525.Az

Səfəvilər dövründə Naxçıvanda məhkəmə orqanları


 

Səfəvilər dövründə Naxçıvanda məhkəmə orqanları<b style="color:red"></b>

Tarixi qaynaqlarda türk səyyahı Övliya Çələbinin məlumatları və bəzi Səfəvi hökmdarlarının Naxçıvanla bağlı fərmanları Səfəvilər dövründə bu bölgənin inzibati idarə üsulu barədə müəyyən məlumatlar əldə etməyə imkan verir. Səfəvilər dövründə Naxçıvanda idarəetmə orqanları və orada çalışan məmur vəzifələrinin adları barədə, eləcə də məhkəmə mübahisələrinə baxan şeyxülislam və qazılar haqqında E.Çələbi yazırdı: "Naxçıvan indi Azərbaycanda ayrıca xanlıqdır. Xanın qoşunu çoxdur. Onun etimadüddövlə, kələntər, münşi, darğa, dizçökən ağa, çikyeyən ağa kimi vəziri vardır ki, bu zümrənin hamısı idarə işlərində iştirak edir. Daha sonra qazı və şeyxülislam vardır".

Səfəvi hökmdarlarının Azərbaycanın digər vilayətləri ilə yanaşı, Naxçıvan ölkəsi ilə bağlı fərmanları isə bölgədə əmirtümən, əmir, hakim, amil, mütəsəddi, qorçi kimi vəzifələrin olmasını təsdiq edir. Ehtimal etmək olar ki, adları çəkilən vəzifələrdə işləyən məmurların bir qismi şəhərin, digər bir qismi isə bütövlükdə bölgənin idarəçiliyində öz sahələri üzrə əsas rəhbərlik səlahiyyətlərini həyata keçirirdilər.

Bu dövrdə Naxçıvanda da mövcud olan hakim vəzifəsi iki cür başa düşülməlidir. Bunlardan birincisi, siyasi anlamda vilayətləri idarə edən hakimlər, ikincisi isə, cinayət işlərinə baxan qazılar anlamında hakimlərdir.

Tarixçi Həsən bəy Rumlu yazır ki, XV-XVI əsrlərdə padşah, sultan, vali bəzən də hakim adlanırdı. T.Musəvinin isə xəbər verdiyi kimi orta əsrlərdə cinayət işlərinə baxan və cinayətkarlar haqqında cəza hökmü, o cümlədən, cərimə hökmü verən qazıları da bəzən hakim adlandırırdılar.

Tarixi mənbələr onu deməyə əsas verir ki, Naxçıvanda hər iki anlamı daşıyan hakim vəzifələri olmuşdur. Siyasi idarəetmə funksiyalarına malik olan Naxçıvan hakimləri geniş səlahiyyətlərə malik olub bütövlükdə bölgəni idarə edirdilər. XVI-XIX əsrin əvvəllərində Ustaclı-Kəngərli tayfasının başçıları irsi olaraq Naxçıvan ölkəsinin hakimləri olmuşlar. Məsələn, Səfəvilər dövlətinin 4-cü şahı Məhəmməd Xudabəndinin vaxtında Naxçıvan ölkəsi Əbdülqəni Sultan Ustaclı tərəfindən idarə edilmişdi. Səfəvilər dövlətinin 5-ci şahı I Şah Abbasın hakimiyyəti zamanında isə Kəngərli qəbiləsinin başçısı Maqsud Sultan Naxçıvanın hakimi olmuşdu. O, bu vəzifəyə 1604-cü ilin may ayında Çuxursəd əyalətinə bəylərbəyi təyin edilmiş Əmirgünə xan Qacarın əmri ilə keçmişdi.

I Şah Abbasın xələfləri dövründə Nadir bəy Rzaəddin xan (1647), Əliqulu xan (1668), Murad xan (1668-1669), Şərəf xan (1669-1678), Məhəmməd Rza xan (1678-1691) Kəngərlilər Naxçıvana hakimlik etmişlər.

