əliyevin onlara necə yaxın olması, onların dərdini necə bölüşməsinin şahidi olurdular. Bir dəfə komissiyadakı işi zamanı onun əlinə qəza nəticəsində ölənlərin birinin ölümü haqqında arayışı keçdi. Burada həlak olanların ölüm səbəbi kimi "boğulma" qeyd edilmişdi. Bundan sonra o, 400-dən artıq blankda ölüm səbəbinin dəyişdirilməsini tələb etdi. Ora konkret olaraq "ölümə "Admiral Naximov" teploxodunun qəzaya uğraması səbəb olub" sözləri əlavə edildi. O bu addımını belə izah etdi: "5-6 ildən sonra hər şey yaddan çıxacaq. Ola bilsin ki, bəziləri həmin gəmidə olan insanların məsələn, sərxoşluq üzündən boğulduqlarını düşünə biləcəklər". Həmin əlavə məhz buna görə edilmişdi.

Aleksandr İvanov yazır ki, "Hadisənin üçüncü, ya dördüncü günü idi.Səhər-səhər biz onunla Şəhər partiya komitəsinin binasına yaxınlaşanda bir yaşlı kişi uzaqdan qışqırdı:" Heydər Əliyeviç, Heydər Əliyeviç! Ay oğlum, məni eşit!" Milis (polis) işçiləri də onu saxlamağa çalışırdı, yaxına buraxmırdılar. Heydər Əliyev binaya girdi, məni isə o kişinin dalınca yolladı: "Get onu gətir, milislərə də tapşır, camaatla belə rəftar etməsinlər",-dedi. Mən həmin yaşlı, dərddən üzülmüş yazıq  kişini onun yanına gətirdim.

Kişi az qala ağlaya-ağlaya "Heydər Əliyeviç, ümidim ancaq Sizədir, mənə Siz kömək etməsəniz, kim edəcək?!",-deyə-deyə istədi onun qabağında diz çöksün. Heydər Əliyev qolundan tutub kişini dikəltdi. Kişi dərdini danışmağa başladı: "Bu yaxınlarda arvadım rəhmətə getmişdi,onu Leninqradda (Sankt-Peterburqda) təzə dəfn etmişdim ki,  qızımın bu qara gəlmiş dəniz səfərindən ölüm xəbəri gəldi. Meyidi çətinliklə tapıb tanıdıq, min bir zülümlə Leninqrada apardıq, arvadımın yanında basdırmaq istəyirdik, ancaq bir məmur icazə vermədi, "Bura qardaşlıq qəbiristanlığı deyil,apar başqa   qəbiristanlığa!",-deyib, məni qapıdan qovdu.

Qoca  yenidən Novorossiyskə qayıdıb ki, dərdini Heydər Əliyevə desin.  Heydər Əliyev həmin dəqiqə xüsusi telefonla Leninqrad Vilayət Partiya Komitəsinin birinci katibinə zəng etdi: "Mən məsələnin həll olunmasını, bu adama sonadək qayğı göstərməyi Sizə tapşırıram və onu incitmiş adamı tapıb cəzalandırmağı təkidlə tələb  edirəm!"

Aleksandr İvanovun sözlərinə görə, orada olduqları 15 gün ərzində belə hadisələr yüz dəfələrlə olmuşdu. Hər şey yalnız onun nüfuzu, yüksək təşkilatçılığı, anındaca qərar  vermək qabiliyyəti, çevik və iti zəkası sayəsində həll olunurdu. Klubda, dəniz vağzalında, xəstəxanalarda,"Qorkom"un pilləkənlərində, harada desən görüşlər keçirilirdi. Hər kəs öz dərdini ən vacib hesab edərək Siyasi Büronun üzvünə birbaşa demək istəyirdi. Adamların kədəri hədsiz, psixoloji durumu gərgin, əsəbləri pozulmuş idi. Dənizin dibindən tapılan, şişib üz-gözü əyilən meyidlərin xristian qaydası üzrə geyindirilməsi, onların yanında vay-şivən qopardan qohumlarının ah-naləsi, dəmiryol terminalından sink tabutların yola salınması kimi dözülməz vəziyyətin episentrində olan, bütün bu gərginliklərin qarşısında  dayanan Heydər Əliyev əldən-dildən  düşürdü. Səhərdən axşamadək şikayətlər, narazılıqlar, müxtələf tələblərlə, təkliflətlə dolu müraciətlər onu üzürdü. Hətta hamı dağılışandan sonra da küçədə onu rahat qoymur, başına toplaşırdılar. Ancaq yenə də söhbətləşir, dərdləşir, camaatın kədərini az da olsa yüngülləşdirməyə çalışırdı.