Nəzərə alsaq ki, vilayətlərdə işləyən dini məhkəmə işçiləri yerlərdəki əyalət hakimlərindən asılı olub şəri məsələlər barədə qərarlar çıxararkən onlarla razılaşırdılar, deməli, belə qənaətə gəlmək olar ki, müxtəlif vaxtlarda Naxçıvan bölgəsində idarəçiliyi həyata keçirən hakimlər də şəri mübahisələrdə iştirak etmişlər. Dediklərimizi təsdiq edən bir sıra tarixi faktlar mövcuddur. Məsələn, Məhəmməd Rza xandan sonra Naxçıvan ölkəsini, hakimiyyət illəri dəqiq bilinməsə də, Səfiqulu xan Kəngərlinin idarə etməsi faktı məlumdur. Bu faktı 1696-cı ilə aid edilmiş bir sənəd də təsdiq edir. Sənəddə həmin ildə həyata keçirilmiş bir şəriət məhkəməsinin ali məclisində Naxçıvan ölkəsinin qüdrətli hökmdarı Səfiqulu xan Kəngərlinin iştirak etməsi əks olunub. Bu fakt isə həmin ildə Səfiqulu xanın Naxçıvan hakimi olmasının təkzibolunmaz dəlili sayılmaqla yanaşı, həm də Naxçıvan hakimlərinin şəriət məhkəmələrinin işində birbaşa iştirak etməsini də sübut edir.

Tarixçi T.Musəvi Səfəvilər dövlətinin 7-ci şahı II Şah Abbasın 1660-cı il tarixli fərmanına əsasən Əliqulu xan Kəngərlinin Naxçıvan hakimi olduğunu göstərir. O, həmçinin Əliqulu xanın atası Murad xan Sultanın da eyni vəzifə daşıdığını qeyd edir. Bu fakt isə onu deməyə əsas verir ki, Əliqulu xan 1660-cı ildə Naxçıvan hakimi vəzifəsini icra edib.

Digər maraqlı bir məqam isə Nadir bəy Rzaəddin xana aiddir. Belə ki, "Naxçıvan əlyazma sənədləri"ndə sonuncu sənəd Səfəvi dövlətinin 6-cı şahı I Şah Səfinin Naxçıvan hakimi Nadir bəy Mahmud Sultan oğluna ünvanlanmış fərmanıdır. Həmin sənədə əsasən deyə bilərik ki, Nadir bəy hətta I Şah Səfinin zamanında da Naxçıvanda hakim vəzifəsini həyata keçirmişdi.

XVI-XIX əsrlərdə Naxçıvanın Kəngərlilər tərəfindən idarə edilməsi fasiləsiz olaraq həyata keçirilməyib. Belə ki, müəyyən vaxtlarda bölgədə qısa müddətli də olsa, Rumlu, Zülqədərli, Təkəli, Qacar və sair tayfaların da nümayəndələri hakim vəzifəsini icra etmişlər. Buna Səfəvilər dövlətinin banisi I Şah İsmayıldan sonra Naxçıvan, habelə İrəvanda idarəetmənin müəyyən müddətə Rumluların əlinə keçməsini və ya I Şah Abbasın hakimiyyətə gəldikdən sonra Zülqədərli Şahqulu Sultanı Naxçıvana hakim təyin etməsini misal göstərmək olar.

Mənbələrə görə, Maqsud Sultan Kəngərlidən əvvəl Naxçıvanda Zülfüqar və Əmirgünə xan Qacar hakimlik edib.

Tarixi qaynaqlarda Naxçıvanın başqa hakimlərinin adları da vardır. Məsələn, osmanlıların Van bölgəsini fəth etdikdən sonra oraya bəylərbəyi təyin etdiyi İsgəndər paşa 1549-cu ildə öz qoşunu ilə Çuxursəəd ərazisinə hücum edərkən ona qarşı Rəvan hakimi Rumlu Hüseyncanla birlikdə Naxçıvan hakimi Nəzər Sultan da vuruşub.

Bundan əlavə, Səfəvilər dövlətinin 3-cü şahı II Şah İsmayılın Şərəfxan Bitlisini Naxçıvana hakim təyin etməsi də (o, bu vəzifədə cəmi dörd ay qaldıqdan sonra hakimiyyəti tərk edərək Bitlisə getmişdir) tarixi mənbələrdə öz əksini tapıb.

Ümumiyyətlə, XVI-XVII əsrlərdə şəhər hakimləri olmuş şəxslərin adları və titulları barədə məlumatlara Naxçıvan ərazisində olan tikililər, qəbir daşları, sənduqələr üzərində qalmış kitabələrdə, dövlət sənədlərində və ayrı-ayrı səyyahların qeydlərində rast gəlmək mümkündür.

Səfəvilər dövründə Naxçıvanda məhkəmə işlərinə baxılmasında əsasən şeyxül islamlar və qazılar mühüm rol oynayırdı. Sözügedən dövrdə Naxçıvanda ali ruhani təbəqələrlə - şeyxül islam, seyid, axund, üləma, qazı, cümə məscidlərinin imamları, vaiz, müdərris, xanəgah və zaviyə şeyxləri, mollalarla yanaşı, xırda ruhani təbəqələr - dərvişlər də mövcud idi.

Məscidlərdə namaz qılmaq və ibadət etməkdən başqa, orada qazılar və mollalar bir sıra mülki və şəxsi məişət məsələlərinə də baxırdılar. Məsələn, məscidlərdə məhəllə adamları üçün kəbin kəsilir, ölüm və doğum halları da qeydə alınırdı.

Ümumilikdə götürdükdə isə, şəhərdə cinayət və mülki məsələlərə üç növ məhkəmələrdə baxılırdı: məhkəmeyi-ali, məhkəmeyi-şəriyyə və əsnaf məhkəmələr. Məhkəmeyi-şəriyyə daha geniş fəaliyyət göstərirdi.

XVII-XVIII əsrlərdə Naxçıvanda şəriət məhkəməsinin müqavilə məclislərinə şeyx-ül islam və axundluq dərəcəsinə yüksəlmiş Məhəmməd Saleh, Baba Naxçıvani, Zeynalabdin Möhsün Naxçıvani, Məhəmmədmöhsün və digər ali rütbəli qazılar rəhbərlik etmişlər. Səfəvilər dövründə yaşamış Ordubad xəttatlarından biri olan Uluq bəy Ordubadi həmin dövrdə eyni zamanda Ordubadın qazısı olmuşdu.

Tarixi qaynaqlarda Naxçıvanda şəri məhkəmələri tərəfindən baxılan cinayət işlərinə aid maraqlı məlumatlar da günümüzədək gəlib çatmışdır. Məsələn, Venesiya diplomatı Vinçentso Alessandri Naxçıvan şəhərində hakimiyyət orqanları tərəfindən tacirləri öldürən və onların əmlakını mənimsəyən bir neçə quldurun həbs edildiyini və onların hakimin (qazının) yanına gətirildiyini xəbər verir.

Rus şərqşünası İ.P.Petruşevski məlumat verir ki, "müsəlman ölkələrində hətta alqı-satqı, torpaq və ev icarəsi, pul borcu haqqında müqavilələr və sair də ruhani hakimlər olan qazıların yanında bağlanılırdı". Əlimizdə olan fakt və məlumatlara əsasən deyə bilərik ki, həmin dövrlərdə Naxçıvanda da şəri mübahisələrinin həllindən başqa, mülkün alınmasına və satılmasına nəzarəti dövlət tərəfindən məhz şəriət məhkəmələri yerinə yetirib.

Bir məsələ haqqında da söhbət açmaq məqsədəmüvafiq olar. Belə ki, min illərdən bəri Azərbaycan dövlətinin tərkib hissəsi olmuş Naxçıvan ölkəsi XVI-XVIII əsrlərdə Səfəvilər dövlətinin tərkibində olsa da, Səfəvi-osmanlı müharibələri nəticəsində bu diyar XVI əsrin sonunda (1588-1603-cü illər) və XVIII əsrin əvvəllərində (1724-1735-ci illər) Osmanlı imperiyasının tərkibinə daxil olmuş və burada "Naxçıvan sancağı" inzibati ərazi bölgüsü tətbiq olunaraq bölgədə osmanlı idarə sistemi qurulmuşdu. Bu baxımdan həmin dövrlərdə Naxçıvan diyarının siyasi-hüquqi və sosial-iqtisadi tarixinə dair geniş məlumatları əsasən osmanlı mənbələrində axtarmaq lazımdır. Araşdırmalar onu deməyə əsas verir ki, Naxçıvan diyarının siyasi-hüquqi tarixi ilə bağlı ən qiymətli sənədlər Türkiyənin İstanbul şəhərində Başbakanlık Arxivində saxlanılır.