Bu gərginliyin müqabilində istirahət, yemək də fərli-başlı deyildi. Kiçik və unudulmuş şəhər olan Novorossiyskdə ən yaxşı otel ikiulduzlu idi, hörmət əlaməti olaraq Heydər Əliyevi orada yerləşdirmişdilər. Burada da kiçik otaq, adi taxta çarpayı, şəraitsizlik...Təkliflərə  baxmayaraq heç bir qonaqlığa getməyən, heç kəslə bir süfrədə oturmaq istəməyən, səhərləri bir qab südlü qarabaşaq, axşamları yüngül qəlyanaltı ilə keçirən Siyasi Büro üzvü bəzən hətta iradəsinin ziddinə çox   ciddi qərarlar qəbul etməyə məcbur olurdu. Axtarışların 5-ci günü batmış gəminin dəmirlərinə ilişib qırılan oksigen şlanqına görə bir dalğıc həlak olduqdan sonra Heydər Əliyev sarsılaraq axtarışların dayandırılması barədə qərar qəbul edir. Onsuz da suyun dibində qalan meyidlər gəminin altında, kayutlarında, yaxud digər əlyetməz yerlərində olanlar idi, o zamankı Sovet texnikası ilə onları çıxarmaq qeyri-mümkün idi. Ancaq dəhşətli şəkildə ölmüş o zavallıların heç olmasa adam kimi torpağa tapşırılmasını arzulayan yazıq insanların yalvarış dolu hıçqırıqları onu fikrindən dönməyə məcbur etdi...

1986-cı ilin sentyabrında Qorbaçovun "kiçik məsələ" hesab edərək gəlmədiyi "Admiral Naximov" faciəsinin baş verdiyi Novorossiysk şəhəri ilə bağlı olan minlərlə insan Heydər Əliyevin fədakarlığını, nəhəngliyini, sarsılmaz iradəsini unuda bilmir. Hadisədən uzun illər sonra Şəhər sovetində  çıxış edən deputatlardan biri Novorossiysk şəhərində Heydər Əliyevin heykəlinin qoyulmasını təklif etmişdi...

Yəqin oxucularımız üçün bu dahi insanı xarakterizə edən, onun çoxşaxəli və parlaq portretinə əlavə cizgi hesab edilə bilən şahidi olduğum bir hadisə də maraqlı olar. 1997-ci ildə mən Bakı Dövlət Universitetinin rektoru olarkən Heydər Əliyevlə birgə Qazaxıstana gedən nümayəndə heyətinin tərkibinə daxil edilmişdim. Zəngin proqram çərçivəsində Ulu öndər Qazaxıstan Parlamentində çox dərin məzmunlu bir  çıxış etdi. Onun çıxışından sonra yaşlı bir qadın (səhv etmirəmsə, parlamentin sabiq deputatı idi) əl qaldırıb söz istədi. Dedi ki, siz Heydər Əliyevi hələ yaxşı tanımırsınız. Qazaxıstanın keçmiş dövlət başçısı Dinmühəmməd Kunayev vəfat edərkən mən onun yanında idim. Kunayev mənə dedi ki, sənə son sözlərimi deyirəm, bunu xalqımıza mütləq çatdırarsan. Bil ki, Heydər Əliyev türk dünyasının, bəlkə də bütün dünyanın ən müdrik və qeyrətli şəxsiyyətidir. 1986-cı ildə Qazaxıstanın çox çətin günlərində SSRİ-nin  rəhbəri Qorbaçovla cəsarətlə döş-döşə gələrək Qazaxıstanın milli mənafelərini müdafiə etdi, bura başqa millətdən başçı göndərilməsinə etirazını bildirdi. Belə qüdrətli insanlar min ildə bir dəfə yetişir. Qazax xalqı belə türk oğlu ilə həmişə fəxr etməlidir."

Doğrusu, bu barədə eşitmişdim, ancaq canlı şahidin sözləri məni həm qürurlandırdı, həm də bir az kövrəltdi.

Heydər Əliyevin Moskvada ən yüksək vəzifədə beş il şərəflə çalışması bütün Dünya Azərbaycanlıları və türkləri üçün böyük qürur mənbəyidir. Üstündən 40 il keçməsinə baxmayaraq, heç kəs bu fədakar, müdrik, yüksək intellektli və dürüst insanı unuda bilmir. SSRİ Dövlət Plan Komitəsinin sədri olmuş N.K.Baybakov öz xatirələrində Heydər Əliyevin Moskva  fəaliyyətini  hərtərəfli və obyektiv təhlil edir və  sonda qeyd edir ki, " Kaş bizim Rusiyada da belə adamlar olaydı..."

 





02.05.2023    çap et  çap et