Şəxsən sultanın öz adından verilən fərman (bərat), buyuruldu (əmr) və yaxud baş vəzirin sədrliyi ilə iclaslarını keçirən Divanın qərarını əks etdirən məktubların orijinal nüsxələri müvafiq ünvanlara göndərilməzdən əvvəl üzü dəftərxanada xronoloji qaydada bir-birinin ardınca "Mühimmə dəftəri" adı daşıyan toplulara köçürülürdü. İl tamamlandıqdan sonra isə yeni "Mühimmə dəftəri" istifadəyə götürülürdü. Zərurət olduqda bir ildə bir neçə belə dəftər açmaq lazım gəlirdi. Bu qayda üzrə tərtib olunmuş və hazırda İstanbulda Başbakanlık Arxivində saxlanılan 263 "Miihimmə dəftəri" mühafizə olunmaqdadır. 1553-1869-cu illərə aid dövlət sənədlərinin məzmununu əks etdirən "Mühimmə dəftər"lərində osmanlıların Naxçıvan diyarı ilə bağlı XVI-XVIII əsrlərə aid yüzlərlə önəmli tarixi məlumatlar vardır.

Bundan başqa, "Sancaq tövcih dəftəri" adlı sənədlər toplusunda 1724-1726-cı illərdə Naxçıvan sancağına sancaqbəyi təyin olunan şəxslərin şəxsiyyətləri barədə ətraflı məlumatlar vardır.

Naxçıvan sancağının ərazisi XVI-XVIII əsrlərdə müasir Naxçıvan Muxtar Respublikasının ərazisindən də xeyli böyük olmuş, hazırda Ermənistanın bir sıra rayonlarının, o cümlədən, Əzizbəyov, Yexeqnadzor, Cermuk, Sisyan və Meqri rayonlarının ərazisini də əhatə etmişdi.

Yuxarıda sözügedən dəftərlərdən Naxçıvanın sosial-iqtisadi, tarixi, siyasi həyatına dair məlumatlarla yanaşı, sırf hüquqi məsələlərə, xüsusilə də Naxçıvanda məhkəmə orqanlarına və ədalət mühakiməsinin həyata keçirilməsinə aid məlumatlar da əldə etmək mümkündür.

Həmin dövrlərdə Naxçıvanda şəriət məhkəməsi fəaliyyət göstərmiş, müxtəlif cinayət və mülki xarakterli işlərə qazılar tərəfindən baxılmışdır. Məsələn, Naxçıvanda olan şəriət məhkəməsinin fəaliyyəti və qazıların çıxardıqları qərarlar ilə bağlı sənədlər "Mühimmə dəftər"lərindən olan "Şikayət dəftərləri"ndə, "Əhkam dəftərləri"ndə və digər sənədlərdə əks olunub.

Bundan başqa, İrəvan əyalətinin icmal dəftəri və Naxçıvan sancağının müfəssəl dəftərində də doğma diyarımızın məhkəmə orqanları haqqında məlumatlara rast gəlmək olur.

Bu sənədlərdən aydın olur ki, ticarət və sənətkarlıq sahəsində qaydalara əməl olunması, bazarlarda qiymətlərin və rüsumların müəyyənləşdirilməsi, habelə vergilərin toplanması zamanı edilən haqsızlıqlara dair mübahisələrə baxılmasını da qazı və onun idarəsi həyata keçirirdi. Bu barədə İrəvan əyalətinin 1590-cı il tarixli qanunnaməsində geniş şəkildə məlumat verilib.

Beləliklə, dediklərimizi yekunlaşdırsaq, o qənaətə gələ bilərik ki, bəhs etdiyimiz dövrlərdə Səfəvilər dövlətinin tərkibinə daxil olan digər bütün vilayət, mahal və nahiyyələrdə olduğu kimi Naxçıvan ölkəsində də inzibati idarəetmə aparatında bir sıra vəzifələr olmuş, məhkəmə işlərinə qazılar və şeyxülislamlar baxmış, yerlərdəki hakimlər hüquqi mübahisələrin həllində iştirak etmişlər.

 

 





02.05.2023    çap et  çap et